Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1658/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Mirtofiq oğluna (Bakı Metropoliteni QSC-nin sədri) qarşı “şəxsin dövlət mükafatına təqdim edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-3546/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Belə ki, iddiaçının vəsatətinə əsasən ona hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkillə təmin edilmişdir. Bununla belə iddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayətini məhkəməyə elektron kabinet vasitəsilə təqdim etməmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 10-1.3-cü maddəsinə görə, ..., habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi - “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir” qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, qeyd edilən normalar şikayətin məhz elektron qaydada verilməsini nəzərdə tutur. Mülki işdən isə göründüyü kimi iddiaçı şikayətini elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim etmişdir. Bundan başqa materiallardan görünür ki, iddiaçı Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəkillə təmin edilmişdir, buna baxmayaraq qeyd edilən qərardaddan verilən şikayət (elektron qaydada verilmədiyindən) geri qaytarıldıqdan sonra da yol verilən nöqsan aradan qaldırılmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Beləliklə, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və NMR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(103)-1658/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1658/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver