Məhkəmə qərarları › İş №2(103)-1647/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1647/2025

02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1647/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı, X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4942/2024 saylı iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Yahubava Hanna Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində depozitin və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1333 (bir min üç yüz otuz üç) manat məbləğində pulun tutularaq iddiaçı Yahubava Hannaya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Yahubava Hanna ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 1157-ci məhəllə, 17D saylı evin 219 nömrəli mənzilinin icarəsi olmuşdur. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq iddiaçı Yahubava Hanna tərəfindən Cavabdeh əvvəlcədən 1300 (bir min üç yüz) manat məbləğində depozit ödənilmişdir. Müqaviləyə və müvafiq olaraq müqavilə üzrə hüquq münasibətlərinə xitam verildiyinə baxmayaraq, həmin depozit Cavabdeh tərəfindən müqavilənin 3.1-ci bəndinin müddəalarına zidd olaraq (Yahubava Hannanın mənzilin istifadəsinə görə kommunal ödənişlər üzrə borcu olmamışdır, habelə onun tərəfindən mənzilə heç bir ziyan vurulmamışdır) qaytarılmamışdır. Cavabdeh iddiaçı Yahubava Hannanın yazılı pretenziyasına yazılı şəkildə cavab verməmiş, telefoq danışıqları zamanı isə bildirmişdir ki, 1300 (bir min üç yüz) manat məbləğində pulun qaytarılmasından imtina edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4942/2024 saylı iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pulun və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Yahubava Hannaya verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinaya dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4942/2024 saylı iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, iddiaçı cavabdehə qarşı iddia tələbindən imtina edir, eyni zamanda iddia üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4942/2024 saylı iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar