Məhkəmə qərarları › İş №2(103)-1625/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1625/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1625/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5010/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). 2.Avtomobilin mülkiyyətçisi X1r, onun mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Cavabdeh mülkiyyətçinin adından çıxış edərək iddiaçıya avtomobilə dair etibar edilmişi etibaretmə qaydasında xx.xx.2023-cü il tarixli etibarnamə verib (iş v. 10). İşin hallarına görə, cavabdeh avtomobili şifahi alqı-satqı müqaviləsi əsasında 14.700 manata iddiaçıya satıb. Cavabdeh avtomobilin qiyməti kimi 14.700 manat pulu xx.xx.2023-cü ildə iddiaçıdan alması barədə qəbz verib (iş v. 13). Lakin sonradan mülkiyyətçi X2 etibarnaməni ləğv edib. İddiaçı iddia ərizəsində bildirib ki, xx.xx.2024-cü ildə yol polisi avtomobili saxlayıb, etibarnamənin ləğv edildiyinibildirib və avtomobili ondan alaraq mühafizə olunan duracağa yerləşdirib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, avtomobilə görə ödənilmiş 14.700 manat, mənəvi zərərin kompensasiyası kimi 3.500 manat, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 14.700 manat, dövlət rüsumunun əvəzi kimi 146 manat, cəmi 14.846 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.Məhkəmə iclasında iştirak iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 9.İddiaçı avtomobilə görə 14.700 manat pulu cavabdehə ödəyib. İşin bu halı mübahisə doğurmur, hər iki tərəf bunu təsdiq edir. Cavabdehin həmin pulu əldə etməsinin hüquqi əsası yoxdur, çünki qanunvericiliyə görə, avtomoil etibarnamə və ya şifahi alqı-satqı müqaviləsi əsasında alqı-satqı edilə bilməz. Odur ki, cavabdeh əsassız varlanmış şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, birinci instansiya məhkəməsi 14.700 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5010/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar