Məhkəmə qərarları › İş №2(103)-1658/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1658/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1658/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-719/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 215000 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-2013-cü illərdə Cavabdeh ilə yaxın münasibətdə olduğuna görə, ona 115000 manat və 64000 ABŞ dolları borc pul vermişdir. 2016-cı ilə qədər Namiq ona yalan vədlər verərək vaxtı uzatmışdır. Sonradan bilmişdir ki, Namiq təkcə onu deyil, bir neçə adamı aldadaraq iş qurmaq adı ilə pul ələ keçirmişdir. Bundan sonra 2017-ci ildə Xəzər Rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Onunla bərabər X1 adlı şəxs də zərərçəkmiş qismində şikayət etmişdir. Namiq onlara ərizələrini geri götürmələrini, evini satıb pulları geri qaytaracağını bildirmişdir. Onunla razılaşaraq şikayətlərini geri götürmüşlər. Lakin bu günə qədər Namiq onun pulunu qaytarmamışdır. Xəzər RPİ-nin qərarı ilə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yuxarıda sadalananları nəzərə alaraq 215000 manat pulun Cavabdeh tutulub ona qaytarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-719/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 115000 manat və 48000 ABŞ dolları ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun manatla pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-719/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Polis İdarəsinin müstəntiqi X2 xx xxxxx 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında və ********* nömrəli cinayət işinin istintaq materiallarında olan Cavabdeh izahatlarında göstərilmişdir ki, o, İddiaçı 2005-ci ildən tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Dadaşla onu tanışı Vüqar Cəfərov tanış etmişdir. Həmin ərəfədə o avtomobillərin alqı-satqısı ilə məşğul olmuş və banklarla müqavilələri olduğundan həmin avtomobilləri kredit yolu ilə satmışdır. Dadaş da avtomobillərin alqı-satqısında, sənədlərin hazırlanmasında və problemli kreditlərin həllində ona koməklik göstərmişdir. 2011-ci ilin yay aylarında Dadaşla belə qərara gəlmişdir ki, bank filialı açsınlar. Həmin vaxt Dadaş bildirmişdir ki, onun bu işlərdən anlayışı yoxdur və bu işi görüb görməməkdə onunla məsləhətləşmişdir. O da Dadaşa bildirmişdir ki, bu şansı əldən vermək olmaz və bu səbəbdən də onlar birlikdə “ Brend Kredit” BOKT Nəsimi fialalı açmışlar. O Dadaşa bildirmişdir ki, bu işi görməklə böyük miqdarda gəlir əldə etmək olar.Bundan sonra fialalın açılması üçün pul vəsaiti lazım olduğundan o, öz evini, Dadaş isə əmisinin evini Banka girov qoymuşlar. Bankdan onun evinə görə verilən kreditdən əlavə Dadaşın əmisinin evinə görə ona təxminən 60000 manat məbləğində pul vermişdir. Lakin işləri yaxşı olmadığından onun həmin pullar müqabilində gördüyü iş iflas etmişdir. Daha sonra Dadaş ondan öz pulunu geri istəməyə başlamış və onun həmin vaxtı pulu olmadığı üçün Dadaşdan vaxt istəmişdir. Lakin aldğı vaxt ərəfəsində də Dadaşa pulu geri qaytara bilməmişdir. Hazırda Dadaşın girov qoyduğu əmisinə məxsus evlə əlaqədar Bakı Apellyasiya Məhkəməsində mülki iş vardır və 2016-cı ilin may ayı ərzində bu məsələ həllini taparaq, Dadaşın əmisinə məxsus evin üzərindən girov yükü götürülərək ona məxsus evin üzərinə yüklənəcəkdir. Bununla da Dadaşla onun arasında olan 60000 manat məbləğində pul öz həllini tapacaqdır. Qalan 48000 ABŞ dolları və 63000 manat məbləğində pulu isə müəyyən vaxt ərzində Dadaşa qaytaracaqdır. Dadaşın ərizə və izahatında yazdığı pul məbləğləri onun hesabladığı fazilərlə birlikdə hesablanan məbləğdir. Əslində isə Dadaş ona əmisinin evinin girov qoyulması nəticəsində 60000 manat, 48000 ABŞ dolları və 63000 manat məbləğində pul vermişdir. Dadaşın əmisinə məxsus evlə əlaqədar Bakı Apellyasiya Məhkəməsində mülki iş vardır və 2016-cı ilin may ayı ərzində bu məsələ həllini taparaq, Dadaşın əmisinə məxsus evin üzərindən girov yükü götürülərək ona məxsus evin üzərinə yüklənəcəkdir.Bununla da Dadaşla onun arasında olan 60000 manat məbləğində pul öz həllini tapacaqdır. Qalan 48000 ABŞ dolları və 63000 manat məbləğində pulu isə müəyyən vaxt ərzində Dadaşa qaytaracaqdır. Dadaş bu pulları ona iş qurmaq üçün verməmişdir. Belə ki, Dadaşdan pulları 5-10 faiz arasında almışdır. Hazırda Dadaşın tələb etdiyi pullar fazilə hesablanan pul məbləğidir. Cinayət işinin materiallarında olan ərizədə Cavabdeh bildirmişdir ki, o, pulları xx xxxx 2017-ci ilədək qaytaracaqdır. Beləliklə, mülki iş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı cavabdehə 115000 manat və 64000 ABŞ dolları pul verdiyini bildirir, Cavabdeh isə iddiaçıdan müxtəlif vaxtlarda cəmi 123000 manat və 48000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdeh həmçinin, cinayət işinin materiallarında olan izahatlarında pulu qaytaracağını bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən aldığıni etiraf etdiyi məbləğin hər-hansı hissəsinin ödənilməsi ilə bağlı sənəd, sübut təqdim edilməmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (borcun verildiyi 2012-13-cü illərdə qüvvədə olmuş redaksiyada). Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da müəyyən olunur ki, cavabdeh tələb həddində 115000 manat və 48000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etsə də, həmin borcun hansısa hissəsini qaytarması barədə sübut təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində işə baxan məhkəmə tərəfindən maddi və prosessual normalarının pozulduğunu bildirsə də, bu pozuntuların nədə ifadə olunmasına dair heç bir dəlil göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-719/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar