Məhkəmə qərarları › İş №2(103)-1653/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1653/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1653/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman oğlunun katibliyi ilə İddiaçı, onun nümayəndə-vəkili Vəkil2 və cavabdehin nümayəndə-vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20.000 manat pulun və 250 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 20.000 manat dəyərində əsas borc, 1416 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 21416 manat məbləğində pulun və 250 manat məbləğində ödənilmiş dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, o, Kazımabad kəndində kartof sahəsi əkib-becərməklə ailəsini dolandırmağa çalışır. Bununla yanaşı kənd sakinlərinin əkib-becərdikləri kartofu alıcılara göstərib onları sahələrlə tanış edir. Cavabdehi 5 il əvvəl atası Zahid İbadovun vasitəsi ilə tanmışdır. Cavabdehin atası Zahid İbadovla uzun müddət aralarında hər mövsümdə kartof alveri olduğuna görə Cavabdeh Kazımabad və Alvadı kənd ərazilərində yığılan kartof məsullarını RF-na yük maşınları ilə yola salmasına iştirak edib vasitəçilik etməyini xahiş elmişdir. Sonuncu dəfə 2022-ci ilin may-iyun aylarında cavabdehin xahişi ilə yaşadığı Kazımabad və qonşu Alvadı Maşlıq kənd sakinlərindən kartof məsulunu Zaurun bibisi oğlu və eyni zamanda onun nümayəndəsi olan İlham adlı şəxsin işdirakı ilə nisyə və nağd şəkildə alaraq cavabdeh üçün dayısı oğlu İlhamın vastəsi və nəzarəti ilə Zaurun göndərdiyi yük maşınlarına yığıb yola salmışdır. Cavabdeh göndərdiyi məsulların bir qisminin pulunu nəğd şəkildə İlhamın vastəsi ilə çatdırsa da, Kazımabad kənd sakinlərinə ümumilikdə 60.000 manat dəyərində kartof məhsullarının pullarını verməmişdir. Cavabdeh telefonu söndürdüyü üçün cavabdehin atası Zahid İbadovu tapıb karofun pullarını vermədiyi üçün ona narazılığını bildirmişdir. Zahid cavabdehin əvəzinə ona nağd şəkildə iki dəfə, xx.xx.2022-ci ildə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat pul vermişdir. Zaur bu pulu camaata paylamağını xahiş edib, qalan pulu isə kartof sahiblərinə söz vermişdir ki, yeznəsi İlhamın adına bankdan pul götürüb hamısının pulunu verəcəkdir. Bu bəhanə ilə camaatı sakitləşdirmişdir. Məhz bundan sonra onun atası Zahid İbadov ona xx.xx.2022-ci il tarixdə 20.000 manat dəyərində toxumluq kartof vermişdir. Borcun 35.000 manatını oğlu Zaurun əvəzinə ödəmişdir. Lakin 25.000 manat borc pulu bu günə qədər verməmişdir. Sonradan isə Zahid ibadov ona bildirmişdir ki, ona verdiyi 20.000 manatlıq karofun hər kiloqramım səkksən qəpiyə yox, 1 manata vermişdir. O, məcbur da olsa, camaatın pulları batmasın deyə bununla razılaşmışdır. Aralarında qalan 20.000 pulu cavabdehdən tələb etmişdir. Lakin cavabdeh ona telefon açmamışdır. Onun və həmkəndlisi Babayev Hüseyn barəsində Cəlilabad rayon Polis Şöbəsinə ona zay kartof göndərdiyini və 65.000 ABŞ dolları, 110. 500 manat dəyərində küllü miqdarda ziyan vurmağı barədə şikayət ərizəsi vermişdir. Cavabdehin bu puldan boyun qaçıracağını görüb Göytəpə PB-nə ərizə ilə müraciət etmiş, ümimmilikdə isə 21 nəfər şəxs xx.xx.2022-ci il tarixində Zaurun bu hərəkətləri barəsində akt tərtib edərək onu imzalamışlar. Çünki cavabdehin yalan danışdığını, göndərdikləri kartof məsullarının hamsının istifadəyə yaralı olması, onları sahədən şəxsən cavabdehin bibisi oğlu İlham adlı şəxsin qəbul edib RF-na cavabdeh üçün yola salması və İlhamın iştirakı ilə kartofun sahədən yığılmasını mobil telefonun kamerasına çəkiliş edib təhqiqata təqdim etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ona dəymiş ziyana görə 98600 manat pul vəsaitinin, (buraya əldə çıxmış faydaya görə 30.000 manat pul vəsaiti də daxildir) ödədiyi 150 manat dövlət rusumunun və iddianın verilməsi ilə bağlı 385.80 pul vəsaitinin, cəmi 99.135,80 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Cəlilabad rayon PŞ-nə Cəlilabad rayonu Kazımabad kənd sakinləri Babayev Hüseyn və iddiaçı tərəfındən 2022-ci ilin aprel-iyun aylarında ona satmaq üçün pis keyfiyyətli, standarta uyğun olmayan zay kartof məhsulları göndərməklə, onu aldadaraq külli miqdarda maddi ziyan vurmaları ilə bağlı ərizə ilə Cəlilabad rayon Polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən onun izahatı alınmaqla araşdırmaya başlanmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehin bir qrup kənd sakinləri tərəfindən ona satılmış kartof məhsullarının pulundan 25 000 manatını borclu qalaraq verməməsi barədə şikayət ərizəsi ilə Göytopə PB-nə müraciət etmişdir. Toplanmış material xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə araşdırılmanın davam etdirilməsindən ötrü Güytəpə PB nə göndərilmişdir. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X12, X9, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X2, X6, X7, Masallı rayonu Təklə kənd sakini X8 və qeyriləri, ümumilikdə 47 500 manat dəyərində kartof məhsullarını pulunu bir həftəyə ödəmək şərti ilə iddiaçının vasitəsi ilə cavabdehə satdıqlarını, sonuncu tərəfindən onların borclarının qaytarılmaması barədə ərizələrlə Göytəpə PB-nə müraciət etmələri göstərilmişdir. Cəlilabad rayon PŞ-nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun 29 dekabr 2022-ci il tarixdə ərizədə göstərilən faktları tam obyektiv araşdırmadan cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, cavabdeh X13 və iddiaçının yaşadığı kənd sakinlərindən kartof məhsullarını toplayaraq satmaları ilə məşğul olduqlarını bilib onlarla kartof məhsullarını cavabdehə satmalarına razılaşmışdır. Razılığa görə onlar cavabdeh üçün X4 şəhərinə hər bir yük maşınına 300-350 manat pul vəsaiti almaqla standart, keyfiyyətli məhsullar toplamaqla, 2022-ci ilin aprel ayının sonlarından iyun ayının 25-dək olan müddətlər ərzində Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X13 və İddiaçı İrec oğlunun ona 18 yük avtomobilində X4 şəhərinə kartof məhsulları göndərmişlər. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X12, X10, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X2, X6, X7, Masallı rayonu Təklə kənd sakini X8 və qeyrilərini tanımır, onlarla heç bir münasibəti və alqı satqısı olmamışdır. Həmin şəxslərin və X13 ilə iddiaçının ondan şikayətlər etmələri onlardan dəymiş ziyanı tələb etməsindən sonra özlərinə haqq qazandırmaq məqsədindən yaranmışdır. X13 və iddiaçı ilə aralarındakı razılaşmaya görə ona göndəriləcək kartof məhsulunun keyfiyyətinə cavabdehliyi Hüseyn və iddiaçının üzərinə qoyulmuşdur. Yük daşıma və gömrük rüsumləri ödəmək isə onun öhdəsinə düşmüşdür. O, aralarındakı razılaşmanın bütün şərtlərini yerinə yetirmişdir. Yüklər birbirinin ardınca yola salındığına görə ilkin yük maşını Moskva şəhərinə çatan zaman bir neçə maşınlar isə yolda olduğundan onları qəbul edilməməsi mümkün olmamışdır. Ona məhsulun zay olması barədə məlumat verildikdən dərhal sonra bunu onlara bildirib, yükün göndərilməsini dayandırmağı bildirdikdə onlar növbəti yüklərin daha keyfiyyətli olacağını vəd etdiklərinə görə onlara inanmışdır. Məhsulların zay və pis keyfiyyətli olmaları yüklər qəbul olunan zaman məlum olmuş ona bu barədə dərhal məlumat verilmişdir. Moskvada olan yükü qəbul edənlər son yükləri isə ümumiyyətlə qəbul etmək istəməmişlər. Həmin yüklərin şəkillərini də ona göndərilmişlər. O, həmin şəkilləri və danışıqları da telefon vasitəsilə Hüseyn və iddiaçıya göndərməklə onlara göndərdikləri məhsulların zay və pıs keyfiyyətli olmasını bildirmişdir. Həmin yüklərə görə 8 yük maşını üçün 350 manatdan 10 yük maşını üçün isə onlara hər yük maşınına görə 300 manat olmaqla 5800 manat məhsulun pulundan əlavə olaraq pul ödəmişdir. Məhsulların standartlara uyğun olmayan pis keyfiyyətli olmasına dair video çəkilişləri onlara göstərmişdir. Məhsulu qəbul edənlər onun bir hissəsini təmizlədiyindən bu yolla ziyanın bir hissəsinin qarşısın almağa nail olmuşdur. Bundan sonra onlar daha 59 000 manat pul vəsaitini ödəməyini tələb etməyə başlamışlar. O, isə aldadıldığını, əksinə ona ziyan vurmalarını bildirmişdir. Belə olduqda iddiaçı ilə Hüseyn cavabdehə onlara 40.000 manat pul verməklə kifayətlənəcəklərini bildirsələr də, buna etiraz etmişdir. Ondan sonra iddiaçı ilə Hüseyn onun xəbəri olmadan atası Zahirə müraciət edərək cavabdehin onlara 59.000 manat borclu olduğunu, onlara 40 000 manat verərsə, bu söhbəti bağlayacaqlarını bildirmişlər. Atası ondan xəbər almadan 25 000 manat dəyərində toxumluq kartof və 15 000 manat pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X13 və iddiaçı ancaq istehlakçıları aldatmaqla aldıqları pul vəsaitinin müqabilində sifarişçilərə pis keyfiyyətli zay məhsullar göndərməklə aldıqları pul vəsaitlərinin ələ keçirərək dələduzluqla məşğul olurlar. Məhsulu aldıqları şəxslərə də məhsulların pullarının sifarişçilər tərəfindən verilmədiyini deməklə, onları da aldadırlar. X13 və iddiaçı cavabdehin adına həmin məhsulları Azərbaycandan və Rusiyada olan yük maşınları sürücüləri ilə Moskva şəhərinə göndərilmişdir. Həmin yuk avtomobil sürücüləri də onun adına göndərilən məhsulların standarta uyğun olmayan pis keyfiyyətli məhsullar olması görmüşlər. İddiaçı və Hüseynin həmin kartot məhsullarını kənd sakinlərindən müxtəlif adamlardan aldıqlarını bildirsələr də, cavabdeh həmin şəxsləri tanımır onlarla heç bir münasibət və əlaqələri belə olmamışdır. X13 və iddiaçı təkrar cavabdehin atasının yaşadığı Masallı rayonunun Ərkıvan qəsəbəsinə gedərək onu hədələməklə pul tələb etdikdə atası onların haqsız olmalarını görüb bu barədə polisə müraciət etmişdir. Şikayət etmiş şəxslərin onlardan İddiaçının almış olduqları kartof məhsullarının pullarının bir həftəyə veriləcəyi barədə verdikləri vədlərdə yalandır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşlıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, özlərinin isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və özlərinin apellyasiya şikayətini müdafiə edərək isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mübahisəyə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair normalar pozulmaqla baxıldığından Xətai Rayon Məhkəməsinin 2(011)- 1724/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən maddənin tələblərini yerinə yetirərkən kollegiya tərəfindən müəyyən edilmişdir ki, hazırki mübahisəyə baxmaqda ümumi məhkəmənin səlahiyyəti olmamışdır, nəticədə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Mübahisənin ümumi, yaxud kommersiya məhkəməsində baxılmalı olmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsində qeyd edilir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. .....Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Apellyasiya baxışı zamanı elektron məhkəmə-informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, həm İddiaçı, həm də Cavabdeh fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış şəxslərdir, aktiv statusda VÖEN-ləri, fəaliyyət istiqamətləri və müxtəlif banklarda hesabları vardır. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla da bu məlumatların doğruluğu təsdiq edilmişdir. Beləliklə, kollegiya tərəflərin sahibkar statusunu, hazırki mübahisənin onların sahibkarlıq fəaliyyətini həyata keçirməsindən dolayı yarandığını nəzərə almaqla hesab edir ki, mübahisə kommersiya xarakterlidir və müvafiq kommersiya məhkəməsində həll edilməlidir. Birinci instansiya məhkəməsi isə baxılan işin subyektiv tərkibinin statuslarını, mübahisənin kommersiya xarakterini nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə görə isə şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəmələrinin mülki və kommersiya kollegiyalarının həmin məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası sadalanan hüquq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, apellyatorların apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin mübahisələndirilmiş qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 387.2.1, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1724/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar