Məhkəmə qərarları › İş №2(103)-1571/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1571/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1571/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Binəqədi Rayon İcra Şöbəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi, əmlakın qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi, əmlakın qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və yenidən qiymətləndirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə5, Cavabdeh2 nümayəndəsi Nümayəndə3, vəkili X1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Binəqədi Rayon İcra Şöbəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı götürdüyü kreditin təminatı kimi Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 19 nömrəli evin 39 saylı mənzili barəsində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və həmin mənzil barəsində yenidən real bazar qiymətinə uyğun olan qiymətləndirilmə aparılması öhdəliyinin Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi, təkrar hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi və Cavabdeh2 satılmış əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2019-cü il tarixli 2(001)-384/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiaçıya qarşı iddiası təmin edilərək iddiaçıdan kredit borcunun tutulması və tutmanın iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə məhkəmə tərəfindən icraya yönəldilmiş və icra məmurunun sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərrac nəticəsində ona məxsus əmlak Cavabdeh2 satılmışdır. Hərrac etibarsız hesab edilməlidir. Belə ki, birinci hərrac zamanı (16 avqust 2023-cü il tarixdə) iddiaçı xaricdə olmuş, təkrar hərrac zamanı isə Azərbaycanda olmasına baxmayaraq ona hərracın vaxtı və yeri haqqında bildiriş göndərilməmiş, telefonla da məlumat verilməmişdir. Hərrac keçirilməsinə baxmayaraq hərrac zamanı bank ondan kredit borcu üzrə 2 dəfə ödəniş qəbul etmişdir. Bundan əlavə mənzilin bazar dəyəri 180000 manat olduğu halda, mənzil 72000 manat dəyərində satılmışdır.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, məhkəmə işin bütün hallarının araşdırılmasında və sübutlara hüquqi qiymət verilməsində subyektiv, iddiaçının açıq-aşkar xeyrinə birtərəfli mövqe tutmuşdur. Məhkəmə hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə keçirildiyi qənaətini konkret sübutlarla əsaslandırmamış, sadəcə işdə olan material və sənədləri sadalamış, həmin sənədləri ayrı-ayrılıqda araşdırmamış və hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə öz araşdırmasını iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərrac işinin surəti üzrə aparmış, həmin işin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini tələb etməmişdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsinə aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin məhkəmə Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş hərrac işində olan əsl olmayan və lazımi qaydada təsdiq olunmayan yazılı sübutlara əsasən hüquqi qiymətləndirmə aparmışdır ki, bu da prosessual qanun pozuntusudur. Ümumiyyətlə, məhkəmə həm hərracın sifarişçisi olan Binəqədi Rayon İcra Şöbəsi, həm də hərracı keçirən Cavabdeh1 MMC tərəfindən kobud pozuntulara yol verildiyini sübut edən halları araşdırmamışdır. Belə ki, məhkəmə hərrac prosedurlarına başlanıldığı xx.xx.2023-cü il tarixindən sonra bank tərəfindən xx.xx.2023-cü il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində isə 5000 manat kredit borcunun iddiaçıdan qəbul etməsini də nəzərə almamış, araşdırma predmetinə daxil etməmişdir. Halbuki, bu hal iddiaçının iddia tələbini əsaslandıran dəlillərdən biri kimi iddia ərizəsində qeyd edilmişdir. İş materiallarından da göründüyü kimi, Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-145908-16 saylı hərracın keçirilməsi haqqında sifarişi iddiaçı tərəfindən alınmamışdır, eləcə də mülki iş materiallarında həmin sifarişin iddiaçı tərəfindən alınmasına dair hər hansı bir sübut yoxdur. Cavabdeh1 MMC tərəfindənsözügedən hərrac qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir. Belə ki, Cavabdeh1 MMC tərəfindən həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsini qeyd edən məhkəmə, elə bununla da kifayətlənmiş və bu halı axıradək araşdırmamışdır. Məhkəmə ilkin və təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana sifarişli poçt göndərişilərinin üzərində poçt müəssisəsi tərəfindən “bu ünvanda yaşamır”, “bu ünvan düzgün deyil”, “ünvan bağlıdır, telefonuna zəng çatmır” qeydlərini nəzərə almamış, buna hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçının birinci hərrac zamanı (16 avqust 2023-cü il tarixdə) xaricdə olması onun məhkəməyə təqdim etdiyi və iş materiallarında olan təyyarə bileti və pasportunda olan qeydlərlə sübut olunur. Digər tərəfdən, hərracı keçirilməsi barədə bildirişlərin iddiaçı tərəfindən alınmadığı "Əmlak Hərrac Mərkəzi” MMC-nin Binəqədi İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 1697/23 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda cavabdeh "Əmlak Hərrac Mərkəzi” MMC qeyd edir ki, İddiaçı göndərilmiş bildirişlər rabitə orqanının “bu ünvanda yaşamır” qeyd şərti ilə geri qaytarıldığından, sonuncunun digər ünvanları və ya digər əlaqə vasitələri barədə onlara məlumat verəsiniz. Lakin, iş materiallarında icra şöbəsinin həmin məktuba cavabı, eləcə də iddiaçının digər ünvanları və ya digər əlaqə vasitələri, eləcə də həmin ünvanlara bildiriş göndərilməsi barədə məlumatlar yoxdur. Lakin buna baxmayaraq, "Əmlak Hərrac Mərkəzi” MMC Binəqədi İcra Şöbəsindən müvafiq cavab almadan əmlakın Cavabdeh2 satılması barədə xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli protokol tərtib etmişdir ki, bu da qanun pozuntusudur. Bütün bunlar onu deməyə əsas verir ki, hərrac barədə bildirişlər cavabdeh "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən formal olaraq göndərilmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə3, nümayəndə və vəkili R.Abbasov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Nümayəndə3 bildirdi ki, hərracdan əvvəl o, iddiaçı ilə görüşmüş, özlərinin ödədiyi behin qaytarılması halında onların hərracdan çəkilə biləcəyini bildirmiş, iddiaçı onların bu təklifi ilə razılaşmamış və bu məsələnin onlara aidiyyətinin olmadığını bildirmiş, o, sonra da iddiaçı ilə dəfələrlə danışmışdır, yenə də iddiaçıya hərracda ödədiyi behi ona ödəsə, evi onun adına keçirməyi təklif etmiş, iddiaçı onun bu işə qarışmamasını bildirmiş, iddiaçı harracın keçirilməsindən tam məlumatlı olmuşdur, iddiaçının məqsədi məhkəmə prosesini uzatmaqdır, onun hazırkı iddia tələbi əsassızdır, rayon məhkəməsi düzgün qənaətə gəlmişdir.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, XDEN- 00232-17/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 14 noyabr 2019-cu il tarixli, XDEN- 00232-17/19A nömrəli kredit müqaviləsi üzrə 27 avqust 2021-ci il tarixinə yaranmış 49.339,83 manat məbləğində əsas, 1.996,85 manat məbləğində faiz, 91,62 manat məbləğində məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdeh İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 19 saylı evin, 39 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh İddiaçı tutulması,ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 100 manat hissəsinin isə cavabdeh İddiaçı tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3603/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-384/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

14. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları:

16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

17. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi əsasında 85000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edilmiş ipoteka əmlakının ilkin satış qiymətini mübahisələndirməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 384/2022 saylı qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir.

20. Mülki iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərrac işinin surətindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı Seyidrza oğluna sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 3 ünvanına göndərilmişdir.

21. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir.

22. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmış və təkrar harracın iştirakçısı Cavabdeh2 tərəfindən alınmışdır. Bu barədə hərracın yekunları baradə 01 sentyabr 2023-cü il tarixli, 213/23 saylı protokol tərtib edilmişdir.

23. Tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir.

24. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, əksinə, hərracın keçirilməsi barədə məlumatlı olduğu müəyyən olunduğundan, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

25. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

26. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

27. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

29. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar