Məhkəmə qərarları › İş №2(103)-1576/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1576/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1576/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-725/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “HYUNDAİ ELANTRA” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3700 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 3730,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-725/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 3108 (üç min yüz səkkiz) manat və 30.40(otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xərci İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri -100 (yüz) manat Cavabdeh1 alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, yol- nəqliyyat hadisəsi baş versə də, avtomobilə 3700 manat ziyan dəyməmişdir. Belə ki, həmin avtomobilin yalnız təkər hissəsi sınmış və sol arxa qapısı əzilmişdir və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Yekun defekt aktından görünür ki, “Hyundai Elantra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsinin və servis xidmət haqqının ümumi dəyəri 3700 manat göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ekspert rəyindən görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli “Hyundai Elantra” minik markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3108 manat müəyyən edilmişdir və həmin məbləğ əsas götürülərək 3700 manat əvəzinə 3108 manat qeyd edilmişdir. Həmin məbləğ yenidən qərəzli olaraq şişdirilmiş və bununla əlaqədar olaraq narazı olaraq məhkəmədə təkrar məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatət qaldırılmış, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etmədən ziyanına qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, avtomobil oğlunun olsa da, hadisəni o, törətmişdir. O, məbləğdən narazıdır. Çünki, onun sığortada 6000 manat pulu var, sonra da ona deyir ki, “C” kateqoriyası ilə nahaq idarə etmişdir. Əgər hüququ yox idisə, ona niyə etibarnamə verilirdi. Həm də sığorta şirkəti onu xəbərdar etməli idi. Heç bir xəbərdarlıq etmədən ona bu məbləğdə cərimə yazılıb. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, onda qəzadan sonrakı vəziyyətin, ehtiyat hissələrinin şəkilləri var. Məbləğ şişirdilib. Şirkət ona 30 faiz endirim edib, sonra da məbləğin hissələrlə ödənilməsini bildirdilər. Məbləğ şişirdilməyibsə, niyə ona 30 faiz endirim edirdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi zamanı dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3 -cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin birgə apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin həmin dəlillərə görə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı sığortaçı olaraq dəymiş zərərlə bağlı sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirmə keçirmiş və zərər 3700 manat qiymətləndirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən zərərin miqdarının qiymətləndirilməsi məqsədilə məhkəmə ekspertiza keçirilmiş və ekspert rəyinə əsasən “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli “Hyundai Elantra” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3108 manat məbləğində müəyyən edilmişdir. Cavadeh isə ekspert rəyinin özünü mübahisələndirir. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bu rəy məhkəmə üçün məcburi deyildir. Məhkəmə onunla razılaşmaya bilər. Lakin məhkəmənin də həmin rəylə razılaşmaması üçün əsas olmamışdır. Çünki, bu rəy xüsusi biliyə malik olan şəxs tərəfindən tərtib edilmişdir. Əsassızlığına dair məhkəmədə şübhə yaratmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi zərərin məbləği ilə bağlı iddiaçının təqdim etdiyi aktdakı məbləği ekspertiza təyin etməklə yoxlamış, ekspert rəyindəki məbləğ də iddiaçının zərərin məbləği ilə bağlı təqdim etdiyi məbləğdən az olmuş, məhkəmə də ekspert rəyindəki məbləği əsas götürmüşdür. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-725/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar