Məhkəmə qərarları › İş №2(103)-1614/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1614/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1614/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4716/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-316/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edimiş, cavabdehlər X8 və X3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23.981,51 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.792,65 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 45.320,66 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc öhdəliyinin təminatı kimi tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac yolu ilə realizə edilməsi, həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh İddiaçı verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalana məbləğin cavabdehlər X8 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı, X4, X7 və X9 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı, X10, X11 və X13 tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq X2 hesabına köçürülməsi qət edilmişdir

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1447/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə kimi 600 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış məbləğ kimi 2.792,65 ABŞ dolları tutulması hissəsində ləğv edilməsi və həmin tələblərin təmin edilməməsi, qətnamənin tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilərək ümumi borcun məbləğinin 41.928,01 ABŞ dolları müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Cavabdeh MMC (hərrac təşkilatçısı) tərəfindən təqdim olunmuş hərrac işindən müəyyən edilir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında 07 iyun 2023-cü il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmurunun sifarişi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi əsasında hərrac mərkəzi tərəfindən hərrac keçirilmişdir. Eyni zamanda hərrac işindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 1 ünvanına göndərilmişdir. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. Təkrar hərrac baş tutmadığından hərrac mərkəzi tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az qiymətə (51000 manata) ipoteka saxlayan - "xxxx" ASC-yə təklif edilmiş, ipoteka saxlayan həmin təklifi qəbul etmiş və bu barədə hərrac mərkəzi ilə bank arasında 24 avqust 2023-cü il tarixli açıq hərracın yekunları barədə 208/23 saylı protokol imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38.71 kv,m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə dair qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, həmin mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyinin Sabunçu rayon İcra şöbəsinə həvalə edilməsi, cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 208/23 saylı hərracın nəticələrinin yekunları barədə protokolunun etibarsız hesab edilərək hərracın nəticələrinin yekunlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda istinad olunan faktiki hallarına əsasən tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracların vaxtı və yeri barədə, eləcə də keçirilmə qaydası haqqında ona bildiriş göndərilməmişdir. Bundan başqa, üçüncü şəxs "xxxx" ASC-yə bildiriş göndərildiyi təqdirdə o, ilkin açıq hərracda və təkrar hərracda iştirak etməmişdir. Cavabdeh "xxxx" MMC ilə üçüncü şəxs "xxxx" ASC “bir-biriləri ilə əməkdaşlıq” edərək hərracın keçirilməsinin və nəticəsinin ssenarisini yazmışlar. Belə ki, "xxxx" ASC onun hərracda iştirak etməyəcəyindən əmin olduğundan (bildiriş göndərilmədiyi üçün) qəsdən hərracda iştirak etməyərək ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə əldə etməyi planlaşdırmışdır. "xxxx" ASC-nin bu planında cavabdeh "xxxx" ASC-yə yaxından köməklik göstərmişdir. Nəticədə "xxxx" ASC xx.xx.2023-cü il tarixli, KBD 6895 saylı məktubla ipoteka predmetini təklif edilən 51.000 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Razılığa əsasən xx.xx.2023cü il tarixdə hərracın yekunları barədə 208/23 saylı protokol tərtib edilmişdir. Bundan başqa, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə 80.000 manat müəyyən edilmiş və əmlak hərraca çıxarılanadək əmlakın qiyməti xeyli artmışdır. Lakin bu hal Sabunçu rayon İcra şöbəsi tərəfindən nəzərə alınmamış və əmlakın qiymətləndirilməsi keçirilməmişdir. Hazırda həmin əmlakın likvid dəyəri 150000 manatdan yuxarıdır. Buna görə də, əmlakın dəyəri hərraca çıxarılan zaman yenidən qiymətləndirilməli və ədalətli şəkildə hərrac təşkil edilməli idi. Lakin İcra şöbəsi 1 il 9 ay sonra hərracın təşkil olunmasını nəzərə almamış və əmlakın hazırki dəyərinin öyrənilməsi üçün heç bir tədbir görməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 noyabr 2023-cü il tarixli 2(004)-4716/2023 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka əmlakının hərraca çıxarılmış ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, yəni qətnamə məcburi olduğundan, eyni zamanda İcra şöbəsi üçün məcburi olduğundan məcburi olan məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddiaçının mənzilinə dair qiymətləndirmə hesabatı etibarsız hesab edilə bilməz və mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyi İcra şöbəsinə həvalə edilə bilməz.

8. Tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 416, “İpoteka haqqında” Qanunun 41.2, 42.3, 42.4, 42.5, 42.6, 42.7, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.8, 43.9, 44, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, "xxxx" MMC hərracın keçirilməsi və s. prosessual hərəkətlərlə bağlı bildirişlər tərəfindən alınmadığından mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilə dair cavabdeh tərəfindən həyata keçirilən hərəkətlərdən xəbərsiz olmuşdur. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi poçt qəbzlərindən də aydın görünür ki, hərracın keçirilməsi ilə bağlı ona göndərilən bildirişlər çatmamışdır. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində araşdırılan mülki iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən borc öhdəliyinin təminatı hesab edilən ona məxsus olan mənzilin likvid qiyməti (ilkin satış qiyməti) 80.000 AZN müəyyən edilmişdir. Hesab edir ki, həmin tarixdən etibarən iki ilə yaxın müddət keçdiyindən və mənzildə yaxşılaşdırma işləri aparıldığından mülkiyyətində olan əmlakın hazırki bazar qiyməti və eləcə də, likvid dəyəri qat-qat yüksəlmişdir. Bu səbəbdən əmlakın xx.xx.2022-ci il tarixdə qiymətləndirilməsi əsas götürülərək dəyərindən çox aşağı məbləğdə satılması ədalətli deyildir və onun maddi vəziyyətini əhəmiyyətli dərəcə pisləşdirir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh tərəf etiraz ünvanlayaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

14. Cavabdeh tərəf ünvanladığı etirazda işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi-vəkili vəsatət ünvanlayaraq, əlavə sübutların təqdim edilməsi üçün vaxt verilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

18. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

19. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:

20. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

21. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

22. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

23. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

24. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

25. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

26. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.

36. İddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığına istinad etmişdir.

37. İş materiallarından görünür ki, bildirişlər iddiaçının iddia ərizəsində göstərilən və ipoteka predmeti olan mülkiyyətindəki ünvana göndərilmişdir.

38. İddiaçının apellyasiya şikayətində istinad etdiyi bildirişlərin çatmamasına dair poçt qəbzləri isə iddiaçının ünvanı üzrə deyil, X5 ünvanı (ünvan 2ası ilə bağlı poçt qəbzləridir.

39. Digər tərəfdən «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş evin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və o özü də ən azı evin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur.

40. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

41. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərracların keçirilməsi ilə bağlı hərrac təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir.

42. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

43. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.

44. İpoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, bununla bağlı qeyd edilənlər də əsassızdır. Düzdür, qətnamə ilə ipoteka predmetinin ilikin satış qiyməti müəyyən edildikdən sonra, qətnamənin icrası zamanı bunun üçün əsas olduqda (məsələn, qətnamə çıxarıldıqdan sonra onun icraya yönəldilməsinədək uzun müddət keçdikdə), onun ilkin satış qiymətinin yenidən müəyyən edilməsi qətnamənin icrasının üsul və qaydasının dəyişdirilməsi qaydasında mümkündür. Hazırki işdə isə belə hal müəyyən olunmur, iddiaçı göstərilən məsələ ilə bağlı həmin icra icraatı zamanı müraciət edə bilərdi, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi məsələsinə yeni iddia qaydasında baxıla bilməz. Göstərilən arqument qanuni keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması üçün əsas deyil.

45. Beləliklə, hərracın keçirilməsində qanunların pozulmasını iddia edən iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4716/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar