Məhkəmə qərarları › İş №2(103)-1660/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1660/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1660/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi, sübutetmə yükü, özbaşına tikili, hüquqdan sui-istifadə ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2927/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri ünvan 1 ünvan) qeyd olunan ünvanında yerləşən tikilinin sahibi İddiaçı olub.

2. Ev alqı-satqısı ilə fərdi qaydada fəaliyyət göstərən X1 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində 1,5 sot torpaq sahəsində 70 kv.m-dən ibarət iki otaq, mətbəx və hamamsanitar qovşağından ibarət heç bir sənədi olmayan təmirli evin hazırki vaxtda bazar qiyməti təqribən 26000-28000 manat təşkil edir, 2023-cü ilin sentyabr ayında isə təqribən 22000-24000 təşkil edirdi. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində 1,5 sot torpaq sahəsində 70 kv.m-dən ibarət iki otaq, mətbəx və hamam-sanitar qovşağından ibarət çıxarışı olan təmirli evin hazırki vaxtda bazar qiyməti təqribən 30000-32000 manat təşkil edir. 2023-cü ilin sentyabr ayında isə təqribən 26000-28000 təşkil edirdi.

3. Cavabdeh Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində verdiyi izahatda göçtərib ki, o, xx.xx.2023-cü il tarixində İddiaçı ilə 36000 manata razılaşmış, 32000 manat pulu Südabəyə verib, 4000 manatı isə İddiaçı evin sənədlərini qaydasına salandan, yəni onun adına keçirəndən sonra ödəyəcəkdir. Lakin Südabə adlı qadın notariusa gəlməmiş, qaz, işıq suyu onun adına keçirməkdən imtina etmişdir. Bu səbəbdən o, qaz və işığa görə 1500 manat pul xərcləmişdir, suyu da öz hesabına çəkəcəkdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 4000 (dörd min) manatın və ödənilmiş dövlət rüsumu kimi 60 (altmış) manat, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat xərcin, ümumilikdə 4360 (dörd min üç yüz altmış) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərib ki, özünə məxsus fərdi yaşayış evini satışa çıxarmış, makler vasitəsilə cavabdehlə tanış olmuş, evin 36 min manata satılmasına dair razılığa gəlmişdir. Həmin ev Maştağa qəsəbəsində təqribən bir sotdan artıq torpaq sahəsində yerləşən, təxmini 70 m2 sahəyə malik sənədsiz tikilidən ibarətdir, həmin ərazidə evlərin əksəriyyətinin sənədi yoxdur. Cavabdehə evin sənədinin olmadığını demiş, əgər bələdiyyə sənədinin olmasını və kommunal xidmətlərin adına keçirilməsini istəyirsə, qiymətin 38 min manat olacağını bildirmişdir. Lakin cavabdeh 36 min manata razı olduğunu, 32 min manatı dərhal ödəyəcəyini, qalan 4000 manat məbləğindəki pulu isə 2 ay ərzində çatdıracağını bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə cavabdeh nağd olaraq 32000 manat məbləğində pulu ona vermişdir. Bununla bağlı aralarında qəbz imzalanmış, qəbzin əsli onda olmasa da, şəklini çəkmişdir. Lakin cavabdeh qalan pulu indiyə kimi ödəməmiş, evin sənədsiz olduğunu və kommunal xidmətlərə həddən artıq xərc çəkdiyini bəhanə etmişdir. Əslində ərazidə su problemi olduğundan, 17 qonşu pul yığaraq su çəkdirmiş, hər qonşu 250 manat pul vermiş, lakin cavabdeh onlara qoşulmamış, ona görə də onun suyunu kəsmişdir. Cavabdeh 500 manat bələdiyyə üçün, 1200 manat ayrıca suyun çəkilməsi üçün xərc çəkmişdir. Lakin ona ödənilməli olan 4000 manat məbləğində pul vəsaiti indiyə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Polisə müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2927/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, yazılı sübutlara əsasən müəyyən edildi ki, hazırda iddiaçı hər hansı hüquq müəyyənedici sənədi olmayan özbaşına tikintinin cavabdehə satılması barədə şifahi razılaşmaya və məhkəməyə əsli təqdim edilməmiş əlyazma qəbzin surətinə əsaslanaraq, cavabdehin həmin əqd üzrə öhdəliyini icra etmədiyini iddia etməkdə və bu səbəbdən ondan 4000 manat pulun tutulmasını tələb etməkdədir. Mülki iş üzrə sübutlara və mülki qanunvericiliyin tələblərinə əsasən, etibarsız əqdə əsaslanan iddia tələbinin hüquqi əsası olmadığından, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Bundan əlavə, məhkəmə, tərəflərin dəlillərinə mülki iş üzrə sübutlara əsasən hüquqi qiymət verərək müəyyən edir ki, mübahisə predmeti olan əmlakın xüsusiyyətləri nəzərə alınmadan tərəflər arasında hər hansı əqdin mövcudluğu qəbul edilsəydi belə, iddiaçının 4000 manatı tələb etmək üçün tərəflər arasında bununla bağlı şərtləşdirilmiş öhdəliyini yerinə yetirməməsi səbəbindən, iddia tələbi yenə də əsassız hesab olunmalı idi. Belə ki, mübahisəli 4000 manatın sənədləşmə və kommunal xidmətlərlə bağlı olduğu tərəflərin özlərinin izahatları (o cümlədən iddiaçının 36-38 min qiymətləri, habelə kommunal xidmətlərlə bağlı xərclər barədə məhkəmə iclasında verdiyi izahatında, eyni zamanda cavabdehin 14-cü PŞ-də verdiyi yazılı izahatında qeyd olunan hallar), şahidlərin ifadələri (bilavasitə alqı-satqının və tərəflər arasında hər hansı söhbətin şahidi olmayan H.Abasovun ifadəsi istisna olmaqla), xx.xx.2024-cü il tarixli arayış, ev satışı elanları saytından çıxarışlar, həmçinin mülki işin halları ilə tam təsdiq olunur. Ona görə də iddia tələbinin qanuni əsası kimi əqdin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi da çıxış edə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia əsassız hesab olunaraq təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsini xahiş edib göstərir ki, cavabdehin polisə verdiyi izahatından da görünür ki, evin sənədləri iddiaçı tərəfindən qaydasına salınandan sonra, yəni cavabdehin adına keçiriləndən sonra qalan 4000 manat cavabdeh tərəfindən ödənilməli idi, bu şərtə isə iddiaçı özü əməl etməmişdir. Tərəflərindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzin fotoşəklindən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 2800 ABŞ dolları və 27240 manat olmaqla, ümumilikdə 32 min manat pul verdiyi, 4000 manat borcunun qaldığı qeyd edilmişdir. Həmin razılaşmada heç bir əlavə şərt qeyd olunmamışdır. Cavabdeh evin sənədsiz olduğunu bilmişdir. Məhkəməyə təqdim edilmiş bələdiyyə sənədi iddiaçının özünün yaşadığı evə aiddir, satılan evin isə heç bir sənədi olmamışdır. Həmçinin, cavabdeh polisə verdiyi izahatında qalan 4000 manatı ödəmədiyini özü təsdiq etmişdir. Belə ki, cavabdeh öz öhdəliyini yerinə yetirməməsini məhkəmə işə baxarkən nəzərə almamış bu maddənin tələblərini pozmuşdur. İşdə mövcud olan sübutları tam araşdırmadan iddianı rədd etmişdir. Məhkəmə işində mövcud sənədlərdən görünür ki, cavabdeh 4000 azn məbləğın 2 ay ərzində iddiaçıya ödənilməsini öhdəsinə götürsə də, buna əməl etməmişdir. Ancaq məhkəmə qeyd edilən maddənin təsir dairəsinə düşdüyü halda belə iddiaçının müraciətini ətraflı araşdırmamış və ədalətli qərar qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsas sayılır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olsa da, yəni oxşar münasibətlərin dispozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, həm də digər normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

22. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin əvəzli olaraq cavabdehin sahibliyinə verilməsi ilə bağlı ödənilməmiş 4000 manatın ödənilməsi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından mübahisəli tikili cavabdehin istifadəsinə və sahibliyinə verildiyinə görə bu cür iddia haqlı sayılır.

23. Mübahisəli ev kimi istifadə olunan özbaşına tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) görə razılaşdırılmış, lakin ödənilməmiş 4000 manat hissəsi ilə bağlıdır.

24. Belə ki, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən qənaətinin birinci hissəsi ondan ibarət olub ki, iddiaçı hər hansı hüquq müəyyənedici sənədi olmayan özbaşına tikintinin cavabdehə satılması barədə şifahi razılaşmaya və məhkəməyə əsli təqdim edilməmiş əlyazma qəbzin surətinə əsaslanaraq, cavabdehin həmin əqd üzrə öhdəliyini icra etmədiyini iddia etməkdə və bu səbəbdən ondan 4000 manat pulun tutulmasını tələb etsə də etibarsız əqdə əsaslanan iddia tələbinin hüquqi əsası olmadığından, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Əvvəla tərəflərin heç biri hüquq müəyyən edici sənədi olmayan özbaşına tikilinin satılması ilə bağlı şifahi razılaşmanı mübahisələndirmir. Başqa sözlə, mübahisəsiz haldır ki, hüquqa və qanuna uyğun olmasa da tərəflər arasında mübahisəli tikilinin satılmasına dair bir razılaşma olmuşdur. Demək ki, tərəflər bu məsələ ilə bağlı mövcud vəziyyətdən məmnundurlar. Yəni, nə iddiaçı həmin özbaşına tikilini, nə də cavabdeh bu tikiliyə görə iddiaçıya ödədiyi pulu geri tələb etmir. Tələb edilən məbləğ tərəflərin razılaşdırdıqları məbləğdən qalan 4000 manatla bağlı olmuşdur. Ona görə də iddia tələbinin əhəmiyyətsiz əqdə əsaslanması qənaətinə gəlməklə birinci instansiya məhkəməsi səhvə yol vermişdir.

25. Başqa sözlə, əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və qanunvericiliyin tələbinə uyğun olmasa da bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. Ona görə də iddiaçının özbaşına tikili statusunda olsa da fərdi yaşayış evinin inşasına və ya əldə olunmasına vəsaiti sərf olunduğundan razılaşdırdıqları məbləğin tam ödənilməsini tələb etmək hüququ olmuşdur.

26. Bununla da, ödənilməmiş məbləğin ödənilməsi ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, apellyasiya baxışı zamanı da cavabdeh tərəf həqiqətən də razılaşdırdıqları 4000 manatı ödəmədiyini təsdiq etdi, lakin bunun səbəblərinin iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olduğunu israr etdi. Lakin mübahisə predmeti olan evə görə hansısa sənədlərin düzəldilməsini iddiaçının üzərinə götürməsini yalnız cavabdeh bəyan edir. Demək ki, bəyan etdiyi bu halı sübut etmək yükü də onun üzərinə düşür. Lakin cavabdeh bəyan etdiyi halları sübut edə bilmir. Üstəlik imzaladığı qəbzdə bu barədə hansısa şərt göstərilməmişdir. Buna görə qənaətinin ikinci hissəsində də məhkəmənin mövqeyi yanlış olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2927/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh 4000 manat ödənilməmiş məbləğ, 200 manat məbləğində vəkil xərci və ödənilmiş 60 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4260 manat tutularaq İddiaçı ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2927/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 4000(dörd min) manat ödənilməmiş məbləğ, 200(iki yüz) manat vəkil üçün hüquqi yardım və ödənilmiş 60(altmış) manat dövlət rüsumu xərci olmaqla, cəmi 4260(dörd min iki yüz altmış) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar