Məhkəmə qərarları › İş №2(103)-1668/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1668/2022

14.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1668/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6843/2021 saylı, 19 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi, Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36500 ABŞ dolları pulun, iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-13/2020 nömrəli, 26.11.2020-ci il tarixli hökmünə əsasən hüquqlarını müdafiə etdiyi İddiaçı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-8/2021 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 nömrəli 26.11.2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, hökm dərhal qüvvəyə minmişdir. İbtidai istintaq dövründə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınsa da, Abdullayevin ona borclu olduğu məbləği tam şəkildə qaytarması nəzərə alınmamış, onun zərərçəkmiş statusunun ləğv edilməsinə dair qərar qəbul edilməmişdir. Belə ki, Cavabdeh 2016-cı ildə İddiaçı 73.300 ABŞ dolları vermiş, 2016-2018-ci illər ərzində 79200 ABŞ dolları geri almış, həmçinin Cavabdeh şikayət etməməsi üçün ona əlavə olaraq 30.600 ABŞ dolları pul vermişdir. Bakı Hərbi Məhkəməsi ilə 26.11.2020-ci il tarixli hökmündə ibtidai araşdırma orqanının İddiaçı tərəfindən zərərçəkmiş şəxs Cavabdeh vurulmuş ziyanın tam qaytarıldığını nəzərə alınmalı olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə məhkəmənin hökmü həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı sübut olunmuşdur ki, İddiaçı Cavabdeh 73.300 ABŞ dolları pulu tam qaytarmışdır. Həmçinin İddiaçı Cavabdeh sonuncunun onu şikayətlə hədələməməsi üçün və digər vasitələrlə hədə-qorxu gələrək qanunsuz olaraq 36500 ABŞ dolları pul almışdır. Bu artıq sübuta yetirilmiş faktdır və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 nömrəli 26.11.2020-ci il hökmündə öz əksini tapmış, Bakı Apellyasiya Məhkməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Hökmün təsviri-əsaslandırıcı hissəsindən açıq-aydın görünür ki, Cavabdeh 36500 ABŞ dolları artıq ödənilmiş və bunun nəticəsində də həmin şəxs əsassız varlanmışdır. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 42400 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehə ümumilikdə 73000 ABŞ dolları məbləğində borc pul vermiş, həmin məbləğdən 30600 ABŞ dolarını qaytarmış, qalan 42400 ABŞ dolları məbləğində pulu isə qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Sonradan cavabdehin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi nəticəsində həmin borcun qaytarılması mümkün olmamışdır. İddiaçı ondan aldığı borcu qaytaracağına dair öhdəlik götürsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu qaytarmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(001)- 6843/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6843/2021 saylı iş üzrə 19.11.2021-ci il tarixli qətnaməsinin İddiaçı tələbinin rədd edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-13/2020 nömrəli 26.11.2020-ci il tarixli hökmünə əsasən, (sədrlik edən və məruzəçi hakim X14, hakimlər X15 və X2) İddiaçı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-8/2021 26.04.2021-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 nömrəli 26.11.2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış və hökm dərhal qanuni qüvvəyə minmişdir. İbtidai istintaq dövründə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınsa da, Abdullayevin ona borclu olduğu məbləği tamşəkildə qaytarması nəzərə alınmamış, onun zərərçəkmiş şəxs statusunun ləğv edilməsinə dair qərar qəbul etməmişdir. Belə ki, Cavabdeh 2016-cı ildə İddiaçı 73.300 ABŞ dolları vermiş, 2016-2018ci illər ərzində 79.200 ABŞ dolları geri almış, həmçinin Həsənovun şikayət etməməsi üçün ona əlavə olaraq 30.600 ABŞ dolları pul da vermişdir. Bakı Hərbi Məhkəməsi isə 26.11.2020-ci il tarixli hökmündə ibtidai araşdırma orqanının Cavabdeh epizodu üzrə gəldiyi nəticə ilə razılaşmadığını, İddiaçı tərəfindən zərərçəkmiş şəxs Cavabdeh vurulmuş ziyanın tam qaytarıldığının nəzərə alınmalı olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə də birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı sübut olunmuşdur ki, T.A bdullayev Cavabdeh 73.300 (yetmiş üş min üç yüz) ABŞ dolları pulu tam qaytarmışdır. Həmçinin İddiaçı Cavabdeh sonuncunun onu şikayətlə hədələməsi və digər vasitələrlə hədə-qorxu gələrək qanunsuz olaraq 36.500 (otuz altı min beş yüz) ABŞ dolları pul almışdır. Bu artıq sübuta yetirilmiş faktdır və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 nömrəli 26.11.2020-ci il tarixli hökmündə öz əksini tapmış, Bakı Apellyasiya Məkhəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Bildirirəm ki, birinci instansiya məhkəməsi tərəflər arasında şifahi razılığın olmasını nəzərə almamış, bu məsləni araşdırmamışdır. Sadəcə Mülki Məcəllənin müvafiq maddələrinə istinad etməklə kifayətlənmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh vurulmuş ziyanı tammilə ödəmiş, bundan əlavə Cavabdeh 36.500 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh İddiaçı hesabına əsassız olaraq əmlak əldə edərək varlanmışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə həqiqətən tərəflər arasında şifahi razılaşmanın olmasını nəzərə almamış, bu xüsusatı araşdırmamış, nəticə olaraq düzgün olmayan qətnamə çıxarılmışdır. Tərəflərindən bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim edildiyindən apellyasiya məhkəməsinə təqdim ediləcək yeni sübutlar yoxdur. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı tələbinin rədd edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 saylı 26.11.2020-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və s .hökm edilmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 saylı 26.11.2020-ci il tarixli hökmündə qeyd edilir ki, zərərçəkmiş şəxs qismində məhkəmə iclasında dindirilən Cavabdeh izahatında bildirmişdir ki, 2014-cü ilin may ayında “Azərkosmos”-da mütəxəssis vəzifəsində çalışan zaman X3 vasitəsilə İddiaçı ilə tanış olmuşdur. 2016-cı ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində İddiaçı ilə aralarında olan danışığa əsasən İddiaçı bildirmişdir ki, qeyri-rəsmi olaraq turizm işi ilə məşğul olub, tur-paket, aviabilet və digər turizm xidmətləri göstərən şirkəti vardır. Biznesinin inkişafı üçün sərmayə kimi qoyacağı pulun məbləğindən aslı olmayaraq, gəlir götürəcəkdir. Söhbət zamanı İddiaçı bildirmişdir ki, sərmayəyə görə verilən gəlir heç bir halda sərmayənin məbləğindən çıxılmayacaqdır. Həmin sərmayəni isə bir ay əvvəlcədən məlumat verilməklə götürə biləcəkdir. Nəticədə İddiaçılə razılaşmışlar. İddiaçı 2016-cı ilin oyabr ayından 2018-ci ilin aprel ayına kimi hər ay ona şirkətinə sərmayə kimi verdiyi pula görə 2000-5000 ABŞ dolları olmaqla, ümumilikdə 79200 ABŞ dolları məbləğində pulu gəlir kimi vermiş, 2018-ci ilin aprel ayından sonra ondan sərmayə adı ilə aldığı pula görə gəlir verməmişdir. 01 oktyabr 2018-ci il tarixində baş tutan görüşlərindən sonra İddiaçı ona 30600 ABŞ dolları məbləğində pulu hissə-hissə ona ödəmiş, qalan pulu isə verməmişdir. Həmçinin hökmdə qeyd edilir ki, məhkəmə istintaqı başlananadək zərərçəkmiş şəxs qismində tanınmış (mülki iddiaçılar) X16 tərəfindən maddi ziyana görə 67.000 ABŞ dolları və 17.000 avro, mənəvi zərərin əvəzinə 20.000 manat, X6 tərəfindən maddi ziyana görə 53.000 ABŞ dolları və mənəvi zərərin əvəzinə 15.000 manat, X17 tərəfindən maddi ziyana görə 91.500 ABŞ dolları və mülki iddia üçün ödənilən 30 manat dövlət rüsumu, X10 tərəfindən maddi və mənəvi ziyana görə müvafiq olaraq 23.800 ABŞ dolları və 10.000 ABŞ dolları, X11 tərəfindən maddi ziyana görə 45.400 ABŞ dolları və əldən çıxmış faydaya görə 5.400 ABŞ dolları, mənəvi zərərin əvəzinə 50.000 manat və mülki iddia üçün ödənilmiş 30 manat dövlət rüsumu, X12 tərəfindən maddi ziyana görə 315.000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs (mülki cavabdeh) İddiaçı tutularaq qaytarılmasına dair mülki iddialar qaldırmışlar. Həmçinin hökmdə qeyd edilir ki, istər ibtidai istintaq, istərsə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs T.S.Adullayev zərərçəkmiş şəxs Cavabdeh sərmayə adı ilə alınmış 73.300 ABŞ dolları məbləğində pulu sərmayədən gəlir adı ilə 2016-2018-ci illər ərzində sonuncuya ümumilikdə 79200 ABŞ dolları məbləğində pul vermişdir. Habelə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs A.M.Hüseynovun dövlət orqanlarına şikayət etməməsi üçün bir dəfəyə olmaqla sərmayə adı ilə aldığı puldan sonuncuya 30.600 ABŞ dolları məbləğində pul vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, həmin xüsusat üzrə təqsirləndirilən şəxs İddiaçı tərəfindən zərərçəkmiş şəxs Cavabdeh vurulmuş ziyanın tam qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilən 1-1(103)-8/2021 saylı, 26.04.2021-ci il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 1-1(093)-13/2020 nömrəli hökmündən zərərçəkmiş şəxs Cavabdeh apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, onun zərərçəkmiş şəxs qismində tanınmasını, İddiaçı turizm sahəsinə sərmayə qoymaq adı ilə aldığı pulun qaytarılmamış qalan 42700 ABŞ dolları hissəsinin ona qaytarılması barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-8/2021 saylı, 26.04.2021- ci il tarixli qərarı zərərçəkmiş şəxslər X16, X6, X12 və onların nümayədəsi (vəkil) X1 tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş və məhkum edilmiş şəxsin müdafiəçiləri X5 və Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 1-1(093)- 13/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda qeyd edilir ki, məhkəmə kollegiyası Cavabdeh epizodu üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir və Cavabdeh apellyasiya şikayətinin təmin olunması üçün əsaslar görmür. (birinci instansiya məhkəməsinin nəticəsi: 10-cu bənd). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2020 nömrəli 26.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. İddiaçı Cavabdeh turizm sahəsinə sərmayə qoymaq adı altında 73.300 ABŞ dolları məbləğində pul almış və 2016-2018-ci illər ərizində sərmayədən əldə etdiyi gəlir əsasında 79.200 ABŞ doları məbləğində pul vəsaitini geri qaytarmışdır. İddiaçı Cavabdeh onun barəsində şikayətçi olmaması üçün 30.600 ABŞ dolları məbləğində əlavə pul vermişdir. İddiaçı Cavabdeh tərəfindən ödənilən 36500 (79200-73300+30600) ABŞ dolları məbləğində əsassız varlandığını iddia edərək, həmin məbləği cavabdehdən tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı tərəfindən 73.000 ABŞ dolları məbləğində sərmayə qoyulması məqsədilə veriən puldan 30.600 ABŞ dolları məbləğində vəsaitin ödənildiyini, İddiaçı ona 42.400 (73000- 30600) ABŞ dolları məbləğində borcunun qaldığını iddia edir, hərçənd ki, 73300 ABŞ dolları pulun verildiyi mübahisə predmeti olmasa da, qarşılıqlı iddiaçı 73000 ABŞ dolları məbləğinə münasibətdə qalıq borcu tələb edir. Cinayət işinin icraatı zamanı qarşılıqlı iddia üzrə iddiaçının mülki iddiası olmamışdır. Eyni zamanda tərəflər arasında mülki xarakterli mübahisənin olmaması qənaətinə gəlinmişdir. İlkin iddia üzrə iddiaçı tələbinin hüquqi əsasını əsassız varlanma qaydalarına uyğun pulun tutulması ilə, qarşılıqlı iddia üzrə iddiaçı tələbinin hüquqi əsasını borc münasibətlərindən irəli gələn pulun tutulması ilə əsaslandırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia ilə bağlı aşağıdakı normalara istinad edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinəəsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunun sadalanan normalarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün zərər, əsassız varlanma, ya da müqavilə olmalıdır. Məhkəmənin preyudisial əhəmiyyət daşıyan hökmündən müəyyən edildiyi kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcud olmamışdır. Eyni zamanda ilkin iddia üzrə cavabdehin iddiaçıya zərər vurması (delikt törətməsi) halı da müəyyən edilmir. Əsassız varlanmanın yaranması üçün isə aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. İlkin iddia üzrə iddiaçı təqsirləndirilən şəxs kimi cəlb edildiyi və nəticədə barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilindiyi cinayət işində müəyyən edilmişdir ki, o, ilkin iddia üzrə cavabdehdən 73300 ABŞ dolları məbləğində pul almış və bunun müqabilində könüllü olaraq sonuncuya hissə-hissə olmaqla 79200 və 30600 ABŞ dolları məbləğində pul qaytarmışdır. Hökmdə müəyyən edildiyi kimi İddiaçı Cavabdeh dələduzluq yolu ilə 73300 ABŞ dolları məbləğində pulu almışdır, yəni heç bir hüquqi əsas olmadan pulu talamışdır. Lakin onun tərəfindən könüllü olaraq aparılan ödənişləri qəbul edən zərərçəkmiş şəxsin əmlak əldə etməyə hüquqi əsası olmuşdur. Belə ki, cavabdeh ilkin iddia üzrə iddiaçının ona etdiyi ödənişləri birgə fəaliyyətdən götürülən gəlir kimi qəbul etmiş, bu barədə vicdanlı olmuşdur. Lakin alınmış pulun hansı qaydada, hansı məbləğdə qaytarılmalı olması barədə tərəflər arasında razılığın olması işin halları ilə sübut edilmir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçının əsas məbləğdən artıq məbləğdə aparmış olduğu ödənişlərin lazımi icranın məqsədinə uyğun olmadığı öz təsdiqini tapmır. Yəni cavabdehin heç bir hüquqi əsas olmadan əmlak əldə etməsi işin halları ilə sübut olunmur. Əgər tərəflər arasında borc münasibətləri olsaydı və borclu əsas məbləğdən və ya faizdən artıq pul ödənişi etmiş olsaydı, bu halda əsassız varlanmadan söhbət gedə bilərdi. Hazırki mübahisədə isə tərəflər arasında borc münasibətlərinin olması istisna edilir. Belə ki, şəxsin talama cinayətini törətməsi işin mübahisəsiz halıdır. Göstərilən hüquqi dəyərləndirmə qarşılıqlı iddiaya münasibətdə də tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Müəyyən edildiyi kimi alınan məbləğin borc kimi verilməsi və hər hansı faizlə şərtləşdirilməsi işin halları ilə sübut edilmir. Odur ki, iddiaçı 73000 abş dolları müqabilində cavabdehdən aldığı 109800 abş dolları məbləğində pulun natamam icra olduğunu, əsl icranın əlavə olaraq 42400 abş dolları ödənildiyi halda tamamlanmalı olmasını sübut etməlidir. Belə ki, Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmiş, bu məsələ işin halları ilə də öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiasının və Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətində istinad edilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında şifahi razılığın olmasını nəzərə almamış, bu məsləni araşdırmamışdır. Sadəcə Mülki Məcəllənin müvafiq maddələrinə istinad etməklə kifayətlənmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh vurulmuş ziyanı tammilə ödəmiş, bundan əlavə Cavabdeh 36.500 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh İddiaçı hesabına əsassız olaraq əmlak əldə edərək varlanmışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə həqiqətən tərəflər arasında şifahi razılaşmanın olmasını nəzərə almamış, bu xüsusatı araşdırmamış, nəticə olaraq düzgün olmayan qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək Kollegiya yuxarıda qeyd olunanlardan əlavə olaraq bir daha vurğulayır ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-13/2020 saylı 26.11.2020-ci il tarixli hökmündə qeyd edilir ki, zərərçəkmiş şəxs qismində məhkəmə iclasında dindirilən Cavabdeh izahatında bildirmişdir ki, 2014-cü ilin may ayında “Azərkosmos”-da mütəxəssis vəzifəsində çalışan zaman X3 vasitəsilə İddiaçı ilə tanış olmuşdur. 2016-cı ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində İddiaçı ilə aralarında olan danışığa əsasən İddiaçı bildirmişdir ki, qeyri-rəsmi olaraq turizm işi ilə məşğul olub, tur-paket, aviabilet və digər turizm xidmətləri göstərən şirkəti vardır. Biznesinin inkişafı üçün sərmayə kimi qoyacağı pulun məbləğindən aslı olmayaraq, gəlir götürəcəkdir. Hökmdə müəyyən edildiyi kimi İddiaçı Cavabdeh dələduzluq yolu ilə 73300 ABŞ dolları məbləğində pulu almışdır, yəni heç bir hüquqi əsas olmadan pulu talamışdır. Lakin onun tərəfindən könüllü olaraq aparılan ödənişləri qəbul edən zərərçəkmiş şəxsin əmlak əldə etməyə hüquqi əsası olmuşdur. Belə ki, cavabdeh ilkin iddia üzrə iddiaçının ona etdiyi ödənişləri birgə fəaliyyətdən götürülən gəlir kimi qəbul etmiş, bu barədə vicdanlı olmuşdur. Lakin alınmış pulun hansı qaydada, hansı məbləğdə qaytarılmalı olması barədə tərəflər arasında razılığın olması işin halları ilə sübut edilmir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçının əsas məbləğdən artıq məbləğdə aparmış olduğu ödənişlərin lazımi icranın məqsədinə uyğun olmadığı öz təsdiqini tapmır. Yəni cavabdehin heç bir hüquqi əsas olmadan əmlak əldə etməsi işin halları ilə sübut olunmur. Əgər tərəflər arasında borc münasibətləri olsaydı və borclu əsas məbləğdən və ya faizdən artıq pul ödənişi etmiş olsaydı, bu halda əsassız varlanmadan söhbət gedə bilərdi. Hazırki mübahisədə isə tərəflər arasında borc münasibətlərinin olması istisna edilir. Belə ki, şəxsin talama cinayətini törətməsi işin mübahisəsiz halıdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(001)- 6843/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar