Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1644/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MTK-nın AR İN yanında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh3 Şıxəli oğluna qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılma, mənzilin iddiaçının xeyrinə özgəkininkiləşdirilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılma, mənzilin iddiaçının xeyrinə özgəkininkiləşdirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3756/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" MTK-nın Cavabdeh3 (3-cü tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi, mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində Cavabdeh3 eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3756/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olduğundan iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Halbuki Suraxanı rayon İcra hakimiyyəti Başçısının xx.xx.2018ci il taixli 63 saylı “yaşayış binalarının tikintisinin layihələndirilməsi və ərazi planlaşdırılması sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamı ilə həmin ünvanda iddiaçıya bina layihələndirilməsi və tikintisi üçün icazə verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarına əsasən məhz torpaq sahələrinin mülkiyyətçiləri ilə razılıq əldə edilməsi nəzərdə tutulmuşdur. Yəni bu qərarda mənzil mülkiyyətçilərindən bəhs edilmir. Tərəflər öz aralarında razılığa gələ bilmədikləri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəni məhkəmədə həll etməyə çalışmışlar. Məhkəmə hesab etmişdir ki, tikililər qəzalı vəziyyətdə olduğu üçün mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl edilməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə həyata keçirilir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarının 4cü bəndinə əsasən, Bakı şəhərinin Suraxanı və digər Rayon İcra Hakimiyyətlərinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarın 4.1 və 4.2-ci bəndlərində göstərilənlərdən başqa digər müddəalar həmin tarixdən sonrakı münasibətlərə şamil edilmişdir. Yəni o torpaq sahələrinin mülkiyyətçiləri ilə razılığın əldə edilməsi və sair məsələlər 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı və layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş MTK-lara aid edilməmişdir. Odur ki, həmin məsələnin mövcud halda onların işə tətbiq edilməsi qəbul edilməzdir. Həmçinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsində yerləşən 5 saylı bina istismara yararsız və qəzalı vəziyyətdə olduğundan və həmin binadan, eləcə də ətraf binalardan digər sakinlər köçürüldüyündən iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilməz. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin də əsas məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından ibarətdir. Binanın istismara yararsız və qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır, buna görə də binanın sakinlər tərəfindən, o cümlədən cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılması zəruridir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uygun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
6. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı xx.xx.2009cu il tarixli çıxarışdan görünür ki, ünvan 2 mənzil 6 tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 893 nömrəli reyestr kitabının 83023 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il taixli 63 saylı “yaşayış binalarının tikintisinin layihələndirilməsi və ərazi planlaşdırılması sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "Etibarlı” MTK-nın daimi istifadəsinə verilməsi və tikintinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.
8. ünvan 2 ünvanda yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, “Bakımənzilkommunallayihə" Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin sektor müdiri N.Qəniyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasət şöbəsinin müdir müavini B.Rzayev, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini E.Yolçiyev, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24,02.2015-ci il tarixli xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması, tam qəzalı vəziyyətdə olan yaşayış evlərinin müəyyən edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bina 1955-ci ildə inşa olunmuşdur, 2 girişli, 2 mərtəbəlidir, mənzillərin sayı 8, sakinlərin sayı 25, ailələrin sayı 8-dir. Planda ölçüsü 26.2 x 12.6 m-dir. Binanın divarları but daşından olmaqla tikilmişdir. Divarların bəzi yerlərində suvaq qopmuş və iri ölçülü çatlar əmələ gəlmişdir. Dam örtüyü ağac elementlər üzrə asbest-sement vərəqlərdən örtülmüş, çardağın ağac elementləri bəzi yerlərdə çürüyüb yararsız vəziyyətə düşmüşdür. Binanın kommunal şəraiti yoxdur.
9. Tətbiq edilən maddi hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
12. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu İl tarixli Qərarı
13. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Həmçinin bu hallar mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı kimi əsas prinsiplərin pozulması ilə nəticələnə bilər.
18. İddiaçının apellyasiya şikayətinin birinci dəlili odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarına əsasən məhz torpaq sahələrinin mülkiyyətçiləri ilə razılıq əldə edilməsi nəzərdə tutulmuşdur. Yəni bu qərarda mənzil mülkiyyətçilərindən bəhs edilmir. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; Kollegiya bildirir ki, həmin qərar torpaq sahələrinin mülkiyyətçiləri ilə yanaşı söküləcək binadalardakı mənzil mülkiyyətçilərini də ehtiva edir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
19. İddiaçının apellyasiya şikayətinin digər dəlili həmin qərarın 4.1 və 4.2-ci bəndlərində göstərilənlərdən başqa digər müddəaların həmin tarixdən sonrakı münasibətlərə şamil edilməsi, yəni o torpaq sahələrinin mülkiyyətçiləri ilə razılığın əldə edilməsi və sair məsələlərin 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı və layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş MTK-lara aid edilməməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, apellyaisya şikayətinin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini; 4.4. görülmüş işlər barədə ayda 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini; 4.5. bu Qərar qüvvəyə mindiyi gündən 7 (yeddi) iş günü müddətində 4-cü hissədə qeyd edilən tikintiyə icazə icraatına başlanılmış (layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş) tikinti layihələri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsini.
20. Göründüyü kimi, qərarın 4.1 və 4.2-ci bəndləri ilə yanaşı digər bəndləri də 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə də aiddir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
21. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsində yerləşən 5 saylı bina istismara yararsız və qəzalı vəziyyətdə olduğundan və həmin binadan, eləcə də ətraf binalardan digər sakinlər köçürüldüyündən iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilməz. Kollegiya həmin dəlillə bağlı isə bildirir ki, istifadəyə yararsız binaların sökülməsi ilə bağlı yuxarıda qeyd olunan qərarlara və sərəncama əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıqla xitam verilməsi və əvəzləşdirilməsi nəzərdə tutulmuşdur, hazırda tərəflər arasında belə qarşılıqlı razılıq əldə olunmamışdır, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
22. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
23. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Prosessual qanunun tələbinə görə də (Maddə 385.2.) birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3756/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov