Məhkəmə qərarları › İş №2(103)-1622/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1622/2022

11.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1622/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın və qiymətləndirmə rəyinin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-441/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın və qiymətləndirmə rəyinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş 5010 manat ziyanın və 30 manat dövlət rüsumunun, qiymətləndirmə rəyi üçün ödənilmiş 120 manatın, cəmi 5160 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 09 iyun 2020-ci il tarixdə saat 10 radələrində Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində idarə etdiyi “Fort- transit” markalı, ** MG *** qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən avtomobil yolunun hərəkət zolağına aid olmayan hissədə iddiaçıya məxsus 7 baş damazlıq ana qoyununu, 7 baş quzu və 2 baş 3 illik törədici qoçu vuraraq öldürmüşdür. Hava isti olduğundan və fikizi cəhətdən də qoyunları kəsib soymaq mümkün olmamışdır. Eyni zamanda sürücü sığortanın əməkdaşları gələnə kimi heyvanları əl vurmamağı bildirmişdir. Bu səbəbdən də heyvanlar hamısı tələf olmuşdur. İddiaçı hadisəni törətmiş cavabdehə ona dəymiş ziyanı ödəməsini bildirsə də, o, bu günə kimi iddiaçıya dəymiş ziyanı ödəməmişdir. İddiaçıya məxsus heyvanlar hərəkət zolağına aid olmayan hissədə olmuş, hadisə cavabdehin səhlənkarlığı səbəbindən baş vermişdir. Hadisə zamanı iddiaçıya 5010 manat maddi ziyan dəymişdir. Bununla bağlı iddiaçıda "xxxx" MMC-nin rəyi də vardır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-441/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh dəymiş ziyanın əvəzi kimi 2980 ( iki min doqquz yüz səksən manat) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3010 ( üç min on manat) manat pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09.06.2020-ci il tarixində Beyləqan rayonu Eyvzalılar kəndi ərazisində “X3” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəflətən qoyun sürüsü ikinci dərəcəli yoldan yolu keçmək üçün hərəkətdə cavabdehin olduğu zolağa çıxaraq zolaq boyunca eninə hərəkət etməyə başladı. Cavabdeh mal-qaranı vurmamaq üçün yolun hərəkət hissəsinin əks istiqamət üçün nəzərdə tutulan qarşı hərəkət zolağına çıxsa da, qoyun sürüsünün bir hissəsi yolu keçdiyi üçün həmin hissədə idarə etdiyi avtomobil heyvanlarla toqquşmuş və nəticədə 16 baş qoyunquzuya zərər dəymişdir. Cavabdeh manevr etmə qaydalarını məhz heyvanlara zərər vurulmasının qarşısını amaq məqsədi ilə pozmuş və bu, hadisə yerinə gələn daxili işlər orqanlarının səlahiyyətli əməkdaşına verdiyi izahatda da öz əksini tapmışdır. Heyvanlara zərər dəyməsində heç bir təqsiri olmamış, əksinə hadisənin baş verməməsi və zərərin yaranmaması üçün tərəfindən bütün mümkün tədbirlər görülmüşdür. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmadan cavabdehin mülki hüquq pozuntusu törətməkdə təqsirli olduğuna dair yanlış qənaətə gəlinmişdir. Belə ki məhkəmə tərəfindən hadisənin faktiki olaraq hansı şəkildə baş verdiyinə, cavabdeh tərəfindən manevr qaydalarının pozulması ilə heyvanlara zərər vurulması arasında səbəbli əlaqənin olub-olmadığına, heyvanların vurulmasında cavabdehin təqsirinin mövcudluğuna, iddiaçının hərəkət və hərəkətsizliklərinin zərərin yaranmasına və artmasına təsirinə və şərait yaratmasına dair hallar araşdırılmamış, iddiaçının mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydasını pozduğu və bu halın inzibati tənbeh vermə haqqında qərarla sübuta yetirildiyi nəzərə alınmamışdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmişşəxsmülki hüquq məsuliyyəti daşıyır. Deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının - qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Cavabdehin əməlində qeyd olunan 4 ünsürdən ikisi –zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə və təqsir mövcud olmamışdır. Belə ki hadisə baş verən zaman daxili işlər orqanının əməkdaşı tərəfindən yol nəqliyyat hadisəsinin sxemi tərtib olunmuşdur. Həmin sxemdə də göstərilir ki, mal-qara sürüsü iddiaçı tərəfindən məhz cavabdehin hərəkət etdiyi zolaq boyunca eninə sement-beton örtüklü yolla keçirilmişdir. Yolun həmin hissəsindən mal-qaranın ötürülməsi qadağan olsa da, iddiaçı tərəfindən bu tələblərə əməl edilməmşdir. Məhz mal-qara qadağan olunan yerdən qəflətən yola çıxdığına görə cavabdeh mal-qaraya zərər vurmamaq məqsədilə hərəkət hissəsinin əks istiqamət üçün nəzərdə tutulan qarşı hərəkət zolağına çıxmış və bununla da barəsində X1 327.2-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə) inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh tərəfindən hərəkət sürətinin aşılması və ya digər hər hansı yol hərəkəti qaydalarının pozulması baş verməmiş və belə hallar hər hansı şəkildə sübuta yetirilməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsinin sxemi iddiaçı tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə barəsində TP ******* saylı Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi cavabdehin manevretmə qaydalarını pozmaqda ifadə olunan əməli məhz zərərin qarşısını almağa yönəlmiş, bu hərəkətlə yaranmış zərər arasında səbəbli əlaqə olmamış, zərərin baş verməsində qəsdi və ya ehtiyatsızlığı – təqsiri mövcud deyildir. Lakin qeyd olunan norma məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş, zərərin mövcudluğu faktı ilə kifayətlənərək dispozisiya şərtlərinin ödənilib-ödənilmədiyinə diqqət yetirilməmişdir. Bu konteksdə cavabdehin iddia olunan hərəkətləri nəticəsində heyvanlara dəymiş zərərin əvəzinin iddiaçı tərəfindən tələb edilməsi imkanına düzgün hüquqi qiymət verilməmiş, bu hüququn söykəndiyi maddi-hüquqi əsaslar və normalar göstərilməmişdir. İddiaçının davranışının nədə ifadə olunmasına dair halların aydınlaşdırılmaması baş vermiş hadisədə iddiaçının da təqsirinin olması faktının diqqətdən qaçırılması ilə nəticələnmiş, bu da zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi ilə bağlı tətbiq edilməli olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tətbiq edilməməsinə gətirib çıxarmaqla məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Bundan başqa məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən İnzibati xəta üzrə işi Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumlarından və sığorta işini isə Xalq Sığorta” AS C-dən tələb etməməklə tam araşdırılmadan qətnamə qəbul etmişdir. Belə ki, İnzibati Xəta üzrə işdə yol-nəqliyyat hadisəsinin sxemi, İddiaçı və Cavabdeh alınmış izahatlar, sonuncular barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar və inzibati tənbeh vermə haqqında Qərarlarda yolnəqliyat hadisəsinin hansı şəkildə baş verdiyi ətraflı şəkildə göstərilmişdir. Məhz yolnəqliyyat hadisəsinə dair materiallar iddiaçının əmlakına (mal-qaraya) zərər vurulmasında cavabdehin təqsirinin istisna edildiyini, yol-nəqliyyat hadisəsinin baş verməsində, zərərin yaranmasında və həcminin artmasında zərərçəkənin –iddiaçının özünün təqsirli hərəkətlərinin təsiri olduğunu müəyyənləşdirməyə əsas verir və iş üçün əhəmiyyətli olan halların (cavabdehin təqsiri, cavabdehin hərəkəti (hərəkətizliyi) ilə dəymiş zərərarasındakı səbəbli əlaqə və s.) müəyyən edilməsi üçün zəruridir. Həmçinin 09.06.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “FordTransit Yük” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin idarə edimsi zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və sığorta ödənişinin verilməsi üçün sığortaçı "xxxx" ASC sığorta şirkətinə məlumat verilmiş, sığorta şirkətinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin və materialların qiymətləndirilməsi nəticəsində cavabdehin - avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri istisna olunduğundan sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Sığorta işinin materialları iş üçün əhəmiyyətli olan halların (cavabdehin təqsiri, cavabdehin hərəkəti (hərəkətizliyi) ilə dəymiş zərər arasındakı səbəbli əlaqə və s.) müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarındakı TP ******* saylı “İnzibati tənbeh vermə haqqında" qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir.

11. Cavabdeh polis orqanına verdiyi 09 iyun 2020-ci il tarixli izahatından müəyyən olunur ki, Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində idarə etdiyi “Fort-transit” markalı, ** MG *** qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən qəflətən qoyunların yola çıxması nəticəsində 16 baş qoyunu vurmuşdur.

12. "xxxx" MMC-nin 18 iyun 2020-ci il tarixli 19 saylı qiymətləndirmə rəyindən görünür ki, iddiaçının mülkiyyətindəki (avtoqəza nəticəsində tələf olmuş) on altı baş qarabağ cinsli qoyunların (7 baş qoyun (damazlıq), 7 baş quzu və 2 baş törədici qoç) orta bazar qiyməti ilə dəyəri 5010 manat təşkil etmişdir.

13. 17 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin iddiaçının mülkiyyətindəki (avtoqəza nəticəsində tələf olmuş) on altı baş qarabağ cinsli qoyunların analogiyasının bazar dəyəri ilə qiymətləndirilməsi xidmətinin dəyəri 120 manat təşkil etmişdir.

14. Aqrar Xidmətlər Agentliyinin 18 dekabr 2020-ci il tarixli AXA-25/02-07-3327 saylı məktubundan görünür ki, yerlərdə fəaliyyət göstərən diri heyvan satış bazarlarından verilən rəsmi məlumatlara əsasən çəkiləri nəzərə alınmamaqla ana qoyun 190-220 manat, quzu 130-160 manat və üç illik törədici qoç 270-320 manat arasında alınıb-satılmaqdadır. Hüquqi dəyərləndirmə:

15. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, cavabdeh Cəfərov X2 rayonu Eyvazalılar kəndi ərazisində idarə etdiyi “Fort-transit” markalı, ** MG *** qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən qəflətən qoyunların yola çıxması nəticəsində 16 baş qoyunu vurmuş, 7 baş qoyun (damazlıq), 7 baş quzu və 2 baş törədici qoç olmaqla 16 baş qoyun tələf olmuş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir.

22. Kollegiya işin mahiyyəti baxımından və cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulayır ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

24. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir.

25. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

26. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

27. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

29. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilini əsaslı hesab etməsinə dair gəldiyi nəticə ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus 16 baş qoyunların məhz cavabdehin təqsiri üzündən (avtoqəza nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir.

30. Kollegiya dəymiş ziyanın məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 18 iyun 2020-ci il tarixli 19 saylı qiymətləndirmə rəyi iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğun olmamaqla kifayət qədər əsaslandırılmamışdır.

31. Belə ki, qiymətləndirmə rəyində 1 baş damazlıq qoyunun 320 manat, 1 baş quzunun 210 manat və 1 baş törədici qoçun 650 manat dəyərində orta bazar qiyməti müəyyən edilmişdir.

32. Lakin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Aqrar Xidmətlər Agentliyinin 18 dekabr 2020-ci il tarixli AXA-25/02-07-3327 saylı məktubundan göründüyü kimi ana qoyun 190-220 manat, quzu 130-160 manat və üç illik törədici qoç 270-320 manat arasında alınıb-satılmaqdadır. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, yuxarıda tədqiq edilən qiymətləndirmə rəyi ilə gəlinən nəticənin inandırıcı sübut kimi qəbul edilməməsi və düzgün nəticə kimi qiymətləndirilməməsi doğru olmuşdur.

33. Kollegiya qeyd olunanlara qiymət verərək, habelə 18 dekabr 2020-ci il tarixli AXA- 25/02-07-3327 saylı məktubu əsas götürərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən dəymiş maddi ziyanın əvəzi tutularkən 1 baş damazlıq qoyunun 190 manat (7x190 AZN=1330 AZN), 1 baş quzunun 150 manat (7x150 AZN=1050 AZN) və 1 baş törədici qoçun 300 (2x300 AZN=600 AZN) manat dəyərində qiymətləndirilməklə tutulması işin hallarına uyğun olmuşdur.

34. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 2980 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

37. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi qismən təmin edildiyindən, şikayət iddianın təmin edilmiş hissəsindən verilmiş hesab edilir.

38. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. İddianın təmin edilmiş hissəsi (mübahisəlndirilən hissə) 3010 manat təşkil etdiyindən, qətnamədən kassasiya şikayəti verilməsi Mülki Prosessual Məcəllənin qeyd edilən maddəsinin tələbləri gərəyi istisna olunur.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

42. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-441/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar