Məhkəmə qərarları › İş №2(103)-1633/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1633/2022

11.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1633/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.08.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermiş, Məhkəmənin 12.01.2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsi 12.01.2022-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, qətnamədən Cavabdeh2 də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin şikayətin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Məhkəmənin “işin icraata qəbul edilməsi barədə” 12.01.2022-ci il tarixli qərardad ləğv edilməli və iş baxışdan çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Mülki Prosessual Məcəlləsinin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. MPM-nin 384.0.6-cı maddəsinə görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 12.01.2022-ci il tarixli qərardad ləğv edilsin, hazırki mülki iş, Cavabdeh2 verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar