Məhkəmə qərarları › İş №2(103)-1611/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1611/2020

11.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1611/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4001/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh çəkdiyi xərclər üçün 1050 manat, təkrar əməliyyat üçün 7500 manat, üç ay ərzində işləmədiyi aylar üçün 3600 manat kompensasiya olmaqla, ümumilikdə 12150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 4001/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə pirotexniki vasitənin partlaması nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol göz nahiyəsindən xəsarət almışdır. İddiaçı bildirir ki, o, ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə yeni il bayramı ilə əlaqədar qayınanasının evinə qonaq getmişlər. Həmin gün bacanağı Cavabdeh da ailəsi ilə birlikdə orda olublar. Yemək yedikdən sonra onlar uşaqlarla birlikdə həyətə düşmüşlər. O, bacanağı ilə söhbət edən zaman bacanağının 11 yaşlı oğlu X2 əlindəki partlayıcı əşyanı yandıraraq onu gözünə atmışdır. Nəticədə partlayışdan sonra onun gözü tutulmuş və dərhal X5 adına Milli Oftalmologiya Mərkəzinə aparılmışdır. 21 gün xəstəxanada yatdıqdan sonra o, həkim nəzarəti altında evə buraxılmışdır. Daha sonra xx xxxx 2019-cu il tarixdə əməliyyat olunmuşdur. O, xəstəxanada yatan zaman dərmanlara və digər xərclərə 1500 manat xərci çıxmışdır. Hal-hazırda onun sol gözü demək olar ki, görmür. Onun gözünün tam görməsi üçün yenidən əməliyyat olunmalı və əməliyyatın xərci 7500 manat təşkil edir. Həmçinin o, evlərdə təmir işləri aparmaqla ailəsini saxlamış və aylıq qazancı təxmini 1000-1200 manat olmuşdur. Cavabdeh hadisə olan vaxtdan bu günə kimi cəmi 450 manat məbləğində köməklik etmişdir. Təkrar əməliyyat üçün ona köməklik göstərməsini bildirsə də, cavabdeh pul verməkdən boyun qaçırmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya məhz onun oğlunun təqsiri üzündən xəsarət yetirilməsi barədə heç bir sübut yoxdur. Bunu yalnız işin nəticəsində maraqlı olan iddiaçı bildirir. Əksinə, aidiyyəti orqanlar tərəfindən dəfələrlə aparılmış təhqiqatın nəticələri barədə qəbul edilmiş qərarlar, şahid ifadələri, işdə olan xəstəxana sənədləri, iddiaçının xəstəxanada olarkən ilk olaraq söylədikləri və s. göstərir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə gözündən xəsarət alması özünün ehtiyatsızlığı üzündən baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097.1, 1103.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar (maddə 1103.1). Qeyd olunan maddi hüquq normalarına görə iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: iddiaçıya zərərin dəyməsi, zərərin cavabdehin yetkinlik yaşına çatmayan oğlunun qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin və cavabdehin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə birinci əsas (iddiaçıya zərərin dəyməsi) mövcud olsa da, digər əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı ona zərərin məhz cavabdehin yetkinlik yaşına çatmayan oğlunun qanunsuz hərəkətlərinin nəticəsində vurulmasının təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi CD diskdəki səs yazıları isə sübut kimi qəbul edilə bilməz. Çünki həmin səs yazıları dinlənilmiş və müəyyən olunmuşdur ki, həmin səs yazıları telefon danışıqlarından ibarətdir və iddiaçı ilə danışan şəxslər yazılışın aparılmasından məlumatsız olmuşlar. Bu növ səs yazıları isə gizli yolla əldə edilmiş hesab olunur. Halbuki, Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsində təsbit olunmuşdur ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı sol göz almasının orta dərəcəli kontuziyası, hifema, buynuz qişanın eroziyası və ikincili qlaukoma kimi almış olduğu xəsarətlərin ona kənar şəxs tərəfindən və yaxud onun əlində olan pirotexniki vasitənin partlaması nəticəsində əmələ gəlməsini istintaq yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixdəsaat 22 radələrində ünvan 1 ünvanınınhəyətyani sahəsində Cavabdeh 2006-cı il təvəllüdlü övladıX2nun pirotexniki vasitəni İddiaçı sifət nahiyəsinəataraq ona ehtiyatsızlıqdan sol gözünün buynuz qişasının eroziyası, ikincilioftalmohipertenziya, ikincili qlaukoma və fəsadlı katarakta (kontuziyadan sonra)ağırlaşan göz almasının orta dərəcəli kontuziyası və hifeması kimi dərəcəsinə görəsağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirsə belə, AzərbaycanRespublikası CM-in 20-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Araşdırma materiallarına əsasən qeyd olunan cinayət hadisəni törətmiş X2 xx.xx.2006-cı iltəvəllüdlüdür, yəni on dörd yaşı tamam olmamış şəxsdir. Belə olan halda, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.1.4-cü maddələri ilə rədd edilməlidir. Göründüyü kimi iddiaçının gözündəki xəsarətlərin kənar şəxs tərəfindən və yaxud onun əlində olan pirotexniki vasitənin partlaması nəticəsində əmələ gəlməsini istintaq yolu ilə müəyyən etmək mümkün olmamışdır. Qərarın sonunda qeyd olunmuş “Araşdırma materiallarına əsasən qeyd olunan cinayət hadisəni törətmiş X2 xx.xx.2006-cı iltəvəllüdlüdür, yəni on dörd yaşı tamam olmamış şəxsdir” cümləsi isə qərarın yuxarıda qeyd olunan hissələri ilə ziddiyyət təşkil etməklə yanaşı hazırki iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, həmin qərar məhkəmə tərəfindən qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və bilavasitə hadisənin şahidi olmuş X7 ifadəsində göstərmişdir ki, partlayıcının kim atdığını görməmiş, Mirağanın atdığını da görməmiş, amma Mirağa onlardan aralıda zibil qabına partlayıcı atırdı, oradan partlayıcını Elxanın gözünə atmağı mümkün deyil. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin T273/2019 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı sol göz almasının orta dərəcəli kontuziyası, hifema, buynuz qişanın eroziyası və ikincili qlaukoma olmuşdur. Bunun nəticəsindıə sol gözdə görmə itiliyi 0,02-0,03-ə qədər düşmüşdür. Qeyd edilən xəsarət ikincili qlaukoma xəstəliyi fonunda xx.xx.2019-cu ildə protexniki vasitənin partlaması nəticəsində yarana bilməsini inkar etmək olmaz, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Qeyd edilən hal istər kənar şəxs tərəfindən, istərsə də zərərçəkmişin öz əlində protexniki vasitənin partlaması nəticəsində yarana bilərdi. Göründüyü kimi iddiaçıya xəsarətin məhz cavabdehin 2006-cı il təvəllüdlü övladıX2 tərəfindən yetirilməsi iş materiallarında olan heç bir mötəbər sübutla təsdiq olunmur. Eyni zamanda İddiaçı xx.xx.2019-cu il tarixdə xəstəxanada həkim qəbulunda ondan anamnez toplanılarkən özü bildirmişdir ki, sol gözündə rənglər görür, bu gün yolda yeriyərkən balkondan onun üzünə fişəng atıblar, fişəng üzündə partlayıb. Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdə xəstəxanaya qəbul olunarkən cavabdehin oğlu tərəfindən ona xəsarət yetirildiyini bildirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və sübutları düzgün qiymətləndirməyərək iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməli, qətnamənin qalan hissəsi isə məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olduğuna görə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4001/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia qismən təmin edilərək, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar