Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1660/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X7 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı2, Cavabdeh "xxxx" İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" İB-yə qarşı “zərərçəkmiş şəxsə dəyən ödəncin alınması“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)-1856/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" İB-yə qarşı “zərərçəkmiş şəxsə dəyən ödəncin alınması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı İddiaçı1 mərhum əri X2 ölüm günündən, yəni 15.10.2015-ci il tarixdən ARDNŞ "xxxx" İB-nin 28 May NQÇİ tərəfindən zərəçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınmağı, həmin ödəncin iddiaçıya təyin edilməsi və qətnamənin icra ediləcəyi günədək ödəncin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, yoldaşı X6 ilə 15.11.1966-cı ildə nikaha daxil olmuşdu. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Qızı İddiaçı1 anadan gəlmə qüsurlu olduğundan halhazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-o ser.AR№515457 saylı arayışa əsasən “Ömürlük” 2-ci qrup əlilidir. Həyat yoldaşı X6 "xxxx" İB-nin 28 May NQÇİ-də uzun müddət işləmiş, iş yerində peşə xəstəliyinə tutulması nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona “Ömürlük” 2-ci qrup əlilliyi verilmişdir. 15 oktyabr 2015-ci ildə həyat yoldaşı X6 rəhmətə getmişdir. Tək qalıb və əlil qızı İddiaçı1 onun himayəsindədir. 27 mart 2016-cı il tarixində həyat yoldaşının müavinətinin ona verilməsinin təmin olunması üçün "xxxx" İB-nə müraciət etmişdir. "xxxx" İB-nin SOCAR **********42690034X00134 saylı 15.07.2016- cı il tarixli imtina məktubuna əsasən, T.Hüseynovun aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqəsi olmadığından əmək xəsarətinə görə mərhuma ödənilən müavinətin verilməsinə hüquqi əsas yoxdur. Bu imtina məktubu ilə razılaşmırıq. Belə ki, Səbail rayon Məhkəməsinin 2(009)-2589/2019-cu il tarixli qətnaməsi eyni tipli və eyni predmet barədə çıxarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)- 1856/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 atası X2 ölüm günündən, yəni 15 oktyabr 2015-ci il tarixdən "xxxx" İB-nin 28 May NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququ tanınması, həmin ödəncin iddiaçıya ömürlük təyin edilməsi və 15.10.2015-ci il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləği birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh "xxxx" İByə həvalə edilməsi qət edilmişdir. Həmin qərardan narazı qalan cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin ediməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, X6 "xxxx" İB-nin “28 May” NQÇİ-də uzun müddət işləmiş, iş yerində peşə xəstəliyinə tutulması nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. NQÇİ tərəfindən X4 vəfat etdiyi tarixədək dəymiş zərərə görə ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam hesablanıb ödənilmişdir. İddiaçı 27 mart 2016-cı il tarixində həyat yoldaşının müavinətinin X3 verilməsinin təmin olunması üçün "xxxx" İB-yə müraciət etmişdir. "xxxx" İB-nin 15.07.2016-cı il tarixli imtina məktubunda bildirilmişdir ki, T.Hüseynovun aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqə olmadığından əmək xəsarətinə görə mərhuma ödənilən müavinətin verilməsinə hüquqi əsas yoxdur. Belə ki, hazırki halda X2 ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqə olmadığından iddia əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)-1856/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)-1856/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. "xxxx" MMC-nin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)-1856/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)- 1856/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iş materiallarında olan AЗ 028143 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı2 15 noyabr 1966-cı ildə rəsmi nikaha daxil olmuş, 539 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan 271733 saylı doğum haqqında (təkrar) şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu ƏƏSMN tərəfindən verilmiş 156764 saylı, 04.02.2002-ci il tarixli vəsiqənin surətindən görünür ki, X6 ömürlük İİ qrup əlilldir. İş materiallarında olan AZ-İ № 755018 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 oktyabr 2015-ci il ölmüşdür. Bu barədə qeyd 15 oktyabr 2015-ci il tarixdə 747 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 139 saylı MKTS-nin 438 saylı, 24.06.2020-ci il tarixli arayışından görünür ki, Rzayeva X16 qəsəbəsi Mustafayev küçəsi 24 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. Qızı İddiaçı1 anasının himayəsindədir. İş materiallarında olan TSEK tərəfindən verilmiş TSE-0 AR 515457 nömrəli arayışından görünür ki, İddiaçı1 ömürlük İİ qrup əlilldir. İş materiallarında olan "xxxx" İB-nin 15 iyul 2016-cı il tarixli məktubundan görünür ki, mərhum X5 aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqə olmadığından əmək xəsarətinə görə mərhuma ödənilən müavinatın ona verilməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əmək Məcəlləsinin 212-ci maddəsinə əsasən, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir, ona nəzarət edir və s. Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Əmək Məcəlləsinin 235-ci maddəsinə əsasən, əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə barədə baş verən günü X15 Xidmətinin yerli bölməsinə (və ya X15 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Bu Qaydaların 1.8-ci bəndinə əsasən ... işəgötürən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə ... cavabdehdir. Eyni Qaydaların 2-ci bəndinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər ... baş vermiş bədbəxt hadisələrin təhqiqatı X15 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X15 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X15 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımı nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Kollegiya, apellyasiya şikayətinin X2 ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqə olmaması dəlilinə münasibətdə bildirir ki, bu hissədə aplleyasiya şikayəti əsassızıdır. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iş üzrə üç dəfə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspert qarşısında sual kimi mərhum X2 "xxxx" İB-nin 28 May NQÇİ-də işlədiyi müddətdə tutulduğu peşə xəstəliyi (diaqnoz: xroniki beloma radikuliti, hiporteniya xəstəliyi, beyin qan dövranının pozulması) ilə onun 11 oktyabr 2015-ci il tarixdə ölümü (səbəb: ürəyin dayanması) arasında səbəbli əlaqə varmı, əgər varsa hansı formada olması, örəyin dayanmasına xroniki beloma radikuliti, hiporteniya xəstəliyi, beyin qan dövranının pozulmasının səbəb ola bilməsi qoyulmuşdur. İlk iki ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X12” X18 tərəfindən daxil olmuş 25.05.2021-ci il tarixli, 491/KEŞ saylı və 13.09.2021-ci il tarixli, 394 saylı rəylərinə əsasən müəyyən edilmişdir ki, X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi düçar olduğu peşə xəstəliyi nəticəsində baş verib-verməməsi haqqında fikir söylənilməsi mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 tərəfindən daxil olmuş 01.11.2021-ci il tarixli, 402/MEŞ saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, T.M.Hüseynovun meyitinin tanatoloji müayinəsi aparılmadığından istehsalatda peşə fəaliyyəti dövründə düçar olduğu xəstəliklərin hansı ağırlaşmasının konkret olaraq ölümünə səbəb olduğunu dəqiqləşdirmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, T.M.Hüseynov peşə fəaliyyəti dövründə «Xroniki paraproktit; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz; xr. babasil İİ dərəcə, xr.anal çat, pararektal fistul» kliniki diaqnozu; EKQ-da sol mədəciyin hipertrofiyası, ön divarda infaktdan sonrakı çapıq; nevroloqun konsultativ baxışında «Serebral ateroskleroz»; kardioloqun baxışında «Ürəyin işemiya xəstəliyi, kardioskleroz» diaqnozuları təyin edilmiş və (14.07 - 30.07.2005-ci il) stasionar müalicədə olmuşdur. «Serebral ateroskleroz, beynin sol yarımkürəsinin işemik insultu, sensomotor afaziya, sağ tərəfli hemiparez» əsas xəstəliyi, «Ürəyin işemiya xəstəliyi, kəskin koronar sindrom, infarktdan sonrakı kardioskleroz, ekstrasistolik aritmiya, beynin sağ yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri» yanaşı xəstəlikləri, «Xr.prostatit. Beyin atrofiyası» fəsadları ilə EKQ-da ön arakəsmənin mənfi dinamikası, koronar qan dövranının pisləşməsi, tək-tək mədəcik ekstrasistoliyaları; baş beyinin KT müayinəsində «Sol beyin yarımkürəsində işemik insult, sağ yarımkürədə keçirilmiş insult, baş beynin atrofiyası» diaqnozları təyin edilərək (28.06- 25.07.2008-ci il) stasionar müalicə və müayinələrdə olmuşdur. «Hipertoniya xəstəliyi İİİ mərhələ. Kəskin dissirkulyator ensefalopatiya» əsas xəstəliyi; «Beynin sol yarımkürəsində keçirilmiş işemik insultun qalıqları» yanaşı xəstəliyi; döş qəfəsinin rentgenoskopiyasında ağciyərlərdə ikitərəfli durğunluq fonunda damar şəklinin deformasiyası, ürək-damar kölgəliyinin hər iki tərəfə genişlənməsi, sağ plevra boşluğunda maye; EKQ-da ön arakəsmə nahiyəsində miokard infarktı əlaməti, sol mədəciyin hipertrofiyası» ağırlaşmalarının instrumental diaqnostikası təyin edilərək müvafiq stasionar (08.10.-17.10.2010-CU il) müayinə və müalicə tədbirləri icra edilərək ambulator nəzarət məsləhət görülmüşdür. 11.10.2015-ci il tarixdə «Ürəyin dayanması» səbəbi ilə qəfləti ölüm baş vermişdir. Belə ki, yuxarıda qeyd edilən xəstəliklərin ağırlaşmaları sərbəst şəkildə inkişaf etmir, etioloji və patogenetik cəhətdən əsas xəstəliklə bilavasitə əlaqəli olurlar, bir və ya bir neçə ola bilirlər. Məhz T.M.Hüseynovun ölümünün istehsalatda düçar olduğu «xroniki bel-oma radikuliti fonunda hipertoniya xəstəliyi, beyin qan dövranının pozulması»nın ağırlaşması ilə əlaqədar baş verməsi istisna edilmir. Kollegiya vurgulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdeh "xxxx" İB tərəfindən X2 ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin olmamasına dair irəli sürdüyü dəlili apellyasiya icraatı zamanı keçirilmiş ekspert rəyi ilə inkar edilir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları sayılır. Mülki Məcəllənin 1121-ci maddəsini, habelə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsini hazırki işin halları ilə yanaşı yoxlayaraq məhkəmə qeyd edir ki, iddiaçı 2-ci qrup əlil olduğundan, eyni zamanda anasının əmək qabiliyyəti olmayan şəxs sayıldığını nəzərə alsaq mərhum atasına ödənilən ödənci almağa hüququ yaranır. Həmçinin iş materiallarına əlavə edilmiş, cavabdeh "xxxx" İB-yə qarşı irəli sürülmüş analoji iddia tələbinin yekununa dair qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(103)-735/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" İB-yə qarşı irəli sürülmüş zərərçəkmiş şəxsə dəyən ödəncin alınması tələbində dair iddia, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2589/19 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, iddiaçı X1 mərhum əri X8 ölüm günündən, yəni 18.03.2019-cu il tarixdən "xxxx" İB-nin “Neft Daşları” NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququ tanınmış, həmin ödənc iddiaçıya ömürlük təyin edilmiş və 18.03.2019-cu il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləğinin birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" İB-nə həvalə edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı1 atası X2 ölüm günündən, yəni 15 oktyabr 2015-ci il tarixdən "xxxx" İB-nin 28 May NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınması, həmin ödəncin iddiaçıya ömürlük təyin edilməsi və 15.10.2015-ci il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləğinin birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" İB-yə həvalə edilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" İB-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(009)- 1856/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1660/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1660/2021
13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver