Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1650/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X1, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 200 000 manat maddi, 200 000 manat mənəvi ziyanın əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx xxxxxxxx 1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olaraq ailəsi ilə birlikdə orada yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 29 iyun 2015-ci il tarixdən hesablanmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü dəyişdirilərək ona CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ilədək endirilmiş, qalan hissədə hökm dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərardan tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı ləğv olunaraq cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək təyin olunmuş cəza müddəti 8 ilədək endirilmişdir. Məhkəmənin bu qərarından tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliyi sübuta yetirilmədiyi üçün barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Beləliklə, 29 iyun 2015-ci il tarixdən 02 mart 2021-ci il tarixədək, yəni 5 il 8 ay 2 gün və ya 2067 gün müddətində həbs altında saxlanmışdır. Ailəsinin yeganə qazanc gətirəni olmuş, məhkəmə aktlarında qeyd edildiyi kimi Sədərək ticarət mərkəzində Çexiya Respublikasından şəxsən gətirdiyi xrustal qablar və çilçırağın alqı-satqısı ilə məşğul olmaqla hər ay 1500-2000 manat məbləğində qazanc əldə etmişdir. Qanunsuz olaraq həbs edildikdən sonra təxminən illik 20 000-25 000 manat təşkil edən, ümumilikdə isə həbsdə olduğu müddətdə 120 000 manatdan artıq qazancdan məhrum edilmiş, ailəsinin dolanışığı pisləşmiş, ailəsi də maddi və mənəvi iztirablara düçar olmuş, qonşular, qohumlar, dost və tanışları arasında nüfuzdan və etibardan düşmüşdür. Əvvəlki hörmətini, nüfuzunu qaytarmaq üçün hər bir onu tanıyana Ali Məhkəmənin bəraət qərarını göstərməklə özünü, əvvəlki nüfuzunu reabilitasiya etməyə çalışır, lakin hər bir halda ətrafının şübhəli-inamsız baxışları onu məyus edir. Hər gün bu sarsıntılar və iztirablarla yaşayır, işi ilə bağlı ona olan inam sarsılaraq qazanc yerini, eləcə də, Sədərək TM-də ticarət mağazası da əlindən alınmışdır, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 51 ünvanda yerləşən evi və ticarət obyekti də ona qanunsuz ittihamın verilməsinə səbəbkar olan şəxs tərəfindən əlindən alınmışdır. Pasport qeydiyyatı orada olsa da, qohumların evində yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəblə işini əvvəlki vəziyyətdə bərpa edə bilməmiş, işsiz-evsiz olmaqla maddi çətinlik içindədir. Məhkum olunduqdan sonra 1991-ci ildə qurduğu ailəsi dağılmış, Yasamal Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli qətnaməsi ilə həyat yoldaşı X2 ondan ayrılaraq boşanmışdır. Ona qanunsuz ittihamlar verilərək Bakı İstintaq Təcridxanasında saxlanması, sonra məhkum olunaraq cəzaçəkmə müəssisəsində uzun bir vaxtda qalması müxtəlif xəstəliklərə düçar olması, xüsusilə də şəkər xəstəliyinə tutulması ilə nəticələnmişdir. Ona dəyən fiziki və maddi ziyanı bütövlükdə 200 000 manat, mənəvi ziyanı 200 000 manat məbləğində dəyərləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, İddiaçı vurulmuş mənəvi zərərə görə 10 000 (on min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğvini və iddia tələblərinin tam təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, maddi zərər tələbini təmin etməməklə ədalətsizliyə yol verdiyini, mənəvi zərərin məbləğini isə düzgün müəyyənləşdirmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, Daxili İşlər Nazirliyinin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə iddiasının təmin olunmayan hissəsi üzrə qətnamədən şikayət vermişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə iddiaçının xeyrinə tutulmuş mənəvi ziyanın məbləğinə aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 29.06.2015-ci il tarixdən hesablanmış, hökmlə zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilərək 388 000 manatın və 30 000 avronun (cinayət törədilən dövrün məzənnəsi ilə 34 563 manat), habelə 21 manat dövlət rüsumunun ondan alınıb zərərçəkmiş şəxsə ödənilməsi qərara alınmış, həmin hökmdən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək İddiaçı təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ilədək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuş, cinayət işinə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək iddiaçıya təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ilədək endirilmiş, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 102 ünvanda yerləşən anbarda saxlanılan çil-çıraqların komplekt hissələrinin hökmün nəticəvi hissəsində göstərilmiş təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə (mülki iddiaçıya) “vurulmuş ziyanla bağlı tutmaların həmin mallara qanuna müvafiq qaydada yönəldiləcəyi” vaxt 66 798,00 manat məbləğin nəzərə alınması qət edilməklə qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.03.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı və onunla əlaqəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ləğv olunmuş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, o, dərhal məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İddiaçı məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi də onun qanunsuz həbsdə saxlanıldığını və bununla bağlı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaqda haqlı olduğunu vurğulayaraq iddia tələblərinin qismən təmin edilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır: Belə ki, Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18.02.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Bu kontekstdə kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, qanunsuz həbsə alınması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, özünün və ailə üzvlərinin barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə tutduğu mənəvi zərərin miqdarı onun məruz qaldığı mənəvi iztirabların dərəcəsinə adekvat olmamışdır və hüququn ümumi prinsipləri nəzərə alınmaqla iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyan məbləğinin ağlabatanlıq meyarından irəli gəlməklə 30 000 (otuz min) manat müəyyən edilməsi işin halları baxımından daha ədalətli və ağlabatandır. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni isə əsaslı hesab edir: belə ki, iddiaçı bu tələblə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir; hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, əgər iddiaçı sonradan ləğv olunmuş hökmün mülki iddiaya dair hissəsinin icra olunması ilə əlaqədar maddi ziyana məruz qalmışdırsa, hökmün icrasında geri dönüşün təmin olunması barədə müvafiq məhkəməyə müraciət etmək hüququna sahibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5207/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi “İddiaçı vurulmuş mənəvi zərərə görə 10 000 (on min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” hissəsində dəyişdirilsin. Mənəvi ziyanın kompensasiyası qismində 30 000 (otuz min) manat İddiaçı Dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1650/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1650/2022
10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver