Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1615/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İslam Abdıyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı İslam Abdıyevin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin qiymətləndirilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A-İ/0988 nömrəli qiymətləndirmə hesabatı etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı İslam Abdıyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə görə X2 hazırkı iş üzrə iddiaçının xeyrinə pul tutulmalıdır. Qətnaməyə əsasən icra vərəqi verilib, lakin icra vərəqi qanunla müəyyən edilmiş müddətdə könüllü icra edilməyib. Ona görə də borclu X3 əmlakına məcburi icra tədbiri kimi tələb yönəldilməsinə zərurət yaranıb. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tələbin borclu X3 torpaq sahəsinə yönəldilməsini həyata keçirib. X1 xx.xx.2021-ci il tarixli 10 nömrəli qərarı ilə qərara alınıb ki, həmin bələdiyyənin xx.xx.2005-ci il tarixli 1988 nömrəli qərarı ilə borclunun adına rəsmiləşdirilmiş 600 kv.m torpaq sahəsi icra vərəqinin icrasının təmin edilməsi məqsədilə “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən tələbkar İddiaçı mülkiyyətinə verilsin. Torpaq sahəsinə tələb yönəldilərkən icra məmurunun şifarişi əsasında Cavabdeh MMC torpaq sahəsinin dəyərini müəyyənləşdirən xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı (hesabatda o, “sertifikat” adlandırılıb) verib və torpaq sahəsinin bazar dəyəri 117.000 manat müəyyən edilib. Tələbkar İddiaçı hazırkı iddia ərizəsində həmin qiymətləndirmə hesabatının etibarsız hesab edilməsini tələb edir və tələbi onunla əsaslandırır ki, göstərilən qiymət torpağın real dəyərindən yüksəkdir. Torpaq sahəsi borclunun mülkiyyətində olmadığına görə ona məcburi icra tədbiri kimi tələb yönəldilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsində, o cümlədən həmin Qanunun digər maddələrində “borclunun əmlakı” deyildikdə borclunun mülkiyyətində olan əmlak nəzərdə tutulur. Əgər əmlak daşınmaz əmlakdırsa, borclunun mülkiyyəti kimi o halda qiymətləndirilə bilər ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsn. Lakin həmin torpaq sahəsi üzərində borclunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmayıb. Ona görə də torpaq sahəsinə məcburi icra tədbiri kimi tələb yönəldilə bilməz. Torpaq sahəsinə məcburi icra tədbiri kimi tələb yönəldilməsi mümkün olmadığına görə, onun bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatının icra sənədi üzrə icraatda hüquqi əhəmiyyəti yoxdur. Qiymətləndirmə hesabatının hüquqi əhəmiyyəti olmadığına görə onun etibarsız sayılması barədə tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, mübahisələndirilən qiymətləndirmə hesabatında torpağın bazar dəyəri düzgün müəyyən edilib. Belə nəticə işin faktiki hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab olunması barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1615/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1615/2023
24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver