Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1656/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4755/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-125/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, məhkəmə iclas zalından dərhal həbsdən azad olunması hökm edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 2274/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində əsassız cinayət təqibi ilə əlaqədar ona dəymiş məhkəmə xərcləri, əldən çıxmış gəliri və hüquqi xidmət üçün ödədiyi məbləğlər (indiki iddia ilə əlaqədar 320 AZN) birlikdə götürülməklə, cəmi 5.000 manat maddi zərərə görə və mənəvi ziyana görə 100.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı göstərilən hadisə ilə əlaqədar, yəni qanunsuz verilmiş ittihamla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş, həmin ittiham üzrə qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Göründüyü kimi, iddiaçı verilmiş əsassız ittihamla bağlı uzun müddət qanunsuz olaraq həbs edilmiş, bu hal da, ona kifayət qədər ağır iztirab vermiş, mənəvi sarsıntılara məruz qoymuşdur. İddiaçı törətmədiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilib. Bundan əlavə, iddiaçı əsassız cinayət təqibi ilə bağlı uzun müddət işsiz qalmış, vaxtının çoxu istintaq orqanı və məhkəmələrdə keçdiyi üçün işləməyə imkan tapmamış, aylıq məvacibdən məhrum olmuşdur. İddiaçı ibtidai istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qanunsuz hərəkətləri və səhlənkarlıqları nəticəsində qanunsuz və saxta ittihamla cinayət təqibinə məruz qalıb və barəsində əsassız hökm çıxarılıb. Cinayət işinin materialları və qanuni məhkəmə hökmü ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “həbs“ qətimkan tədbiri seçilmiş və o, həmin tarixdən məhkəmə hökmünün çıxarıldığı xx.xx.2022-ci tarixədək fasiləsiz olaraq, yəni 22 ay 30 gün həbsdə saxlanılmışdır. Eyni zamanda İddiaçı qanunsuz apellyasiya protestləri ilə bağlı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 1(102)- 2274/2023 saylı qərarının çıxarıldığı 11 ay 8 gün də əlavə olaraq qanunsuz cinayət təqibinə məruz qalmışdır.
7. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı etiraz verərək göstərmişdir ki, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini də cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Həmçinin, “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərməmişdir. Odur ki, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək maddi və mənəvi ziyana görə pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4755/2024 nömrəli qətnaməsi ilə (hakim H.N.Miriyeva) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 23.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsi üçün 100 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı bəraət alıb həbsdən azad olunanadək 01 il 11 ay (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) müddətində həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə İddiaçı əsassız olaraq həbs edilməsi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həbs qətimkan tədbirinə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı 23 ay müddətində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Bu səbəbdən də, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1.000 manat hesablanmaqla 23.000 manat məbləğində müəyyən olunmalıdır.
13. İddia tələbinin “İddiaçı qanunsuz apellyasiya protestləri ilə bağlı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarının çıxarıldığı 11 ay 8 gün də əlavə olaraq qanunsuz cinayət təqibinə məruz qalması” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-125/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı bəraət verildikdən sonra həmin iş üzrə ittiham tərəfi prosessual qanunvericilikdə nəzərdə tutulmuş protest vermək hüququndan istifadə etmiş və yuxarı instansiya məhkəmələri də protest çərçivəsinə araşdırma apararaq müvafiq qərarlar qəbul etmişlər ki, bu da iddiaçıya mənəvi zərər vurulmasını və buna görə ona kompensasiyanın ödənilməsini istisna edir. Nəzərə alınmalıdır ki, həmin araşdırmalar aparılan zaman iddiaçı azadlıqda olmuşdur. Ona görə həmin hissədə iddia tələbinin təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir.
14. İddiaçının azadlıqda olduğu zaman işləməklə dolanması, qanunsuz həbs olunması nəticəsində 23 aya yaxın müddət ərzində saxlanılmaqla aylıq məvacibindən məhrum olunması dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiasının əsası kimi istinad etdiyi bu hala dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.
15. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd etmişdir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur.
16. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 68-cı maddəsinin İİ hissəsinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 43.3, 1097.1, 1101.1-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 5.5, 6.1-ci bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Cinayət Prosessual Məcəlləsinin 56.0.1, 57.1, 58.2-ci maddələrinə, Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı”, “Younq, Cames və X1rşı” qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci və 41-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Mülki məcəllənin 1100 və 1101-ci maddələrinin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 23.000 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. Qeyd olunmalıdır ki,məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1.000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Məhkəmə qərarının nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
24. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
25. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
33. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.
35. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
36. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
37. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».
38. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 23 ay müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi, onun həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
42. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
43. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
44. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
45. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxılanılması və ya iş üzrə icraata xitam verilməsi üçün mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.
46. Beləliklə, məhkəmə kollegiyasının belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq iddiaçının xeyrinə qanunsuz olaraq həbsdə saxlanıldığı hər aya görə 1.000 manat olmaqla, ümumilikdə 23.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4755/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.