Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1578/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə, üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-4382/2023 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)- 471/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh QSC ilə cavabdehlər X3, X1, X4, X5 və X2 müştərək qaydada iddiaçının xeyrinə 93055,15 ABŞ dolları əsas borcun, 26605,74 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları dəbbə, cəmi 119860,89 ABŞ dolları məbləğinin qətnamənin icra olunduğu gunə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manata xidmət haqqının tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə olan 0.06 ha torpaq sahosi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması satışdan əldə olunan vəsaitin hesabına banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 329606 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetı olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı Okbər qızının çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-12034/2018 saylı, 14 noyabr 2018-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(003)- 12034/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, evin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilmişdir.
2. "xxxx" MMC tərəfindən tərtib edilmiş 58/02 nömrəli xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 saylı fərdi yaşayış evini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2464 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 5328-77593/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" QSCnin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 329606 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 280165,10 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 210123,83 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3787/2019 saylı qərardadına əsasən iddiaçı X7 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə, İddiaçı və qeyrilərinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və hərracın dayandırılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2569/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC və Accessbank QSC-yə qarşı “hərracın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2025/2023 saylı qərardadına əsasən İddiaçı cavabdehDaşınar və DaşınmazƏmlakların Satışı üzrə HərracMərkəzi MMC və AccessBank QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, ev 21 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh QSC-nin adına qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh QSC-yə, üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair Cavabdeh QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hissəsində etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçrilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə cavabdeh və digər hər hansı bir üçüncü şəxsə (və ya şəxslərə) qadağan olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manatın cavabdehdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Hər iki daşınmaz əşya müvafiq kredit müqaviləsinin təminatı üsulu kimi, Cavabdeh QSCdə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, Cavabdeh QSC tərəfindən iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək yaranmış kredit borcunun tutulması və tutmanın da həm yaşayış evinə, eləcə də orada yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamənin çıxarılması istənilmişdir. İşə baxmış Sabunçu rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(008)- 471/2018 nömrəli qətnaməsi ilə iddia tələblərini qismən təmin edərək, pul vəsaitinin tutulması və tutmanın da Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə və həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Həmin iş üzrə bağlanmış kredit müqaviləsi üzrə əsas öhdəliyin təminatı üsulu kimi göstərilən bu iki daşınmaz əşya çıxış etmişdir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 12034/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, apellyasiya instansiyasının qətnaməsindən müvafiq qaydada AR-nın Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və işə baxmış kassasiya instansiyası şikayətin qismən təmin olunması barədə xx.xx.2019-cu il tarixli, 2(102)- 2464/2019 nömrəli Qərar qəbul etmişdir. Qərara əsasən, ipoteka predmeti olan yaşayış evinin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır (Ali Məhkəmənin qərarının kserosurəti iddia ərizəsinə əlavə olunur). Məhkəmə mübahisəsi üzrə iş bitdikdən sonra, icra olunması üçün Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli icra vərəqəsi tərtib olmuşdur. İcra hərəkətlərinin həyata keçirlməsi zamanı müvafiq qaydada hərrac həyata keçirilsə də, ancaq hərracın keçirilməsi ilə bağlı icra Şöbəsinin təklifi olmamışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 58/02 nömrəli hərracın yekunları barədə Protokol tərtib olunmuş və həmin protokolun yekun əsası kimi, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə də imzalanmışdır. Qeyd edilən bu iki sənəd üzrə Sabunçu rayon Məhkəməsinin qətnaməsinin icrası üzrə ipoteka predmetlərindən yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi çıxış etmişdir. Digər ipoteka predmeti olan və yuxarıda adı çəkilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi barədə hərrac keçirilməmişdir. Həmiçinin, hərracın keçirilməsi ilə bağlı bütün hüquqi prosedurlara riayət olunmamış və ümumiyyətlə İddiaçı bu barədə lazımi qaydada məlumatlandırılmamışdır. Baxmayaraq ki, ipoteka predmeti barədə hərracın keçirilməsi ilə əlaqədar, “İpoteka haqqında” Qanunun tələb və göstərişlərinə raiyət olunmalı idi. Ən əsası da, məhkəmə qərarının özündə də tutmanın hər iki əşyaya yönəldilməsi nəzərdə tutulmuş olsa da, ancaq hərracda yalnız fərdi yaşayış evi satışa çıxarılmışdır. Mübahisəli torpaq sahəsinin hərracda satılması haqqında məhkəmə qərarında qeyd edilməmişdir. Bütün bu yuxarıda deyilənlərə istinadən, qeyd edilən hərracın nəticələri barədə proptokol və o cümlədən həmin protokol üzrə də müqavilə üzrə, fərdi yaşayış evi ilə yanaşı 0,06 ha torpaq sahəsi barədə Cavabdeh QSC-nin mülkiyyət hüquqları qeydə alınmış və bu barədə də xx.xx.2019-cu il tarixli müvafiq çıxarış verilmişdir. Həmin çıxarışın hüquqi əsasları kimi isə, yalnız istinad edilən hərracın yekun protokolu və müqavilə çıxış etmişdir. Həmin yekun sənədlərdə isə torpağın hərrac yolu ilə satılması olmamışdır. Beləliklə, vaxtı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-471/2018 nömrəli qətnaməsinin icra olunması üçün nəzərdə tutulmuş icra icraatı zamanı hazırki iş üzrə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi qanunsuz və əsassız olaraq Cavabdeh QSC-nin mülkiyyətinə keçirilmişdir. Bu isə onu bildirir ki, torpaq sahəsinə bankın mülkiyyət hüquqlarının qeydə alınması ləğv olunmalı, İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı və DƏDRX tərəfindən cavabdehin adına verilmiş, xx.xx.2019-cu il tarixli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv olunmalıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4382/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair Cavabdeh QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hssəsində etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçrilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə Cavabdeh QSC-yə qadağan edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat pulun Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 2464/2019 nömrəli icra vərəqəsinə əsasən hərrac keçirilərkən tutma həm Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə, həm də torpaq sahəsinə yönəldilməli idi, lakin icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi hərracda satışa çıxarılmış və həm yaşayış sahəsi, həm də torpaq Cavabdeh QSC-nin adına qeydə alınmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi hərraca çıxarıldığından iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair Cavabdeh QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hssəsində etibarsız hesab edilməli, həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı və Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçirilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə Cavabdeh QSC-yə qadağan edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci, 9-cu, 416.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 14.2-ci, 77.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evi vahid bir əmlak kimi qeydiyyata alındığından qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi və üzərində fərdi yaşayış evi vahid əmlak olaraq bank qarşısnda ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnamələri ilə həmin əmlaka tutma yönəldilmişdir. Həmin əmlak tutma yönəldilməsiilə bağlı məhkəmələrin qanuni qüvvədə olan qətnamələri mövcuddur. Məhkəmə tərəfindən işlə bağlı qanuni qüvvəsində olan məhkəmə aktlarına əhəmiyyət verilməmiş, həmin məhkəmə aktları ilə artıq təsdiqini tapmış məsələlər təkrarən yoxlanmış və yenidən hüquqi qiymət verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan banka təklif edilmiş və bank tərəfindən əmlakın borcun qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Qeyd edilən məhkəmə qətnamələrinə baxdıqda aşkar formada ipoteka predimeti olan torpaq və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka predmeti olduğu və məhkəmə aktı ilə həm torpağa həm də fərdi yaşayış evinə tutma yönəldildiyi qeyd edilmişdir. Həmçinin ipoteka predmetinin realizə olunması ilə bağlı keçirilmiş hərrac da borclu tərəfindən mübahisələndirilmiş, onun iddiası rədd edilmiş, qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən hərracın qanuni və əsaslı olması, heç bir pozuntunun olmaması öz təsdiqini tapmışdır. Hazırki iddia tələbindənisə müəyyən olunur ki, iddiaçı hərrac nəticəsində əmlakın bankın mülkiyyətinə qəbul olunması barədə çıxarışı mübahisələndirir. Lakin işə baxan birinci instansiya məhkəməsi bütün bu mötəbər sübutlara, qanuni qüvvəsini almış məhkəmə aktlarına məhəl qoymayaraq heç bir hüquqi əsası olmayan iddianı təmin etmişdir. Hərrac bildirişlərində torpaq sahəsinin qeyd olunmaması əsası ilə həmin torpaq sahəsinin ipoteka predmeti olmaması, ona tutma yönəldilməməsi bu bu əsasla çıxarışın qismən ləğv olunması qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi qanuni qüvvəsini almış məhkəmə aktlarının mötəbərliyinin pozulması deməkdir. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qeyd olunan əmlaka tutma yönəldilməsi qət edilmişdir. Lakin İddiaçı nə bankın iddia tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qərarlarına, nə də özünün dəfələrlə məhkəmələrdə mübahisələndirdiyi, rədd olunmuş və xitam verilmiş eyni əsaslı iddia tələblərinə əhəmiyyət vermədən təkrarən eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, əmlak hərrac yolu ilə bankın mülkiyyətinə qəbul olunub, hərrac prosesi də bir neçə dəfə iddiaçı tərəfindən mübahisələndirilib, hərracın qanuni keçirilməsi və hər hansı pozuntunun olmaması artıq öz təsdiqini tapıb. Həmin qətnamələr bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə bütün bu halları nəzərə almamış və yekunda qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir; 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 12.3-cü-12.3.1-ci maddələrinə əsasən daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunur; 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir; 31.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini (ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; və ya ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini) tələb edə bilər; 31.2-ci maddəsinə əsasən ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır; 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir; 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.
19. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
e) Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh QSC-yə, üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbinə dair iddiası təmin edilməməlidir.
25. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
26. Hazırki işin faktiki hallarına əsasən, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi kredit müqaviləsinin təminatı üsulu kimi Cavabdeh QSC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, kredit borcunun tutulması və tutmanın Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə və həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12034/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, apellyasiya instansiyasının qətnaməsindən müvafiq qaydada AR-nın Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və işə baxmış kassasiya instansiyası şikayətin qismən təmin olunması barədə xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən, ipoteka predmeti olan yaşayış evinin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır. Sonradan hərracın nəticələri barədə protokol və o cümlədən müqavilə üzrə fərdi yaşayış evi ilə yanaşı 0,06 ha torpaq sahəsi barədə Cavabdeh QSC-nin mülkiyyət hüquqları qeydə alınmış və bu barədə də xx.xx.2019-cu il tarixli müvafiq çıxarış verilmişdir.
27. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinin hərraca çıxarıldığını əsas gətirmişdir.
28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 027M**********02 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmetini Bakı şəhəri Səbailrayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 21 saylı fərdi yaşayış evi təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışı ilə Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 21 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi vahid əmlakdır və onların vahid bir çıxarışı mövcuddur. 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evi vahid bir əmlak kimi qeydiyyata alındığından qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi və üzərində fərdi yaşayış evi vahid əmlak olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnamələri ilə həmin əmlaka tutma yönəldilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan banka təklif edilmiş və bank tərəfindən əmlakın borcun qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Həmçinin ipoteka predmetinin realizə olunması ilə bağlı keçirilmiş hərrac da borclu tərəfindən mübahisələndirilmiş, onun iddiası rədd edilmiş, qəbul edilmiş qətnamə də qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktına əsasən hərracın qanuni və əsaslı olması, heç bir pozuntunun olmaması öz təsdiqini tapmışdır.
29. Hazırda isə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, ona dair çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunmasını mübahisələndirir. Məhkəmə kollegiyası isə qeyd edir ki, hərrac bildirişlərində torpaq sahəsinin qeyd olunmaması əsası ilə həmin torpaq sahəsinin ipoteka predmeti olmaması, ona tutma yönəldilməməsi və bu əsasla çıxarışın qismən ləğv olunması əsassızdır. Halbuki ipoteka predmeti olan əmlak Bakı şəhəri Səbail rayonu Salyan yolu 1ci küçə 3-cü döngədə yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 21 saylı fərdi yaşayış evidir. Həmin əmlak da hərrac yolu ilə bankın mülkiyyətinə qəbul olunub, hərrac prosesi də bir neçə dəfə iddiaçı tərəfindən mübahisələndirilib, hərracın qanuni keçirilməsi və hər hansı pozuntunun olmaması artıq öz təsdiqini tapmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman bu əmlakların vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikasının Qanunun 13.7-ci maddəsinə əsasən də üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Hazırki halda da torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi vahid əmlak kimi bir çıxarışla da bankın mülkiyyətinə keçməklə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi isə qanuni əsaslarla bankın mülkiyyətinə keçmiş əmlakla bağlı çıxarışı qismən etibarsız hesab edərkən qeyd edilənləri nəzərə almadan vahid əmlak kimi ipoteka ilə yüklü edilmiş (torpaq sahəsi ilə evi birlikdə) daşınmaz əmlaka münasibətdə hərrac protokolunda yanlız evin göstərilməsini qeyd etməklə formal əsaslarla bankın verdiyi pulun təminatı olaraq vahid əmlak kimi yüklü edilən, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutumanın yönəldiyi (o cümlədən hərracın nəticələrinin düzgün hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məkəmə aktı olan) qanuni əsaslarla daşınmaz əmlaka dair dövlət qeydiyyatına alınmış mülkiyyət hüququndan əsassız olaraq məhrum etmişdir.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmamaqla iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.
31. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-4382/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə Cavabdeh QSC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4382/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh QSC-yə, üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh QSC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.