Məhkəmə qərarları › İş №2(103)-1665/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1665/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1665/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nə qarşı iddia tələbi üzrə (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X5 nümayəndəsi (vəkili) Vəkil4, cavabdeh “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nin nümayəndəsi (vəkili) Vəkil3, digər nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qətnaməsindən, habelə 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və orada göl hazırladaraq balıq yetişdirməklə məşğul olmuşdur.

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X16 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 06 saylı rəydə, İddiaçı xüsusi mülkiyyətindəki 5,25 ha torpaq sahəsində yerləşən 150 x 200 metr ölçüdə olan su tutarının kənd təsərrüfatı məqsədilə istifadəsinə etirazın olmadığı bildirilmişdir.

3. “X19 Sənaye və Ticarət Anonim Şirkəti” tərəfindən Bakı-Qazax yolunun Qobustan və Şamaxı rayonlarının ərazisində yol yatağının tikilməsi zamanı əmələ gələn torpaq həcmlərinin düzgün yığılmaması səbəbilə ərazidə yağış sularından süni göl (sututar) əmələ gəlmiş, təbii yağıntı sularının axarı həmin gölə yığılmış, nəticədə iki təpə arasında olan yağış suları arxının qarşısı təqribən 300 metrdən hündür süni torpaq bəndlə kəsilmişdir.

4. Şamaxı rayonunun X21 qəsəbəsi sakini X6 və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciətə cavab olaraq göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, “Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı rayonu ərazisinə düşən hissəsində aparılan tikinti işləri zamanı tikinti altından çıxan artıq torpaq Acıdərə adlanan əraziyə boşaldılır, yağış sularının nəticəsi ilə toplanmış torpaq aşağı sahələrə sürüşmüş və təbii axar suların qarşısını kəsərək göl yaratmışdır. Yaranmış gölün sel suları zamanı daşma təhlükəsi vardır və sizə məxsus olan gölə təhlükə yaratdığı məlum olmuşdur”.

5. Azər Badurayev İddiaçı qohumudur (bacısının oğlu) və sözügedən balıq gölündə həyata keçirilən işlərə (balıqçılıq fəaliyyətinə) o rəhbərlik etmişdir.

6. Fərdi sahibkar X11 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qaimə-fakturaya əsasən, İddiaçı 2000 kiloqram balıq körpəsi satılmışdır.

7. "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə verilmiş qaimə-fakturalara əsasən, İddiaçı ümumilikdə 37 500 manat dəyərində 115 000 kiloqram taxıl satılmışdır.

8. Şamaxı rayonu Sabir bələdiyyəsinin sədri E. Dəmirov, İddiaçı və Azər Badurayev xx.xx.2018-ci il tarixində tərtib etdikləri aktda göstərmişlər ki, Şamaxı rayonunun Acıdərə kəndi ərazisində, Acıdərə-Təsi yolunun üstündə 2,00 ha torpaq sahəsində yerləşən su tutarında saxlanılan damazlıq ana balıqlardan 150 ədəd 7-8 kq çəkidə, 250 ədəd 4-5 kq çəkidə və 1000 kiloqrama yaxın xırda körpə sazan və müxtəlif növ balıqlar həmin ərazidən qismən kənarda yerləşən İddiaçı mülkiyyətində olan, hazırda X3 tərəfindən faktiki istifadə edilən Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsində yerləşən mövcud su tutarında saxlanılan digər balıqlarla birlikdə qidalanmalarının səmərəli təşkil etmək məqsədilə həmin balıqların qeyd olunan su tutarına köçürülməsini və həmin su tutarına buraxılmasını imzaları ilə təsdiq edirlər.

9. Azər Badurayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq ona, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Şamaxı rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2019-cu tarixli məktubda göstərilmişdir ki, “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə aparılan tikinti işləri zamanı yararsız torpaq kütləsi qeyd olunan əraziyə daşınmış, tökmə torpağın ağırlığından yamacda maili istiqamətdə sürüşmə əmələ gəlmiş, bu da çayda gölün yaranmasına və su kütləsinin toplanmasına səbəb olmuşdur. Yığılan su kütləsinin qarşısındakı torpaq bənd dağılarsa, bir neçə təsürrüfata, örüş sahəsinə və Təsi kəndinə gedən yola ciddi ziyan dəyəcəyi qaçılmazdır”.

10. Həmin məktubda mütəxəssislərin rəyinə istinad olunaraq, aparılmış tikinti işləri zamanı əmələ gəlmiş torpaq kütləsinin həmin sahəyə daşınmasının dayandırılmasının təmin edilməsi və axınının qarşısı kəsilmiş Acıdərə çayının axarının bərpa olunması barədə göstəriş verilməsi xahiş edilmişdir.

11. Sözügedən məktubda qeyd olunan məlumatlarla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X9-Qərb Tikinti Müfəttişliyinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda aşağıdakılar göstərilmişdir: “...X4 tərəfindən Fövqəladə Hallar Nazirliyinə daxil olmuş 11 iyul 2019-cu il tarixli teleqramın araşdırılması məqsədilə qeyd olunan əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, M. Ə. Sabir bələdiyyəsinin 15 noyabr 2018-ci il tarixli məktubu ilə “Bakı-Şamaxı- Muğanlı” avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə “X19 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən aparılan tikinti işləri zamanı meydana gələn yararsız qazıntı materialları avtomobil yolunun km 95+000-97+000 arası sol tərəfində yerləşən M. Ə. Sabir qəsəbəsi ərazisində əkinə yararsız torpağın sahəyə tökülməsinə razılıq verilmişdir. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə aparılan tikinti işləri zamanı yararsız torpaq kütləsi qeyd olunan əraziyə daşınmış, əraziyə tökülən torpaq kütləsi hamarlanmadığından tökmə torpağın ağırlığından yamacda maili istiqamətdə sürüşmə əmələ gəlmiş, sürüşən torpaq kütləsi Acıdərə çayının qarşısını kəsərək torpaq bənd əmələ gətirmiş, bu da çayda gölün yaranmasına və su kütləsinin toplanmasına səbəb olmuşdur. Gələcəkdə yığılan su kütləsinin qarşısındakı torpaq bənd dağılarsa, bir neçə təsürrüfata, örüş sahəsinə və Təsi kəndinə gedən yola ciddi ziyan dəyəcəkdir. Hazırda ərazidə “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nə məxsus 1 ədəd texnika tökülmüş torpaq kütləsinin hamarlanması işlərini aparır. Qeyd olunanları nəzərə alaraq “Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə tikinti işləri zamanı yararsız torpaq kütləsinin avtomobil yolunun km 95+000-97+000 arası sol tərəfində yerləşən M. Ə. Sabir qəsəbəsi ərazisinə daşınmasının dayandırılmasını, ərazidə toplanmış torpaq sürüşməsinin qarşısının alınması üçün tökülmüş torpaq kütləsinin hamarlanmasını və qarşısı kəsilmiş Acıdərə çayının axarının bərpa olunmasını məqsədəuyğun hesab edirik”.

12. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda İddiaçı məxsus su tutarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi kimi qeydə alınmadığı bildirilmişdir.

13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən verilmiş 12 sentyabr 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Nazirlər Kabinetinin 12 may 2017-ci il tarixli 202 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”na uyğun olaraq adıçəkilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamış və Nazirlikdə onların adına balıqçılıq subyekti qeydə alınmamışdır.

14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 sentyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X16 tərəfindən verilmiş rəydə vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsindəki sututarın ekoloji qanunvericiliyin tələblərinə riayət edilməsi şərtilə kənd təsərrüfatı məqsədilə istifadəsinə etirazın olmadığı bildirilmişdir, həmin sututarı balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi obyekti kimi qeydiyyata alınmamışdır.

15. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Sabir Qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinin İddiaçı sorğusuna verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı məxsus süni balıq gölünün 2019-cu ilin aprel ayında partlaması barədə nümayəndəlikdə məlumat vardır.

16. Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində süni balıq gölünün bəndinin partlaması, nəticədə həm göldəki balıqların məhv olması, həm də ətrafda yerləşən təsərrüfatlara ciddi ziyan dəyməsi barədə müxtəlif televiziya kanallarında (“İctimai” TV, “Xəzər” TV, “Baku” TV) süjetlər hazırlanaraq efirə verilmişdir.

17. "xxxx" MMC-nin mühəndisi tərəfindən tərtib olunan arayışa görə, İddiaçı məxsus torpaq sahəsində yerləşmiş süni su tutarının bərpası və əsaslı təmiri üçün 42 006,81 manat tələb olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı (iddiaçı) “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, həmin nümayəndəlik tərəfindən vurulmuş maddi ziyanın əvəzi qismində 720 000 manatın, mənəvi ziyanın əvəzi qismində 30 000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, 2005-ci ildə Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və orada balıq yetişdirmək üçün göl hazırlatmışdır. Həmin göldə balıq saxlamaq üçün lazımi təşkilatlara müraciət edib sənədləşmə aparılmış, qohumu Azər Badurayev ilə balıqları saxlayıb, yetişdirib, satdıqdan sonra gəlirini bölüşmək barədə razılaşmışdır. 2017-ci ildə cəmi 3000 kq olan, 40 000 ədəd 25 qramlıq və 2000 kq damazlıq balıq alınıb həmin gölə buraxılmış, 14 aprel 2019-cu ilə kimi 30 000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Cavabdeh şirkət tərəfindən Bakı-Qazax yolunun Qobustan, Şamaxı rayonları ərazisinin yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı torpaqların sökülüb yığılması nəticəsində böyük həcmli sututar alınmış, həmin suların yığılması nəticəsində başqa sahələrə böyük təhlükə yaranmışdır. X10 tərəfindən şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq, bu böyük təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülməmişdir. Nəticədə 14 aprel 2019-cu ildə şirkətin yaratdığı sututarın müəyyən hissəsinin aşınması səbəbilə yaranan selə görə həmin göl dağılmış, sel nəticəsində göldə saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi selə qoşulub getmişdir. Bununla da saxlayıb yetişdirdiyi 70 ton balıq məhsulu məhv olub əldən çıxmışdır. Şirkət tərəfindən həmin gölün qismən bərpa olunmasına baxmayaraq ona dəymiş ziyan hal-hazıra kimi ödənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkəti onu çox həyəcanlandırmış, nəticədə əsəbi gərginlik keçirərək müalicə olunmuşdur.

20. Məhkəmənin 23 iyul 2019-cu il tarixli protokol-qərardadı ilə “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi əsl cavabdeh qismində “X19 Sanayi və Ticarət Anonim Şirkəti” (cavabdeh) ilə əvəz edilmişdir.

21. İşin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair cavabdehin nümayəndəsinin vəsatəti məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında dəyişdirilmədən saxlanılmışdır.

22. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 bildirmişdir ki, sürücüdür, balıqların Neftçaladan Şamaxı rayonuna daşınmasını həyata keçirmişdir. 2 ton balıq aparmış, hər tona görə 450 manat daşınma haqqı almışdır.

23. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 oktyabr 2021-ci il tarixli rəydə göstərilmişdir ki, “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nin yol tikinti işlərini aparması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilir, hazırda iddiaçıya məxsus olan torpaq sahəsində balıqçılıq təsərrüfatı üçün şərait mövcud deyildir. Lakin həmin torpaq sahəsində dərinliyi 3 metrdən yuxarı olan balıqçılıq təsərrüfatının mövcud olduğu halda 23 760 ədəd çəki, 1782 ədəd qalınalın, 1188 ədəd ağ amur növü olmaqla, 26 730 ədəd balıq saxlanıla bilərdi.

24. Birinci instansiya məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. İddiaçının ona ayrılan sututarda balıq yetişdirməklə məşğul olması işin mübahisəsiz halıdır və iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək sonuncudan zərərin əvəzində pul vəsaiti tələb etmişdir. 25.2. Lakin nə ekspert rəyi ilə, nə də işin hər hansı bir halı ilə cavabdehin təqsirli hərəkəti nəticəsində ziyanın dəyməsi halı aşkar edilmir. Belə ki, deliktlə bağlı maddənin mənasına görə hərəkətin təqsirli olması zəruridir. Əgər, təbii fəlakət olan sel baş vermiş olmasaydı, iddiaçının istifadəsində olan sututara da məhz torpağın bir sahədən digərinə tökülməsi nəticəsində ziyan dəyməsi halı baş verməyəcəkdi. Sel nəticəsində sututarın məhv olması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə mövcud deyildir. 25.3. Ekspert rəyi sübut qismində qəbul edilsəydi və sututarın məhv olunmasında cavabdehin məsuliyyətinin var olması məhkəmə tərəfindən qəbul edilsəydi belə, iddiaçıya dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmayacaqdı. Belə ki, sübutetmə yükü birbaşa iddiaçıya aid olsa da, o ziyanın məbləği ilə bağlı məhkəməyə yetəri qədər sübut təqdim etməmişdir. 25.4. O cümlədən məhkəməyə təqdim olunmuş qaimə-fakturada alınmış məhsulun nə növü, nə də qiyməti əks etdirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır. 25.5. İddiaçının nümayəndəsi izahatlarında sututarında saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş, məhkəməyə müxtəlif dövrlərə aid "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturaları təqdim etmişdir. Məhkəmə müəyyən etmişdir ki, sututarda balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür, hesab-fakturalar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır. 25.6. İş materiallarına əlavə edilmiş videogörüntülərə münasibətdə isə qeyd olunmalıdır ki, balıqların miqdarını müəyyən etmək mümkünsüzdür. Sadalananlara əsasən iddiaçının təqdim etdiyi dəlillər əsaslı hesab edilərək iddianın təmin edilməsinə gətirib çıxara bilməz, belə ki, məhkəmə təqdim edilmiş sübutdan nə alınmış balığın növünü, nə də qiymətini müəyyən edə bilməmişdir.

26. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 23-cü, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 106.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad etmişdir.

27. Məhkəmənin 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin əsas və əlavə qətnamələrinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, məhkəmə ekspertiza təyin etsə də, ekspertin rəyi ilə əsassız olaraq razılaşmamış, baş vermiş hadisənin cavabdehin təqsirli hərəkətlərindən yaranmadığı qənaətinə gəlmişdir. Halbuki, ekspertin rəyində cavabdehin məhz hansı hərəkətlərinin ziyana səbəb olması göstərilmişdir. Eyni zamanda, ekspertin məhkəmə baxışına dəvət olunaraq dindirilməsi ilə bağlı vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Ziyanın həcmi ilə bağlı mötəbər sənədlər - 2017-ci ildə alınan balıqlara dair qaimə, kassa mədaxil orderlərinin qəbzləri məhkəməyə təqdim olunmuş, eyni zamanda alqı-satqı müqaviləsinin iştirakçısı olmuş və malları daşımış yük maşını sürücüləri məhkəmədə izahat vermiş, lakin məhkəmə ciddi hesabat blanklarından istifadə edilmədiyinə istinad edərək dəlilləri mötəbər hesab etməmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır. Halbuki, qanunverici heç bir halda əqdlərin ciddi hesabat blanklarında yazılmamasına görə əqdi etibarsız hesab etmir. Balıqçılıqda məşğul olan fərdi sahibkar kimi taxıl məhsullarını balıqların yemlənməsi üçün istifadə etmişdir. Lakin taxıl məhsullarının hesab-fakturalarına münasibətdə məhkəmə qeyd etmişdir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunsa da taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci, 23-cü, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 106.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandıran apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

33. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallara görə, iddiaçı ona ayrılan sututarda balıq yetişdirməklə məşğul olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı həmin hadisə nəticəsində dəymiş ziyanın ödənilməsini cavabdeh təşkilatdan tələb edir və hesab edir ki, baş vermiş hadisə cavabdehin təqsiri ucbatından baş vermişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən hal cavabdehin yol-tikinti işlərini aparması nəticəsində torpağı bir sahədən digərinə atması və nəticədə baş vermiş təbii fəlakət olan selin iddiaçının istifadəsinə verilmiş sututarına ziyan vurması ilə nəticələnməsi olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının tələbinin qanuni əsası mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsidir, ona görə də mülki hüquq pozuntusunun (delikt) və ziyanın dispozitiv şərtlərinin mövcudluğuna diqqət yetirilməlidir. Belə ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Baxılan işdə iddiaçı baş vermiş hadisə ilə bağlı məhkəməyə müvafiq orqanlardan iddiaçıya ünvanlanmış sənədlər, digər materiallar təqdim etmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahidlər və ekspert dindirilmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən tərəfindən məhkəmə ekspertizası keçirilmiş, rəy iş materiallarına əlavə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli rəyə əsasən, “X19 Sanayi və Ticaret Anonim Şirketi”nin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının İddiaçı istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir. Lakin işə baxan məhkəmələr sel hadisəsinin cavabdeh təşkilatın təqsiri üzündən baş verməsi nəticəsinə gələrkən iş materiallarında olan qeyd edilən sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirməmişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işə baxan məhkəmələr baş vermiş hadisənin təbii fəlakət olan sel ilə əlaqəli olduğu qənaətinə gəlmişlər. Lakin sel hadisəsinin cavabdehin təqsiri ucbatından baş verib-verməməsi müəyyən edilməmiş qalmışdır ki, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından olunb-olmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçı və iş üzrə dindirilmiş şahidlər sel hadisəsinin cavabdeh təşkilatın yolların yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı şirkət tərəfindən torpaqların tökülüb, yığılması nəticəsində böyükhəcmli sututarın yarandığını, dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülmədiyini bildirmişlər. Bu səbəbdən yaranan sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə həmin göl dağılmış, orada saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi isə selə qoşulub getmişdir. Cavabdehin nümayəndəsi isə izahatında bu halları inkar edərək ekspert rəyi ilə razılaşmadığını, baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın gördüyü iş arasında səbəbli əlaqənin olmadığını, eləcə də göldə ümumiyyətlə balıqların mövcud olması, mövcud olduğu təqdirdə onların növü və miqdarı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın hərəkətləri arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək üçün sübutlara tam və hərətərəfli baxmamış, bu halı müəyyən edərkən ekspert rəyi ilə nəyə görə razılaşmadığını əsaslandırmamış, eləcə də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azər Badurayevə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktuba hüquqi qiymət verməmişdir. Qeyd edilən hallar müəyyən edilmədən zərərin cavabdehin hüquqa zidd təqsirli əməli nəticəsində vurulub-vurulmadığı nəticəsinə gəlmək mümkün deyildir. Əgər göstərilən hal müəyyən edilərsə tələbin ziyanla bağlı hissəsi yoxlanıla bilər. Məhkəmə kollegiyası həmçinin, işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək bildirir ki, şikayətin bu dəlili əsassızdır, məhkəmələr tərəfindən işə aidiyyət qaydaları pozulmadan baxılmışdır”.

Təkrar apellyasiya baxışı, izahatlar

34. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndələri (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

35. Təkrar apellyasiya baxışı zamanı, 2019-cu ilin 10-20 aprel (10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20) tarixlərində Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində müşahidə olunmuş hava şəraiti, sel olaraq qiymətləndirilə biləcək təbiət hadisəsinin qeydə alınıb-alınmadığı, əgər alınmışdırsa onun səbəbi və yağış və ya dolu kimi digər hadisələrlə müşaiyət edilib-edilmədiyi barədə məlumat əldə olunması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə sorğu göndərilərək müvafiq cavab alınmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən iddiaçıya məxsus sututarın (balıq gölünün) 2019-cu ilə olan ortofoto (aerokosmik çəkiliş) görüntüləri əldə edilmiş, habelə mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə əlavə tikinti-texniki, əlavə əmtəəşünaslıq və əlavə bioloji ekspertizalar təyin olunmuşdur.

36. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində Şamaxı rayonunun Çıraqlı kəndində sel və ya su basma hadisəsi qeydə alınmasa da, ərazinin relyefi və iqlim şəraiti, o cümlədən aprelin 13-də leysan xarakterli yağışın yağması və çayda sululuğun normadan çox olması (2,1- 2,6 dəfə) səbəbindən, ərazidə suvarma və digər məqsədlər üçün istifadə olunan kiçik arx və kanalların dolması qısamüddətli subasma hallarına səbəb olmuşdur.

37. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: “...Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində İddiaçı məxsus sututarın 2019-cu ilə olan ortofoto məlumatlarından görünür ki, həmin ərazidə göl mövcud olmuşdur. İddiaçı istifadəsində olan sututarın (balıq gölünün) ilkin vəziyyəti ilə bağlı məlumat olmadığından əvvəlki vəziyyətinə gətirilməsi üçün hansı məbləğdə xərc tələb olunduğunu müəyyən etmək mümkün deyil. ...Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30 000 ədəd 25 qramlıq çəki balığı, 4000 ədəd 25 qramlıq belamur balığı, 6000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara 14 aprel 2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23% olan 216 000 (2 il x 180 000 kq) kq yem verilərsə, 30 000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə, həmin 26 508 (30 000 – 6% - 6%) ədəd çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39 762 kq olar. Həmçinin 3534 (4000 – 6% - 6) ədəd belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5301,00 kq, 5301 (6000 – 6% - 6%) ədəd xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7951 kq olar. 2000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23% olan 24 000 (1000 ədəd balıq x 24 kq) kq yem verilərsə, 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə 883 (1000 – 6% - 6%) ədəd həmin damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3532 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30 000 ədəd 25 qramlıq çəki balığı, 4000 ədəd 25 qramlıq belamur balığı, 6000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara 14 aprel 2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23% olan 216 000 (2 il x 180 000 kq) kq yem sərf olunar. 2000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23% olan 24 000 (1000 ədəd balıq x 24 kq) kq yem sərf olunar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2018-ci ildə 60 000 ədəd 25 qramlıq çəki balığı, 8000 ədəd 25 qramlıq belamur balığı, 12 000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara 14 aprel 2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23% olan 216 000 kq yem verilərsə, 60 000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə, həmin 56 400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42 300 kq olar. Həmçinin 7520 (8000 – 6%) ədəd belamur balığlnın ümumi çəkisi 1 ilə təxminən 5640 kq, 11 280 (12 000 – 6%) ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8460 kq olar. ...Balıqların ümumi dəyəri və onlara sərf edilməli olan yemlərin ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:

- Çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39 762 kq x 5 manat = 198 810,00 manat; - Belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5301,00 kq x 5 manat = 26 505 manat; - Xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7951 kq x 4,5 manat = 35 779,50 manat; - 883 ədəd damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3532 kq x 5 = 17 660 manat.

Ümumilikdə 278 754,50 manat.

- 2 il ərzində proteini 23% olan 216 000 (2 il x 108 000 kq) yem x 1 man = 216 000 manat; - 2000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23 % olan 24 000 (1000 ədəd balıq x 24 kq) yem x 1 manat = 24 000 manat.

Ümumilikdə 240 000 manat.

- Çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42 300 kq x 5 manat = 211 500 manat; - Belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5640 kq x 5 manat = 28 200 manat; - Xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8460 kq x 4,5 manat = 38 070 manat.

Ümumilikdə 277 770,00 manat.

1 il ərzində proteini 23 % olan 216 000 kq. yem x 1 = 216 000 manat”.

38. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, balıq təsərrüfatının fəaliyyət göstərməsi üçün əlavə xərclər tələb olunur: balıqların sututara buraxılması, mühafizə xidməti, yemləmə işləri, işıqlandırma, satış üçün sonda balıqların tutulması və sair.

39. Apellyasiya baxışı zamanı İddiaçı 08 mart 2023-cü il tarixdə öldüyü və bütün əmlakını xx.xx.2023-cü il tarixli vəsiyyətnamə əsasında nəvəsi X7 vəsiyyət etdiyi müəyyən olunmuş, buna görə işin icraatı xx.xx.2023-cü il tarixli qərardadla İddiaçı hüquq varislərinin dairəsi tam müəyyən olunanadək dayandırılmışdır.

40. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatı təzələnmiş və iddiaçı, prosessual hüquq varisi qismində X13 ilə əvəz olunmuşdur.

41. Bundan sonra davam etdirilən məhkəmə iclasında iddiaçının prosessual hüquq varisinin nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və kifayət qədər ətraflı aparılmış ekspertiza tədqiqatının iddianın əsaslılığına dəlalət etdiyini bildirərək iddianın təmin olunmasını, cavabdehin nümayəndələri (vəkili) isə ekspert rəyinin tam olmadığını, qoyulan suallara tam cavab verilmədiyini bildirməklə təkrar ekspertiza keçirilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

48. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Su Məcəlləsi

49. Maddə 6. Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir. Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir. Yerüstü su obyektləri çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə bilər.

50. Maddə 35. Su obyektləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər: içməli su və məişət təchizatı; müalicə, kurort və sağlamlaşdırma; istirahət və idman; sənaye, tikinti və energetika; kənd təsərrüfatı; meşə təsərrüfatı; hidroenergetika; nəqliyyat; balıqçılıq, o cümlədən akvakultura; ovçuluq; tullantı suların axıdılması; yanğından mühafizə və digər məqsədlər üçün. Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün istifadəyə verilə bilər.

51. Maddə 55. Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. Həmin hüquqi və fiziki şəxslər onların mülkiyyətinə və istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda geniş ölçülü meliorasiya işlərinin görülməsini, yaxud görülmüş meliorasiya işlərinin yenidən təşkili və ləğvini suların istifadəsinə və mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydalara uyğun həyata keçirmək hüquqlarına malikdirlər.

52. Maddə 67. Hüquqi və fiziki şəxslər, onların mülkiyyətində və ya istifadəsində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə edə bilərlər. Göstərilən su obyektlərindən balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri qaydalara uyğun həyata keçirilir.

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu

53. Maddə 5. Balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

57. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

60. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

61. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

62. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

68. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

69. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

70. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

71. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 45-47) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

72. İşin müəyyən edilmiş mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ona ayrılan torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmış və orada balıq yetişdirməklə məşğul olmuş, xx.xx.2019-cu il tarixində həmin sututarın bəndinin dağılması səbəbilə göldə saxlanan balıqlar məhv olmuş, nəticədə iddiaçıya ziyan dəymişdir.

73. Bu baxımdan iş üzrə müəyyən edilməli olan hal, iddiaçıya məxsus sututarının bəndinin cavabdehin təqsiri ucbatından dağılıb-dağılmadığıdır və kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından baş verib-vermədiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

74. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında ekspertin gəldiyi nəticəni (“X19 Sanayi və Ticarət Anonim Şirkəti”nin yol tikinti işlərini aparması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısını torpaqla doldurması nəticəsində sututara ziyan vurulduğu) işin digər faktiki halları (§ 3, 4, 9, 10, 11, 15, 16) ilə birlikdə qiymətləndirən kollegiya hesab edir ki, iddiaçıya məxsus sututarın (balıq gölünün) bəndinin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində dağıldığı sübuta yetirilmişdir.

75. Buna görə də kollegiya iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparacaqdır və bu zaman nəzərə alacaqdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).

76. Bu kontekstdə kollegiya, təkrar apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyini (rəydə 3-cü və 5-ci suallara əmtəəşünaslıq ekspertinin verdiyi cavabları) işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona 556 524,5 manat (278 754,5 + 277 770) ziyan dəydiyi qənaətinə gəlmək mümkündür.

77. Bununla belə kollegiya, iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456 000 manat xərcləndiyi barədə ekspertin gəldiyi nəticəni əsaslı hesab etmir; belə ki, iddiaçının özünün təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37 500 manat təşkil etdiyi müəyyən olunmuşdur.

78. Nəzərə alınmalıdır ki, müvafiq halı sübutetmə yükü iddiaçının üzərinə düşür – onun təqdim etdiyi sübutlara görə isə balıqların yemlənməsi üçün məhz 37 500 manatlıq taxıl alınmışdır. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

79. Kollegiya, iddiaçıya məxsus sututarının (gölün) bərpası və əsaslı təmiri üçün 42 006,81 manat vəsaitin tələb olunması ilə bağlı onun təqdim etdiyi sübutu nəzərə almır – belə ki, iddiaçı iddia ərizəsində gölün Şirkət tərəfindən qismən bərpa olunduğunu bildirmiş, bərpa edilməyən hissə üçün nə qədər vəsait tələb olunduğuna dair isə heç bir sübut təqdim etməmişdir.

80. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

82. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

83. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3000 (üç min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

84. Kollegiya həmçinin hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidmətinin məbləğləri də cavabdehdən alınaraq ona ödənilməli, ekspertiza xərcləri isə cavabdehdən tutulub müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnanməsi və 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “X19 Sanayi və Ticarət Anonim Şirkəti”nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin edilsin. “X19 Sanayi və Ticarət Anonim Şirkəti”ndən maddi ziyanın əvəzi qismində 594 024,5 (beş yüz doxsan dörd min 24 manat 50 qəpik) manat, mənəvi ziyanın əvəzi qismində 3000 (üç min) manat, dövlət rüsumlarının əvəzi qismində 134,40 (yüz otuz dörd manat 40 qəpik) manat olmaqla cəmi 597 158,9 (beş yüz doxsan yeddi min yüz əlli səkkiz manat 90 qəpik) manat alınaraq İddiaçı prosessual hüquq varisi X7 ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 220 (iki yüz iyirmi) manat “X19 Sanayi və Ticarət Anonim Şirkəti”ndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar