Məhkəmə qərarları › İş №2(103)-1633/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1633/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1633/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(001)- 1113/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 10 sot torpaq sahəsinin yarısı olaraq 5 sotunun onun istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(001)-1113/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı 29 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış prossesual müddətin bərpasına dair ərizə vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(001)-1113/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizəsi geri qaytarılmış və İddiaçı “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində və “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş apellyasiya şikayətini gücləndirilmiş elektron imzadan istifadə edərək imzalanmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra İddiaçı həmin qətnamədən “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(001)- 1113/2023 saylı qərardadına əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(001)-1113/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin, məhkəmə onun ərizəsini təmin etməmiş, xx.xx.2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpasından imtina etmişdir. O, məhkəmənin qərardadını əsassız hesab edir. Belə ki, məhkəmənin 03 iyul 2023cü il tarixli qətnaməsini yalnız 24 noyabr 2023-cü il tarixdə ala bilmişdir. Həmin vaxt xəstə olmuş, evdən bayıra çıxa bilməmişdir. Asan imza əldə edə bilməmişdir. Bundan əlavə 16 dekabr 2023-cü il tarixdə cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu, uzun sürən xəstəliyin nəticəsi olmuşdur. İşin halları isə bundan ibarətdir ki, Bakı şəhəri, ünvan 2 ünvanındakı 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi paylı müılkiyyət əsasında, yəni ½ payla ona və qardaşı X3 məxsus olmuşdur. Həmin evdən savayı qalan 0.10 ha torpaq sahəsi də ½ payla onunla qardaşının birgə istifadəsində idi. O, yaxın vaxtlarda həmin torpaq sahəsində onun xəbəri olmadan qanunsuz olaraq tikinti işlərinin aparılmasını görmüş və tikinti işlərini aparan şəxsdən soruşanda bilmişdir ki, qeyd olunan torpaq sahəsini ona qardaşı Afərim Məmmədov satmışdır. O, dərhal müvafiq qurumlara (qəsəbə bələdiyyəsinə, qəsəbə ərazi nümayəndəliyinə, polisə) müraciət edərək tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Lakin onlar bu işin onlara aid olmadığını bildirəndən sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə rəsmi sorğu göndərərək cavab almışdır. Məlum olmuşdur ki, Bakı şəhəri, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 0.102 ha torpaq sahəsi (fərdi yaşayış evi ilə vahid əmlak olmaqla) 1964-cü il tarixində tərtib olunmuş ilkin texniki pasporta əsasən X2 adına 05 yanvar 2023-cü il tarixdə, yəni aralarında mülklə bağlı mübahisə yaranandan sonra qeydiyyatdan keçirilmiş, sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi 0.0621 ha torpaq sahəsi Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontorunun 14 yanvar 2023-cü il tarixli 4Ə-29 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən hazırda ev inşa edən şəxsin adına özgəninkiləşdirilmişdir. Qalan 0.04 ha torpaq sahəsi isə X2 mülkiyyətində qalmışdır. O, məhkəmədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblə” mülki iddia qaldırmışdır. O, məhkəmənin qətnaməsindən narazı qaldığı üçün bundan apellyasiya şikayəti vermək istəyir. Odur ki, buraxılmış prosessual müddəti üzrsüz hesab etməklə onun bərpasını zəruri sayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(001)- 1113/2023 saylı qərardadı ilə iddiaçı X1 şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı sözügedən məhkəmə işindən məlumatlı olmaqla yanaşı, 03 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şəxsən iştirak etmiş, həmin məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(001)-1113/2023 nömrəli qətnaməsi ona elan edilmiş, 04 iyul 2023-cü il tarixdə həmin qətnamə məhkəmə tərəfindən “elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, 05 iyul 2023-cü il tarixdə isə iddiaçı tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmiş, 29 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Hazırda iddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə qətnaməsini 23 noyabr 2023-cü il tarixdə ərizəyə imza etməklə qəbul etdiyinə əsaslanaraq, müddətin bərpa edilməsini xahiş etsə də, iş materialları ilə sübut olunur ki, onun tərəfindən qətnamə 05 iyul 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmiş və apellyasiya şikayəti müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Göründüyü kimi, iddiaçı qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti uzun müddət ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə isə bunun üzrlü səbəblərini göstərməmiş və məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(001)-1113/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(001)- 1113/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(001)- 1113/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar