Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1603/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(009)-2432/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, qonşu torpaq sahələrindən istifadə və ərazidə olan daşlardan istifadə ilə bağlı İddiaçılə qonşu torpaq sahəsinin sahibləri arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd olunmalı, müraciətdə qeyd olunan xüsusatlar mülki xarakterli mübahisənin predmeti olduğundan həmin mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət edilməlidir.
2. Qərarda izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı tərəfindən onların torpaq sahəsinə daş tökülmüş, o daşların həmin ərazidən daşınmasını Cahangirdən tələb etmiş, əvvəl Cahangir həmin sahənin onlara məxsus olmasını bildirmiş, daha sonra daşların müvəqqəti həmin yerə tökdüyünü, ev tikilməsində istifadə edəcəyi vaxt oradan götürəcəyini bildirmiş. Daha sonra Cahangir zəng edərək daşların daşınmasının sərf etməməsini, hörgü üçün onlara daş lazım olacağını bildirərək, həmin daşlardan onların istifadə etməsini və pulunun sonradan verilməsini təklif etmişdir. Torpaq sahəsində olan daşlardan istifadə edərək hasarlarını hörmüşlər, orada 800 ədəd mişar daşı olmuşdur, Cahangir bildirmişdir ki, bir ədədi 42 qəpikdir.
3. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X3 izahatında göstərmişdir ki, təxminən 2 il əvvəl İddiaçı ona 430 manat pul verərək, mişar daşı gətirməyini xahiş etmiş, o 1050 ədəd mişar daını 42 qəpikdən Cahangirin həyətinə tökmək üçün gətirmiş, lakin onun həyətində yer olmadığından qonşu həyətə boşaltmışdır. Qonşu həyətdə hər hansı mişar daşı olmamış, həyət boş, hasar hörülməmiş vəziyyətdə olmuşdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, vurulmuş 525 manat məbləğdə maddi ziyanın, 200 manat mənəvi ziyanın və 60 manat məhkəmə xərci (hüquqi yardım xərci və dövlət rüsumu) tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddianın əsaslarına görə, iddiaçı 2022-ci ilin noyabr ayında Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivi, 41-ci küçə ərazində torpaq sahəsi almışdır. Bu ilin may ayında həmin torpaq sahəsində tikinti işləri aparmağı qərara almışdır. Buna görə 1050 ədəd mişar daşı almış, həmin daşları tikinti getdiyi üçün öz torpaq sahəsinə boşaltmağa imkan olmamış, qonşuluqda olan qarşısı açıq olan torpaq sahəsinə boşaltmışdır. Daha sonra həmin torpaq sahəsinin sahibi kimi özünü təqdim edən cavabdeh əvvəlcə daşları onun sahəsindən çıxarılmasını istəmiş, daha sonra fikrini dəyişərək, həmin daşları torpaq sahəsinə hasar tikmək üçün istifadə etməyə razılaşmış və bunun müqabilində ona daşların ümumi dəyəri olan 430 manat pul vəsaitinin ödəyəcəyinə söz vermişdir. Cavabdehin həyat yoldaşı olan Tahir adlı şəxs də bu söhbətlərdə iştirak etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona məxsus olmuş daşların qiymətini ona ödəmir, etdiyi müraciətlər nəticəsiz qalmış və hər dəfə bir bəhanə gətirərək pulu ödəməkdən yayınır. Məcbur olub 41-ci PB-nə ərizə ilə müraciət etmiş, orada izahat verən Cavabdeh daşlardan öz hasarlarını hörmək üçün istifadə etdiyini qeyd etmişdir. Hazırda tikinti materialının qiyməti artmış, minimal mişar daşının qiyməti 0,50 manat, 1050 ədədin qiyməti isə 525 manat təşkil edir. Bu mübahisə 1 ildən artıq müddətdir ki gedir, onun əsəbləri korlanmış, səhhətinə mənfi təsirsiz ötüşməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 200 manat mənəvi ziyan dəymişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(009)- 2432/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi kimi 336 manat, məhkəmə xərclərinin (hüquqi yardım xərci və dövlət rüsumu) əvəzi kimi 60 manat, cəmi 396 manat məbləğdə pulun tutulması qət edilmişdir.
7. Qətnamə onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinə tökdüyü mişar daşının 1050 ədəd olmasını qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə təhqiqat orqanında aparılan araşdırma zamanı tökülmüş mişar daşının 800 ədəd və qiymətinin 42 qəpik olmasına dair etirafedici izahatın verilməsini, eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən 800 ədəd mişar daşlarından hörgüdə istifadə edildiyini, qalan daşların qonşular tərəfindən daşındığı barədə verdiyi izahatı nəzərə alaraq, məhkəmə hesab edir ki, mübahisələndirilən mişar daşının miqdarının cavabdeh tərəfindən hasar hörgüsündə istifadə etdiyi həddə, yəni etiraf edilən həddə (800 ədəd) olması qəbul edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 427, 600.1, 600.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, Səbail rayon 41-ci PB-nin 08 iyul 2021-ci il tarixli Qərarından ümumiyyətlə bu günədək onun xəbəri olmamış, iddiaçının şikayəti əsasında aparılmış araşdırma üzrə verdiyi izahatda göstərilən sözlər onun dediyi qaydada qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən həmin daşların sayının və onun tərəfindən alınmaqla ona məxsusluğunu təsdiq edən qaimə və ya qəbz və ya kassa çeki iş materiallarında mövcud deyil. Həmin daşların onun əmlakı olmasına dair hər-hansı konkret yetərli sübut mövcud olmadığından onun bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı tərəfindən bu iş üzrə təqdim ediləcək şahidlərin verəcəyi izahatların özü də şübhəli olmaqla sübutların mötəbərliyi baxımından kifayətedici sübut kimi dəyərləndirilə bilməz. Onu da əlavə olaraq qeyd edir ki, istifadəsində olan torpaq sahəsinə iddiaçı tərəfindən boşaldılmış daş sayının dəqiqliklə 800 ədəd olması barədə polisə verdiyi izahatda təhqiqatçı tərəfindən qeyd edilmiş daş sayı özü özlüyündə qeyri-dəqiq və mülahizə xarakterli bir faktdır, çünki onu nə mən, nə də hansısa bir ekspertiza müəyyən etməmiş və yaxud onun sayını təsdiq edən hər hansı qaimə və ya digər rəsmi bir sənəd iş materiallarında mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11.Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən mişar daşları daşınaraq aparılmışdır. O, mişar daşlarından istifadə etməmişdir. Səbail rayon 41-ci PB-də iddiaçının şikayəti əsasında aparılmış araşdırma üzrə verdiyi izahatda göstərilən sözlər onun dediyi qaydada qeyd edilməmişdir.
13. İddiaçı apellasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
20. Belə ki, iddiaçının özünə məxsus mişar daşlarını cavabdehə aid torpaq sahəsinə tökməsi tərəflərin izahatları, onların polis bölməsində verdikləri ifadələr, birinci instansiya məhkəməsində dindirilmiş şahidin ifadəsi və işin digər halları ilə sübut olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini cavabdeh tərəfindən polis bölməsində verdiyi izahatla etiraf edilən həddə - 800 ədad mişar daşına münasibətdə təmin etməkdə haqlı olmuşdur.
21. Cavabdehin polis bölməsindəki izahatından fərqli olaraq, apellyasiya şikayətindəki dəlilləri ilə mişar daşlarının iddiaçıya məxsusluğunu və onların sayını mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında isə mişar daşlarının iddiaçı tərəfindən geri daşındığını bildirmişdir. Cavabdeh bir-birindən fərqli dəlil və ifadələrinin heç birinə dair əsaslı mövqe irəli sürməmiş, bu halları təsdiq edən sübutlar təqdim etməmişdir.
22. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(009)- 2432/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(009)- 2432/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev