Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1596/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndələri Vəkil, X9, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(001)-5373/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında olan şifahi razılaşmaya əsasən cavabdehdən ünvan 1 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 135000 manat və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alqısatqısına görə əldə olunmuş 100000 manatın, cəmi 235000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə ev tikib satmaqla məşğul olmaq qərarına gəlmişdir. Buna görə də 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsini etibarnamə əsasında alıb həmin torpaq sahəsində 4 ədəd ev tikib satışa qoymuşdur. Bu evlərdən birini satsa da, digər üçünü sata bilməmişdir. Bundan başqa Abşeron rayonu Digah qəsəbəsi Zaur Həbibov küçəsində tikilmiş 5 mərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 296,5 kv. metr ölçüdə olan 4 ədəd mənzili alıb satışa qoymuş, lakin həmin mənzilləri də sata bilməmişdir. Ev satmağı barədə bir neçə tanışına demiş və 2016-cı ildə tanışı Zakir adlı şəxs onu əvvəllər tanımadığı Cavabdehla tanış edib həmin şəxsin ev alqısatqısı ilə məşğul olduğunu bildirmişdir. O, Elmarla tanış olub evləri barədə ona danışmış və Elmarla Binəqədi qəsəbəsində yerləşən evlərə baxmışlar. Bundan sonra Bakı şəhərində yerləşən ofisində Elmarla söhbət etmiş, Elmar oraya ümumi tanışları Zakirlə gəlmiş və orada onunla ofisdə işləyən Oruc Alıyevlə birlikdə Elmarla danışıb həmin mənzilləri Elmara verəcəyini, Elmar isə həmin mənzilləri satıb bir il müddətində 120000 manat ödəyəcəyini, həmin pulun bir hissəsini, yəni 20000 manatı qabaqcadan verməli olduğunu razılaşmışlar. Razılaşdıqdan 3-4 gün sonra Elmar ofisə gəlib ona 20000 manat pul vermiş və o həmin evlərin açarlarını Elmara vermişdir. Bundan bir neçə gün sonra o həmin evlərə baxmağa getmiş və Elmarın hər üç evdə təmir işləri apardığını görmüşdür. O, Elmarın bu hərəkətlərini bəyənmiş, Elmara Digah qəsəbəsində olan mənzillərini də satmağı təklif etmişdir. Bundan sonra onlar birlikdə Digah qəsəbəsində yerləşən mənzillərə baxmış, o həmin mənzillərin 1 kv.metrini 500 manata satdığını bildirmiş, Elmara həmin mənzilləri satıb 1 ilə pulu ona qaytarmasını təklif etmişdir. Elmarla birlikdə həmin evlərə baxarkən yolda Elmar ona Mehdiabad qəsəbəsində özünə məxsus torpaq sahəsində ev tikib satdığını, beləliklə pul qazandığını demiş, ona həmin evlərin tikintisinə pul qoymağı və həmin puldan əlavə qazanc əldə etməyi təklif etmişdir. Belə olan halda o, Elmarla razılaşmış və Elmara 120000 manat pul verməyi təklif etmişdir. Elmar da 120000 manatın əvəzində evləri tikib satdıqdan sonra 150000 manat qaytaracağını demişdir. Beləliklə, Elmarla Digah qəsəbəsindəki evlərin 1 kv.metrini 450 manata razılaşdıqdan sonra həmin mənzillərin çıxarışı olduğuna görə 11 saylı notariat kontoruna gedib mənzillərə dair ona etibarnamə vermiş, həmçinin arvadı da bu mənzillərin satılmasına razılıq ərizəsi vermişdir. Əlavə get-gəl olmasın deyə həmin vaxt Mehdiabad qəsəbəsindəki torpaqla bağlı Elmarla aralarındakı işbirliyinə görə ona 120000 manat pul verməsinə dair borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən notarius pulun notariat kontorunda verilib-verilməməsinin ona önəmli olmadığını bildirmiş və o, notariat kontorundan çıxdıqdan sonra avtomobildə həmin 120000 manatı cavabdehə vermişdir. 2017-ci ilin dekabr ayında Elmarın Binəqədi qəsəbəsində yerləşən evləri artıq satmasını bilmiş və bundan sonra Digah qəsəbəsində yerləşən mənzillərlə də maraqlanmış, həmin mənzillərin də artıq satıldığını öyrənmişdir. Elmarla danışıb pulunu istədikdə, Elmar müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində mənzillərin pulunu ona verəcəyini demiş, lakin bir manat da olsun pul verməmişdir. O dəfələrlə Elmarla söhbət etdikdən sonra Elmarın onun etibarından sui-istifadə edib aldatdığını görüb məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmiş, Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılaraq 26 aprel 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi izah edilmişdir. Araşdırma zamanı Cavabdeh ona məxsus evləri satıb əldə etdiyi puldan 235000 manatı iddiaçıya vermədiyi müəyyən olunmuşdur. Ona görə də hesab edir ki, aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh ünvan 2 ünvanında ümumi sahəsi 296,5 kv.m ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 135000 manat və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 100000 manat olmaqla cəmi 235000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(001)- 5373/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı Cavabdeh İddiaçı məxsus Binəqədi qəsəbəsində yerləşən 3, Digah qəsəbəsində yerləşən 4 mənzili satıb pul əldə etməsi və aralarındakı şifahi razılaşmanı pozub İddiaçı 235000 manat pulu ödəməməsi müəyyən olunsa da, məhkəmə əsassız olaraq iddianı rədd etmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndələri Vəkil və X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından və işin faktiki hallarından görünür ki, 5 mart 2016-cı il tarixli torpaq alqı-satqısına dair ilkin müqavilə ilə İddiaçı X5 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində 310 kv.metr ölçüdə torpaq sahəsi almış, Şirzad Əhmədov 7 mart 2016-cı il tarixdə İddiaçı həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. 4 iyun 2018-ci il tarixli etibarnamə ilə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətində olan mansard mərtəbəsinin 296,5 kv.metr hissəsinə dair sərəncam verməyi, o cümlədən alqı-satqı müqaviləsini imzalamağı Cavabdeh etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019cu il tarixli 2(001)-5892/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 iyun 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 04 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 120000 manat borc pul vermişdir. Həmin qətnaməyə əsasən, Cavabdeh 120000 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh dələduzluq hərəkətləri barədə İddiaçı şikayət ərizəsi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və əməldə cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. Şikayətçiyə izah olunmuşdur ki, tərəflər arasında mübahisə mülki xarakterli olduğundan, mülki qaydada məhkəməyə müraciət edə bilər. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı özünə məxsus olan mənzilləri satmağı Cavabdeh həvalə etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, cavabdehin iddiaçıya məxsus mənzillərin satışından 135000 və 100000 manat məbləğində pul əldə etməsi iş materialları ilə sübuta yetirilmir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı məxsus Binəqədi qəsəbəsində yerləşən 3, Abşeron rayonu Dugah qəsəbəsində yerləşən 4 mənzili satıb əldə olunan pulu İddiaçı verməyi vəd etdiyini göstərmişdir. Binəqədi qəsəbəsində yerləşən mənzillərdən biri iki otaqlı, ikisi isə üç otaqlı olmuş, İddiaçı iki otaqlı mənzili 30000 manata, üç otaqlı mənzili isə 35000 manata satmağı təklif etmişdir. Cavabdeh isə mənzillərin real qiymətinin 25000-27000 manat olduğunu bildirmişdir. Cavabdeh izahatında göstərmişdir ki, Binəqədi qəsəbəsində olan mənzillərə görə əvvəlcədən İddiaçı 20000 manat pul vermiş, həmin mənzillərdən birini Hüseyn adlı tanışına tikinti materiallarının əvəzinə vermiş, mənzilin qiymətini 36000 manata razılaşdırsalar da, Hüseyn ona cəmi 8000 manatlıq tikinti materialı vermiş, Hüseyn evi aldıqdan sonra başqa şəxsə satmışdır. Digər mənzili Pərviz adlı şəxsə 35000 manata satmış, Pərviz ona 17000 manat pul və 18000 manatlıq tikinti materialı, yəni taxta və dam örtüyü vermişdir. Üçüncü evi isə Süleyman adlı şəxsə 29000 manata satmışdır. Evlərin satışından əldə etdiyi pulları və tikinti materiallarını Mehdiabad qəsəbəsində tikdiyi evlərin inşasına sərf etmişdir. Digah qəsəbəsində olan mənzillərdən birini Azər adlı şəxsə 24000 manata satıb əldə etdiyi pulu tikintiyə sərf etmiş, ikinci mənzili Zakirə vermiş, lakin pulunu ala bilməmiş, üçüncü mənzili Sevda adlı qadına 22000 manata satıb pulunu ala bilməmiş, dördüncü mənzili Hüseyn adlı şəxsə 26500 manata satıb pulunu ala bilməmişdir. Cavabdeh izahatında həmçinin bildirmişdir ki, o, İddiaçıla aralarında 120000 manatlıq borc müqaviləsi bağlasa da, faktiki olaraq ondan pul almamış, Digahdakı evlərin satışından ziyana düşdüyünə görə əvəzində İddiaçı Oruc adlı şəxsin adına rəsmiləşdirməklə Mehdiabad qəsəbəsində 1 hektar torpaq sahəsini etibarnamə ilə vermişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, Cavabdeh polis idarəsində verdiyi izahat həqiqəti əks etdirmir, bu izahat müstəntiq tərəfindən yazılaraq Cavabdeh sonradan imza etdirilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün Cavabdeh izahatında adları çəkilən Hüseyn, Pərviz, Süleyman, Azər, Hüseyn, Zakir və Sevda adlı şəxslərin müəyyən olunub izahatlarının alınması üçün məhkəməyə təqdim olunacaqlarını bildirsə də, sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqavilələrindən və “Elekton notariat” X1 çıxarışlardan görünür ki, satıcı Cəfərov X11 rayonu Digah qəsəbəsi Zaur Həbibov küçəsi ev 2B ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissədən 72,6 kv.metr hissəni 14500 manata X8, 72,6 kv.metr hissəni 20000 manata X7, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X3. Alqı-satqı müqavilələri bağlanarkən satıcı İddiaçı etibarnamə əsasında Cavabdeh təmsil etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, İddiaçıla Cavabdeh arasında iddiaçıya məxsus mənzillərin satışı ilə bağlı danışıqlarda o da iştirak etmiş, Cavabdeh İddiaçı məxsus Binəqədi qəsəbəsində yerləşən mənzillərin satışından 100000 manat, Digah qəsəbəsində yerləşən mənzillərin satışından əldə etdiyi 135000 manat pulu İddiaçı verməmişdir. Bu barədə onların arasında dəfələrlə mübahisə olmasının, İddiaçı Cavabdeh pulunu tələb etməsinin şahidi olmuşdur. Cavabdeh etibarnamə ilə ona verdiyi 1 hektar torpaq sahəsinin İddiaçı aidiyyəti yoxdur. Bundan əlavə, Cavabdeh həmin torpaq sahəsinə verdiyi etibarnaməni ləğv etdirmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus 4 mənzili X8, X7, X2 və X4 satışdan 76500 manat məbləğində pul əldə etmiş (14500+20000+30000+12000=76500), əldə olunan pulu İddiaçı verməyərək tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini qəsdən vicdanla icra etməmişdir. Binəqədi qəsəbəsində yerləşən 3 mənzilə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin mənzillərin mövcudluğu, habelə İddiaçı məxsus olması, mənzillərin satılaraq Cavabdeh tərəfindən pul əldə olunması barədə iş materiallarında kifayət qədər mötəbər və tutarlı sübut yoxdur. Belə ki, Binəqədi RPİ-də araşdırma zamanı Cavabdeh istintaq orqanına verdiyi və doğruluğu cavabdeh tərəfindən sonradan inkar olunan izahatda adları çəkilən şəxslərin şəxsiyyətini müəyyən edib ifadələrini almaq mümkün olmamış, İddiaçı həmin evlərin satışı barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 385, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(001)- 5373/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 76500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 5 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1596/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1596/2022
22.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver