Məhkəmə qərarları › İş №2(103)-1621/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1621/2022

01.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1621/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2262/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.05126 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus 330a nömrəli bağ evinin 1 mərtəbəli, 3 otaqlı, 41.7 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən, 28.4 kv.m. meydançadan ibarət olan B tikilisindən istifadənin cavabdehə qadağan edilməsi, B tikilisindən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, B tikilisinə giriş üçün cavabdeh tərəfindən yol verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanında yerləşən İddiaçı mülkiyyətinə verilmiş B tikilisinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(003)- 2262/2021 №-li qərardadına əsasən, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2262/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, çıxarışın ləğvi ilə əlaqədar tərəflərindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə göndərilmiş, lakin müraciətlərinə heç bir rəsmi cavab verilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddianın verilməsində ləngimə baş vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 2(003)-2262/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2262/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarından və əlavə olunmuş sənədlərdən, həmçinin, məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsindən görünür ki, mülki işin məhkəmə hazırlıq iclası 16.05.2021-ci il tarixdə keçirilmiş və mülki işin dəfələrlə baxış iclasları keçirilmişdir. Qarşılıqlı iddia ərizəsi isə iş məhkəmə baxışına təyin edildikdən xeyli sonra, 14.09.2021-ci il tarixdə verilmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2262/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2262/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar