Məhkəmə qərarları › İş №2(103)-1583/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1583/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1583/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs ASC və Suraxanı rayonu icra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1969/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin iddiası təmin edilmiş, İddiaçı və X4 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dolları faiz borcu, cəmi 102237.54 (yüz iki min iki yüz otuz yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun Maraqlı şəxs ASC-nın xeyrinə tutması; tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi; mənzilinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən edilməsi; cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan X5, X13, X1, X14 X22, X7, X15, X16, X17, X18, X8 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.

2. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11493/2021 saylı Qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Qtənamə icraya yönəldilmiş, Suraxanı rayonu icra şöbəsinin böyük icra məmuru X29 tərəfindən 2(010)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, X9 məxsus fərdi yaşayış evinin hərracda satılması barədə Cavabdeh MMCyə sifariş verilmişdir.

4. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 88 nömrəli məktubu əsasında 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin (ümumi sahəsi 113.4 kv.m) dəyəri 80.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 103, bina 11 A ünvanında keçiriləcəyi barədə İddiaçı (və digər borclulara), tələbkar Maraqlı şəxs ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir.

5. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 88-1 nömrəli məktubu əsasında 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin satış qiyməti 15% aşağı qiymətlə 68000 manat, hərracda iştirak üçün behin məbləği 3400 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədə İddiaçı (və digər borclulara) tələbkar Maraqlı şəxs ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir.

6. “525-ci” qəzetinin 22 fevral və 15 mart 2022-ci il tarixli buraxılışlarında, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin hərraca çıxarılması yeri və vaxtına dair Cavabdeh MMC tərəfindən elan verilmişdir.

7. Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin ünvanına məktublar çatdırılmış, həmin məktubları Nəcəfova Sevda, Pirverdiyeva İlhamə adlı şəxslər imza ataraq təhvil almışdılar.

8. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 129/88 saylı təklif məktubunun surətindən görünür ki, Suraxanı rayonu İcra şöbəsinin 18-132/19-9 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “525-ci” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmiş, “İpoteka haqqında “ Qanununun 43.7-1-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur.

9. 27 aprel 2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 44/4 saylı protokola əsasən Maraqlı şəxs ASC ipoteka predmetini 51.000 manat qiymətə əldə etmişdir.

10. ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzil Maraqlı şəxs ASC-nin tam payda xüsusi mülkiyyətindədir və əmlakın onun xüsusi mülkiyyətinə keçməsi barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın və təkrar hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzillə bağlı Cavabdeh tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli birinci hərrac və onun əsasında sonradan keçirilmiş xx.xx.2022-ci il tarixli ikinci (təkrar) hərracın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Maraqlı şəxs ASC cavabdeh İddiaçı, X9, X24, X2, X19, X30, X20, X25, X21, X26, X27 qarşı Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı və X4 əsas borc 93.180,85 ABŞ dolları, faiz borc 9.056,69 ABŞ dolları, cəmi 102.237,54 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilə (ümumi sahəsi 113.4 kv.m) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracdan satıldıqda X5, X13, X1, X10, X22, X7, X15, X11, X17, X18 ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzildən (ümumi sahəsi 113.4 kv.m) çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini” xahiş etmişdi. İddiaçı sonradan ərizə verərək X8 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(010)- 8/2021 saylı qətnaməsilə iddia tələbini təmin etmişdir. Lakin məhkəmə apellyasiya şikayəti vermək müddətini gözləmədən qətnaməni icraya yönəltmişdir. Məhkəmənin 2(010)-8/2021 saylı, xx.xx.2021- ci il tarixli icra vərəqəsinə əsasən Suraxanı rayon İcra şöbəsində xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işinə başlanılmışdır. Qətnamədən apellyasiya şikayəti veriləndən sonra isə icra şöbəsi icraatı dayandırmamışdır. İcra icraatı zamanı Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair Sifariş məktubu əsasında Cavabdeh tərəflərə kredit müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzillə (ümumi sahəsi 113.4 kv.m) bağlı xx.xx.2022-ci il tarixli, 88 saylı açıq hərracın keçirilməsinə dair bildiriş göndərmiş, bildiriş tərəflərə xx.xx.2022-ci il tarixdə çatmışdır. İpoteka predmeti ilkin satış qiymətilə 80.000 manata xx.xx.2022-ci il tarixdə saat 11.00-da hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə hərrac baş tutmamışdır. Ona görə də cavabdeh xx.xx.2022-ci il tarixli, 88-1 saylı açıq hərracın keçirilməsinə dair bildiriş göndərmişdir. Növbəti hərrac xx.xx.2022-ci il tarixə saat 11.00-a təyin edilmişdir, ipoteka predmeti 15 faiz aşağı qiymətlə 68.000 manata hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixli hərrac da baş tutmamışdır. Lakin, hərrac prosesində qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də kecirilmiş hərrac etibarsız hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Eyni qaydalar Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə də müəyyən edilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilir ki, qanunvercilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirlməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Sənədlərdən göründüyü kimi Suraxanı rayon İcra Şöbəsinin sifariş məktubu xx.xx.2022-ci il tarixlidir. Cavabdeh elanı “525-ci” qəzetdə xx.xx.2022-ci il tarixdə dərc edilmiş (bildirişin mətnindən görünür), bildiriş məktubu xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, bildiriş icra şöbəsinə (həmçinin, tərəflərə) xx.xx.2022-ci il tarixdə çatmış, birinci hərrac isə 30 gün deyil, 14 gün sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş və baş tutmamışdır. Bununla da cavabdeh hərracın keçirlməsi qaydasını pozmuş, hərrac baş tutmamış, ikinci hərrac da baş tutmamışdır. Cavabdeh hər iki hərracla bağlı elanları yalnız “525-ci” qəzetdə vermişdir. Lakin, qanunun elanın yalnız bir kütləvi informasiya vasitəsində deyil, bir neçə kütləvi informasiya vasitəsində verilməsini müəyyən edir. Cavabdehin elanı yalnız bir kütləvi informasiya vasitəsində verməsi nəticəsində hərracla bağlı daha geniş insanlar dairəsinin məlumatı olmamışdır, nəticədə hərracın keçirlməsi qaydaları pozulmuşdur. Bu səbəbdən keçirlmiş hərrac etibarsız hesab edilməlidir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1969/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia tələbi rədd edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hərracın keçirilməsinə dair bütün bildirişlər iddiaçının qeydiyyatda olduğu və eyni zamanda ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmiş, iddiaçının özü tərəfindən deyil, lakin digər borclular tərəfindən təhvil alınmışdır. Bundan əlavə, hərrac təşkilatı “Capitals Auction" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “525-ci qəzet” qəzetində elan yerləşdirilmişdir. Deməli, iddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

“İpoteka haqqında” AR Qanununun:

24. Qanunun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

25. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

26. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

27. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

29. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

30. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

“İcra Haqqında” qanunun:

31. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

32. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

33. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

38. Belə ki, iddiaçı öz iddia ərizəsində Cavabdeh MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir və bildirir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmamış, hərracı gizli təşkil edilmiş, yalnız bir kütləvi informasiya vasitəsində hərrac barədə məlumat verilmişdir.

39. Lakin hərrac təşkilatı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş bildirişlərin surətindən görünür ki, bütün bildirişlər iddiaçının və ipoteka qoyan şəxsin qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. İlk dəfə həmin bildirişlər xx.xx.2022-ci il tarixdə borclu Sevda Nəcəfova tərəfindən şəxsən qəbul edilmiş, təkrar göndərilmiş bildirişlər isə iddiaçının özü tərəfindən deyil, həmin ünvanda İlhamə Pirverdiyeva adlı şəxs tərəfindən təhvil alınmışdır.

40. Bundan başqa, hərrac təşkilatı “Capitals Auction" MMC tərəfindən hərracın keçirilməsinin vaxtı və yeri barədə “525-ci qəzet” qəzetində elanlar yerləşdirilmişdir.

41. Hazırda iddiaçı qeyd edilən bildirişlərin onun tərəfindən alınmadığına istinad edərək onun hüquqularının pozulduğunu bildirmişdir.

42. Lakin göründüyü kimi, hər iki hərracın keçirilməsi ilə bağlı bildirişlər hərrac təşkilatı tərəfindən iddiaçının ünvanına qanunla nəzərdə tutulmuş qaydada göndərilmişdir. Bildirişin həmin ünvanda olan digər şəxs tərəfindən alınması hərracın qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyini deməyə əsas vermir.

43. Belə ki, Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

44. Həmçinin, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinin dispozisiya şərtindən bəlli olur ki, hərrac təşkilatçısı yalnız ipoteka saxlayana və ipoteka qoyana hərracın keçirilməsi barədə bildirişin göndərilməsi vəzifəsini daşıyır. Digər maraqlı tərəflərə, o cümlədən əsas borcluya belə bildirişin göndərilməsi qanunla nəzərdə tutulmamışdır.

45. Bu mənada kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ipoteka qoyan olmadığından, cavabdeh hərrac təşkilatının ona hərracla bağlı bildiriş göndərmək vəzifəsi daşımamışdır. Beləliklə, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.

46. Bundan başqa, iddiaçı hərracın keçirilməsi barədə elanların qanunvericiliklə müəyyən edilmiş müddətlərin pozulması ilə verildiyinə istinad etmişdir.

47. Kollegiya bu dəlili də əsasssız hesab edir.

48. Belə ki, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir).

49. Hazırkı işin materiallarından görünür ki, hərracın keçirilməsi barədə elan hərrac təşkilatı tərəfindən “525-ci qəzet” qəzetində həm ilkin, həm də təkrar hərracın keçirilməsinə 20 gün qalmış elan dərc edilmişdir.

50. Belə ki, 14 mart 2022-ci il tarixli təkrar hərracla bağlı elan qəzetin 22 fevral 2022-ci il tarixli buraxılışında, 04 aprel 2022-ci il tarixli təkrar hərracla bağlı elan isə 15 mart 2022-ci il tarixli buraxılışında dərc edilmişdir.

51. Hərracla bağlı elanların yalnız bir qəzetdə verilməsinə dair iddiaçının dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, bununla bağlı qanunvericlikdə hər hansı tələb müəyyən edilməmişdir.

52. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir və bu qənaətə gəlir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

53. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1969/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar