Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1677/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti cavabdehlərə qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən sığortalı şəxsə ödənilmiş pulun əvəzi olaraq 4.800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 24.08.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ziyanın əvəzi olaraq 4.053 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Sığorta Şirkətinin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qərardadla apellyasiya şikayətini, şikayətin qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməklə verilməsi səbəbi ilə, qaytarmışdır. Daha sonra, Cavabdeh1, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işə Cavabdeh1 iştirakı olmadan baxmış və iş üzrə qəbul etdiyi qətnamə ilə əsassız olan iddianı təmin etmişdir. Həmin qətnamə barədə məlumatı Cavabdeh1 24.06.2021-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən məlumat verilmişdir. Bundan sonra Cavabdeh1 qətnaməni almaq üçün Rayon Məhkəməsinə müraciət etmiş və qətnamə ona 08.07.2021-ci il tarixdə təqdim edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh1, 08.08.2021-ci il tarixdə apellyasiya şikayəti verməklə, şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almış, apellyasiya şikayətinin qaytarılması barədə səhv qərardad qəbul etmişdir. Cavabdeh1 hesab edir ki, Rayon Məhkəməsinin hakimi ona qarşı qərəzli olmuşdur. Belə ki, apellyasiya şikayətinin qaytarılması barədə nəticəyə gələrkən Rayon Məhkəməsi işdə olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə” istinad etmiş və hesab etmişdir ki, qətnamə Cavabdeh1 10.09.2020-ci il tarixdə çatdırılmışdır. Rayon Məhkəməsinin bu yanaşması səhvdir. Belə ki, həmin “Xəbərnamədəki” imza nə Cavabdeh1, nə də ki, onun ailə üzvlərinə məxsus deyil. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.12.2021-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayətlərə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.12.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən ilk dəfə verilmiş apellyasiya şikayətinin qaytarılması barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qərardadla müəyyən edilmişdir ki, apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verməmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda bir mənalı olaraq qəbul edilməlidir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24.08.2020-ci il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət Cavabdeh1 tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh1 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin yuxarıda təsvir edilmiş məzmunundan görünür ki, o, buraxılmış prosessual müddətinin ötürülməsinin səbəblərinin üzürlü olmasını təsdiq edə biləcək dəlillərə deyil, “apellyasiya şikayətinin qaytarılması barədə” Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qərardadın əsassız olması barədə dəlillərə istinad edir. Hal bu ki, qərardaddan narazı qalan iş üzrə tərəf, qərardadı, MPM-nin 267 və 395-ci maddələrinin tələblərinə əsasən yazılı şikayət ilə mübahisələndirə bilər. Qərardadın “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə ilə mübahisələndirilməsi MPM-də nəzərdə tutulmamışdır. Göründüyü kimi, prosessual müddətin Cavabdeh1 tərəfindən üzürlü səbəbdən buraxılması müəyyən edilmir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh1 “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsini təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Qeyd edilənləri və MPM-nin 133, 363 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1677/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1677/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver