Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1644/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X4, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 17.500 manat, vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun və mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus "Mercedes E-270" markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməklə bağlı 11.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən və Cavabdeh məxsus olan "Dərnəgül Servis"ə aparmış, servisin işçisi Kamal adlı usta avtomobilə baxış keçirərək 300 manat xərcinin olmasını bildirmişdir. Həmin vaxt tələb edilən məbləğ tərəfindən servisə ödənilmiş və usta saat 5-də gəlib avtomobili aparmağı bildirmişdir. O, 11.09.2017-ci il tarixdə saat 5 radələrində servisə gələrək maşını təhvil almaq istədikdə usta bildirdi ki, 2-3 hissədə nasazlıq var, ona görə də avtomobil servisdə qalmalıdır və sabah gəlib aparmağını bildirmişdir. Səhəri gün axşam saat 12 radələrində bildirmişdir ki, avtomobildə qısa qapanma baş verib və saat 01 radələrində bildirmişdir ki, avtomobil yanıb, avtomobilin qabaq hissəsindən alov tutub bütöv yanaraq tam yararsız hala düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobil söndürülmüş və şifahi bildirdiklərinə görə avtomobilin çöl tərəfdən alovlanaraq yanmışdır. 29.09.2017-ci il tarixdə yanğın haqqında akt tərtib edilmişdir. Qeyd olunmalıdır ki, avtomobil söndürüldükdən sonra yük yerinin işığı yanırdı və qısa qapanma olsaydı avtomobilin enerji təchizatı tamamilə çökmüş olardı, heç bir işıq yanmazdı. Cavabdeh tərəfindən təklif oldu ki, avtomobili sıfırdan yığaq, 60 faiz onlar, 40 faiz onun tərəfindən ödənilmək şərti ilə. Avtomobilə 8000 manatlıq hissə alınıb və təmir olunmasına 9500 manat pul xərclənib, ümumilikdə 17500 manat xərc çəkilib. Avtomobilin hissələri ordan burdan yığılma hissələrdir və gələcəkdə avtomobilin tam yararlı olması mümkün deyildir, avtomobil yanmış vəziyyətdə olduğu halda hal-hazırda servisin həyətindədir. Yenidən xərc çəkməyinə baxmayaraq avtomobil yararlı hala salınmamışdır. AR FHN Əməliyyat-istintaq İdarəsi tərəfindən 31.01.2018-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır, belə ki, həmin vaxt cavabdeh tərəf avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə vəd vermiş və o, da onlara inanaraq hadisə ilə əlaqədar şikayətinin olmadığını bildirmişdir. Lakin sonda yanıldığını anlamış, cavabdeh tərəf verdiyi sözə əməl etməmişdir. O, dəfələrlə cavabdeh tərəfə müraciət edərək avtomobilin tam yararlı hala salınaraq ona təhvil verilməsini və ya vurulmuş maddi zərəri ödəmələrini tələb etmiş, lakin cavabdeh tərəf buna əhəmiyyət verməmişdir. Cavabdehin təqsiri ucbatından o, xeyli miqdarda maddi ziyana məruz qalmış, avtomobildən məhrum olmuş, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 17.500 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Həmçinin, o, hüquqi yardım göstərilməsi ilə bağlı 11 saylı Vəkil Bürosu ilə 01.08.2018-ci il tarixdə müqavilə bağlamış və 200 manat məbləğində pul köçürmüşdür. Bu vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, o, bu hadisə ilə bağlı dəfələrlə əsəb gərginliyi keçirmiş, nəticədə çox ciddi stress və əsəb gərginliyi baş vermişdir, avtomobilin sıradan çıxması, xeyli miqdarda maddi zərərə məruz qalmağı və avtomobildən istifadə edə bilməməyi səbəbindən sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmış və sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 manat məbləğində dəyərləndirir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh maddi zərərə görə 17500 (on yeddi min beş yüz) manat və vəkilin xidmətinə görə ödənilmiş 200 (iki yüz) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edimişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(103)-5861/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(102)-6226/2021 nömrəli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16.06.2021-ci il tarixli, 2(103)-5861/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin apellyasiya məhkəməsində təkrar baxışı zamanı X9 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki iş araşdırılan zaman prosessual hüquq normalarının tələbləri pozularaq iştirakı təmin edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli araşdırmamış və hətta iddiaçının təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi işə bir tərəfli qaydada yalnız, iddiaçının təqdim etdiyi natamam sübutlar əsasında baxaraq qətnamə qəbul etmişdir. Eyni zamanda qətnamə qəbul edilərkən müqavilə bağlanandan sonra tərəflər arasındakı münasibətlərin davam edib-etməməsi, öhdəliklərin icra edilib-edilməməsi məhkəmə tərəfindən tam, hərtərəfli araşdırılmayıb. Belə ki, X9 ilə 15 fevral 2017-ci il tarixdə İcarə müqaviləsi bağlanmışdır. Müqavilənin 11-ci bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” tərəfindən həyata keçirilir. Odur ki, vurulmuş maddi ziyanın ondan tələb edilməsi əsassızdır. İş materiallarına əlavə edilmiş İcarə muqaviləsindən də aydın görünürki, o obyekti icarəçiyə icarəyə vermişdir. Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən 31 yanvar 2018-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda izahatı alınmış İddiaçı hadisə ilə əlaqədar şikayətinin olmadığını qeyd etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbi əsassız olduğu üçün qətnaməsini əsaslandıra bilməmişdir. Mülki işin hallarından da göründüyü kimi, MM-nin 21.3-cü maddəsinin tətbiq edilməsi üçün heç bir əsas yoxdur, yəni, 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinə əsasən o, həmin obyekti X6 icarəyə vermişdir və həmin müqavilənin 11-ci bəndinə əsasən, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsini də icarəçi - Elman Mikayılov həyata keçirmişdir. Belə olan halda hazırkı iddia tələbinə MM-nin 21.3-cü maddəsinə istinad edilərək pulun ondan tutulması qənaətinə gəlməsi tamamilə əsassızdır. İddiaçı maddi ziyanın vurulmasında onun hansı təqsirinin olmasını iddiaçı sübut etmədən maddi ziyanın ondan tutulması əsassızdır. Mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırarkən də işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Müstəqil tələb irəli surməyən X10 izahatında göstərmişdir ki, o, hazırda həmin avtoservisdə işləmir, lakin əvvəllər həmin avtoservisdə yerləşən boksların birində qardaşı ilə birlikdə işləmişdir. İşlətdikləri boks qardaşı tərəfindən cavabdehdən icarəyə götürülmüşdür. İddiaçı həmin günü səhər açarı avtoservisin mühafizəsinə qoyub getmiş, o da səhər işə gələrkən avtomobili qəbul etmişdir. Daha sonra iddiaçıya zəng edərək, avtomobilin probleminin nə olduğunu soruşmuş, iddiaçı da ona yağ radiatorunun təmir edilməli olduğunu tapşırmışdır. Avtomobilə baxış keçirdikdən sonra yağ radiatorunun təmiri məqsədi ilə lazımi ehtiyat hissəsinin dəyəri barədə iddiaçıya zəng edərək məlumat vermiş, iddiaçı da ona ehtiyat hissəsini almasını tapşırmışdır. Bundan sonra o, yağ radiatorunu təmir etmiş, avtomobili arxa-arxaya verərək boksdan çıxararkən avtomobilin altından səs gəldiyini eşitmişdir. Çilingəri çağıraraq səsin səbəbinin nədə ibarət olmasını soruşmuş, lakin çilingər sabahı gün gəlib, avtomobilin digər hissələrinə da baxış keçirib, səsin mənbəyinin tapıb, təmir edəcəklərini bildirmişdir. O, avtomobili avtoservisin dayanacağında saxlamış, açarı isə işlədiyi boksun içərisindəki seyfə qoyaraq iş yerindən çıxmışdır. Avtoservisdən çıxarkən iddiaçı ona zəng edərək, onunla görüşmüş və aldığı ehtiyat hissəsinin, təmir xərcinin pulunu vermişdir. Həmin günü gecə saatlarında Səlim ona zəng edərək avtomobildə problemin olduğunu bildirmiş və avtoservisə gəlməyini demişdir. O da öz növbəsində Seyfələ zəng vuraraq avtomobildə problemin olduğunu bildirmiş, Seyfəl də ona onun özünün gedib baxmasını, bu vaxt evdən çıxmayacağını demişdir. O avtoservisə gedib çatanda artıq avtomobilin qabaq hissəsi yanmış və söndürülmüşdür. Hadisə yerindən Seyfələ zəng vuraraq belə bir hadisənin baş verdiyini bildirmiş, Seyfəl də avtoservisə gələrək avtomobilin içərisindən lazımi əşyalarını, sənədlərini götürərək çıxıb getmişdir. Hadisədən sonra Seyfəl ona demişdir ki, hadisədir olan olub, avtomobilin ehtiyat hissələrinin bir qisminin Seyfəl öz hesabına, digər tapılmayan hissələrini isə o özü alaraq, avtomobilin mühərrik hissəsini yığmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh iddiaçının 17500 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır. Qanunun tələblərindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının “vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 228154 saylı mədaxil qəbzinin surətindən göründüyü kimi, iddiaçı hazırki məhkəmə işi ilə bağlı 200 manat məbləğində pul vəsaitini 11 saylı Vəkil Bürosunun hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar olan məsrəflərin sırasına həmçinin nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Odur ki, iddiaçının həmin tələbi də təmin edilməlidir. İddiaçının «mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq onun nəfinə ödənilməsi» tələbinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, həmin tələb təmin edilə bilməz. Belə ki, cavabdeh tərəfindən ona bilavasitə hansı formada və məbləğdə mənəvi ziyan vurmasına dair iddiaçı məhkəməyə heç bir sübut təqdim edmədi. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21.1, 386.1, 1091, 1092.1, 1093.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.5-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “apelyasiya kollegiyası isə iddia tələbini rədd edərkən Cavabdeh ilə X9 15.02.2017-ci il tarixli icarə müqaviləsinə əsasən hazırki cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1003 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyəti üzrə ona məxsus (40 kv.m ) hissəsini icarəçi X6 verməsinə əhəmiyyət verməmiş, həmçinin münasibət bildirməmiş, yalnız icarə müqaviləsinin mövcudluğuna istinadən hazırki cavabdehin iddia tələbinə cavab verməli olmayan şəxs olması qənaətinə gəlmişdir. Halbuki, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan bir məhkəmə kimi apelyasiya kollegiyası hazırki cavabdehin yanğın hadisəsi ilə əlaqədar vermiş olduğu izahatla qarşılıqlı surətdə icarə müqaviləsi üzrə münasibətləri, bu münasibətlərin qeyri-yaşayış sahəsinin hansı hissəsini əhatə etdiyini, yəni hadisənin baş verdiyi hissəyə aidiyyətinin olub-olmadığını araşdırmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində hazırki cavabdehə avtomobilin tam təmir edilib satılması ilə bağlı etibarnamə verdiyini də göstərmişdir”. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən apellyasiya qaydasında yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmeti iddiaçının özünə məxsus "Mercedes E-270" markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməklə bağlı 11.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən və cavabdehə məxsus olan "Dərnəgül Servis"ə aparması, 11.09.2017-ci il tarixdə saat 5 radələrində servisə gələrək maşını təhvil almaq istədikdə ustanın deməsinə görə 2-3 hissədə nasazlıq olduğuna görə avtomobil servisdə qalmalı olması, axşam ustanın bildirməsinə görə avtomobildə qısa qapanma baş verməsi, avtomobilin qabaq hissəsindən alov tutub bütöv yanaraq tam yararsız hala düşməsidir. İddia tələblərinə əsasən cavabdeh tərəf avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə vəd vermiş və o, da onlara inanaraq hadisə ilə əlaqədar şikayətinin olmadığını bildirmişdir. Lakin sonda yanıldığını anlamış, cavabdeh tərəf verdiyi sözə əməl etməmişdir. O, dəfələrlə cavabdeh tərəfə müraciət edərək avtomobilin tam yararlı hala salınaraq ona təhvil verilməsini və ya vurulmuş maddi zərəri ödəmələrini tələb etmiş, lakin cavabdeh tərəf buna əhəmiyyət verməmişdir. Cavabdehin təqsiri ucbatından o, xeyli miqdarda maddi ziyana məruz qalmış, avtomobildən məhrum olmuş, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 17.500 manat məbləğində pul tutularaq ona ödənilməlidir. İş materiallarında olan 31 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir:“12 sentyabr 2017-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən “Dərnəgül Servis”in həyətində saxlanılmış, İddiaçı məxsus “Mercedes Benz 270 CDİ” markalı ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın hadisəsi baş vermişdir”.; “Hadisə ilə əlaqədar izahatı alınmış "Dərnəgül Servis"in sahibi cavabdeh göstərmişdir ki, 12.09.2017-ci il tarixdə, saat 02radələrində Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən ona məxsus "Dərnəgül Servis"in həyətində saxlanılmış avtomobildə baş vermiş yanğın barədə telefon vasitəsi ilə xəbər tutmuşdur. Dərhal hadisə yerinə gedərək yanğının artıq söndürüldüyünü görmüşdür. Ehtimalına görə, yanğın qısaqapanmadan baş vermişdir. Yanğın nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, hadisə ilə əlaqədar şikayəti yoxdur. Cavabdeh ərizə ilə müraciət edərək 12.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən ona məxsus "Dərnəgül Servis"in həyətində saxlanılmış avtomobildə baş vermiş yanğınla əlaqədar şikayəti olmadığını, yanğın zamanı ona maddi ziyan dəymədiyini bildirmişdir.”; “İddiaçı ərizə ilə müraciət edərək 12 sentyabr 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Dərnəgül Servis”in həyətində saxlanılmış ona məxsus “Mercedes Benz 270CDİ” markalı ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın nəticəsində ona 16000 manat məbləğində maddi ziyan ödədiyini, avtomobilin “Dərnəgül Servis” tərəfindən tamamilə bərpa edildiyini, hadisə ilə əlaqədar heç bir tələb və şikayəti olmadığını bildirmişdir”. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31.01.2018-ci il tarixli qərarda hazırki cavabdeh yanğın baş vermiş Servisin sahibi kimi dindirilmiş, o, yanğın nəticəsində ona ziyan dəymədiyini bildirmiş, lakin X9 ilə aralarında obyektlə bağlı icarə müqaviləsi olması barədə bir kəlmə belə bildirməmişdir (Səh 11). Həmçinin hazırki cavabdeh qeyd edilən izahatında avtomobilin Servisin həyətində saxlanılmasını göstərmişdir. İş materiallarında olan 15 fevral 2017-ci il tarixli İcara Müqaviləsindən görünür ki, X1 icarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1003 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyəti üzrə ona məxsus (40 kv.m ) hissəsini icarəçi X6 15.02.2027-ci il tarixədək icarəyə verir. İşə əlavə edilmiş əmək müqaviləsi bildirişinə əsasən, işçi X5 işəgötürəni X9, iş yeri avtoservis, vəzifəsi avtomobil mühərrikinin təmiri olmuşdur. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 21., 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. - 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. - 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların məzmunundan görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Beləliklə, məhkəmə kollegiyası işin tədqiq edilmiş materiallarına əsasən qeyd edir ki, iddiaçının özünə məxsus "Mercedes E-270" markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməklə bağlı 11.09.2017-ci il tarixdə Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən və cavabdehə məxsus olan "Dərnəgül Servis"ə apararaq avtomaşını servisin işçisi Kamal adlı ustaya təmir məqsədi ilə təhvil verməsi, avtomaşının təmirdən sonra usta tərəfindən servisdən çıxarılaraq servisin həyətində saxlanması, bundan sonra avtomobilin alov tutub bütöv yanaraq tam yararsız hala düşməsi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobil söndürülməsi, 29.09.2017-ci il tarixdə yanğın haqqında akt tərtib edilməsi işin mübahisəsiz hallarıdır. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, servisin mülkiyyətçisi tərəfindən servisin 1003 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin yalnız 40 kv.m hissəsi icarəçi X6 verilmişdir. İş materiallarında olan 15 fevral 2017-ci il tarixli İcarə Müqaviləsinin 11-ci bəndindən görünür ki, icra obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” tərəfindən həyata keçirilir. Kollegiya qeyd edir ki, avtomaşının 3-cü şəxs tərəfindən təmirdən sonra servisin həyətinə qoyulandan sonra naməlum səbəblərdən yanması faktı mübahisəzdir. Bu həm cavabdehin, həm 3cü şəxsin, həm də iş materiallarında olan 29.09.2017-ci il tarixdə yanğın haqqında aktın məzmunu ilə təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, avtomaşının cavabdehə məxsus servisdə deyil, onun həyətində yanması faktının mövcudluğuna baxmayaraq iddiaçı tərəf avtomobilin yanaraq tam yararsız hala düşməsində cavabdehin onun qarşısında mülki məsuliyyət daşımasını yalnız onu avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə verdiyi vədə əməl etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia üzrə cavabdehin iddiaçının qarşısında mülki məsuliyyət daşımalı olmasının əsaslarını düzgün göstərməmiş, cavabdeh iddiaçının 17500 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etməsini konkret sübutlarla əsaslandırmamış, avtomaşının yanması ilə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını müəyyən etməmiş, iddiaçının avtomaşının yanması ilə ona 17500 manat ziyan dəyməsini təsdiq edən sübutlar təqdim etməməsinə, təqdim edilən sübutları isə MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmiş, həmçinin cavabdehin iddiaya cavab verən şəxs olmalı olmamasına diqqət yetirməmiş, beləliklə iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını hazırki işə düzgün tətbiq etməmişdir. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apelyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının hazırki cavabdehə avtomobilin tam təmir edilib satılması ilə bağlı etibarnamə verməsi faktının mövcudluğu belə cavabdehin iddiaçı qarşısında hazırki işin predmeti baxımından mülki məsuliyyət daşımalı olmasına dəlalət etmir. İddiaçı FHN-də araşdırma zamanı hadisə ilə əlaqədar şikayətinin olmamasının göstərməsinin aldatma nəticəsində baş verməsinə dair məhkəməyə sübutlar təqdim etməmişdir. Halbuki, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin, 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Kollegiya qeyd edir ki, iddiaçının özünə məxsus avtomaşının yanma səbəbləri FHN-də aparılan araşdırma zamanı müəyyən edilməmişdir və iddiaçı bu halın baş verməsində yalnız hərəkət və ya hərəkətsizliklə bağlı ziyan vurulması ilə bağlı təqsiri mötəbər sübut növləri ilə təsdiq olunan şəxsə və ya şəxslərə qarşı iddia qaldırmaq hüququndan istifadə edə bilərdi. Həmçinin, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin bu norma ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən iddia tələbində göstərilən digər törəmə tələblərə də qiymət verilməsinə lüzum olmaması qənaətinə gəlir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-cı il tarixli, 2(006)-344/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbləri rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1644/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1644/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver