Məhkəmə qərarları › İş №2(103)-1604/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1604/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1604/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(003)-40/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 7700 ABŞ dolları və 6600 manat və mənəvi ziyana görə 5000 manat pulun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin xx xxxxxxxx 1993-cü il tarixli, 629/125 nömrəli sərəncamı ilə Zirə qəsəbəsinin Şimal hissəsində yerləşən 99 nömrəli sahədə fərdi ev tikmək üçün Cavabdeh verilən 0,12 ha torpaq sahəsinin 500 kv/m-ni xx xxxx 2011- ci il tarixli, ƏN seriyalı, 153121 saylı etibamamə ilə 70 il müddətinə almışlar. Tərəfindən torpaq sahəsi abadlaşdırmış, bir müddət sonra isə dayısı İsmayılın və bütün qohumlarının razılığı ilə öz hesablarına tikinti işərinə başlamışlar. Atası 0,12 ha torpaq sahəsini mişar daşı ilə hasara almış və 4 otaqlı yaşayış evi inşa etməyə başlamış, lakin maddi cəhətdən imkanı olmadığı üçün tikintini tam başa çatdıra bilməmişdir. xx xxxx 2016-cı il tarixdə tikintini sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq cavabdeh tərəfindən onların xəbəri olmadan 0,12 ha torpaq sahəsini xxxxxxxxxxxxxxx ASC-nin Nəsimi rayon filialının xeyrinə ipoteka ilə yüklü etdirildiyi ona bildirilmişdir. Sonradan tikintisini başa çatdıra bilmədiyi yaşayış evinin divarları və örtüyü dayısı tərəfindən daşınmış, tikinti yararsız vəziyyətə düşmüş, panton deyilən su çəni tikinti materialları dayısı tərəfindən götürülmüşdür. Həmin evin tikintisini üçün bünövrə mişar daşı, sement, su, qum, taxta və s. materiallara, usta və fəhlələrə verilən yemək pulu da daxil olmaqla, vəsait xərclənmişdir. Dəfələrlə Cavabdeh müraciət etsələr də, o, onların torpaq üzərində çəkdiyi xərcləri geri qaytarmamış və ya torpağı adlarına sənədləşdirməmişdir. Belə olan halda hüquqları pozulmuşdur. Mübahisəli torpaq sahəsində ev tikərək 7700 ABŞ dolları və 6600 manat pul xərcləmişlər. Hazırda cavabdeh tərəfindən inşa etdikləri evə buraxılmırlar. Valideyni mişar daşının bir ədədini 0,60 qəpikdən almışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 6897 manat pulun İddiaçı2 xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yarımçıq tikilinin ekspertiza tərəfindən düzgün qiymətləndirilmədiyi halını hakim nəzərə almamışdır. Belə ki, kənarda qalan 0,7 ha torpaq sahəsində görülmüş işlərin, su çəninin və ümumiyyətlə həmin sahəyə baxış keçirilməmişdir. Bununla da, ekspertiza tərəfindən verilmiş rəy nəticəsində iddiaçılara maddi zərər dəymişdir. Belə ki, qətnamədə hakim tərəfindən nöqsanlara yol verilmişdir. İddiaçı2 atası tərəfindən alınan və həyətdə tikintidə istifadə olunan 8100 manat dəyərində mişar daşının qiyməti, usta pulu, İddiaçı2 məxsus panton su çəni, tikinti materiallarının dəyəri 7700 ABŞ dollarına daxildir. 7700 ABŞ dollarının içində usta əl əmək haqqısı ödənildiyi halda qətnamədə bu rəqəm manatla və keçmiş kursla, yəni 2011-ci il kursu ilə hesablanmışdır. Belə olan halda onlara hal-hazırda qətnamədə təmin olunan 6897 manat verilməsi, onlara küllü miqdarda zərər dəyməsini ifadə edir. İddiaçı2 hesab edir ki, vaxtilə 7700 ABŞ dolları kimi ödənilən vəsait dollar şəklində cavabdehdən tutulmalı idi. Belə ki, şahidlər öz izahatlarında məhkəmə zalında həyətdə Abdullaya məxsus panton su çəninin olduğunu həqiqətən də 4000 ABŞ dolları ilə zəhmət haqlarını almalarını təsdiq etmişlər. Cavabdehin bilərəkdən etibarnaməni ləğv edərək torpaq sahəsini banka girov qoyaraq kredit götürməsi İddiaçı2 öz vəsaitindən, yəni çəkdiyi xərcdən məhrum etməsidir. Belə ki, İddiaçı2 vəsaiti 8 ildir cavabdehdə qaldığı üçün ondan illik 5% tələb etmək hüququ vardır. Apelyasiya baxışında İddiaçı2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh məxsus olan 1200 m2 torpaq sahəsinin 500 kv.metr hissəsinin heç bir ödəniş olunmadan qohumu İddiaçı2 verilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş, torpaq sahəsi ödəniş olunmadan iddiaçılara verilmişdir. Cavabdeh etibarnamə ilə Bakı şəhəri Əzizbəyov RİH tərəfindən xx.xx.1993-cü il tarixli, 629/125 saylı sərəncama əsasən, Xəzər rayonu, Zirə qəsəbəsinin Şimal hissəsində 98 nömrəli sahədə yerləşən sahədə fərdi ev tikmək üçün ona verilmiş 1200 m2 torpaq sahəsinin 500 m2 hissəsinə dair sənədləşdirmə, özəlləşdirmə, tikinti işlərini aparmağa, tikinti bitdikdən sonra özəlləşdirmə, sənədləri təhvil verib qəbul etməyə, forma 2 arayışı almağa, DTXK-dən kadastr planı və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən çıxarış texniki pasport, 1 nömrəli arayış almağa dair müvafiq hərəkətlərin aparılmasını İddiaçı2 etibar etmişdir. xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışa əsasən Cavabdeh sərəncam əsasında ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Tərəflərin razılığı əsasında mübahisəli torpaq sahəsində iddiaçılar tərəfindən tikinti işləri aparılmışdır. Natamam tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin ətrafına çəkilmiş hasarın tikilməsinə çəklimiş xərclərin (materiallar və işçi qüvvəsi daxil olmaqla) 2011-ci ilin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri ekspert tərəfindən 6897 manat müəyyən edilmişdir. İddiaçı etibarnamə ilə istifadəsinə verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmiş, lakin sözügedən torpaq sahəsinin Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxxxxx” ASC-nin Nəsimi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş olduğu ona bildirilmişdir. Bundan sonra tərəflər arasında mübahisə yaranmış, Rzayev X1 Təranə Abdulla qızına verdiyi torpaq sahəsinə dair etibarnaməni xx.xx.2016-cı il tarixdə öz ərizəsi ilə ləğv etmişdir. Qeyd olunan halları cavabdeh tərəf mübahisələndirməmiş və hasarın bir hissəsinin özü tərəfindən inşa olunduğunu bildirərək vurulan zərəri 5000 manat hissədə etiraf edərək həmin məbləği iddiaçılara ödəyə biləcəyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, çəkilən xərclərlə bağı olan iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən aparıldığı iddia edilən 8100 manat dəyərindən olan tikinti materiallarının və su çəninin mövcudluğu və məhz cavabdeh tərəfindən aparılması, su çəninin məhz iddiaçılara məxsus olması sübuta yetirilmədiyindən həmin hissədə rədd edilməsi qanunidir. Bundan başqa, İddiaçı2 özünə məxsus olmayan torpaq sahəsi ilə bağlı mənəvi ziyanın tutulması hissəsində tələbin təmin olunmaması əsaslıdır. Bununla yanaşı, iş üzrə ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və həmin rəyi şübhə altına almaq üçün hər hansı dəlil təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-40/2020 nömrəli mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar