Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1668/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nəzərov Həsən Vahid oğlunun, cavabdeh Abbasov Orxan Qəzənfər oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Abbasov Orxan Qəzənfər oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Abbasov Orxan Qəzənfər oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Zaman Sığorta və Təkrarsıgorta üzrə Broker MMC-də KASKO-BUTİK məhsulu üzrə XL8240 könüllü sığorta şəhadətnaməsi ilə İbrahimov Qulam Məşədi Əli oğluna məxsus 99CR853 dövlət qeydiyyat nişanlı Ford Kuga markalı avtomobil sığortalanmışdır. 02 mart2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Abasov Orxan Qəzənfər oğlunun idarə etdiyi Kia Cerato markalı, 90BZ317 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində 7490 AZN məbləğində maddi zərər yetirmişdir. Abasov Orxan Qəzənfər oğluna məxsus avtomobil üzrə məsuliyyətini icbari qaydada sığortalamış Atəşgah Sığorta ASC tərəfindən 5000 AZN məbləğində vəsait İbrahimov Qulam Məşədi Əli oğluna ödəyərək icbari sığorta Qanununa əsasən öhdəliyi tam yerinə yetirmişdir. Qalıq 2490 manat məbləğindən müqavilədə razılaşdırılmış 155 manat azadolma məbləği çıxılaraq 2335 manat məbləğində sığorta ödənişi Qulam İbrahimova həyata keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh Orxan Abasovdan 2335 manat və 30 manat məbləğində məhkəmə dövlət rüsumu alınaraq xxxx MMC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında iştirakının təmin edilməməsi və avtomobilə dəymiş ziyanın məbləğinin düzgün hesablanmaması arqumentilərilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək sığorta ödənişinin ondan tutulmasının əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 5000 manat “xxxx” MMC tərəfindən Qulam İbrahimova ödənilmişdir. İş materiallarında olan “Avtoservis” xx.xx.2020-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, “Ford” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7490,00 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş XLB240CLM1 nömrəli sığorta aktından görünür ki, 2365,0 manat məbləğində sığorta ödənişi Qulam İbrahimova kart vasitəsilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, Qulam İbrahimova məxsus “Ford” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il saat 13:51-dən xx.xx.2020-ci il 13:50 tarixinədək “xxxx” MMC tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında Qərarın məzmunundan görünür ki, Abbasov Orxan Qəzənfər oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, “Ford Kuga” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İbrahimov Qulam Məşədi Əli oğlunun adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, “KİA Cerato” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil Mehdiyev Pərviz Paşa oğlunun adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Abasov Orxan Qəzənfər oğludur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə almaq lazımdır ki, O.Abbasov zərərin məbləğinin şişirdildiyini iddia etməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı sənəd təqdim etməmiş, beləliklə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə sığortalıya məhz 2490 manat ödəmiş olduğu və bu məbləğin sığorta şəhadətnaməsi üzrə azadolma (franşiza) 155 manatının sığortalı tərəfindən ödənildiyi rəsmi sənədlərlə (ödəniş tapşırıqlar) öz təsdiqini tapır. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2518/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1668/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1668/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver