Məhkəmə qərarları › İş №2(103)-1680/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1680/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1680/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «əsassız alınmış pulun və maddi zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı1 və onun, eləcə də digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 müxtəlif bədən xəsarətləri almışdır.

2. X2 cərrahi tibbi əməliyyat olunması üçün Cavabdeh klinikasına yerləşdirilmişdir.

3. İddiaçı1 İddiaçı2 qayınatasıdır və klinikaya ödənişlər onun tərəfindən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı əsassız alınmış pulun və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 77690(yetmiş yeddi min altı yüz doxsan) manatın və vurduğu maddi zərərin əvəzinin alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, X2 xx.xx.2020-ci il tarixdə Sumqayıt ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində müxtəlif xəsarətlər almışdır. İlkin tibbi yardım və müalicə üçün İddiaçı2 Bakı şəhərindəki “Semaşko” xəstəxanasına aparmış, müayinələr aparıldıqdan sonra onun ağ ciyərində sıxılma, bel və boyun fəqərəlində isə sınıq əmələ gəldiyi əməliyyat olunmasının zəruriliyi bildirilmişdir. Lakin İddiaçı2 işlədiyi Polat şirkətinin idarəçisi, Türkiyə Respublikasının vətəndaşı X6 hospital klinikasında həkim tanışı olduğunu bildirmiş və onun israrı ilə xx.xx.2020-ci il tarixdə İddiaçı2 ailəsinin iştirakı olmadan “Semaşko” xəstəxanasından Cavabdeh klinikasına aparılmış, həmin günü gecə orada İddiaçı2 fəqərələrində əməliyyat aparılmışdır. Ağ ciyərində isə əməliyyat aparılmasına ehtiyac olmamışdır. Medera hospital klinikasında İddiaçı2 ailəsi ilə yazılı razılaşma və hər-hansı yazılı sənəd imzalamadan əməliyyat və müalicə üçün iddiaçılardan 20000 manat tələb etmişlər. İddiaçı1 İddiaçı2 adından klinikaya 20000 manat ödədikdən sonra, xəstəxananın maliyyə işlərinə rəhbərlik edən Lalə Babayeva adlı qadın ondan hədə-qorxu ilə əlavə 10000 manat da tələb etmişdir. İddiaçı1 yenə də İddiaçı2 adından klinikaya 10000 manat ödəyib müvafiq qəbz almışdır. Lalə Babayevanın hədə qorxusu ondan ibarət olmuşdur ki, əgər tələb etdiyi miqdarda ödəniş edilməzsə, İddiaçı2 müalicəsi dayandırılacaq və başqa xəstəxanaya aparılmasına imkan verilməyəcəkdir. Bu yolla may ayının 11-dək L.Babayeva iddiaçılardan ümumilikdə 77690 manat miqdarında pul almış və sonda əlavə olaraq 20000 manat da tələb etmişdir. İddiaçı1 və ailə üzvləri L.Babayevaya etiraz edərək verdikləri pulları borc aldıqlarını və borcu qaytarmaq üçün evlərini satmalı olduqlarını, evin satışından əldə edəcəkləri pulun borcu qaytarmağa belə yetməyəcəyini bildirmişlər. İstədiyi 20000 manatı isə heç bir halda ödəmək imkanları olmamışdır. Ona görə də xəstəni başqa xəstəxanaya aparmaq üçün müraciət etmişlər. Çünki, L.Babayeva həkimə İddiaçı2 müalicəsinin dayandırılması barədə göstəriş vermişdir. Qohumları İddiaçı2 hospitaldan çıxarıb aparmaq istədikdə isə Babayeva bu dəfə də əlavə 20000 manat da almaq üçün İddiaçı2 verməkdən imtina etmiş və onun müalicəsini dayandırmışdır. Onlar şikayət edəcəklərini bildirib xəstəxananı tərk etmişlər. Bundan istifadə edən L.Babayeva İddiaçı2 xalasını aldadaraq ona 10200 manata qol çəkdirib və ona narahat olmamasını bu pulu Marifgildən alacağını demişdir. Yalnız bundan sonra L.Babayeva İddiaçı2 yaxınlıqdakı Güvən klinikasına aparmağa imkan vermişdir. May ayının 11-dən başlayaraq İddiaçı2 Güvən klinikasına yerləşdirilmişdir. İddiaçı2 səhhətində yaxşılaşma olmadığından o, bir ay da Güvən klinikasında müalicə aldıqdan sonra evə aparmışdır. Lakin İddiaçı2 boyun və bel nahiyyələrində dözülməz ağrılar səngimədiyindən ailəsi onu öz hesabına MRT müayinəsindən keçirmiş və müəyyən olunmuşdur ki, İddiaçı2 fəqərələrində əməliyyat düzgün aparılmadığından sınıq və çatlar olduğu kimi qalmışdır. Bu səbəbdən onlar Medera hospitala gedib etirazlarını bildirdikdə, İddiaçı2 yenidən əməliyyat olunmalı olduğu və bunun üçün Türkiyəyə aparılmalı olması iddiaçılara bildirilmişdir. Buna görə İddiaçı2 Türkiyəyə aparıb orada əməliyyat etdirmək üçün yol xərcindən əlavə xəstəxananın hesabına əlavə 30000 manat əməliyyat xərci ödəməli olduqları iddiaçılara deyilmişdir. Medera hospital əsassız olaraq iddiaçılardan aldığı 77690 manatla kifayətlənməyərək vasitəçiliyə görə də iddiaçılardan pul istəmişdir. Ona görə də İddiaçı1 bu barədə Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluqlarına, TƏBİB-ə, habelə Səhiyyə Nazirliyinə dəfələrlə yazılı şıkayətlər etmiş və əsassız alınmış pulun Medera hospitaldan alınıb ona qaytarılmasını xahiş etsə də ona müsbət cavab verilməmişdir. Səhiyyə Nazirliyi isə şikayətlərin bir qisminə ümumiyyətlə cavab verməmişdir. Baş prokurorluq və Bakı şəhər prokurorluğu isə şikayətlərin araşdırılması və müvafiq tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərmişdir. Baxmayaraq ki, Lalə Babayeva hədə-qorxu, aldatma və etibardan sui-istifadə etməklə, hər-hansı qanuni əsas olmadan iddiaçılardan 77690 manat pul almış, lakin cavabdeh tərəfindən İddiaçı2 müalicəsini düzgün aparmamış və onun səhhətində ağırlaşma baş verdiyindən məcbur qalaraq İddiaçı2 Medera hospitaldan çıxarıb əlavə xərc çəkərək əvvəlcə Güvən klinikasında, daha sonra isə Türkiyə Respublikasında müalicə etdirmişlər.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia tələbinin qismən təmin edilərək cavabdehdən maddi ziyana görə 69072 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 69102 manatın İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarətlər alan İddiaçı2 müalicə olunması üçün Medera hospital kilinkasına gətirilmiş, xəstənin yaxın qohumları ilə klinika arasında tibbi xidmət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrdə “əlavə 1” də təqdim olunan “qiymət cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəniləcəyi qeyd olunsa da, qiymət cəvəli müqavilələrə əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da cavabdeh tərəfindən qiymət cədvəli məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə keçirilən ekspertiza tədqiqatları ilə daha sonra müəyyən olunmuşdur ki, Medera hospitalda İddiaçı2 üzərində aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmiş, HB Güvən Klinikasında və X4 Xəstəxanasında iddiaçının müalicəsinin davam etdirilməsinə səbəb onun almış olduğu travmanın ağırlığı olmuş, Medera hospitalda İddiaçı2 aparılmış müalicələr zamanı tibbi sənədlərdə qeyd olunan dərman preparatlarının təyinatı və tibbi ləvazimatlardan istifadə düzgün seçim olmuşdur. Məhkəmə araşdırması zamanı Medera hospital tərəfindən məhkəməyə təqdim olunan xəstə İddiaçı2 əməliyyat və əməliyyatdan sonrakı xərclər cədvəli ilə müəyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş İddiaçı2 əməliyyat xərclərinə 18000 manat, instrumental müayinələrinə 462 manat, labarotor analizlərə 2957 manat, 30 gün reabilitasiya fizioterapiya 7794 manat, dərman-qan plazma 19455 manat, konsultant həkimlərin çağırışı, özəl tibb bacısının baxışı, özəl həkim təqibinə 1190 manat, ambulans xidmətinə 150 manat, 25 günlük reanimasiyada yatışa 7500 manat, 10 gün intensiv palatada yatışına 1800 manat olmaqla toplam məbləğ 59308 manat təşkil etmiş, xəstə tərəfindən 50690 manat ödənilmiş, xəstə 8618 manat borc saxlayaraq Medera hospitaldan çıxmışdır. Məhkəmə araşdırması zamanı tərəflərin məhkəməyə təqdim etdikləri İddiaçı2 müalicəsi və əməliyyatı ilə bağlı Medera hospital klinikasına ödənişlərin edilməsinə dair sübutlarla müəyyən olunmuşdur ki, klinikaya faktiki olaraq xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinə görə cəmi 128380 manat ödəniş edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh tibbi xidmət göstərdiyi xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinin 59308 manat təşkil etməsini bildirsə də, məhkəməyə təqdim olunan elə cavabdeh tərəfindən verilən ödəniş qəbzləri ilə faktiki ödənilən məbləğin 128380 manat olması, nəticədə cavabdehin hüquqi əsası olmadan iddiaçılara məxsus 69072 manat pul vəsaitini özündə əsassız olaraq saxlaması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır ona görə də qismən təmin olunmalıdır. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, göstərdiyi tibbi xidmətə görə özünün müəyyən etdiyi pul məbləğini alan cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar, İ dərəcəli əlildən əsassız olaraq alıb özündə saxladığı vəsaitin geri qaytarmaması üçün əsas ola bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edib şikayətində göstərir ki, qətnamə prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur. İş materiallarında olan ekspert rəyləri göstərir ki, İddiaçı2 əməliyyatı və müalicəsi zamanı heç bir pozuntu olmamış, hər şey protokola uyğun getmişdir. İddiaçı2 yaxınları onu klinikaya gətirərkən ağır vəziyyətdə olmuş, hətta onun əməliyyatdan ayılmaması ehtimalını da yaxınlarına bildirmişlər. Belə isə xəstəyə göstərilmiş xidmətə görə ödənilmiş məbləğ niyə iddiaçılara qaytarılmalıdır? İddiaçı2 İ dərəcəli əlil olması Cavabdeh klinikasında aparılan əməliyyat və müalicənin nəticəsində yaranmamışdır, keçirdiyi ağır avtoqəzanın nəticəsidir. Ekspert rəylərindən, müalicə aldığı “Güvən” və “X5 Hastanesində İddiaçı2 adına verilmiş tibbi sənəddən görünür ki, klinika və həkimlər onun müalicəsində səhvə yol verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı1 və onun, eləcə də digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

10. Cavabdeh klinikasının nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində Şirvan Apellyasiya Məhkəməsində saat 10:00-a təyin edilmiş məhkəmə iclası ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməycəyini bildirmiş, həmçinin xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində ölkə xaricində olacağının da nəzərə alınaraq məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, lakin müraciətndə göstərdiklərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsində yalnız qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, mübahisələndirilən hissədə, yəni tutulmalı vəsaitin məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün, tutulmalı vəsaitin məbləği istisna olmaqla iddia haqlı sayılır.

20. Belə ki, iddiaçılar cavabdehdən cərrahi tibbi əməliyyatın taktiki və texniki cəhətdən düzgün icra edilməməsinə görə ödədikləri məbləği ziyan əvəzi olaraq geri tələb etmiş, lakin birinci instansiya məhkəməsi Fərqiyyə Hüseynovanın üzərində aparılmış tibbi müdaxilə, müayinə və müalicənin düzgün aparıldığı qənaətinə gələrək cavabdehdən tutduğu məbləği başqa əsasla, yəni əsassız varlanmaya görə təmin etmişdir. İddiaçı tərəf bu halı mübahisələndirməmiş, başqa sözlə məhkəmənin bu qənaətini mübahisələndirməyib gəldiyi yekun nəticə ilə razılaşmışdır.

21. Birinci instansiya məhkəməsinin hesablamasına görə İddiaçı2 müalicəsi və əməliyyatı ilə bağlı klinikaya faktiki olaraq xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinə görə 128380 manat ödəniş edilmiş, cavabdeh tərəf isə tibbi xidmət göstərdiyi xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinin 59308 manat təşkil etdiyini bəyan etmişdir. Buna görə də cavabdeh tərəfindən verilən ödəniş qəbzləri ilə faktiki ödənilən məbləğin 128380 manat olması, nəticədə cavabdehin hüquqi əsası olmadan iddiaçılara məxsus 69072 manat pul vəsaitini özündə əsassız olaraq saxlaması təsdiqini tapdığından iddianın həmin hissədə əsaslı olması və qismən təmin olunması qənaətinə gəlmişdir.

22. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması məqsədilə məhkəmə tərkibi hesab etdi ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Çünki, birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflərin məhkəməyə təqdim etdikləri İddiaçı2 müalicəsi və əməliyyatı ilə bağlı Cavabdeh klinikasına ödənişlərin edilməsinə dair sübutlarla müəyyən olunmuşdur ki, klinikaya faktiki olaraq xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinə görə cəmi 128380 manat ödəniş edilmişdir. Lakin iş materiallarında olan ödəniş qəbzlərinə əsasən, iddiaçılar tərəfindən cavabdeh tibb müəssisəsinə İddiaçı2 müayinə və müalicəsi ilə əlaqədar hansı məbləğdə vəsait ödədikləri ekspertiza rəyi ilə dəqiq müəyyən edilməs zəruri olduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirildi.

23. Məhkəmə mühasibatlıq ekspertizasının 9/2428 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərildi ki, iş materiallarında mövcud olan xidmət çek kitabçası və ödəniş qəbzlərinin məlumatlarına əsaşən İddiaçı2 tibbi müayinə, müalicə, əməliyyat və əməliyyatdan sonrakı xərclərinə görə ümumilikdə "xxxx" MMC-yə 76.380,0 manat məbləğində pul vəsaiti ödənilməsi müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə əməliyyat və əməliyyatdan sonrakı xərclərinə görə ümumilikdə "xxxx" MMC-yə 76.380,0 manat ödənildiyi müəyyən edilmişdir. Lakin iddiaçının əməliyyatı və müalicəsi üçün toplam məbləğ isə 59308 manat təşkil etmişdir. Bu barədə cavabdeh klinikanın İddiaçı2 əməliyyatı və müalicəsi üçün toplam məbləğin 59308 manat təşkil etdiyi, lakin xəstə tərəfindən 50.690 manat ödənildiyi və 8618 manat borc saxlayaraq Cavabdehdan reabilitasiya məqsədi ilə başqa klinikaya köçürüldüyü barədə rəsmi mövqeyi mövcuddur.

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi edilmiş ödənişlərin məbləğini özü müəyyən etmiş, lakin dəqiq məbləğin müəyyən edilməsi üçün xüsusi biliyə malik ekspertin köməyindən istifadə etməmişdir. Nəticədə faktiki ödənilən məbləğlə, ödənilməli məbləğin arasındakı fərqi dəqiq müəyyən edə bilməmişdir. Ona görə də cavabdehin göstərdiyi tibbi xidmətin əvəzi olaraq ödənilməli məbləğin 59308 manat olması nəzərə alındıqda faktiki ödənilmiş 76.380 manatdan həmin məbləğ çıxıldıqda, cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan 17072 manat məbləğində əsassız varlandığı (76.380 manat – 59.308 manat=17.072 manat)təsdiq edilmiş olur. Ona görə də cavabdehdən tutulmalı məbləğ azaldılaraq 17072 manat müəyyən edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehdən tutulmalı vəsaitin məbləği hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 17.072 (on yeddi min yetmiş iki manat) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehdən tutulmalı vəsaitin məbləği hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 17.072 (on yeddi min yetmiş iki manat) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar