Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-159/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Emin Mehdiyevdən ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətlərinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Münasibətlər: Mübahisə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlıdır (bundan sonra – daşınmaz əmlak). Həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən 2 sənəd təqdim olunub. 1-ci sənəd xx.xx.2004-cü ildə verilmiş qeydiyyat vəsiqəsidir (cild 1, iş v. 10). Vəsiqədə qeyd olunub ki, 20 №-li mənzil 4 otaqlıdır, yaşayış sahəsi 60 kv.m-dir, 4 nəfərin paylı mülkiyyətindədir, həmin 4 nəfərdən biri iddiaçıdır, mülkiyyətçilərin hər birinin payı 1 otaqdan ibarətdir. 2-ci sənəd xx.xx.2023-cü ildə verilmiş reyestr çıxarışıdır (cild 2, iş v. 170). Çıxarışda qeyd olunub ki, 20 №-li mənzilin ümumi sahəsi 36,90 kv.m təşkil edir, mənzil bütünlüklə iddiaçının mülkiyyətindədir. Cavabdeh daşınmaz əmlakın yaxınlığında yeni çoxmənzilli bina inşa edib. İddiaçı iddia edir ki, 2013-cü ilin iyun ayında cavabdeh həmin binanın inşası ilə bağlı söküntü-tikinti işləri apararkən ona məxsus daşınmaz əmlakı qəzalı vəziyyətə salıb və məhv edib. Bununla bağlı tərəflərin arasında mübahisə yaranıb və iddiaçı məhkəməyə müraciət edib. İddiaçı iddia ərizəsində qeyd edib ki, həmin vaxt özü və ailəsi daşınmaz əmlakda (mənzildə) yaşamayıblar, xidməti işi ilə əlaqədar ailəsi ilə birlikdə digər yaşayış məntəqəsində yaşayıb. Tələb və onun həlli: İddia ərizəsi xx.xx.2021-ci ildə, yəni iddaçının göstərdiyi hadisədən 8 ilə yaxın vaxt keçdikdən sonra verilib. Ərizədə 3 tələb irəli sürülb: 1) real zərərin əvəzi kimi 130.000 manat ödənilsin; 2) əldən çıxmış faydanın əvəzi kimi 38.400 manat ödənilsin; 3) mənəvi zərərin əvəzi kimi 10.000 manat ödənilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 125.000 manat tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Məhkəmə 125.000 manatın tutulmasını onunla əsaslandırıb ki, həmin məbləğ daşınmaz əmlakın bazar dəyəridir, cavabdeh daşınmaz əmlakı tamamilə dağıdaraq yararsız vəziyyətə saldığına görə bazar dəyərini zərərin əvəzi kimi iddiaçıya ödəməlidir. Şikayət və izahatlar: Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddia ərizəsində 3 tələb olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci tələb barədə: İddiaçı real zərərin əvəzi kimi 130.000 manat tələb edir. Bu tələb onunla əsaslandırılıb ki, iddiaçıya məxsus daşınmaz əmlak cavabdehin fəaliyyəti nəticəsində qəzalı vəziyyətə düşüb, təmiri (bərpası) mümkün deyil, həmin ərazidə mənzilin 1 kv.metrinin qiyməti 2.500 manat təşkil edir, daşınmaz əmlakın sahəsi 52,0 kv.m təşkil etdiyinə görə real zərərin əvəzi, yəni daşınmaz əmlakın dəyəri kimi 130.000 manat (52,0 kv.m x 2.500 manat) ödənilməlidir. Tələb qismən təmin olunmalıdır. Belə ki, daşınmaz əmlakın cavabdehin fəaliyyəti nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən edilmir. Daşınmaz əmlakın əvvəlki fotoları iş materiallarında var (cild 1, iş v. 17-21), lakin o, artıq mövcud deyil, iş üzrə icraat zamanı iddiaçı onun yerində yeni daşınmaz əmlak inşa edib. Bunu hər iki tərəf təsdiq edir, habelə yeni tikilinin fotoları iş materiallarına əlavə edilib (cild 2, iş v. 171-180). İddiaçı bu vəziyyətin yaranmasında cavabdehi təqsirləndirir. O, iddia edir ki, cavabdeh daşınmaz əmlakı qəzalı vəziyyətdə salmış və əmlak tamamilə uçmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 ərizəsində bildirib ki, iddiaçıya məxsus daşınmaz əmlak 2022-ci ildə (iş üzrə icraat zamanı) tamir-bərpa işləri aparılarkən tamamilə uçmuş, ona görə də sökülərək yenidən tikilmişdir (cild 2, iş v. 105). Cavabdeh bununla razılaşmır, yəni iddiaçının əmlakını qəzalı vəziyyətə salmadığını bildirir. İş üzrə icraat zamanı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən göstərilən suallar üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: 1) iddiaçıya məxsus daşınmaz əmlak məhv olub və ya onun bərpası mümkündür? 2) əgər daşınmaz əmlak məhv olubsa və bərpası mümkün deyilsə, buna səbəb hansı hal olub? 3) daşınmaz əmlaka bitişik tikililərin sökülməsi və ya yaxınlıqda hündürmərtəbəli yaşayış binasının inşası göstərilən daşınmaz əmlaka təsir edibmi? 4) əgər belə təsir olubsa, həmin təsir daşınmaz əmlakın məhvinə və ya zədələnməsinə səbəb olubmu? Lakin bu suallar üzrə mütəxəssis rəyinin alınması mümkün olmamışdır. Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunub ki, iddiaçıya məxsus daşınmaz əmlak artıq yerində mövcud deyil, odur ki, sualların mütəxəssis tərəfindən cavablandırılması mümkün deyil (cild 2, iş v. 150). Həmin Agentliyin xx.xx.2024-cü il tarixli digər məktubunda qeyd olunub ki, hazırda mövcud olmayan əmlakın məhv olması səbəblərinin araşdırılması üçün həmin (məhv olmuş) əmlakın texniki pasportunun, layihə sənədlərinin, onun məhv olmaqdan bilavasitə öncə vəziyyətini (mərtəbəliliyi, parametrləri, hansı tikinti materiallarından inşa edildiyi, istismar edilən dövrdə yükdaşıyan konstruksiyalara müdaxilələrin olub-olmadığı, bünövrəyə və dam örtüyünə dair məlumatlar, xarici və daxili divarlarda çatların, zədələrin olub-olmadığı, onların binanın hansı hissəsində olması, çatların xarakteri) detallı əks etdirən sənədlərin və fotoşəkillərin təqdim edilməsi xahiş olunur (cild 2, iş v. 160). Mülki işdə əvvəlki daşınmaz əmlakın fotoları olsa da, məktubda adı çəkilən sənədlər (texniki pasport, layihə sənədləri və s.) mövcud deyil. Ona görə də suallara cavab alınması mümkün deyil. İddiaçı səlahiyyətli qurumdan - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mütəxəssis rəyinin alınmasını gözləmədən daşınmaz əmlakı söküb və onun yerində yeni daşınmaz əmlak inşa edib. Əgər daşınmaz əmlak qəzalı vəziyyətdə idisə və onun bu vəziyyətdə uzun müddət saxlanılması mümkün deyildisə, iddiaçının imkanı var idi ki, daşınmaz əmlakı sökməmişdən əvvəl Mülki Prosessual Məcəllənin 85-87-ci maddələrinin göstərişlərinə uyğun olaraq sübutun təmin edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etsin. Belə halda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən daşınmaz əmlakın qəzalı vəziyyətdə olub-olmaması, əgər qəzalı vəziyyətdə olmuşdursa bunun səbəbi barədə rəy alına, bundan sonra isə iddiaçı daşınmaz əmlakı sökə bilərdi. İş materiallarında qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş, daşınmaz əmlakın qəzalı vəziyyətdə olması barədə rəy olsa da (cild 1, iş v. 87), bu rəy əsaslandırılmayıb. Bundan başqa, həmin rəydə qəzalı vəziyyətin yaranma səbəbi qeyd olunmayıb, odur ki, rəy qəzalı vəziyyətin məhz cavabdehin fəaliyyəti nəticəsində yarandığını təsdiq edən sübut sayılmır. Daşınmaz əmlak köhnə tikilidir, o, daha əvvəldən, yəni cavabdehin həmin ərazidə fəaliyyətə başlamasından əvvəl qəzalı vəziyyətdə ola bilərdi. Odur ki, mövcud vəziyyət (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mütəxəssis rəyinin alınmasının mümkün olmaması) iddiaçının əleyhinə şərh olunmalı və hesab olunmalıdır ki, cavabdeh daşınmaz əmlakı qəzalı vəziyyətə salmayıb. Daşınmaz əmlak mövcud olduğu zaman (sökülənə qədər) ekspertiza keçirilib. Bu ekspertiza nəticəsində Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2021-ci il tarixli 10/1219 №li ekspert rəyində qeyd olunub ki, daşınmaz əmlakın təmiri üçün görülməli olan işlərin dəyəri təqribən 15.600 manat təşkil edir (cild 1, iş v. 48). Əgər daşınmaz əmlak qəzalı vəziyyətdə olsayıdı, yəni təmiri (bərpası) mümkün olmasayıdı, ekspert əmlakın təmiri üçün görülməli olan işlərin dəyərini müəyyən edə bilməzdi. O cümlədən rəyin məzmununda “mənzilin tam təmir edilməsi və mənzildə təmir-bərpa işlərinin aparılması zəruridir” qeyd olunub. Bu isə onu təsdiq edir ki, mənzil təmirə yararlı olub. Bu rəy verildikdən sonra iddiaçı daşınmaz əmlakı söküb. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, real zərərin (daşınmaz əmlakın zədələnməsi nəticəsində vurulmuş zərərin) əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 15.600 manat tutulmalıdır. Çünki daşınmaz əmlakın zədəli olması və təmir-bərpa işləri üçün həmin məbləğin zəruri olması barədə ekspert rəyi var. İşdəki sübutlar bu qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlak cavabdehin fəaliyyəti nəticəsində zədələnib. Belə ki, cavabdeh yaxınlıqda hündürmərtəbəli bina inşa edib, o cümlədən iddiaçıya məxsus daşınmaz əmlaka bitişik olan tikililəri söküb. Tikinti fəaliyyəti yüksək təhlükə ilə bağlı fəaliyyət hesab olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsində qeyd olunub: “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (... tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər”. Real zərərin əvəzinin ödənilməsi barədə tələbin qalan hissəsi təmin edilə bilməz. 2-ci tələb barədə: İddiaçı əldən çıxmış faydanın əvəzi kimi 38.400 manat tələb edir. Bu tələb onunla əsaslandırılıb ki, həmin ərazidə sahəsi 52,0 kv.m olan mənzilin 1 aylıq kirayə qiyməti 400 manat təşkil edir, 8 il üçün, yəni 2013-cü ildən 2021-ci ilə kimi bu məbləğin cəmi 38.400 manatdır. Tələb təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış faydaya verilmiş anlayışa görə, bu, elə bir gəlirdi ki, şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində onu əldə edə biləcəkdi. Həmin gəlir ehtimala deyil, reallığa əsaslanmalıdır. Lakin iddiaçının nəzərdə tutduğu gəlir ehtimala əsaslanır. Birinci, iddiaçı daşınmaz əmlakı (mənzili) kirayə vermək niyyətinin olması barədə sübut təqdim etməyib. Belə sübutlara aid ola bilərdi: daşınmaz əmlak zədələnənə qədər onun kirayə verildiyini təsdiq edən sübutlar (kirayə müqaviləsi, kirayə təklifi barədə elan və s.). İkinci, daşınmaz əmlak 2013-cü ildə zədələnib, iddia isə 8 il sonra – 2021-ci ildə verilib. Əgər daşınmaz əmlakın zədələnməsi onun kirayəyə verilməsinə mane olurdusa, iddiaçı ağlabatan müddətdə iddia qaldıraraq zərərin əvəzinin ödənilməsini (əmlakın bəpasını və s.) tələb edə bilərdi. Lakin iddianın 8 ildən sonra verilməsi onu təsdiq edir ki, iddiaçının daşınmaz əmlakı kirayəyə vermək niyyəti olmayıb. 3-cü tələb barədə: İddiaçı mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb edir. Tələb təmin edilə bilməz. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin mənəvi sarsıntı keçirdiyini iddia edir, sarsıntının baş verməsini isə daşınmaz əmlakın qəzalı vəziyyətə salınması ilə əlaqələndirir. Lakin daşınmaz əmlakın qəzalı vəziyyətdə olduğu müəyyən edilmir. Bundan başqa, mübahisə üzrə Ali Məhkəməsinin ifadə olunmuş mövqeyi var. Əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb və qət olunub ki, rayon məhkəməsinin qətnaməsi ləğv edilsin və iddia rədd olunsun. Lakin Ali Məhkəmə həmin qətnaməni ləğv edib və işi yenidən baxılması üçün göndərib. Ali Məhkəmənin qərarının 76-cı bəndində qeyd olunub ki, cavabdehdən əmlakın dəyərinin tutulmasının düzgün olmaması, iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində təmin edilməməsinin əsaslı hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, iddianın zərərin ödənilməsi hissəsində rədd edilməsi barədə nəticə mötəbər sübutlara əsaslanmadığından qanunsuzdur. Göründüyü kimi, Ali Məhkəmə hesab edib ki, əmlakın dəyərinin tutulması, habelə mənəvi zərərin və əldən çıxmış faydanın əvəzinin tutulması barədə tələblər əsassızdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilməməlidir. Apellyasiya icraatı zamanı cavabdeh tərəf nümayəndəsi vasitəsilə şifahi formada bildirmişdir ki, iddiaçının daşınmaz əmlakını 130.000 manata almağa razıdır. Lakin iddiaçı bundan imtina etmiş və bildirmişdir ki, zərərin əvəzinin tam ödənilməsini tələb edir, zərərin əvəzi ödənildikdə sonra daşınmaz əmlakın alqı-satqısı barədə danışıqlar mümkündür. Bundan sonra cavabdeh tərəf bildirmişdir ki, təklifini geri götürür. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Maddi zərərin əvəzi kimi 15.600 (on beş min altı yüz) manat Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-159/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-159/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver