Məhkəmə qərarları › İş №2(103)-1642/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1642/2024

08.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1642/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-374/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və hər biri 6.6667 manat olmaqla, 3 paydan ibarətdir. X4 1 pay 9 manat, Cavabdeh1 1 pay 9 manat və Cavabdeh2 1 pay 2 manat olmaqla cəmiyyətin təsisçiləridir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər.

2. 09.11.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Peri Cihangiroğlu tərəfindən T- 15-100 markalı aparata görə bank vasitəsilə 10.000 avro köçürülmüşdür.

3. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus dezinfeksiyaedici məhsullar istehsal edən T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsinə son qoyularaq aparatın qanuni sahibinə, yəni ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasında yaşayır. O, Türkiyədə dezinfeksiyaedici məhsulların istehsalı və satışı sahəsində fəaliyyət göstərir. 2020-ci ildə onun həyat yoldaşı X6 Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra o, burada özünə iş qurmaq istəmiş və qərara gəlmişdir ki, dezinfeksiyaedici məhsulların satışı sahəsində fəaliyyət göstərsin. Anar Məmmədov ona bu işdə dəstək olmasını, ondan Türkiyədən dezinfeksiyaedici məhsullar emal edən xüsusi aparat alıb onun əvəzsiz istifadəsinə verməsini xahiş etmişdir. O da həyat yoldaşının istəyini qəbul edib 2020-ci ilin noyabr ayında Türkiyədən 21.800 avro dəyərində aparat (T15-100, seriya no: 2020038T03A00393) alıb həyat yoldaşı Anarın əvəzsiz istifadəsinə vermişdir. Bundan sonra Anar Məmmədov qərara gəldiyi işlə məşğul olmaq üçün Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə şirkət qurmaq barədə razılaşmışdır. Bu məqsədlə onlarla birlikdə "xxxx" MMC-ni təsis etmişdir. Anar Məmmədov "xxxx" MMC-nin icraçı direktoru olmuşdur. Ona məxsus aparat şirkətin fəaliyyəti zamanı istehsal üçün istifadə olunmuş, lakin şirkətin balansında olmamışdır. 2022-ci ildə X9 Respublikasına qayıtmaq qərarına gəlmiş, buna görə də şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması üçün xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin vergi orqanı tərəfindən şirkətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması təmin edilmişdir. Şirkət dayandırıldığı üçün o, həyat yoldaşı Anardan əvəzsiz istifadəyə verdiyi aparatını şirkətdən geri götürməsini və özü ilə gətirməsini istəmiş, lakin cavabdehlər aparatı qaytarmaqdan imtina etmişlər və aparatın yerləşdiyi icarəyə götürülmüş obyektin qapısının açarlarını dəyişdirmişlər. Şirkətin fəaliyyətinin rəsmi olaraq dayandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin aparatdan istifadə etməklə şirkətin fəaliyyətini davam etdirmişlər. Onlar hazırkı vaxtadək sözügedən aparatdan qanunsuz olaraq istifadə etməklə istehsalı və satışı davam etdirirlər. Müvəqqəti təminat tədbiri haqqında məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq icra məmurları tərəfindən aparatın yerləşdiyi obyektə gedilərək, aparata baxış keçirilmiş və aparatın cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Bundan başqa, şirkətin icraçı direktoru Anar Məmmədov olduğundan şirkətin fəaliyyətinin icrası ilə əlaqədar səlahiyyətlər də məhz ona məxsusdur. Cavabdehlər hüquqi şəxsin təsisçilərindən olsalar da, onların şirkətin fəaliyyətini bilavasitə həyata keçirmək səlahiyyətləri yoxdur. Şirkətin hazırkı fəaliyyəti qanunsuz olduğundan və bu fəaliyyət məhz həmin aparatla bağlı olduğundan aparatdan istifadənin qanunsuz olduğu bir daha aydın olur.

6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, onun vəsaiti ilə cəmiyyət yaradıldığı, həmin cəmiyyətə iddiaçının əri tərəfindən hər hansı vəsait qoyulmadığını, mübahisəli daşınar əmlakın da onun vəsaiti ilə əldə olunduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mübahisəli aparat birinci təminat tədbiri ilə icra məmuru tərəfindən ona tapşırılmış, lakin daha sonrakı təminat tədbiri verilənədək keçən təqribi 10 günlük müddətdə onun məsuliyyətində olmadığını, aparatın da həmin müddətdə tamlığının pozulmasının mümkün olduğunu bildirmişdir. Habelə, müəssisənin fəaliyyət göstərdiyi əmlak şirkət tərəfindən icarəyə götürülmüşdür. İddiaçının əri bütün işi atıb getdikdən sonra işlər dayandı, bu səbəbdən də artıq icarə haqqını ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də həmin yeri boşaltmaq məcburiyyətində qaldığını qeyd etmişdir. Ərazini boşaldanda həmin aparat da orda idi, müəssisəni tərk edəndə aparatı müəssisəni təhvil alanlara tapşırmış və bildirmişdir ki, bu əmlakla bağlı məhkəmə mübahisəsi gedir, ona görə də həmin əmlakı tərpətməməyi xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Həmin aparat Cavabdeh1 vəsaiti ilə əldə olunmuşdur. Belə ki, Cavabdeh1 iddiaçının əri olan Anar Məmmədovla o tanış etmişdir. Anar Məmmədovun şirkətin yaradılmasında hər hansı vəsaiti olmamışdır. Ümumiyyətlə, sözügedən aparat şirkətin balansında deyildi, qeydiyyata alınmamışdır. Anar Məmmədov da hər şeyi qoyub gedəndə həmin aparatı heç onlara təhvil də verməmişdir. İndi nəyə görə aparatı onlardan tələb edir?! Bundan başqa aparat iddiaçıya məxsus olsa da götürüb gedərdi.

8. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, cavabdehləri işlə bağlı tanıyır, iddiaçını tanımır. Cavabdehlərdən ilk öncə Orxanla daha sonra Etibarla tanış olub. O, cavabdehlərlə bir müddət birgə iş görüb. Belə ki, o şirkətdə spreylərin satışı ilə əlaqədar bir növ marketinqlə məşğul olurdu. Şahid suallara cavab olaraq bildirmişdir ki, şirkətin fəaliyyəti üçün lazım olan bütün vəsaiti Etibarın qoyduğunu eşidib. O bunu Anarla onların söhbətlərindən, sonra Etibarın Anardan tələbindən başa düşürdü. Hardasa bildiyinə qədər Etibar 50000 ABŞ dolları pul vəsaiti qoymuşdur. Anar öz hissəsini satmaq istəyəndə Dünyamin adında şəxs gətirmişdir. Həmin vaxt söhbət düşdü ki, kim şirkətə nə qədər pul qoyub, onda Anar bildirdi ki, guya türkə pul verib, bir də ideya irəli sürüb. O, həmin şirkətdə iki aya qədər qeyri-rəsmi işləyib. Əslində rəsmi olacaqdı, lakin sonra işdən çıxdı. Yadında deyil hansı tarixlə arasında orada işləyib. Həmin vaxt marketinq işinə baxırdı, qeyri-rəsmi ona görə işləyirdi ki, özü üçün müəyyən etməyə çalışırdı ki, orada qalıb işləyə biləcək ya yox. Dünyamin şirkətə baxaxnda hər şeylə tanış oldu. Şahid bildirmişdir ki, o pul danışıqlarında çox da iştirak etməyib.Onların arasında olan söhbətin birində iştirak edib. Yemək yeyiblər. Anarın onunla hansı tarixdə görüşməsi yadında deyil.

9. Məhkəmə iclasında şahid Hüseyin Kuru ifadəsində bildirmişdir ki, o Türkiyədə dezenfeksiya məhsullarının istehsalı ilə məşğul olurdu. Cavabdehləri Azərbaycana gələndən sonra tanıyıb. İddiaçı ilə bir dəfə görüşüb. Onun həyat yoldaşı Anar bəyi tanıyır. Belə ki, Anar bəy ona Azərbaycanda həmin məhsulları istehsal edə biləcəyi təklifi ilə müraciət etmişdir. Razılaşma belə olmuşdu ki, Azərbaycanda qurulan şirkətin 10 faizi onun olacaq. Bundan əlavə də iş qurulduqdan sonra 10.000 ABŞ dolları verəcəyini söz vermişdir. Bundan sonra o, Azərbaycana gəlmişdir. O, üzərinə düşən hissəsini, yəni təsisatın qurulması və s. həyata keçirsə də, ona söz verilənlər yerinə yetirilmədi. Təxmini 3-4.000 ABŞ dolları pul hissə-hissə ödənildi. Şahid suallara cavab olaraq bildirmişdir ki, sərmayə qoyulması söhbətindən xəbəri yoxdur. Anar bəy ona bu barədə heç vaxt deməyib ki, o, hansı həcmdə, Etibar bəy hansı həcmdə sərmayə qoyub. Aparatın necə işlədiyini bilir. O, Türkiyədən məhz buna görə gəlmişdir. Hətta belə söhbət var idi ki, aparatın pulunu Etibardan alıb ödəyəcək. Deyilənə görə hər ikisindən pul çıxıb. Etibar bəyin hesabından aparata görə pulun çıxmasını görüb. O, məhsulun qablaşdırılması üçün lazım olan pulun Etibar bəydən gəldiyini görüb. Anar bəy Türkiyədə olanda bildirmişdi ki, onun maliyyə ortağı var, aparatın alınması üçün pulu Azərbaycandan göndərəcəklər. Həmin vaxt o, Etibar bəyi tanımırdı. Sonra gələndə onlarla tanış oldu.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 374/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilmiş, T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılması, aparatın qaytarılması mümkün olmadıqda isə onun dəyəri olaraq 10.000 avro məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, dezinfeksiyaedici məhsullar istehsal edən T15- 100 (seriya nömrəsi: 2020038T03A00393) aparat iddiaçıya məxsusdur, sonuncu həmin aparata görə 10.000 avro məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı özünə məxsus aparatı "xxxx" MMC-nin təsisçiləri – həyat yoldaşı X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 əvəzsiz istifadəsinə vermişdir. "xxxx" MMC fəaliyyətini xx.xx.2022-ci il tarixdən xx.xx.2027ci il tarixədək dayandırdığından, iddiaçı özünə məxsus aparatın qaytarılmasını tələb etmiş, lakin cavabdehlər aparatı qaytarmaqdan imtina etmişlər. Cəmiyyət fəaliyyətini rəsmi olaraq dayandırmasına baxmayaraq, cavabdehlər həmin aparatdan istifadə etməklə şirkətin fəaliyyətini davam etdirmişlər. Müvəqqəti təminat tədbiri haqqında qərardadın icrası ilə əlaqədar icra məmurları tərəfindən aparatın yerləşdiyi obyektə baxış keçirilən zaman aparatın əsas hissələrinin çıxarılaraq aparıldığı müəyyən olunmuşdur.

12. Məhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür. Belə ki, şahid ifadələri əsasında mübahisəli əmlakın cavabdehlərin qanunsuz sahibliyində olmaması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə həmin ifadələri cavabdeh tərəfin etirazının əsaslılığını göstərən sübut kimi qəbul etmir.

13. Məhkəmə, istinad olunan qanunvericilik normalarına əsasən müəyyən etmişdir ki, hazırda iddiaçının iddia tələbi MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən, yəni mübahisəli aparatın qanunsuz sahiblikdə olması faktı sübuta yetdiyindən, iddia tələbi əsaslıdır, bu səbəbdən də iddia tələbi təmin edilməli, T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsinə son qoyularaq aparat iddiaçıya qaytarılmalı, aparatın qaytarılması mümkün olmadıqda isə onun dəyəri olaraq 10.000 avro məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

14. Bundan başqa, məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, mübahisəli T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparat "xxxx" MMC-nin balansında deyildir, hüquqi şəxsin adına qeydiyyata alınmamış, həmin aparat iddiaçının şəxsi vəsaiti hesabına alınmış və sonuncunun mülkiyyətindədir. İddiaçı həmin aparatı cəmiyyətin təsisçisi və icraçı direktoru Anar Məmmədovun və cavabdehlərin əvəzsiz istifadəsinə vermişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 119.1, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsindəT15- 100 (seriya nömrəsi: 2020038T03A00393) aparatını Anar Məmmədovun əvəssiz istifadəsinə verməsini göstərmişdir. Lakin məhkəmədə iddia qaldırılarkən Anar Məmmədovu cavabdeh qoymamışdır. Halbuki, iddiaçı aparatı həyat yoldaşı Anar Məmmədovun əvəsiz istifadəsinə verməklə onunla mülki hüquq münasibətlərində olmuşdur. Belə olan halda, iddiaçının mülki hüquq münasibətlərində olduğu şəxsdən, yəni Anar Məmmədovdan aparatı tələb etmək hüququ vardır. Lakin iddiaçının ona və digər cavabdehə qarşı iddia irəli sürmək hüququ (subyektiv hüququ) yoxdur. Çünki iddiaçı onu tanımır, onunla hər hansı bir razılaşması olmamışdır və onunla hər hansı bir mülki hüquq münasibətlərində olmamışdır. Əlavə olaraq qeyd edir ki, aparatı əvəssiz qaydada qəbul edən şəxs məhkəmədə nə cavabdeh, nə də şahid qismində istirak etməmişdir. İddiaçı Anar Məmmədova qarşı iddia irəli sürməməklə qanunvericiliyin tələblərini pozmuş və məhkəmədə bu pozuntuya hüquqi qiymət verməyərək qanunsuz qətnamə qəbul etmişdir. Mülki iş üzrə iddiaçı cavabdehlərə qarşı mülkiyyətin özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi barədə iddia irəli sürsə də,qeyd edilən əmlakın iddiaçıya məxsus olması və həmin əmlakın cavabdehlərin əvəzsiz istifadəsinə verilməsini əsaslandıra bilməmişdir. Onun və digər Cavabdeh1 məhkəmədə vermiş olduğu "xxxx" MMC-nin direktoru X10 qəsəbəsində yerləşən obyekt sahibi arasında bağlanmış icarə müqaviləsini, Anar Məmmədovun "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə əmrini təqdim etsələr də, məhkəmə bu sübutlara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə iş materiallarında "xxxx" MMC-nin nizamnaməsinin olmasını, "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2022-ci il tarixində dayandırılması barədə arayışın olması faktını sübut kimi qiymənləndirmiş, lakin iş üçün əhəmiyyət kəsb edən sübutlara toxunmamış və onları qiymətləndirməmişdir. İddiaçı iddia tələbini ona və Cavabdeh1 qarşı qaldırmışdır. Beləliklə, iddia tələbi rədd olunmalı olduğu halda rədd olunmamışdır. Çünki cavabdeh onlar yox, Məmmədov Anardır. Bu əsasla da hesab edir ki, bütün hüquq münasibətləri Məmmədov Anarla bağlıdır. Məhkəmə iddiaçının (subyektiv hüquqa malik olan şəxsin) bu hüquqa qarşı vəzifə daşıyan şəxsdən tələb etmək hüququnun olmasını iddiaçıya bildirməli olduğu halda bildirməmişdir. Bu hal da öz növbəsində qətnaməni qanunsuz və əsasız edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti dezinfeksiya aparatı olan vahid əmlakdır. Cavabdehlər həmin qadını tanımır. Cavabdehlərin iş münasibətləri o qadının yoldaşı ilə olub. Xanımın pul ödəməsinə dair qəbz əmlakı öz pulu ilə alması demək deyil. Cavabdeh1 və Cavabdeh2 bu iş üzrə cavabdeh ola bilməzlər. Ona görə ki, Cavabdeh1 ora 50.000 ABŞ dollarından çox pul qoyub. Anar bu sahəni bildiyi üçün ideyanın, idarəçiliyin və 50%-in ona məxsus olduğunu bildirmişdir. Təmsil etdiyi şəxsə isə 10% hissənin verilməsinin səbəbi işin qurulmasında vasitəçi olmasıdır. Şirkətin direktoru məsuliyyət daşımalıdır. Apellyasiya şikayətində qətnamənin əsaslığını hər iki cavabdehə münasibətdə yoxlanılmasını xahiş edir.

21. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh1 digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə qərardadının icrası ilə bağlı icraçı ona zəng etmiş və aparata baxış keçirməli olduğunu bildirmişdir. İcraçı ona Orxanla aparatı təhvil verməli olduğumuzu bildirmişdir. O isə icraçıya məsələdən xəbəri olmadığını, aparatın ona məxsus olduğunu bildirdi. İcraçı ilə görüşərək anbara getdilər, aparat orada yerində idi. Ancaq indi orada deyil. İlk dəfə gedəndə icraçı tərəfindən akt tərtib olunmuşdur, aparatın necə işləməsini soruşduqda məlumatının olmadığını bildirmişdir. Aparatı blokladılar. Cavabdeh2 orada deyildir. Bir ay keçdikdən sonra anbara gəldi, qapı bağlı idi. Pəncərədən baxdı, hər şey qaydasında idi. Daha sonra icraçının yanında getdi. İcraçı isə işini görüb bitirdiyini bildirdi. Anbardan ona bildirildi ki, Anar nə vaxt pulu gətirəcək, onda mallarını götürüb aparar. O, anbardara bildirdi ki, anbarda olan aparat mübahisəlidir, ona dəyməsinlər, onunla bağlı məhkəmə mübahisəsi olacaq. 10 gün sonra icraçı ona oraya yenidən getməli olduğumuzu bildirdi. Anbara getdilər, qapılar açıq idi. Akt tərtib olundu və orada olanlardan izahatlar alındı. Gəlib gördülər ki, bütün hər şey sökülüb. Ona aparat lazım deyil, əsas məqsədi pulunu almaqdır. Aparatın hazırda harada olduğunu bilmir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, icra mərhələsində aydın oldu ki, aparatın içi çıxarılıb. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xüsusi qərardadı əsasında oğurluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, hazırda ircaat dayandırılıb. Kiminlə şərikli iş görmələri, malın bazara necə çıxarılması və digər bütün faktlar araşdırılır. Aparat hazırda faktiki olaraq Cavabdeh1dır. Cavabdeh2la aralarında mübahisə yoxdur. Sadəcə birlikdə fəaliyyət göstərdikləri üçün cavabdeh kimi göstərilmişdir. Cavabdeh2 bu məsələyə aidiyyəti yoxdur, sadəcə şərikli prosesdə iştirak edib. Cavabdeh2la razılaşmaları olmuşdur ki, icra mərhələsində ona qarşı tələb olmaması barədə ərizə yazılsın.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Maddə 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-374/2023 nömrəli qərardadı ilə Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-374/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-7756/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

28. Göstərilənlərə əsasən, iddiaçının iddia tələbi təmin edildiyindən, qətnamə hazırda Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız ona aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin Cavabdeh2 qarşı təmin olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi ona münasibətdə rədd edilməlidir.

30. İşdən görünür ki, iddiaçı onun vəsaiti hesabına əldə olunmuş və onun əri hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2 əvəzsiz istifadəyə verilmiş dezinfeksiyaedici məhsullar istehsal edən T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatı cavabdehlərdən tələb edir. İddiaçının əri həmin aparatı cavabdehlərlə birlikdə təsis etdikləri "xxxx" MMC-nin fəaliyyətində istifadə etmişlər, MMC-nin fəaliyyəti xx.xx.2022-ci il tarixdə dayandırılmışdır.

31. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əgər kirayəçi (hazırki işdə iddiaçının əri) əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin (hazırki işdə cavabdehlərin) istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.

32. Apellyasiya araşdırması zamanı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə sorğu ünvanlanaraq müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-18/2022 nömrəli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərardadları üzrə icra işi materiallarının surəti əldə edilmişdir. Qeyd olunan qərardadlarla müvəqqəti təminat tədbiri olaraq mübahisəli aparatın özgəninkiləşdirilməsi qadağan edilmişdir.

33. İcra işi materiallarında olan akta əsasən icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində ünvan 3 ünvanında mübahisəli aparat aşkar edilərək özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilmişdir. xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktdan isə görünür ki, qeyd olunan ünvanda saxlanılan aparat sökülü natamam vəziyyətdə olduğundan icra sənədinin icrası mümkün olmadı.

34. Göründüyü kimi, sonuncu dəfə mübahisəli aparat aşkar edilərkən onun özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilmişdir. Onun kollegiyanın iclasında bildirdiklərinə görə, digər Cavabdeh2 orada deyildir. Eyni zamanda, iddiaçının vəkili də iclasda bildirmişdir ki, mübahisəli aparat hazırda faktiki olaraq Cavabdeh1dır və Cavabdeh2 ilə aralarında mübahisə yoxdur.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus aparatın cavabdehlərdən Cavabdeh2 sahibliyində olması öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi ona qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 374/2023 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh2 qarşı təmin olunan hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi ona münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar