Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1653/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və sair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3005/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.47 kv.m olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır.
2. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.
3. Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMCnin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5, 7, 9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.
5. Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın verilməsi və.s barədə razılığa gəlmişlər. Şirkət müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərəncamına verəcəkdir və.s. Həmin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MTK Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 15 saylı mənzil üzərində onun mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin boşaldılması və sökülməsi, həmin mənzilin yerində tikiləcək çoxmərtəbəli yaşayış binası olan 4 saylı binanın 3-cü mərtəbəsində olan 307 saylı 3 otaqlı yeni mənzilin ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m olan mənzilin cavabdehin mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 24.8 kv.m sahənin hər kv.m-nə görə 1200 manat kompensasiya olmaqla 29.760 manat vəsaitin cavabdehə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək “Relt House" MTK tərəfindən cavabdehə cəmi hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 1.2179 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir və bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. "xxxx" MMC təşkilati hüquqi formasını dəyişərək hazırda MTK kimi fəliyyət göstərməkdədir və “Relt House" MTK "xxxx" MMC-nin hüquqi varisidir. "Relt House” MTK Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamının və Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış müqaviləyə əsasən "Relt House” MTK sözügedən ərazidə yaşayan sakinlərlə danışıqlar aparmaqla qarşılıqlı razılaşmaya əsasən həmin sakinlərə tikiləcək yeni yaşayış binasından ev və ya mənzilinin qarşılığında kompensasiya verməklə ərazidə olan sakinlərin köçürülməsi işlərinə başlamış və prosess hazırda davam etməkdədir. Aparılmış işlər nəticəsində ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müqavilələr imzalanmış, ilkin razılıqlar əldə olunmuşdur. Lakin bir neçə sakinlər də var ki, ilkin razılıqlar olsa da sonradan yaranmış vəziyyətdən istifadə edərək Şirkətdən evinin dəyərinin 2-3 qatını tələb etmək məqsədi ilə qanunsuz zəbt etdikləri əraziləri də əlavə edərək külli miqdarda məbləğ tələb edirlər. Onlar isə MTK olaraq belə hallarda sakinlərə bu işlərin yalnız MTK-nın maddi maraqlarına xidmət etmədiyini, əsas olaraq şəhərin hazırki görünüşünə xələl gətirən istismar vəziyyəti keçmiş və əsasən qəzalı vəziyyətdə olan binaların əvəzinə müasir tələblərə cavab verən, müasir və şəhərin görünüşünü müasir tələblərə uyğunlaşdırılmasına yönəldiyini izah edirlər. Bəzi sakinlər tərəfindən mülkiyyətlərindən suiistifadə kimi hallar isə köçürülmüş digər sakinlərin mənzillə təmin olmasını uzatmaqla yanaşı şirkətə də hər gün külli miqdarda maddi ziyan vurmaqdadır. Əgər belə davam edərsə nəzərdə tutulmuş layihəni yekunlaşdırmaq mümkünsüz ola bilər. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60% -100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir cox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənada zəbt etdiyi ərazilər də İddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Lakin, cavabdeh X5 (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 63.47 kv.m ü/s. ibarət 15 saylı mənzili) iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərdən bəziləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasım gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Xüsusən qeyd etmək istərdi ki, cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vuduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından sui-istifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 -nömrəli binalar 1930cu ildə inşa edilmişdir. O, cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz.
8. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 3-cü mərtəbəsində 307 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 29.760 (iyirmi doqquz min yeddi yüz altmış) manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə Cavabdeh ünvan 4 ünvanında olan 15 saylı mənzil üzərində mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüququna xitam verilməsi və mənzilin cavabdeh tərəfindən boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 100 (bir yüz) manat məbləğində vəsaitin İddiaçı MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Yəni cavabdeh də istismar müddəti ötmüş binanın sökülməsinin zərurətdən irəli gəldiyinin, bina sakinlərinin böyük əksəriyyətinin razı olduğunun fərqindədir. Hansı ki, həmin bina 1926-cı ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Eyni zamanda şəhərin memarlıq görkəminə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və nəticə etibarı ilə texniki cəhətdən qəzalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı mübahisədə mülkiyyət hüququna müdaxilənin qanuniliyinin, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib-edilmədiyinin yoxlanılmasına zərurət yoxdur. Bununla belə, tərəflər arasında kompensasiyanın həcmi barəsində mübahisə vardır və məhkəmə araşdırmasının predmetini hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması və müdaxilənin mütənasibliyi təşkil edir. İşin hallarından müəyyən edildiyi kimi cavabdehin mülkiyyətində olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hissəsi 63.47 kv.m-dir və ekspert rəyində həmin mənzilin artırmasız içdən-içə sahəsi 60.6 kv.m-dir. İddiaçı isə bunun əvəzində ona içdən-içə 94 kv.m mənzil təklif edir. Göründüyü kimi iddiaçı cavabdehə mövcud vəziyyətdən daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 117000 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi 104,35 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229.570 manat edir. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 24.8 kv.m hissəsin hər kvadratmetrinə 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Bundan başqa cavabdehə də məlumdur ki, həmin binaların əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edilmişdir və iddiaçı hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcburdur. Əgər iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışır. Bu səbəbdən də məhkəmə cavabdehin hərəkətlərini hüquqdan sui-istifadə hesab edir. Hansı ki, Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsində qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ-V bəndləri, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 180.3, 203.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı, İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərarı, Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərarı, Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, (X6rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərarı, Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərarı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli Qərarı,və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3005/2024 nömrəli, xx.xx.2024-cu il tarixli qətnaməsini ləğv edərək, İddiaçı MTK-nin cavabdeh X2 qarşı”mənzil üzərində mülkiyyət (istifadə, sahiblik,sərəncam) hüququna xitam verilməsi və mənzilin cavabdeh tərəfindən boşaldılması barədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Cavabdeh (etibarnamə üzrə nümayəndəsi Nümayəndə1) tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus mənzili boşaldılmaq üçün məhkəməyə təklif etdiyi şərtləri nəzərə almamışdır. Buna görə məhkəmə tərəfləri barışdırmaq və onlar arasında kompromisə nail olmaq üçün heç bir tədbir görməmişdir. Nəticədə işə birtərəfli və qərəzsiz baxılmışdır. Belə ki, Cavabdeh iddiaçının mənzilin boşaldılması təklif etdiyi şərtlərini onun üçün qəbuledilməz hesab edərək, məhkəmədə mənzilin boşaldılması üçün bu şərtləri təklif etmişdir: Şərtlərdən biri odur ki, iddiaçı (mülkiyyətçisi) Cavabdeh mənzilin əvəzində ona Azadlıq prospektində yeni tikilmiş binada ümumi sahəsi 130 kv.m-dən az olmayan 5 ( beş) otaqlı yeni mənzil verilməsi şərtilə mülkiyyət hüququ üzrə məxsus olan mənzili boşaldacaq. Bu şərt üçün əsas odur ki, cavabdehin mənzili 63.47 kvadrat metrdən ibarətdir, mənzilin genişləndirilmiş sahəsi 24,80 kvadrat metrdir. Tikinti şirkəti tərəfindən mənzilin sökülməsi zamanı müəyyən edilmiş qaydalara əsasən, 63-65 kv.m-dən ibarət olan 3 (üç) otaqlı mənzil əvəzinə yeni tikilmiş binada 95 kv.m-dən (içdən-içə) ibarət olan 3 (üç) otaqlı mənzillər verilmişdir. Bununla əlaqədar, Cavabdeh tikinti şirkəti tərəfindən yeni tikilmiş binada müvafiq yaşayış əlaqədar, Cavabdeh tikinti şirkəti tərəfindən yeni tikilmiş binada müvafiq yaşayış sahəsi verilməlidir.(ümumi sahəsi 63.47 kv.m. + müəyyən edilmiş qaydalara əsasən MTK tərəfindən verilən əlavə 30,0 kvm.,+ 24,80 kv.m ölçüdə mövcud yaşayış sahəsinin genişləndirilməsi və ona əlavə olaraq faizlə 10,0 kv.m., ümumi 130, 0 kv.m-dən (içdən içə) ibarət olan tam təmirli mənzil verilməlidir. Eyni zamanda, qeyd etməyi zəruri hesab etmişdir, mülkiyyətçisi Telli Aslanovunun ailəsi səkkiz nəfərdən ibarətdir. Cavabdeh Telli Aslanovaya mülkiyyət hüququ üzrə məxsus olan mənzil faktiki olaraq beş otaqdan ibarətdir. Ona görə, iddiaçı Telli Aslanova cavabdeh İddiaçı MTK-dan ona məxsus beş otaqlı təmirli mənzilin əvəzində yeni tikilmiş binada beş otaqlı mənzil tələb edir. Hesab etmişdir ki, bu, cavabdeh Telli Aslanovanın ona mülkiyyət hüququ üzrə məxsus mənzilin boşaldılması üçün irəli sürdüyü şərtlər obyektiv, ədalətli və qanunidir. Bundan başqa, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/5505-9/5690 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 15 saylı mənzilin artırmasız içdən-içə sahəsi 60.6 kv.m., həmin mənzilin artırılmış hissəsinin içdən-içə sahəsi 24,8 kv.m. müəyyən olunmuşdur. Lakin Cavabdeh ekspertin rəyi ilə razı deyil və hesab edir ki, ekspertin rəyində balkon hesabına artırılmış yaşayış sahəsinin ölçüsü düzgün göstərilməmişdir. Belə ki, eyvan hesabına genişləndirilmiş yaşayış sahəsinin sahəsi faktiki olaraq 31 kv.m təşkil edir və ümumi yaşayış sahəsinin ölçüsünü hesablayarkən bu nəzərə alınmalı idi. Qeyd etməyi zəruri hesab etmişdir ki,Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 15 saylı mənzil Azadlıq prospektində yerləşirdi. Cavabdehin mənzilinin yerləşdiyi ev Azadlıq metro stansiyasından bir kilometr aralıda yerləşir. Beləliklə, Telli Aslanovanın ailəsi ilə yaşadığı evin yaxınlığında çox yaxşı nəqliyyat əlaqəsi var. Mənzildə əsaslı təmir işləri aparılmışdır, mənzil yaşayış üçün rahatdır, komfortludur və cavabdeh Telli Aslanova və ailəsi başqa mənzilə ehtiyacı olmayıb. Qonşu mənzillərdən sakinlər çıxarıldıqdan sonra şirkət nümayəndələri tərəfindən sakinlərdən azad edilmiş mənzillər dağıdılmağa başladı. Mənzillərdə parket sındırmağa, pəncərə və qapıları çıxarılmağa, divar və tavanları döyməyə başladılar. Sakinlərdən azad edilmiş mənzillərin dağıdılmasına dair hərəkətləri ilə MTK-nın işçiləri binada yaşamağa davam edən sakinlərin dinc həyat tərzi pozulmuşdur. Qeyd etmişdir ki, iddiaçı Relt House MTK indəyə kimi gələcəkdə sakinlərin yaşaması üçün təmin edəcək binanın layihəsi və yeni tikilmiş binada olan mənzillərin plan-sxemləri onlara təqdim etməmişdir. Bundan əlavə, iddiaçı onlara təklif olunan şərtlərində yeni tikilmiş binanın istifadəyə verilməsi və mənzilin onlara təqdim edilməsi müddətini göstərmir. İddiaçı Relt House MTK mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı cavabdeh Telli Aslanovaya təklif edir.Lakin kirayə haqqın artmasını nəzərə alaraq, Telli Aslanova hazırda 450 manata onun yaşadığı kimi mənzil (tam təmirli,komfortl) bərabər tapa bilməyəcək. Ümumiyyətlə, iddiaçı Relt House MTK yeni evin hansı müddət ərzində istismara verilməsi və cavabdeh Telli Aslanovaya tam təmirli mənzil verilməsi barədə heç bir zəmanət vermir. Eyni zamanda, iddiaçı Relt House MTK tərəfindən cavabdeh Telli Aslanovaya heç bir Bank zəmanəti da vermir. Bu o deməkdir ki, tikinti şirkəti iflas edərsə ya da ev inşa etmək və istifadəyə vermək mümkün olmadıqda, şirkət mənzilin mülkiyyətçisinə respublika banklarından birinin mənzilə görə pul kompensasiyası ödəməsinə heç bir zəmanət vermir. Buna görə də cavabdeh Telli Aslanova ona mülkiyyət hüququ üzrə məxsus olan mənzili apellyasiya şikayətində göstərilən şərtlərə uyğun olaraq boşaldacaq və mənzili iddiaçı Relt House MTK-ya təhvil edəcək. Ümumiyyətlə, hesab etmişdir ki, birinci instansiya yaməhkəməsi qəbul edilmiş qətnaməsi ilə Cavabdeh Qanunla – Azərbaycan Respublikası Konstitusiyası, İnsan hüquqları üzrə Avropa Konvensiyaları həmçinin Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş mülkiyyət hüququnu tam pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2 ildir ki, onlarla danışıqlar gedir. Onlara hədə-qorxu edirdilər ki, təklif edilənlə razılaşmasalar məhkəməyə müraciət edəcəklər. Nofəl adlı şəxsin binanın layihəsini göndərəcəyini dedilər. Amma heç bir layihə təqdim edilməyib. İddiaçı binanı illərdir gecikdirir, tikmir. Hazırda 3 sakin qalıb, iddiaçının məqsədi onları oradan çıxarmaqdır. Qonşuları müqavilələri alıblar. Onlara 2 mənzil veriblər. Sahələri də böyükdür. Onlara amma balaca bir mənzil təklif ediblər. MTK heç bir plan, sxem, icazə sənədləri təqdim etməyib. Onlarla danışan şəxs özünü müdir kimi təqdim edirdi. Balkonun artırmasını da çox az hesablayıblar. Onların istəyi evlərinə köçməkdir. Amma bilirlər ki, MTK binanı tikməyəcək. MTK-nın tikdiyi binanın arxa tərəfləri artıq çatdır. Binanın altı da pis vəziyyətdədir. Evləri magistral yolda yerləşir. 118.000 manata qiymətləndirilə bilməzdi. Onlar artırmanı da istəyirlər. Qonşulara artıq verilib, amma onlara verilmir. 30 kv.m artıq verilməsi tək onlara aid deyi, hər kəsə elə verilib. Barışıq mümkün deyil. Yeni binanın altı bütün çatdır. Hər gün binada nəsə partlayış olur, video görüntülər də var. Bina çox pis tikilib. 2 otaq üçün 30.000 necə ola bilər. Tam təmirli mənzildir, ən yaxşı avadanlıqlardan alıb təmir etdirmişlər. Qonşular da narazılıq edir. Onlarla “vvhatsap” qrup var, onlar narazılıq edirlər. Onlara içdən-içə hesablanması lazımdır. Evin kv.metrini aşağı hesablayırlar. Balkonu 1000 manatdan hesablasalar da MTK 2000-3000 manata satışını edir. Bütün qonşulara 2 mənzil verilib. Onlara heç normal mənzil təklif edilməyib.Müqavilələri də təqdim edə bilər. Qarşı tərəf başqa məhkəmədə deyirdi ki, hamını süründürəcək.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinin normaları pozulmuşdur. Hərkəsin mülkiyyət hüququ vardır. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ekspert rəyi ilə razı deyillər. Blkon hesabına artırılmış otaq nəzərə alınmayıb. Faktiki olaraq 31 kv.m. təşkil edir. "xxxx" MMC-nin rəyinə əsasən mənzilin bazar dəyəri 118.000 manat təşkil edir.Bu qiymət çox aşağıdır. Ev Azadlıq metro stansiyasından bir az aralıda yerləşir. Bu qiymətə qiymətləndirilməsi inandırıcı deyil. Həm də təmirli mənzildir. Ekspert mənzilin artırılmış hissəsini 24,8 kv.m.hesablayıb. Amma faktiki 31 kv.m. təşkil edir.Tikiləcək binanın layihəsi təqdim edilməyib.Bununla bağlı İcra Hakimiyyətinə də sorğu veriblər. Binanın layihəsini MTK təqdim etməmişdir. MTK-ya verilən icazə ilə bağlı sənədlər də təqdim edilməyib. Təmirli mənzil üçün hesablanan qiymət çox aşağıdır. 450 manat verilən kirayə haqqı da çox aşağıdır. Cavabdeh yeni tikilən binanın mənzillərini görmək, seçmək istəyir. Barışıq mümkün deyil. Müvafiq sorğular vermişdi ki, tikinti üçün icazə sənədi və tikiləcək yeni binanın plan-sxemini təqdim edilsin. Lakin sorğulara cavab verilmədi. Hesab edir ki, məhkəmə sorğu verməli və həmin sənədləri istəməlidir. 4 bloklu 24 mənzil tikiləcəyini,16- 18 mərtəbəli bina olacağını deyirlər.Cavabdehin şərtlərini iddiaçı və məhkəmə nəzərə almayıb. Balkonun artırması nəzərə alınmır. Cavabdehin mənzili tam təmirlidir. 450 manat kirayə haqqı da çox aşağıdır. Kirayə evin qiymətləri 3 otaqlı mənzil üçün 650 manatdan başlayır. Ən aşağı qiymət elə 650 manatdır. 130 kv.metr içdən-içə hesablanmaqla mənzil verilməlidir. Balkon hesabına artırılmış 2 otaq da nəzərə alınmalıdır.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, layihəyə əsasən bina tikilib. Cavabdeh 5 otaqlı ev istəyir. Onlara mənzili göstəriblər, cavabdeh əvvəl razı idi, sonra isə fikirini dəyişdi. 61 kv.m olan ev üçün 104 kv.m təklif ediblər. 2 ekspert rəyini iş materiallarına əlavə ediblər. Cavabdeh digər sakinlərin hüquqularını pozur. Rayon məhkəməsində ekspertiza yenidən təyin edilməsi barədə vəsatət təqdim edilməyib. Cavabdehin dediyi kimi ev magistral yolda yerləşmir. 450 manat kirayə haqqı ədalətlidir. Cavabdeh hüquqlarından sui-istifadə etməyə çalışır. İş kifayət qədər araşdırılıb. İşin bu qədər uzadılması iddiaçının maddi itkilər verməsinə səbəb olur. 5 otaqlı evi cavabdehə verə bilməzlər. 3 otaqlı 104 kv.m içdən-içə 90 kv.m mənzil verə bilərlər. MTK çox ədalətli təkliflər edilmişdir. Onlar qanunsuz tikilini də nəzərə alıblar.Ali Məhkəmədə baxılan işlərdə də eyni bina ilə bağlı olub, sadəcə blok fərqli olub. MTK-nın iddiası qüvvədə qalıb. Hazırda 4 mənzillə bağlı mübahisə var idi, ikisi yekunlaşıb. Müvafiq qurumlar rəy verib. Sakinlər də artıq köçüb. Kirayə haqqını qaldıra bilərlər. Kirayə haqqının məbləğini qaldırdılar. MTK 600 manat ödənişə razıdır. Heç bir sakinə bu cür təklif verilməyib. Rəhbərlik başqa razılığa gəlməyəcək. Razılaşdığı sakinlər şikayət edirlər, narazılıq edirlər.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. İV bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir. Maddə 85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh veriləcək kirayə haqqının məbləği hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materialları ilə müəyyən edilir ki, ünvan 4, ümumi sahəsi 63.47 kv.m olan 15 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir.
28. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5505-9/5690 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən 15 saylı mənzilin artırmasız içdən-içə sahəsi 60.6 kv.m təşkil etdiyi müəyyən olunur. Həmin mənzilin artırılmış hissəsinin içdən-içə sahəsi 24.8 kv.m müəyyən olunur. Həmin mənzilə verilmiş xx.xx.2017ci il qeydiyyat tarixli **********73-05101-093022 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh mülkiyyətinə verilmiş ümumi sahəsi 63.47 kv.m olan 15 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 87000,0 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 15 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 117000 manat məbləğində müəyyən edilir.
29. Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMCnin daimi istifadəsinə verilmiş və yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s İddiaçı MMC-yə həvalə edilmişdir.
30. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus mənzillərin MTK-ya ayrılmış torpaq sahəsində yerləşdiyinə və cavabdehə mənzil və əlavə artırılmış hissə üçün kompensasiya ödənilməklə cavabdehlərin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsini xahiş etmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 3-cü mərtəbəsində 307 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 29.760 (iyirmi doqquz min yeddi yüz altmış) manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması qət edilmişdir.
32. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə mövcud vəziyyətdən daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 117000 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi 104,35 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229.570 manat edir. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 24.8 kv.m hissəsin hər kvadratmetrinə 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
34. Cavabdeh apellyasiya şikayətində evinin və qeyri-qanuni tikililərinin sahəsinin düzgün ölçülmədiyini, onların əvəzində ona daha artıq sahə verilməsini, başqa şəxslərlə bağlanmış müqavilələrə istinad edərək ona artıq sahə verilməsini tələb edir.
35. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “... qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ...Qeyd olunduğu kimi, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. ....Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. ....İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X8rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). ....Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). ....O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. ....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
36. Kollegiya hesab edir ki, cavabdehə ədalətli kompensasiya verilir. Belə ki, cavabdehin mülkiyyətində olan sahə 63.47 kv.m təşkil edir. Vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla 20 faiz əlavə ilə sənədli sahə 76.17 kv.m təşkil edir. Əlavə sənədsiz sahə isə 24.8 kv.m təşkil edir. Sənədsiz olan 24,8 kv.m sahənin isə yarısı 12,4 kv.m-nin 20 faizi 48 kv.m təşkil edir. 24,8 kv.m sahənin yarısı 12,4 kv.m ilə onun 20 faizinin cəmi 14.88 kv.m edir. Belə olan halda sənədli sahəyə görə 20 faiz ödənilməsi ilə 76.17 kv.m və sənədsiz sahəyə görə 20 faiz ödənilməsi ilə 14.88 kv.m-in cəmi sahəsi 91,05 kv.m (76,17+14.88=91.05) təşkil edir. İddiaçı hal hazırda cavabdehə ümumi sahə 104.35 kv.m (içdən işə 94kv.m) sahə təklif edir. Hətta, əlavə olaraq da 29760 manat məbləğində ödəniş edir.
37. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniləcək kirayə haqqının 600 manat olmasına etiraz etmədiyini bildirmişdir.
38. Məhkəmə kollegiyaı qeyd edir ki, cavabdeh öz əmlak hüquqlarından sui-istifadə edərək əmlakın bazar dəyərində bir neçə dəfə artıq əmlak tələb edir. Cavabdehlə razılığın əldə olunmaması isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur.
39. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 2(001)-3005/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi “kirayə haqqının məbləği” hissəsində dəyişdirilməli, mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək Cavabdeh hər ay 600 (altı yüz) manat kirayə haqqı İddiaçı MTK tərəfindən ödənilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 2(001)-3005/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi “kirayə haqqının məbləği” hissəsində dəyişdirilsin. Mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək Cavabdeh hər ay 600 (altı yüz) manat kirayə haqqı İddiaçı MTK tərəfindən ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov