Məhkəmə qərarları › İş №2(103)-162/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-162/2022

30.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-162/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(003)-1327/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3da yerləşən iddiaçıya məxsus olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə mane olan cavabdehin evinin divarına bərkidilmiş 1 ədəd sadə televiziya antennası, 1 ədəd çanaq televiziyası antennası olmaqla, 2 ədəd antenna qurğusu, iki ədəd kondisioner qurğusu olmaqla ümumilikdə 4 ədəd qurğunun iddiaçıya məxsus ərazidən cavabdehin vəsaiti hesabına dərhal sökülərək götürülməsinə və iddiaçıya məxsus əmlaka, əraziyə müdaxilənin cavabdehə qadağan edilməsini və iş üzrə iddiaçının hüquqi yardım almaq üçün sərf etdiyi 500 manat və 20 manat dövlət rüsumu olmaqla cavabdehdən alınaraq iddaçıya ödəniləmsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyət hüquqları ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ərazidə bir mərtəbəli fərdi yaşayış evi inşa etdirməkdədir. İddiaçı məxsus olan həmin ünvanda inşa edilən bir mərtəbəli yaşayış evinin tikintisi və sənədləşməsi qanunvericiliyin tələbləri əsasında aidiyyəti qurum üzrə razılaşdırılmış və tikinti təsdiq edilmiş layihə üzrə aparılmaqdadır. Belə ki, həmin ünvanda İddiaçı tərəfindən inşa etdirilən evin tikinti layihəsi Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilərək müvafiq tikintiyə rəsmi icazə verilmişdir. İddiaçı qeyd edilən ünvanda təsdiq edilmiş tikinti layihəsi üzrə tikinti işlərini davam etdirərkən tikilinin üst hissəsində beton-kəmər işlərinin aparılması üçün usta və mütəxəsisslər dəvət etmiş, lakin təsdiqlənmiş layihə üzrə tikilini davam etdirmək və beton-kəmər işlərini görmək mümkün olmamışdır. Belə ki, hazırki işüzrə Cavabdeh məxsus evin divarına bərkidilmiş 1(bir) ədəd sadə televiziya antennası, 1 (bir) ədəd çanaq televiziya antennası olmaqla 2 (iki) ədəd antenna qurğusu, 2 (iki) ədəd kondisioner qurğusu olmaqla, ümumilikdə 4 ədəd qurğu tikiliyə mane olmaqdadır. Qeyd edir ki, Cavabdeh məxsus evin divarı İddiaçı məxsus həyət sahəsinə baxmaqla evin həmin divarına quraşdırılmış qeyd edilən antenna qurğuları və kondisioner qurğuları faktiki olaraq İddiaçı mülkiyyətində olan ərazidə quraşdırılmışdır. Bu da öz növbəsində İddiaçı məxsus ərazidə tikinti işlərinin tamamlanmasına maneə yaratmaqdadır. İddiaçı dəfələrlə yaranmış qeyd edilən problemlə bağlı hazırki iş üzrə Cavabdeh məlumat verərək, ona məxsus ərazidə quraşdırılmış antennaları və kondisioner qurğularını tikintiyə maneə yaratdığından sökməsini xahiş etsə də, Cavabdeh İddiaçı məxsus olan ərazidə yerləşən antenna qurğularını və kondisioner qurğularını sökməkdən imtina etmişdir. Cavabdeh bu qanunsuz hərəkəti səbəbindən İddiaçı tərəfindən aparılan tikinti işləri yarımçıq qalmış, tikintidə baş verən bu kimi gecikmələr səbəbindən İddiaçı maddi zərər dəymiş, eyni zamanda İddiaçı qanunla qorunan hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(003)-1327/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iş üzrə Cavabdeh evinin divarına bərkidilmiş, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 76K saylı ünvanında yerləşən bağ ərazisinə keçən bir ədəd kondisioner qurğusunun sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəfindən Cavabdeh məlumat verərək, ona məxsus ərazidə quraşdırılmış antenna və kondisioner qurğularınının tikintiyə maneə yaratdığından, sökməsini xahiş etsə də, cavabdeh qurğuları sökməkdən imtina etmişdir. İddia ərizəsində sökülməsi tələb olunan bir ədəd sadə televiziya antennası, bir ədəd çanaq televiziya antennası olmaqla, iki ədəd antenna qurğusu, iki ədəd kondisioner qurğusu olmaqla, ümumilikdə, dörd ədəd qurğudan cavabdeh tərəfindən sadəcə bir ədəd çanaq televiziya antennası, bir ədəd sadə antenna qurğusu və bir ədəd kondisoner qurğusu sökülmüş yerdə qalan bir ədəd kondisioner qurğusu olduğu kimi qalmışdır. Birinci intansiya məhkəməsi də hesab etmişdir ki, həmin qurğular cavabdehin öz yaşayış evinin üzərində quraşdırıldığından, iddia təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın ünvan 3da yerləşən iddiaçıya məxsus olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə mane olan cavabdehin evinin divarına bərkidilmiş iddiaçıya məxsus ərazidən 1 ədəd sadə kondisionerin cavabdehin vəsaiti hesabına sökülərək götürülməsinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* qeydiyyat nömrəli 06.02.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 17K saylı Bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş X1 İlahə Ağarza qızına ünvanlandığı ərizədən aydın olur ki, şirkətə 19.04.2019-cu il tarixli ünvan 1 sahəsində təqdim olunmuş layihə əsasında 1 mərtəbəli yaşayış evinin yuxarı hissəsinin kəmərinin qurulması üçün etdiyi müraciətə baxılmış, layihə idarə heyəti tərəfindən müzakirə edilmiş və yüksək qiymətləndirilmişdir. Göstərilən ünvana gedən əməkdaşlar tikilməkdə davam edən binaya baxış keçirmiş, lakin tikintinin yuxarı hissənin kəmərinin atılması üçün İddiaçı binaya bitişik digər binanın fasadına bərkidilmiş antena və sputnik aparatının avadanlıqları atılacaq kəmərə əngəl yaratdığını qeyd etmişlər. Tikintinin davam etməsi və yuxarı hissənin kəmərinin atılması üçün əngəl yaradan avadanlıqlar (binanın fasadına bərkidilmiş antena və sputnik aparatı) qonşu binanın fasadınnan çıxarılmalıdır. Şirkət tərəfindən qeyd edilən əngəllər aradan qaldırıldıqdan sonra sifarişi yüksək peşəkarlıqla yerinə yetirməyə hazır olduqları qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin cavabdeh X2 Mərdəkan qəsəbəsi, X7 küçəsində ona məxsus olan bağ evinə bitişik Etibar və Arzu adlı şəxslər tərəfindən aparılan qanunsuz tikinti işlərinin dayandırılması barədə 10 aprel 2019-cu il tarixli, İ–31-151 saylı məktubuna cavab olaraq ona ünvanlanmış 16.04.2019-cu il tarixli məktubunun surətindən aydın olur ki, araşdırma nəticəsində məlum olmuşdur ki, vətəndaş İddiaçı mülkiyyətində 2500 kv.m torpaq sahəsi olan 76K saylı bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən 06.02.2019–cu il tarixli, RX NQ ******* Çıxarış verilmişdir. Vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsində Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi tərəfındən təsdiq olunmuş eskiz layihə əsasında yaşayış evinin tikinti işlərinə başlamışdır. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı apardığı tikinti işləri dayandırılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 dekabr 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1-ci sual üzrə: ünvan 2 ünvanında İddiaçı tərəfindən aparılan tikinti işləri öz torpaq sahəsinin hüdudları daxilində aparıldığı müəyyən edilmişdir. 2–ci sual üzrə İddiaçı həyətyanı torpaq sahəsinə tərəf iş üzrə Cavabdeh tərəfindən, tikinti işlərinin aparılmadığı, öz yaşayış evinin üzərinə kondisioner və antenanın (krosno) quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı həyətyanı torpaq sahəsinə tərəf tikinti işlərinin aparılmadığı, öz yaşayış evinin üzərinə kondisioner quraşdırıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya cavabdehin öz evinə quraşdırılmış 1 ədəd kondisionerin iddiaçının mülkiyyət hüquqlarına hər hansı maneçilik törətməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2022-ci il tarixli, 10/6150 saylı ekspert rəyinə əsasən, Cavabdeh öz evinin divarına bərkidilmiş 1 ədəd kondisoner İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evindən və torpaq sahəsindən istifadəsinə hər hansı maneçlik törətmədiyi müəyyən edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh öz evinin divarına bərkidilmiş 1 ədəd kondisoner İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evindən və torpaq sahəsindən istifadəsinə hər hansı maneçlik törətmir. Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(003)-1327/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar