Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1582/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1582/2025 (Açar sözlər: əmək haqqından tutulmuş məbləğin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqından tutulmuş məbləğin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4130/2024 nömrəli 05 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ona avtomobil alınması ilə əlaqədar 36 müddətinə 27.000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmiş, kreditin təminatı kimi “Hyundai Sonata” markalı avtomobili təklif etmişdir.
2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 848 nömrəli avtomobil üçün kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC İddiaçı xx.xx.2014-cü il tarixədək illik 20%-lə 27.000 ABŞ dolları məbləğində nağd kredit verməyi, cavabdeh isə 36 ay ərzində hər ay 1.003 manat ödəmək şərti ilə borc məbləğini qaytarmağı öz öhdəliyinə götürmüşdür. Həmin müqaviləyə görə “Hyundai Sonata” markalı, 2010-cu il buraxılışlı, KMHEB41C7BA141267 ban nömrəli və ağ rəngli avtomobil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Müqavilənin 13.2-ci maddəsində göstərilmişdir ki, borcverən borcalanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin, eləcə də həmin müqavilənin 10-cu bəndinə müvafiq olaraq hesablanan dəbbə pulunun və vurulmuş zərərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir.
4. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 848 nömrəli avtomobil üçün girov müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 848 nömrəli avtomobil üçün kredit müqaviləsinin təminatı məqsədi ilə “Hyundai Sonata” markalı, 2010-cu il buraxılışlı, KMHEB41C7BA141267 ban nömrəli və ağ rəngli avtomobil "xxxx" ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir.
5. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2011-ci il tarixli, AA seriyalı 001784 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli 848 nömrəli nəqliyyat vasitəsinin ipoteka müqaviləsinə əsasən, **-KH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil "xxxx" ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də müdafiə təyinatlı məmulatların və aqreqatların mexaniki emal sexində mexaniki yığma işləri üzrə çilingər işləyir. Əmək müqaviləsi 15 fevral 2023-cü il tarixdə bağlanmışdır, müddətli əmək müqaviləsinin müddətinin qurtaracağı tarix 20 fevral 2025-ci ildir.
7. İddiaçı "xxxx" ASC-yə ünvanladığı və xx.xx.2024-cü il tarixdə həmin ASC-yə daxil olmuş ərizəsindən görünür ki, o, "xxxx" ASC-dən əmək haqqı hesabından hər ay vəsaitin tutulmasının hansı əsasla həyata keçirildiyi barədə rəsmi məlumatın və buna dair müvafiq hüquqmüəyyəndici sənədlərin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir.
8. "xxxx" ASC ilə İddiaçı arasında aparılan yazışmalardan görünür ki, iddiaçının eyni məzmunlu müraciətinə 14 avqust 2024-cü il tarixdə müvafiq məktubla cavab verilmişdir.
9. "xxxx" ASC-nin İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli 241ALLF110210013 PKD təyinatı ilə əmək haqqından silinmə həyata keçirilmişdir.
10. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(010)-3076/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 5.480 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla, cəmi 5.580 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ilk növbədə ipoteka predmeti olan «VAZ-21154» markalı **-KK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışın nəticəsində əldə olunacaq vəsait hesabına banka olan borcun və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin satışından banka olan borc tam ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. “X2 Edilməsi Agentliyi” MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli 1333 nömrəli məktubun surətindən görünür ki, İddiaçı onunla "xxxx" ASC-nin “Sumqayıt” filialı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 204/11 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarının “X2 Edilməsi Agentliyi” MMC tərəfindən idarə ediləcəyi barədə xəbərdar edilmişdir.
12. Azərbaycan Kredit Bürosu MMC-nin İddiaçı kredit məlumatlardan görünür ki, 214ALLF110210013 hesab nömrəsi üzrə İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixdə 27000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin statusu qeyri-işlək olmaqla təminatı kimi Hyundai Sonata markalı avtomobil qeyd edilmişdir.
13. Azrbaycan Respublikası DİN BDYPİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-E-156467 nömrəli məktubun və həmin məktuba əlavə edilmiş kompüter çıxarışın surətindən görünür ki, “Hyundai Sonata” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən, “Lada VAZ 21154” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır.
14. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-E-156466 nömrəli məktubun surətindən görünür ki, «Hyundai» markalı, ** KH *** və «Vaz 21154» markalı, ** KK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin saxlanılmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanlanmış müraciətə baxılmışdır. Avtomobillərin üzərinə həbs qoyulması ilə bağlı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-3076/2016 saylı icra vərəqəsi və üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması ilə əlaqədar Suraxanı Rayon icra Şöbəsinin xx.xx.2021-ci il tarixli 18/119619/16-19, xx.xx.2018-ci il tarixli 18/8417/18-19 nömrəli məktubları əsasında Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər mövcuddur. Həmçinin qeyd edilmişdir ki, Baş DYP İdarəsinin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı «Hyundai» markalı, **-KH-*** və «Vaz 21154» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin idarə olunması halları müşahidə edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı «əmək haqqından tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz şəkildə həyata keçirilən əmək haqqından tutulmanın dayandırılması və xx.xx.2024-cü il tarixdən etibarən heç bir səbəb göstərilmədən əmək haqqından tutulmuş 1515,74 manat pul vəsaitinin və ödənilmiş 36 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, , o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mexaniki yığma işləri üzrə çilingər vəzifəsində çalışır və ona əmək haqqı "xxxx" ASC vasitəsilə ödənilir. Onun əmək haqqı hesabından 2024-cü ilin aprel ayından başlayaraq hər ay üzrə 50 % olmaqla Bank tərəfindən əsassız olaraq tutulma baş verir. Lakin bu tutulmanın səbəbi və hüquqi əsası barəsində ona heç bir məlumat verilmir. O, əmək haqqından tutulma barəsində işəgötürənə, yaxud banka heç bir yazılı razılıq ilə müraciət etməmişdir. Bu günə kimi Bank tərəfindən onun əmək haqqı hesabından 1515,74 manat vəsait tutulmuşdur. Bu tutulma tamamilə qanunsuzdur və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Sözügedən işdə isə nə onun belə bir yazılı, yaxud şifahi razılığı, nə də ki, hər hansısa bir icra sənədi mövcud deyil. İşəgötürən tərəfindən ona təqdim edilən 19 iyul 2024-cü il tarixli əmək haqqının hesablanması barədə arayışda əmək haqqından tutulmalar kimi Vergi, HİK, Tibbi sığorta, Sosial Sığorta və İşsizlik sığortası göstərilmişdir. Bank tərəfindən əmək haqqından tutulan 50 % məbləğin hansı əsasla tutulması heç bir sənəddə öz əksini tapmamışdır. Bu isə tutulmanın tamamilə qanunsuz və əsassız olduğunu göstərir. İşəgötürən tərəfindən əmək haqqı tam şəkildə "xxxx" ASC-dəki əmək haqqı hesabına köçürülür. Tutulma isə bank tərəfindən həyata keçirilir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 noyabr 2024-cü il tarixli 2(006)-4130/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeval) iddia rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2011-ci il tarixli avtomobil krediti müqaviləsi mövcuddur və həmin müqavilə şərtində borcverənin, yəni hazırki halda bankın borcalanın, yəni iddiaçının hesablarında kredit üzrə gecikdirilmiş borcunun və ondan istifadə üzrə faizlərin akseptsiz qaydada silinməsi hüququna dair şərt razılaşdırılmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni onun əmək haqqı hesabından əsassız silinmələr aparılmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, yuxarıda qeyd olunan silinmələr iddiaçının aldığı əmək haqqına və mükafatlara yönəldilmək üçün qanuni şəkildə icra edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 6.2, 14.1, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 399.3, 405.1, 405.2, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1 və 220.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, avtomobil alışı üçün vəsaitin ayrılması və kredit ödənişinin dayandırılmasından 12 il keçməsinə baxmayaraq cavabdeh tərəfindən borc tələbi ilə bağlı məhkəməyə müraciət etməməsinin səbəbləri araşdırmamış, kreditlər ayrılan gündən alınan avtomobillərin faktiki sahiblərinin etibarnamə verdiyi şəxslər olduğu, ilk gündən ödənişlərin onun tərəfindən deyil etibarnamə üzrə nəqliyyat vasitəsinin faktiki sahiblərinin olduğu, kredit ödənişlərinin dayandırıldığı vaxtdan kifayət qədər vaxt keçməsinə baxmayaraq cavabdehin hər hansı hərəkət etmədiyi vaxtda tərəfidən etibarnamələr ləğv edilərək, nəqliyyat vasitəsinin tapılması və ona qaytarılması ilə bağlı hərəkətləri barədə, həmçinin "xxxx" ASC-nin əməkdaşları və digər şəxslər əlbir hərəkətləri ilə dələduzluğun qurbanı olduğu barədə sübutlar təqdim etsə də məhkəmə bu halları araşdırmamamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 30.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 31.Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 32.Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 33.Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 34.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 35.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 36.Maddə 362. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
46. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və cavabdeh arasında xx.xx.2011-ci il tarixli avtomobil krediti müqaviləsi mövcuddur və həmin müqavilə şərtində borcverənin, yəni hazırki halda bankın borcalanın, yəni iddiaçının hesablarında kredit üzrə gecikdirilmiş borcunun və ondan istifadə üzrə faizlərin akseptsiz qaydada silinməsi hüququna dair şərt razılaşdırılmışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni onun əmək haqqı hesabından əsassız silinmələr aparılmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir.
48. İddiaçı onun əmək haqqından tutulmaları qanunsuz hesab edərək, tutulmuş məbləğin geri qaytarılmasını tələb etmişdir.
49. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi, qeyd olunan silinmələr iddiaçının aldığı əmək haqqına və mükafatlara yönəldilmək üçün qanuni şəkildə icra edilmişdir.
50. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli Müqavilənin 13.2-ci maddəsində göstərilmişdir ki, borcverən borcalanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin, eləcə də həmin müqavilənin 10cu bəndinə müvafiq olaraq hesablanan dəbbə pulunun və vurulmuş zərərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir.
51. Göründüyü kimi, iddiaçı cavabdehlə müqavilə bağlayarakən cavabdehin hazırda mübahisələndirilən hərəkətləri müqavilədə öz əksini tapmışdır. Qeyd edilən hərəkətlər müqavilə tərəflərinin iradə ifadəsinin təzahürüdür.
52. Bundan əlavə iddiaçı həmin müqaviləni 14 il ərzində mübahisələndirməmişdir.
53. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya onları əsassız hesab edir.
54. Belə ki, bankla iddiaçı arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya avtomaşın alınması üçün kredit ayrılmışdır. Müqavilənin təminatı kimi **-KH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil "xxxx" ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir.
55. Kollegiya həmçinin qeyd edir ki, **-KH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin mülkiyyətçisi iddiaçıdır. Etibarnamə ilə avtomaşının başqa şəxslərin istifadəsinə verilməsi onların mülkiyyətçi statusuna sahib olmalarını ehtiva etmir. İddiaçının etibarnamələri ləğv etməsi onun müqavilə üzrə öz öhdəliklərinin icrasından azad etmir.
56. Nəzərə alınmalıdır ki, etibarnamə yalnız bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir.
57. İddiaçı cavabdehin hərəkətlərini mübahisələndirərkən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı onların qanunsuz olmasını sübut edə bilməmişdir.
58. Göründüyü kimi iddiaçının əmək haqqından tutulmalar aparılarkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir, həmin hərəkətlərin qanunsuz hesab edilməsi və ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının tələbi əsassızdır.
59. Belə olan halda hazırki iddia tələbinin formal xarakter daşıdığı müəyyən edilir.
60. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4130/2024 nörməli iş üzrə 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.