Məhkəmə qərarları › İş №2(103)-1674/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1674/2022

26.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1674/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsızlığı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsızlığı və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçının vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadının ləğv edilərək, iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətinin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(009)-2196/2021 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, cavabdeh şəxs iddiaçı məhkəməyə müraciət etməzdən öncə öldüyündən və iddiaçı tərəf cavabdeh öldükdən sonra məhkəməyə müraciət etdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu zaman prosessual qanuni əsas kimi MPM-nin 261.0.7-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə xitam verərkən, MPM-nin 261.0.7-ci maddəsinə düzgün istinad etməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh 09.12.2020-ci ildə vəfat etmiş, iddiaçı tərəf 04 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosesual hüquq qabiliyyəti və mülki prosesual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosesual baxımdan qeyri mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin göstərişinə görə, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Qanunun qeyd olunan normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırki işdə isə cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırki iş üzrə tərəf statusu əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim işə xitam verir. Beləliklə, hazırki halda kollegiya hesab edir ki, cavabdeh qismində cəlb edilmiş şəxs Cavabdeh münasibətdə işə baxılması mümkün olmadığından, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5, 398.0.3, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(009)- 2196/2021 saylı qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsızlığı və s.” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyi halda, mərhum Cavabdeh hüquq varisini müəyyən etməklə, ona qarşı tələb irəli sürə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar