Məhkəmə qərarları › İş №2(103)-1616/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1616/2022

13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1616/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1806/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər «İstanbul NS» Klinikası və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, «İstanbul NS» Klinikası-nin üzərinə düşən öhdəliyin lazımı qaydada icra olunmaması və bunun nəticəsində ona dəymiş maddi və mənəzi ziyanın, yəni 3000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il iyun ayının 5-də «İstanbul NS» Klinikası-da boğaz nahiyyəsində plastik əməliyyatın aparılması üçün həmin klinikaya müraciət etmiş və ona həkim Cavabdeh2 məsləhət görmüşlər. Bu əməliyyata görə ona 5000 manat pul ödəyəcəyini bildirmişlər. O, həmin pulu klinikanın hesabına ödəmiş və əməliyyat keçirilmişdir. Əməliyyatdan sonra onlar danışdığı kimi və ona vəd verildiyi kimi əməliyyat alınmamışdır. Dəfələrlə klinikaya müraciət etməsinə baxmayaraq ya pulunu və ya əməliyyat nəticəsində törədilmiş səhvin aradan qaldırılmasını xahiş etsə də, cavabsız qalmışdır. Bunun nəticəsində ona öhdəliyin axıra qədər icra edilməməsinə görə maddi ziyan dəymişdir. Hal-hazırda onun əldə etdiyi məlumata görə Rusiya həkimləri tərəfindən əməliyyatı ilə bağlı ona köməklik göstərilə bilər. Bunun qiyməti 2000 manat təşkil edir. Hesab edir ki, «İstanbul NS» Klinikası-nin üzərinə götürdüyü öhdəliyi icra etməməsinə görə və ona dəymiş maddi ziyana görə, habelə həkim səhlənkarlığı nəticəsində o mənəvi sarsıntı keçirdiyinə görə ona mənəvi ziyan dəymişdir. Bunlara əsaslanaraq ümumilikdə klinika tərəfindən ona 3000 manat ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1806/2021 saylı iş üzrə 12 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada və azərbaycan dilində verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1806/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1806/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar