Məhkəmə qərarları › İş №2(103)-1603/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1603/2020

28.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1603/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxx katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Sadıqova Zibeydə Söhbət qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 85.000 (səksən beş min) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu Mahmud Mehdiyevlə evlənmək qərarına gəldikdə Cavabdeh qayınata və qayınana ilə birlikdə yaşamaq istəmişdir. Belə olan halda iddiaçı Mahmudla Gültəkinə öz şəxsi mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti, ev 114-də yerləşən 81 saylı iki otaqlı mənzildən müvəqqəti yaşamalarına icazə vermişdir. Bundan ötrü iddiaçı öz şəxsi vəsaiti hesabına həmin iki otaqlı mənzili tanışları Bəxtiyar və İlham adlı ustalara tam təmir etdirmişdir. Bakı şəhəri Nizami metrostansiyasının yaxınlığında Milli Məclisin üzvləri üçün tikilmiş binada 2003-cü ildə Cavabdeh mənzil verilməmiş, onun ailə qurması nəzərə alınaraq xx xxx 2003-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında order əsasında Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92A-da yerləşən 12 saylı evdə 3 otaqlı mənzil verilmişdir. İddiaçının oğlu ilə Cavabdeh xx xxxx 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar və onların təzə mənzili təmir etməyə maddi imkanları yox idi. Belə olan halda Cavabdeh onlara maddi yardım etməyini xahiş etmişdir. Cavabdeh istədiyi maddi yardım ondan ibarət idi ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92A-da yerləşən həmin 3 otaqlı mənzilin təmiri üçün ona pul versin. Həmin mənzil təmir olunduqdan sonra yüksək qiymətə kirayə verilsin və həmin kirayə pulundan iddiaçının pulu qaytarılsın. İddiaçı oğlu Mahmudun təkidi ilə bu işə razı olmuşdur. Bundan ötrü iddiaçı tanıdığı və daim onların mənzillərini təmir edən Bəxtiyarı və İlhamı yaşadığı Bakı şəhəri, Azadlıq prospekti, ev 114-də yerləşən 72 saylı 4 otaqlı mənzilinə dəvət edərək fikrini ona bildirmişdir. Bəxtiyar Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92A-da yerləşən həmin 3 otaqlı mənzilə baxdıqdan sonra smeta tərtib etdi və ümumi hesablamalara görə belə nəticəyə gəldi ki, həmin mənzili istifadəyə vermək üçün 40000-50000 ABŞ dolları civarında pul lazımdır. Əlavə olaraq maraqlandıqda məlum oldu ki, həmin dövrdə qeyd olunan ünvanda mənzilləri 2500 ABŞ dollarına kirayəyə vermək olur və həmin mənzil hər hansı neft şirkətində işləyən xarici vətəndaşa verildikdə 1 illik və ya 1 il yarım müddət üçün kirayə pulunu dərhal almaq olur. İddiaçı oğlu Mahmudun təkidi ilə bu işə razılıq vermişdir ki, nəzərdə tutulduğu kimi olsa, iddiaçının borcunu qaytardıqdan sonra oğlu ailəsi ilə həmin mənzilə köçəcək. Təmir 2003-cü ilin noyabrdekabr ayında başladı. Ustalar zəhmət haqqı olaraq 5000 ABŞ dolları aldı, 10000 ABŞ dolları mənzildə olan iki sanitar qovşağının və mətbəxin kafel, metlax və digər avadanlıqları üçün verildi, 2200 ABŞ dolları mətbəxə mebel, masa və stul alındı, 5000 ABŞ dollarına mənzilin döşəməsinə parket və ləvazimatlar, alçipanlar alındı, 3000 ABŞ dolları boya materiallarına verildi. Bundan başqa, 1300 ABŞ dolları elektrik aksesuarlarına verildi və təxminən 4000 ABŞ dolları hamamlara, otaqlara və mətbəxə qapı üçün verildi. 2004-cü ilin may ayında təmir başa çatmaq üzrə idi və Cavabdeh bir nəfər tanışının Dubay şəhərinə gedib oradan ucuz qiymətə yataq və qonaq otağı üçün mebel dəstləri, televizor, çılçıraq, orijinal spotlar, paltaryuyan və qabyuyan maşın, tozsoran, DVD, musiqi mərkəzi və digər elektrik ləvazimatlarını gətirdiyini bildirmişdir. Hesablamalara görə bunlara təxminən 20000 ABŞ dolları lazım idi. 2004-cü ilin iyun ayında Mahmudla Gültəkinin oğlu anadan oldu. 2004-cü ilin iyul ayının əvvəlində iddiaçı 20000 ABŞ dollarını verib xarici ölkəyə istirahətə getmişdir. xx xxxxxx 2004-cü ildə Azərbaycana qayıtdıqda iddiaçıya məlum olmuşdur ki, Gültəkin iddiaçının nəvəsi Toğrulu və evdə olan bütün əşyaları, o cümlədən qızıl-zinət əşyalarını götürüb çıxıb getmişdir. İddiaçı əvvəl elə bilmişdir ki, Gültəkin Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92A-da yerləşən həmin 3 otaqlı mənzilə köçmüşdür. Lakin maraqlandıqda məlum olmuşdur ki, Gültəkin həmin mənzili xarici vətəndaşa kirayə vermişdir və Əhməd Rəcəbli prospekti, 5, mənzil 34-də yerləşən, heç bir sanitar qaydalara cavab verməyən mənzildə anası ilə kirayə yaşayır. İddiaçının oğlu Mahmudun ailəsini bərpa etmək mümkün olmadığından, habelə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92A-da yerləşən həmin 3 otaqlı mənzilin təmiri ilə bağlı yaranan borclarının qaytarılmasından Gültəkindən çəkilən xərcləri tələb etmişdir. O, isə Mahmudu və iddiaçının digər iki oğlunu işdən çıxaracağı ilə hədələməklə pulu verməkdən imtina etmişdir. İddiaçı da borclarının qaytarılmasından ötrü şəxsi mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti, ev 114-də yerləşən 81 saylı iki otaqlı mənzilini satıb borclarını qaytarmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh bütün vasitələrlə işə baxılmasına maneələr yaratmış, dəfələrlə əsassız vəsatət və şikayətlər verməklə məhkəmə araşdırmasını süni şəkildə uzadaraq iddiaya baxılmasına və yekun məhkəmə aktının qəbul edilməsinə imkan verməmişdir. İddia tələbində 50000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi xahiş edilmişdir. Lakin cavabdehin müxtəlif bəhanələrlə işə baxılmasına maneələr yaratdığından hazırki vaxtadək iddiaçı ona məxsus olan pul vəsaitini əldə edə bilməmişdir. Göstərilən müddət ərzində Respublika ərazisində devalivasiyalar baş vermiş, bu hal iddiaçının da maddi durumuna təsirsiz ötüşməmişdir. Cavabdeh ona məxsus pul vəsaitini vaxtında, məhkəmə prosesini ləngitmədən ödəməli olduğu halda, bunu etməmiş, bu hal isə iddiaçıya daha artıq maddi zərər vurmuşdur. İddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan etibarən manatın məzənnəsinin ABŞ dollarına nisbəti dəfələrlə dəyişmişdir. Belə ki, bu müddət ərzində 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi dəyişərək 0,78 manatdan 1,70 manatdək yüksəlmişdir. Həmin məzənnə nəzərə alınmaqla tələb edilən məbləğ 85000 manat təşkil edir. İddiaçı göstərilən pul vəsaitini həmin vaxt gəlini olmuş şəxsin və oğlunun birgə yaşayacaqları mənzilin təmirinə xərcləmişdir. Lakin iddiaçının oğlu və cavabdehin münasibətləri təmir başa çatdıqdan dərhal sonra pozulmuşdur, oğlu həmin mənzildə ümumiyyətlə yaşamamışdır. Göründüyü kimi, cavabdeh qərəzli, məkrli olaraq iddiaçının mənzili tam təmir etdirib başa çatdırmağını gözləmiş, iddiaçı mənzili tam təmir etdirdikdən sonra isə oğlu ilə münasibətlərini pozaraq ona həmin mənzildə yaşamağa imkan verməmişdir. Mənzil iddiaçının vəsaiti hesabına tam təmir olunmuş və cavabdehə təhvil verilmişdir. Hazırki iddianın qaldırılmasında məqsəd iddiaçıya məxsus olmuş və cavabdehin mənzilinin təmirinə xərclənmiş pul vəsaitinin geri alınaraq iddiaçıya geri qaytarılması olmuşdur. İddiaçı oğluna hər hansı pul vəsaitini borc olaraq verə bilməzdi, sadəcə cavabdehin mənzili təmir etdirməyə guya maddi imkanı olmamasını bəhanə gətirməsi, iddiaçını və oğlunu aldatması nəticəsində, cavabdeh əvvəlcədən qurduğu plana uyğun olaraq iddiaçının oğlunun yaşayacağı mənzili iddiaçının vəsaiti hesabına təmir etdirmişdir. İddia tələbində cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyd edilmiş pul vəsaiti iddiaçının şəxsi mülkiyyətidir.Cavabdehin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, göstərilən ərizə tam əsassızdır və hazırki iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. İddia tələbində cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyd edilmiş pul vəsaiti iddiaçının şəxsi mülkiyyətidir. Mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasının aradan qaldırılmasına dair tələblərə isə iddia müddəti şamil edilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 85.000 (səksən beş min) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı iddia tələbinin bütövlüklə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıb. Bu səbəblə sözügedən qətnamə ləğv edilməli, iddianın bütövlükdə rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi faktı nəzərə alınmayıb. Nəsimi rayon məhkəməsi iddiaçı ilə cavabdeh arasındakı borc münasibətinin 2003 və 2004-cü ildə yaranması faktını və müqavilə münasibətindən irəli gələn tələb haqqının 3 il ərzində tələb oluna biləcəyi faktını nəzərə almayıb. Nəsimi rayon məhkəməsi iddiaçının pula münasibətdə mülkiyyət haqqının olduğunu, bu səbəblə iddia müddətinin tətbiq oluna bilməyəcəyini qeyd edib... Hazırki işə baxdıqda aydın görünür ki, iddiaçı ilə cavabdeh arasındakı münasibət hətta borc münasibəti kimi nəzərə alınsa belə, bu, müqavilədən yaranan bir tələb hüququnun nəticəsidir, iddiaçı cavabdehə 2003-cü ildə verdiyi pulu geri istəyir və Mülki Məcəllənin 373-cü maddəsi müqavilədən irəli gələn öhdəliklər üçün 3 illik xüsusi iddia müddəti müəyyən etdiyini birbaşa göstərir. Cavabdeh qeyd edir ki, nəinki qanunvericilikdə göstərilən xüsusi, 10 illik ümumi iddia müddəti keçməyinə rəğmən Nəsimi rayon məhkəməsi hazırki iddia üzrə mülkiyyət hüququ baxımından nəzərdə tutulan iddia müddətinin tətbiq olunmaması halını nəzərə alıb. Nəsimi rayon məhkəməsi həqiqətən pulu bir dəyər ifadəsi kimi deyil, konkret və müəyyən edilə bilən əşya kimi nəzərə alırdısa, iddiaçı öz iddiasında məhz hansı pulu istədiyini qeyd etməli və 50000 ABŞ dollarının hər birinin seriya nömrəsini məhkəməyə təqdim etməli idi. Halbuki iddiaçı özü də etiraf edir ki, o, bu pulu borc kimi verib və cavabdehin bunu xərcləyəcəyini bilib. Bu da sübut edir ki, iddiaçı öz pulunu cavabdehə əmanət etməyib, borc kimi verib və onlar arasında müqavilə münasibəti olub. Cavabdeh qeyd edir ki, o, iddiaçının mübahisələndirdiyi mənzili 2004-cü ildə təmir etdirmək məqsədilə usta Bəxtiyar Eyvazova əlbəəl 16 min ABŞ dolları vəsait verib. Sonradan hesablamalar apararaq mənzilin təmirinə həmin vəsaitdən xeyli az pul xərcləndiyini, Bəxtiyar Eyvazovun onu aldatdığını anlayıb və polisə şikayət edib. 2004-cü ildə Nərimanov Rayon Polis İdarəsinin rəisi olmuş Elxan Abbasov cavabdehin anasının şahidliyi ilə şəxsən cavabdehə deyib ki, həmin pulun hamısı Bəxtiyara çatmayıb, İddiaçı o pulun əhəmiyyətli hissəsini ondan “müştəri verdiyi üçün otkat” olaraq geri alıb. Beləliklə, o, evin yarımçıq qalan təmirini öz vəsaiti hesabına bitirmişdir.Onun mənzilinin təmirinə xərclədiyi real vəsait (iddiaçının ustadan aldığı otkatı çıxmaqla) 2004-cü ilin valyuta kursu ilə 12-14 min dollardan çox olmayıb. Nəsimi rayon məhkəməsi isə proses gedişində bu hesablamaların heç birini nəzərə almayıb və iddiaçının iddiasını araşdırmadan təmin edib. Təmirə başladığı 2004-cü ilin qış aylarınadək onun millət vəkili kimi rəsmi əməkhaqqı və gəlirləri aylıq 8-10 min dollar təşkil edib və təmir xərclərindən azı 5-6 dəfə artıq olub. Buna baxmayaraq İddiaçı cavabdehin öz mənzilini təmir etmək üçün bir manat pulu olmadığını və ona borc verdiyini qeyd edib. Halbuki həmin vaxt iddiaçının pensiyası təxminən 100 ABŞ dolları civarında idi. İddiaçının ailə qurmaq yaşında olan üç oğlunun heç birinin şəxsi mənzili və xarici avtomobilinin olmaması, özünün isə pensiyaçı evdar qadın olması faktı sübut edir ki, o, istəsə belə həmin məbləğdə pulu cavabdehə borc verə bilməzdi. Lakin Nəsimi rayon məhkəməsi borcun həqiqi məbləğinin müəyyənləşdirilməsində maraqlı olmayıb və bu hallan nəzərə almayıb. Məhkəmə tərəfindən etibarlılığı olmayan sənədlər əsassız olaraq sübut kimi qəbul olunub. Cavabdeh qeyd edir ki, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməyib. Onun“sübut” adlandırdığı “AKABE İnşaat” mağazasına məxsus iki ədəd sifariş forması, oğlu Mahmud Mehdiyevin xətti ilə adi bloknot kağızının üzərində yazılmış altı ədəd cızmaqara və guya cavabdehə verdiyi borcu qaytarmaq üçün satdığı mənzilin alqı-satqı müqaviləsi olub. Halbuki bunlar, xüsusilə də, sonuncu müqavilənin sübut kimi nəzərə alınması iddianın həqiqiliyini sübut etmək baxımından heç birxüsusi əhəmiyyətə malik deyil. İlkin iki sübutla bağlı isə cavabdeh bildirir ki, bu sənədlər arasında kəskin ziddiyyətlər olmağına baxmayaraq, məhkəmə bunların ikisini də sübut kimi qəbul edib. Cavabdeh bildirir ki, məhkəmə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsində bir sıra şahid ifadələrinə də əsaslanıb. Lakin bu şahidlərin verdiyi ifadələrin yalan olduğu məhkəmədə məlum olsa da, məhkəmə bunu nəzərə almayıb. Cavabdeh əlavə edir ki, İddiaçı 2003-cü ilin dekabr ayından 2004-cü ilin iyul ayına qədər cavabdehə 50000 (əlli min) ABŞ dolları pul verdiyini göstərir. İddiaçı həmin pulu 2003-cü ilin dekabrından 2004-cü ilin iyul ayınadək cavabdehə verirdisə, təmir pulu cavabdehdə olmalı idi və pulu ustalara cavabdeh verməli idi. Şahidin guya həmin müddətdə təmir pulunu İddiaçı alması ilə bağlı yalançı ifadəsi iddiaçının iddia ərizəsi ilə ifşa olunur. Şahid həmçinin öz ifadəsində bildirib ki, guya o, münasibət müddətində cavabdehi görüb. Halbuki cavabdeh İddiaçılə bir yerdə yaşamayıb, öz evində yaşayıb, millət vəkili kimi gərgin iş rejimi olub, evə yalnız axşamlar, işdən sonra qayıdıb. Belə olan halda yalançı şahidin guya pulu gəlib İddiaçı aldığı vaxt, yəni 8 ay ərzində cavabdehin bunu görməyi və ya onların yanında olmağı mümkün deyildi. Hətta cavabdeh hamilə vaxtı belə rəsmi analıq məzuniyyətinə çıxmayıb və 2004-cü ilin may ayının 20-dək hər gün işdə olub, bu fakt da yalançı şahidin ifadələrini bir daha ifşa etmiş olur. Lakin Nəsimi rayon məhkəməsi öz qətnaməsində bu hala ümumiyyətlə toxunmayıb. Nəsimi rayon məhkəməsi tərəflər arasındakı münasibəti əsassız varlanma kimi qeyd etməklə, səhv tövsifə yol vermişdir.Cavabdeh qeyd edir ki, iddiaçının vəkili xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə təqdim etdi. Bu ona görə baş verdi ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edilsə də, iddia ərizəsində göstərilən xüsusatlar əsassız varlanma hadisəsini istisna edir və birmənalı olaraq müqavilə əsaslı borc münasibətlərini ehtiva edir. Belə ki, iddiaçı həmin ərizədə düz yeddi dəfə guya ona borc verdiyini iddia etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsində və Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin x xxxx 2013-cü il tarixli plenumunun qərarında müqavilə (borc, kredit) öhdəliklərinə üç illik iddia müddətinin şamil olunmasına dair birbaşa göstəriş olduğunu nəzərə alaraq məhkəmə saxta və əsassız iddianı təmin etsə belə, iddia müddətinin tətbiq edilməsinə dair ərizəni nəzərə alıb iddianı rədd etməlidir. Məhz buna görə də iddia tərəfi artıq üçüncü dəfə iddia tələbini dəyişdirdi. Halbuki qanunvericilik əsassız varlanma baxımından, müqavilə münasibətlərindən daha az 2 illik bir iddia müddəti olduğunu müəyən edib. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verdi, o cümlədən bildirdi ki, hazırki iş onun siyasi mövqeyinə görə ona qarşı edilən təzyiqdir. Əslində iddiaçının ona verməli olduğu pullar var, lakin onun iddiaçıya verəcək pulu yoxdur. İddianı təsdiq edən heç bir sübutu iş materialında görmədi. İşə baxılanda yalançı şahid onun üzünə durdu ki, guya pulu ona iddiaçı verib. Ev təmir olunduğu zaman aralarında qohumluq münasibətləri var idi. Bu, o demək deyil ki, hər qohumu onun evi üçün pul verir. Evin əşyaları yığılanda isə münasibətləri artıq qırılmışdı. Millət vəkili idi, 1500 dollar maaş alırdı. Özünün evini təmir etdirib əşya almağa pulu yox idi? İddiaçının guya ona verdiyi pulu 10 il ərzində yadına düşməyib, amma qızı tutulduğu vaxt ona qarşı iddia qaldırıb. Əsas məsələ budur ki, iddia müddəti də keçib. Yəni, heç bir halda iddia müddəti məsələsi pozula bilməz. Heç bu işdə bilinmir ki, iddia olunan münasibətlər borc münasibətləridir, yoxsa əsassız varlanmadır. İddiaçı onun xəbəri olmadan gəlin köçdüyü evi satmışdı ki, oğlu onun evinə qeydiyyata düşsün. O, gəlin köçdüyü evə görə 19000 manat kompensasiya almışdır. Həmin qərar da üç ildən sonra icra olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Sadıqova Zibeydə Söhbət qızı bildirdi ki, qarşı tərəf heç bir sübut təqdim etmədiyi halda iddiası təmin olunub. İllərlə məhkəməyə gəlməyib ki, guya xəbəri olmayıb. Lakin heç bir sübut təqdim etməsə də məhkəmə onun iddiasını təmin edib. İddiaçı cüzi də olsa işlə maraqlandığını göstərmir. Heç bir halda məhkəmə iclaslarında iştirak etmir. Qazancı olmayan biri iddia etdiyi məbləği cavabdehə necə verə bilər? Hazırda burada cavabdehin mülkiyyət hüququ pozulub. Məhkəmə iddianı niyə təmin etdiyini əsaslandırmalı idi. 1500 dollar maaş alan cavabdeh pensiyaçı birindən iddia olunan məbləğdə necə borc ala bilər. Hazırda sanki məhkəmə ilə çəkişirik. Çünki, heç bir iclasda cavabdeh iştirak etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mövqelərini yazılı etirazda da bildirmişlər. Qarşı tərəf dəfələrlə hazırki işin siyasi mövqeyinə görə siyasi sifariş olduğunu deyir. Təmsil etdiyi şəxs öz hüququnu tələb edirsə, burada hansı siyasi sifarişdən söhbət gedir? Cavabdeh həmişə yüksək maaş aldığını bildirir. Cavabdehin prezidentin ona verdiyi hazırki evi olduğu halda, İddiaçı evinə istifadə hüququnun tanınması üçün iddia qaldırır və həmin evdə yaşamayayaşamaya evin satılıb oradan pulun alınmasına nail olur. Digər tərəfdən iddiaçının qızının barəsində hansısa hökm və ya qərar varsa təqdim etsinlər. Bundan başqa, cavabdehin anası Fatma xanım özü izahatında dolayı yolla pulun İddiaçı tərəfindən verildiyini etiraf edib. Hazırda iddiaları mülkiyyət hüququ ilə bağlıdır və buna iddia müddəti tətbiq olunmur. Hüquqlarından istifadə etməməsi bu hüququn itirilməsi demək deyil. Həmin vaxt cavabdeh millət vəkili olduğu üçün iddialarının təmin olunmayacağını fikirləşirdi. Çünki, cavabdehin hər dəfə etdiyi siyasi sifarişlər onların gözünü qorxutmuşdu. Buna görə də iddia sonradan qaldırıldı. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a saylı evin 12 saylı üç otaqlı mənzilin təmiri, habelə ev avadanlıqları və əşyaların alınması üçün cavabdehə 50.000 (əlli min) ABŞ dolları məbləğində vəsait vermişdir. Tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edildi ki, cavabdehə məxsus mənzilin təmiri üçün ustaları iddiaçı tapmış, onlarla mənzilin təmir xərci ilə bağlı danışıqları iddiaçı aparmış, təmir üçün xərci iddiaçı çəkmiş, ustaların pulunu iddiaçı ödəmiş, mənzilin avadanlıqlarla təchiz edilməsi iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Cavabdeh mənzili öz vəsaiti hesabına təmir etdirdiyini, mənzilin təmiri üçün ustalarla danışdığını, ustalara pulu onun ödədiyini, mənzilin avadanlıq və digər əşyalarının onun vəsaiti hesabına alındığını bildirsə də, bununla bağlı sübutları təqdim edə bilmədi. Cavabdeh ustalara pulu özünün ödədiyini bildirsə də, polisə verdiyi şikayətdən sonra usta Bəxtiyarın «İddiaçı pulu ona tam vermədiyini, buna görə də verilmiş pul müqabilində işləyib getdiyini bildirdiyini» qeyd etmişdir. Yəni, cavabdeh özü də ustalara pulun iddiaçının verdiyini təsdiq etmişdir. İddiaçının tələb etdiyi vəsaitin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq, cavabdeh qeyd olunan məbləği iddiaçıya qaytarmamışdır. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi 1,70 manata bərabərdir. Qeyd olunanlar nəzərə alınmaqla həmin məbləğ hazırda ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 85.000 manat təşkil edir. Ona görə də, iddia təmin edilməli, 85.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi şahid X7 mənzilin təmiri üçün aparılan danışıqlarda, mənzilin təmirində, bununla əlaqədar təmir üçün zəruri olan materialın alınmasında, təmir üçün razılaşdırılmış zəhmət haqqının ödənilməsində birbaşa iştirak edən şəxsdir. Onun verdiyi ifadə birbaşa gördüyü hallarla və iştirak etdiyi proseslərlə əlaqədardır. Cavabdeh tərəfin təqdim etdiyi şahidlər isə (X8, X5) mənzilin təmiri, təmir üçün xərclərin çəkilməsi və ödənişlərin edilməsi proseslərində birbaşa iştirak etməyən şəxslərdir, onların verdikləri ifadələr yalnız digər şəxslərdən eşitdikləri hallarla əlaqədardır, onlar digər şəxslərdən eşitdiklərinə istinad etmişlər. Ona görə də şahid X3 ifadəsi şahidlər X4 və X1 ifadələri ilə müqayisədə daha mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd edir ki, qeyd olunan pul vəsaiti iddiaçıya məxsus olmaqla onun mülkiyyəti hesab edilir. Cavabdeh qeyd olunan məbləği qaytarmamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İddia tələbi mülkiyyət hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni şikayət verənə münasibətdə təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh apellyasiya şikayəti üzrə, ona münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh bu sübutları mötəbər hesab etmir və iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh hazırki iddianın onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. İkincisi, işdən görünür ki, tərəflər arasında əvvəllər qohumluq münasibətləri(keçmiş gəlin və qaynana)olmuş və bu münasibətlər pozulduqdan sonra onlar arasında mülki mübahisə yaranmış və bununla əlaqədar məhkəmə aktları qəbul edilmişdir. Bu halların özü də onlar arasındakı hazırki mübahisənin sırf mülki hüquqi münasibətlərlə bağlı olduğuna dəlalət edir və cavabdehin gətirdiyi arqumentləri açıq-aşkar təkzib edir. Üçüncüsü, cavabdeh şikayətində hətta on illik iddia müddətinin də keçdiyini bəyan edir. İddia tələbi 2003-cü ilin dekabr ayından 2004-cü ilin iyul ayına qədər olan dövrdə cavabdehə məxsus mənzilin təmiri, habelə ev avadanlıqları və əşyaların alınması ilə bağlıdır. İddia ərizəsi isə xx xxxx 2013-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Demək on illik iddia müddəti keçməmişdir. Tərəflər arasındakı hazırki mübahisə borc münasibətləri ilə bağlı olmadığından, onlar arasındakı münasibətlərə üç illik iddia müddəti tətbiq oluna bilməzdi. Belə ki, iddiaçı cavabdehə məxsus mənzilin təmiri, habelə ev avadanlıqları və əşyaların alınması ilə bağlı sərf etdiyi vəsaiti, yəni mənzilin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə kifayət qədər böyük məbləğ olan bu məsrəflərin əvəzini ödəməyə borcludur. Qeyd olunduğu kimi bu tələb üzrə on illik iddia müddəti də keçməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar