Məhkəmə qərarları › İş №2(103)-1624/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1624/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1624/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi X1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3867/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin maddi vəsaiti hesabına qeyri-yaşayış sahəsinin bərpa olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyriyaşayış sahəsinin əvəzində həmin ərazidə inşa olunan hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 53.16 kv.m qeyri-yaşayış sahəsinin tam təmirli şəkildə iddiaçılara təhvil verilməsi, həmçinin 01.06.2021-ci il tarixdən qeyri-yaşayış sahəsi təhvil verilən günə qədər həmin sahənin icarə haqqı məbləği olaraq hər ay 1000 manat icarə haqqının iddiaçılara ödənilməsi və cavabdehdən iddiaçıların xeyrinə mənəvi ziyan olaraq hər birinə 30.000 manat, ümumilikdə 60.000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak və icarə haqqı verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, ünvan 2 ünvanında yerləşməklə iddiaçılara məxsus 44,30 kv. m. ölçüdə olan zirzəminin əvəzinə, həmin ərazidə tikiləcək hündür mərtəbəli yeni yaşayış binasının Ə.Əlizadə küçəsinə baxan hissəsinin 2-ci mərtəbəsindən tam standartlara uyğun eyni ölçüdə olan qeyri-yaşayış sahəsinin verilməsi, həmçinin iddiaçıların sözügedən zirzəmini kirayəyə verib ordan qazanc əldə edə bilmədikləri halda, hər bir iddiaçıya 200 manat olmaqla, toplamda 400 manat kirayə haqqının tikinti başa çatıb qeyri-yaşayış sahəsi təhvil verilənədək ödənilməsi haqqında” qətnamə qəbul olunmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Nərimanov Rayon Məhkəməsinin 2(005)-3867/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi qismən təmin olunmuş, iddiaçılar İddiaçı1 və İddiaçı2n məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ərazidə inşa olunan hündürtmərtəbəli yaşayış binasının Ə.Əlizadə küçəsinə baxan hissəsinin 2-ci mərtəbəsindən tam standartlara uyğun və təmirli şəkildə eyni ölçüdə olan qeyri-yaşayış sahəsi verilməsi, 01 iyun 2021-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günə kimi həmin sahəyə icarə haqqı məbləgi olaraq hər ay hər bir iddiaçıya ayqılıqda 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat icarə haqqı və ödənilmiş 60 manat dövlət rüsumunun Cavabdehndən tutulub iddiaçılara verilməsi, qalan hissələrdə ilk iddia tələbi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qərara alınıb. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qətnamədən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı ilkin iddiasından imtina etməsi müqabilində Cavabdeh MMC F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında tikiləcək yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının - A blokunun, 8-ci mərtəbəsindən 38.48 kv. m. (xarici divarların daxili konturlarından) ölçüdə təmirli mənzili İddiaçı1, həmdə həmin binanın - C blokunun, 11-ci mərtəbəsindən 38.48 kv. m. (xarici divarların daxili konturlarından) ölçüdə təmirli mənzili İddiaçı2 təhvil verməyi, habelə aylıq icarə haqqı qismində 350 (üç yüz əlli) manat məbləğində pul məbləğini 3 (üç) ayda 1 (bir) dəfə olmaqla İddiaçı1 1050 (bir min əlli) manat, həmçinin eyni qaydada 250 (iki yüz əlli) manat pulu İddiaçı2 750 (yeddi yüz əlli) manat olmaqla mənzillər təhvil veriləcəyi günə qədər ödəməyi, o cümlədən təzminat qismində - 6750 (altı min yeddi yüz əlli) manat məbləğində pulu İddiaçı2, eyni zamanda 7450 (yeddi min dörd yüz əlli) manat məbləğində pulu İddiaçı1 ödəməyi və “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak və icarə haqqı verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbindən imtina etməyi öhdəsinə götürür.

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nin sazişin 1-ci bəndində qeyd edilən öhdəlikləri icra etməsi müqabilində ona qarşı olan hazırkı iddia tələblərindən imtina edirlər.

3. Tərəflər razılaşırlar ki, hazırda bir-birlərinə qarşı başqa maddi, əmlak və digər tələb üzrə hər hansı iddia və şikayətləri yoxdur, gələcəkdə də belə bir iddia və şikayətləri olmayacaqdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçılar İddiaçı1 və qeyrisnin Cavabdehnə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak verilməsi və sair” ilkin, iddiaçı Cavabdehlər İddiaçı1 və qeyrisinə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak və icarə haqqı verilməsi” qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin.

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı ilkin iddiasından imtina etməsi müqabilində Cavabdeh MMC F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında tikiləcək yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının - A blokunun, 8-ci mərtəbəsindən 38.48 kv. m. (xarici divarların daxili konturlarından) ölçüdə təmirli mənzili İddiaçı1, həmdə həmin binanın - C blokunun, 11-ci mərtəbəsindən 38.48 kv. m. (xarici divarların daxili konturlarından) ölçüdə təmirli mənzili İddiaçı2 təhvil verməyi, habelə aylıq icarə haqqı qismində 350 (üç yüz əlli) manat məbləğində pul məbləğini 3 (üç) ayda 1 (bir) dəfə olmaqla İddiaçı1 1050 (bir min əlli) manat, həmçinin eyni qaydada 250 (iki yüz əlli) manat pulu İddiaçı2 750 (yeddi yüz əlli) manat olmaqla mənzillər təhvil veriləcəyi günə qədər ödəməyi, o cümlədən təzminat qismində - 6750 (altı min yeddi yüz əlli) manat məbləğində pulu İddiaçı2, eyni zamanda 7450 (yeddi min dörd yüz əlli) manat məbləğində pulu İddiaçı1 ödəməyi və “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə əmlak və icarə haqqı verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbindən imtina etməyi öhdəsinə götürür.

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nin sazişin 1-ci bəndində qeyd edilən öhdəlikləri icra etməsi müqabilində ona qarşı olan hazırkı iddia tələblərindən imtina edirlər.

3. Tərəflər razılaşırlar ki, hazırda bir-birlərinə qarşı başqa maddi, əmlak və digər tələb üzrə hər hansı iddia və şikayətləri yoxdur, gələcəkdə də belə bir iddia və şikayətləri olmayacaqdır.

Nərimanov Rayon Məhkəməsinin 2(005)-3867/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar