Məhkəmə qərarları › İş №2(103)-1615/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1615/2022

16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1615/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 850 manat məbləğində pul vəsaitinin, 548 manat məbləğində dəymiş zərərin və vəkilə ödənilən 500 manat xidmət haqqının, cəmi 1.898 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş №2(001)-5625/21) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 yanvar 2019-cu il tarixdə o, xaricdə təhsil almaq üzrə xidmətlər göstərən Cavabdeh MMC-yə 850 manat və 500 ABŞ dolları ödəniş etmişdir. Bu ödənişin müqabilində Cavabdeh MMC onun Türkiyədə yerləşən dövlət universitetlərindən birinə qəbul olunacağına təminat vermiş və onu inandırmışdır ki, o, attestat göstəriciləri ilə birbaşa bakalavr pilləsinə qəbul olunacaq. Lakin ödəniş etdiyi tarixdən yeddi aya yaxın bir müddət keçməsinə baxmayaraq heç bir universitetə qəbul olunmadığını görmüş, bununla da o, Cavabdeh MMC-yə iradını bildirmiş və ödədiyi məbləğin ona geri qaytarılmasını Şirkətdən tələb etmişdir. Bundan sonra ona ödədiyi pulun yarısının qaytarıla biləcəyi bildirilmiş, yerdə qalan məbləğin müqabilində isə ona vəd verilmişdir ki, o, Cavabdeh MMC ilə iş birliyində olan Elgiz adlı şəxsin köməyi ilə Antalya Bilim Universitetinin Turizm və İdarəçilik bölməsinin bakalavr pilləsinə qəbul olunacaq. Elgiz onun Antalya Bilim Universitetinə qəbul olunması üçün həmin universitetlə danışıqlar apardığını söyləmiş və 02 sentyabr 2019-cu il tarixli “Pre-Acceptance Letter” adlı məktubu ona təqdim edərək Antalya şəhərində yerləşən universitetdə təhsil alması üçün ora yollana biləcəyini bildirmişdir. O, Antalya Bilim Universitetinə gəldikdə ona bildirdilər ki, o, ilk öncə illik təhsil haqqını ödəməli və bundan sonra Universitetə yaxınlaşmalıdır. O, 2.075 ABŞ dolları məbləğində vəsaiti Universitetin hesabına köçürdükdən sonra yenidən ora yaxınlaşmışdır. Sənədləri nəzərdən keçirən Universitetin məsul işçisi bir sənədin çatışmadığını bildirmiş və nəzərinə çatdırmışdır ki, o, yalnız ali təhsil pilləsinə qəbul balını əks etdirən Azərbaycan Respublikasının X2 tərəfindən verilən rəsmi arayışı təqdim etdiyi halda Universitetə qəbul oluna bilər. Lakin X1n əldə edilən 09 sentyabr 2019-cu il tarixli arayışı Universitetə təqdim etdikdə ona bildirdilər ki, bu arayış keçərli deyil, çünki Universitet yalnız son beş ilin nəticələrini özündə əks etdirən sənədi qəbul edə bilər. O, Universitetin hesabına mədaxil etdiyi pulun ona geri qaytarılmalı olduğunu desə də, bunun qeyri-mümkün olduğu cavabını almışdır. Vəziyyətdən çıxış yolu kimi ona təklif olunmuşdur ki, o, Universitetin digər fakültəsinin magistr pilləsində təhsil alsın. O, buraya sırf bakalavr pilləsində, həm də Turizm və İdarəçilik bölməsində təhsil almaq üçün gəldiyini desə də, müsbət cavab ala bilməmişdir. O, Cavabdeh MMC tərəfindən aldadıldığını başa düşmüş və buna görə də Azərbaycana qayıtdıqdan sonra həmin şirkətə ödədiyi məbləği və ona dəymiş maddi zərərin əvəzinin öna ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, xaricdə təhsil almaqla bağlı onunla Cavabdeh MMC arasında müqavilə münasibətləri yaranmışdır. O, istehlakçı qismində ödəniş üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə xaricdə təhsil üzrə xidmətin göstərilməsiylə bağlı üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, MMC uzun müddətdir ki, bu işlə məşğuldur və yüzlərlə insanların Türkiyədə təhsil almasına köməklik etmişdir. 2019-cu ilə kimi Türkiyə Respublikasında yalnız attestat əsasında təhsil almaq mümkün idi. Sonradan bəzi insanların hərbi xidmətdən yayınmaq üçün təqdim etdikləri saxta attestatlara görə bu qayda ləğv edildi. Bunlar hamısı iddiaçıya bildirilmişdir. Ümumiyyətlə, bakalavr pilləsində yaz aylarında təhsilə başlamaq mümkün deyil, bu yalnız payız aylarında olur. Ona görə iddiaçıya belə bir vəd verilməmişdir. Attestatla yalnız o halda universitetlər qəbul edirdi ki, tələbələr X1 imtahan nəticələri və hazırlıq sənədləri olsun. Qeyd olunan tələblər iddiaçıya bildirilmişdir. Daha sonra iddiaçı tərəflərindən onların işlərinə köməklik göstərən Elgiz adlı şəxsə yönləndirilmişdir. İddiaçı bakalavr üzrə 1-ci kursdan təhsil almağını Elgizə bildirmişdir. Elgiz isə bunun üçün bir il hazırlıq kursunun oxunmalı olduğunu iddiaçıya bildirmişdir. İddiaçı isə bundan imtina etmiş və Antalya Bilim Universitetində magistr təhsili almağını özü seçmişdir. İddiaçı tərəfindən ödənilən 2.075 ABŞ dollarının Universistet tərəfindən qaytarılmaması qeyri-mümkündür və inandırıcı da deyil, ən azı iddiaçı belə problem olduğu təqdirdə onlara müraciət edə bilərdi ki, onlarda ona köməklik göstərsinlər. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, ödənişi qəbul edərkən yazılı müqavilənin bağlanıb-bağlanmamasını dəqiq xatırlamır. İddiaçını Elgizə yönləndirən zaman onunla aralarında olan müqaviləyə xitam verməmişlər. Elgiz onlara həmin üniversitetlə əlaqəsi olduğu üçün texniki dəstəyi həyata keçirir. İddiaçı bakalavr üzrə birinci kursa qəbul olmaq üçün müraciət etmişdir və bunun üçün də Antalya Bilim Universitetindən “pre-acceptance” adlı məktub almışdır. Həmin məktubda hər şey iddiaçıya izah edilmişdir. 850 manat məbləğində ödənişi ona görə qaytarmışlar ki, iddiaçı özəl universitetə qəbul olunmuşdur. Onlarda belə qaydadır ki, müştəri dövlət universitetinə qəbul olunduğu təqdirdə 1.700 manat xidmət haqqı alırlar. Çünki orada təhsil haqqı olmur və ya az məbləğdə olur. Özəl Universitetlərdə isə təhsil haqqı yüksək olur və onlar ödənilən xidmət haqqının yarısını geri qaytarırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İçin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı turizm sahəsində bakalavr təhsili alması üçün Türkiyə Respublikasının universitetlərinə müraciət edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş və bunun üçün 1.700 manat (500 ABŞ dolları + 850 manat) məbləğində xidmət haqqı ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıya bir neçə təklif təqdim edilmiş, iddiaçı onları qəbul etməmiş, daha sonra Antalya Bilim Universitetindən 02 sentyabr 2019-cu il tarixli məktub göndərilmiş, iddiaçı bu təklifi qəbul etmişdir. Bununla bağlı cavabdeh iddiaçını əməkdaşlıq etdiyi Elgiz adlı şəxsə yönəltmiş, iddiaçı həmin şəxslə təhsillə bağlı 06 sentyabr 2019-cu il tarixdə Antalya Bilim Universitetinə yollanmışdır. Antalya Bilim Universitetində iddiaçının bakalavr pilləsində təhsil alması qeyri-mümkün olmuşdur. Belə ki, iddiaçıdan son 5 il ərzində X2 tərəfindən keçirilən imtahan nəticələrini özündə əks etdirən sənəd tələb edilmiş, lakin iddiaçı həmin sənədi universitetə təqdim edə bilməmişdir. Bundan sonra Elgiz iddiaçıya həmin universitetinin magistr pilləsi üzrə təhsil almağı təklif etmiş, iddiaçı universitetin 18 sentyabr 2019-cu il tarixli məktubunda göstərilmiş “Qlobal Siyaset və Beynəlxalq Əlaqələr” üzrə magistr pilləsində təhsil alması ilə bağlı təklifi qəbul etmiş və bunun üçün universitetin hesabına 2.075 ABŞ dolları məbləğində ödəniş etmiş, sonra bir il (iki semestr) bu ixtisas üzrə təhsil almış, daha sonra təhsilini bir semestr MBA (biznesin idarə edilməsi) sahəsi üzrə davam etdirmişdir. Bundan sonra iddiaçı yaranmış maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməmiş və geri qayıtmışdır. Hazırda iddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəlikləri icra etməməsi səbəbindən ödədiyi xidmət haqqını, dəymiş maddi zərərin əvəzini və hüquqi yardıma görə ödədiyi pul vəsaitini tələb edir, cavabdeh isə üzərinə götürdüyü öhdəliklərini tam icra etdiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1, 431.1, 435, 448.3, 752.1, 755, 773-cü maddələri ilə əsaslandırmışdır. 752.1-ci maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 755-ci maddəyə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 773-cü maddəyə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 431.1-ci maddəyə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.2-ci maddəyə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 435-ci maddəyə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 448.3-cü maddəyə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən cavabdeh iddiaçının Türkiyə Respublikasının universitetlərinə bakalavr təhsili ilə bağlı müraciət etməyi, iddiaçı isə bunun müqabilində cavabdehə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdə iş və xidmətin adı kimi “universitet müraciəti” göstərilmişdir. Cavabdeh iddiaçının təhsili ilə bağlı bir neçə universitetə müraciət etmiş və nəticə də iddiaçı müraciət edilmiş universitetlərdən Antalya Bilim Universitetini seçmişdir. Lakin, iddiaçı Antalya Bilim Universitetinin bakalavr təhsili üçün qəbul şərtlərini yerinə yetirə bilməmiş, cavabdehin əməkdaşlıq etdiyi şəxsin alternativ təklifini qəbul edərək, həmin universitetdə magistr pilləsi üzrə təhsili seçmiş və üç semestr həmin üniversitetdə təhsil almışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş “universitet müraciəti” öhdəliyi yerinə yetirilmiş, bununla belə, cavabdeh tərəfindən iddiaçıya ayrı icra da (magistr pilləsi üzrə təhsil) təklif edilmiş, iddiaçı da bu təklifi qəbul etmişdir. İddiaçı universitetə etdiyi 2.075 ABŞ dolları məbləğində ödənişin geri qaytarılmayacağı səbəbindən məcbur qalaraq magistr pilləsində təhsil aldığını bildirsə də, universitet tərəfindən ödənişin geri qaytarılmaması ilə bağlı hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Lakin işdə olan “Antalya Bilim Universiteti” tərəfindən iddiaçıya ünvanlanmış 02 və 18 sentyabr 2019-cu il tarixli məktublardan görünür ki, iddiaçıdan təhsil ilə bağlı 1.000 ABŞ dolları məbləğində depozitin ödənilməsi tələb edilmiş və bu məbləğin yalnız viza rədd edildiyi təqdirdə geri qaytarılacağı bildirilmişdir. Bundan başqa, iddiaçı cavabdehə ilkin öhdəliyinin icra edilməməsi ilə bağlı hər hansı formada pretenziya ünvanladığı barədə sübut da məhkəməyə təqdim edə bilməmiş, əksinə, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş “instagram” adlı sosial şəbəkədə iddiaçının magistr pilləsində təhsil almasına görə məmnun olduğu və buna görə cavabdehin əməkdaşlıq etdiyi Elgiz adlı şəxsə təşəkkür etdiyi müəyyən olunmuşdur. İddiaçı həmin mesajı kinayəli formada yazdığını bildirsə də, məhkəmə bu dəlili inandırıcı hesab etmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının özünün bildirdiyinə görə, o, əvvəllər cavabdeh tərəfindən təşkil edilmiş bir sıra tədris kurslarında iştirak etmiş, cavabdehin də “instagram” adlı sosial şəbəkəsində hesabının, habelə elektron poçt ünvanının olduğu barədə məlumatı olmuş və Elgiz adlı şəxsə təşəkkür etdiyi formada cavabdehin özünə də pretenziya və ya şikayətini bildirmək imkanı olmuş, lakin bunu etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbinin “cavabdehdən 850 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin digər hissələri törəmə tələblər olduğundan, onların təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “cavabdehdən 850 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan iddia tələbi “548 manat məbləğində dəymiş zərərin və vəkilə ödənilən 500 manat haqqın tutulması” hissələrində də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin onun qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyinin olmasını sübut edə bilməmişdir. İddia tələbi cavabdeh tərəfindən etiraf edilmədiyindən və iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı əsassız sayıb rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin onun qarşısında yerinə yetirilməyən öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar