Məhkəmə qərarları › İş №2(103)-1687/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1687/2021

23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1687/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Xaliq qızının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Xaliq qızının cavabdehlər «xxxx» Açıq Səhmdar Cəmiyyəti və X6 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-321/2020 saylı iş üzrə qəbul etdiyi 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xaliq qızı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 963,18 manat maddi zərər, mənəvi zərərə görə 3000,00 manat, iddia ərizəsi üçün dövlət rüsumuna çəkilmiş xərc olan 30 manatın “xxxx’' ASC-dən və Cavabdeh2 müştərək qaydada, əldən çıxmış faydaya görə 1000 manatın isə sonuncudan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** UJ *** dövlət qeydiyyat nişanlı, buraxılışlı, sedan tipli nəqliyyat vasitəsi onun mülkiyyətində olmaqla, 25.02.2014-cü il tarixli ƏN-İV 140952 saylı etibarnaməyə əsasən qızı X4 tərəfindən idarə olunmaqdadır. Cavabdeh2 idarə etdiyi “Saipa Tiba” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 02 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda inzibati xəta törətməklə onun mülkiyyətində olan və həmin vaxt qızı tərəfindən idarə olunan ** UJ *** dövlət qeydiyyat nişanlı “Toyoto Corolla” minik markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh2 təqsiri və zərər vurması öz təsdiqini tapmışdır. Zərərvuran Cavabdeh2 idarə etdiyi “Saipa Tiba” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mülki məsuliyyət “xxxx” ASC-də icbari sığortalanmışdır. Nəqliyyat vasitəsinə dəymiş maddi zərər 963,18 manat təşkil edir (“X10” MMC-də 23.02.2019-cu il tarixdə öz təşəbbüsü ilə keçirilmiş SQ06925 saylı qiymətləndirmə aktı). Hadisə baş verdikdən sonra “xxxx” ASC-də olarkən qızı avtomobilinə aid sənədləri təqdim etmişdir. Hadisənin baş verməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, “xxxx” ASC tərəfindən qiymətləndirmənin aparılmadığını gördüyündən, öz təşəbbüsü ilə öz hesabına avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini təşkil etmiş, həmin sənədi qızı 07.03.2019-cu il tarixdə ASC-yə təqdim etmişdir. Bu müddət ərzində ASC tərəfindən avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi təklif olunmamış (həmin günlərdə bir dəfə telefonla 120 manat, ikinci dəfə isə 240 manat sığorta ödənişi təklif olunmuş), yalnız həmin gün qüsur aktını təqdim etdikdən sonra sığorta əməkdaşı özünün təyin etdiyi təmir müəssisəsinə gedərək avtomobilimə baxış keçirilməsinə imkan yaratmağı qızından xahiş etmiş, o da avtomobili həmin təmir müəssisəsinə aparmışdır. Bundan sonra isə “xxxx” ASC tərəfindən 27.03.2019-cu il tarixdə ona təqdim olunan 13.03.2019-cu il tarixli 07/SÖ-738 saylı məktubla “İcbari sığortalar haqqında” qanunun 20-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq, 04.02.2019-cu il tarixdə Cavabdeh2 təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ümumilikdə 480 manat sığorta ödənişini qəbul etməyi, əks halda hadisə nəticəsində zərər dəymiş avtomobilini təmir üçün onlar tərəfindən təyin olunacaq təmir müəssisəsinə təqdim etməyi təklif olunmuş, tərəfindən təqdim edilən qiymətləndirmənin qəbul edilməməsi əsaslandırılmadığından hesab edir ki, həmin vaxt qüsur aktı toplanmış sənədlərə ümumiyyətlə əlavə olunmamış və qiymətləndirmə zamanı isə müstəqil ekspert kimi özlərinin mütəmadi çalışdıqları təmir müəssisəsinin təqdim etdiyi sənəd əsas götürülmüşdür. Bundan əlavə, hadisə zamanı o və ailə üzvləri (qızları) gecə vaxtı tək 3 saatdan artıq avtomobildə işıqlandırması olmayan “sahibsiz” ərazidə yolda hərəkət hissəsində həm sığorta əməkdaşlarının gəlməsini gözləmiş, həm də gecə vaxtı manevr qaydalarım kobudcasına pozan səbrsiz sürücünün təqsiri üzündən törədilmiş hadisədən gərginlik və sarsıntı keçirdiyi üçün məlum olmuşdur ki, qızı hadisədən sonra avtomobilin yaxın işıqlarını söndürməyi unutmuşdur. Buna görə də, avtomobildə nasazlıq yaranmış, bu səbəbdən də onu hərəkətə gətirmək mümkün olmamışdır. Nasazlığı aradan qaldıra bilmədiklərindən, onu gecə saatlarında evakuatorla təmir müəssisisəsinə aparmışlar. Gecə yarısı həmin nasazlıq öz hesabına aradan qaldırıldıqdan sonra ailə üzvləri ilə evə gedə bilmişdir. Hadisədən keçən bütün bu müddət ərzində qızı dəfələrlə “xxxx”nın ofisində olmuş, telefonla əlaqə saxlamışdır. Lakin onlar müəyyən etdikləri məbləği əsaslı hesab edərək, rəsmi müraciətinə baxmayaraq, bugünədək özlərinin tərtib etdikləri zərər aktının bir nüxsəsinı təqdim etməmişlər. Buna görə də, hesab edir ki, ona hadisə nəticəsində maddi zərərdən əlavə, mənəvi zərər də dəymişdir. Həmin mənəvi zərəri 3000 manat məbləğində dəyərləndirir. Hazırda qızı tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinin sol farasında hadisə səbəbindən sınıq olduğundan, yağışlı hava şəraitində onu idarə edə bilmir, həmçinin avtoyumaya belə verə bilməyib özü yuyur. Avtomobilindəki həmin nasazlığa görə, (xüsusən, istismarı qadağan edən nasazlıq, faradakı sınığa görə) DYP əməkdaşları qızını dəfələrlə saxlamışlar. Artıq uzun müddətdir ki, o, maşını həmin qaydada idarə edir. Onun avtomobili 2014-cü il istehsalı olsa da, hadisədən sonra çox səliqəsiz bir görkəm alıb (bufer açıq-aydın yerindən tərpənmiş, fara isə çat yox, sınıqdır) və avtomobilinə əvvəllər hansısa avtonəqliyyat vasitəsinin sürücü tərəfindən işlədilmiş keyfiyyətsiz və harda istehsal olunduğu məlum olmayan ehtiyat hissələrinin quraşdırılması və ya standarta cavab verməyən yerlərdə göstərilən təmir-bərpa işlərinə heç bir halda razı olmayacaq. Hesab edir ki, baş verən sığorta hadisəsi ilə əlaqədar avtomobilinə dəymiş zərər bütün hallarda onu dəyərdən salmışdır (iki detala kənar müdaxilə edilməsi, həmçinin onların yenidən boyanması) və avtomobilini qısa müddətdə satmağa hazırlaşan biri kimi hazırda o onu öz dəyərindən daha aşağı qiymətə satmalıdır. Yəni hətta bu nöqsanlar aradan qaldırılsa belə, qeyd olunan sığorta hadisəsi baş verməsəydi, o avtomobilini daha artıq qiymətə satacaqdı. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər “xxxx’' ASC-dən və Cavabdeh2 müştərək qaydada 963,18 manat maddi zərər, mənəvi zərərə görə 3.000,00 manat, 3000 manat avtomobilin əmtəə dəyərinin azaldılması əvəzi, iddia ərizəsi üçün dövlət rüsumuna çəkilmiş xərc olan 30 manat, ümumilikdə 6993,18 manat pulun, bundan əlavə 01.04.19-cu il tarixdən başlayaraq qətnamə icra ediləcək tarixədək ödənilməli olan sığorta ödənişinin hər gün üçün 0,1% həcmində dəbbə pulunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-321/2020 saylı iş üzrə qəbul etdiyi 05 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı Xaliq qızının xeyrinə 560 (beş yüz altmış) manat maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 120 (yüz iyirmi) manat cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Xaliq qızı apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair yeni xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə avtomobilə dəyiş zərərin məbləğini müəyyən edərkən iş materiallarında olan məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyində qeyd edilən məbləği əsas götürmüşdür. Bu yanaşma isə əsassız və qanunsuzdur. Belə ki, rəydən bəlli olur ki, ehtiyat hissələrinin qiyməti müəyyən edilərkən bazar qiyməti mənbəyi bəlli olmayan məlümatlar əsasında müəyyən edilib. Rəydə ehtiyat hissələrinin qiymətinin bazar qiymətinə uyğun müəyyən olunması qeyd edilsə də, konkret olaraq hansı ticarət nöqtəsində həmin qiymətdə olması, həmin məhsulların orijinal olub-olmaması, həmçinin standartlara uyğunluğu qeyd edilmir. Hazırda bazarda standartlara uyğun olmayan ehtiyat hissələri vardır ki, bunların da qiyməti ucuzdur və onlardan istifadə qəzaya səbəb ola bilər, istfiadəsi qanunsuzdur İddiaçı tərəfindən təqdim edilən ehtiyat hissələrinin qiymətləri isə rəsmi satış, servis mərkəzinin təqdim etdiyi məhsullara aiddir, standartlara uyğundu və istifadəsi qanunidir. Bundan əlavə, qəza nəticəsində avtomobilə əhəmiyyətli dərəcədə zərər dəyməsi, avtomobilin təmin ediləcək detallarının sayının çox olması səbəbindən avtomobilin əmtəə dəyəri əhəmiyətli dərəcədə azalmışdır. Qeyd edilən hər iki hal üzrə təkrar ekspertiza barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Digər proses iştirakçılarının məhkəmə iclasına gəlmədiklərinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin iddianın təmin edilməyən hissəsinin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını həmin hissə üzrə yoxlayır. İş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim olunmuş 06.02.2019-cu il tarixli Aktdan görünür ki, İddiaçı Xaliq qızına məxsus “Toyoto Corolla” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 480 manat müəyyən olunmuşdur. İş materiallarında olan “X11” MMC-nin 23.02.2019-cu il tarixli Qiymətləndirmə aktından görünür ki, İddiaçı Xaliq qızına məxsus “Toyoto Corolla” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 963,18 manat müəyyən olunmuşdur. İş materiallarında olan AC N 556097 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 13.03.19-cu il tarixli xxxx tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, minik avtomobilinə dəymiş zərər üçün sığorta şirkəti tərəfindən 480 manat ödənilməsinə razılıq bildirilmişdir. İş materiallarında olan 05.02.19-cu il tarixli, AP N ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X12 Polisi İdarəsi tərəfindən həmin tarixdə saat 18:15-də Saipa markalı, ** GX *** markalı dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozaraq inzibati xəta törətmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 02 fevral 2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2020-ci il tarixli, 9/334 saylı rəyindən görünür ki, X11 MMC tərəfindən təqdim edilmiş 23.02.2019-cu il tarixli və «xxxx» ASC tərəfindən təqdim edilmiş 06.02.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota Corolla» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 560 manat müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu da nəzərə almaqla mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə məhkəmə əlavə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında iş materiallarında olan sənədlər əsasında «Toyota Corolla» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələrinin dəyəri, həmin hissələrin təmiri (və ya dəyişdirilməsi) üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) dəyərinin, «Toyota Corolla» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmtəə dəyərinin hansı məbləğdə azalmasının müəyyən edilməsi kimi suallar qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 01 aprel 2021-ci il tarixli 9/1209 saylı ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə X11 MMC tərəfindən təqdim edilmiş 23.02.2019-cu il tarixli və «xxxx» ASC tərəfindən təqdim edilmiş 06.02.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota Corolla» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 560 manat müəyyən edilir. Rəydə həmçinin göstərilmişdir ki, 2014-cü il buraxılışlı «Toyota Corolla» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınmasını (amortizasiyasını) nəzərə alaraş əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% aşağı olması istisna edilmir. «xxxx» MMC-nin 22 iyun 2021-ci il tarixli MB 14/0803 saylı qiymətləndirmə hesabatından görünür ki, “Toyota Corolla” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan öncəki dəyəri 26810 AZN təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. - 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. - 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin materiallarından görünür ki, 02.02.19-cu il tarixdə sığorta hadisə baş vermiş, tərəflər sığorta məbləğində razılığa gələ bilməmişdir. Buna səbəb Sığorta şirkətinin və sərbəst qiymətləndiricinin göstərdikləri qiymətdə böyük fərq olmasıdır. Buna görə kollegiya hesab edir ki, minik avtomobilinə dəyən zərərin sərbəst dəyəndirilməsinə icazənin olmaması barədə cavabdehin dəlilləri əsassızdır və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təkzib olunmasına və avtomobilə dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslı olmasını birinci instansiya məhkəməsi düzgün qeyd edərək ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbinin qismən təmin edilməsi və cavabdeh «xxxx» ASC-dən 560 manat tutularaq iddiaçıya ödənilməli olması kimi düzgün nəticəyə gəlmişdir. Lakin kollegiya eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin avtomobilin əmtəə dəyərinin azaldılması əvəzi kimi məğləğin tutulmalı olması hissəsinin təmin edilməməsini əsaslandırmadan, bu hissə üzrə araşdırma aparmadan düzgün olmayaraq bu hissənin təmin edilməməsi nəticəsinə gəlmişdir. İşin hallarını, eləcə də, ekspertiza rəyini, qiymətləndirmə hesabatını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin əmtəə dəyərinin azaldılması əvəzi üçün tələb edilən məbləğ müəyyən edilmədiyindən bu hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan qətnamə bu hissədə ləğv edilməli, avtomobilinin əmtəə dəyərinin qəzadan əvvəlki dəyərinin 10% hissəsi olan 2680 manat cavabdeh X5 tutularaq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, kollegiyanın qənaətinə görə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin avtomobilinin əmtəə dəyərinin azalmasında təqsiri olmamış, bu azalma Cavabdeh2 02 fevral 2019-cu il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı olmuşdur ki, həmin azalma məbləği də məhz ondan tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mənəvi ziyan tələbi və dəbbə pulu ilə bağlı xərcin ödənilməsi hissələrinin təmin edilməməli olmasına dair gəldiyi nəticələr düzgün olmuşdur. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İşin materiallarından görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 3000 manat mənəvi ziyan tələbi irəli sürsə də cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası 01.04.19-cu il tarixdən başlayaraq qətnamə icra ediləcək tarixədək ödənilməli olan sığorta ödənişinin hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, bununla bağlı tərəflər arasında avtomaşının sığorta məbləği ilə bağlı mübahisə olduğu üçün iddianın həmin hissədə təmin edilməsi mümkün sayılmır. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə tələb edilən məbləğin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə tələbi qismən təmin edilməklə Cavabdeh2 tərəfindən iddiaçıya 2680 manat tutularaq verilməli, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri 100 manat Məhkəmə Ekseprtiza Mərkəzi tərəfindən aparılmış ekspertizasının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi təmin edildiyindən, məhkəmə xərclərinə aid edilən ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsait isə tərəflərdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı Xaliq qızının apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-321/2020 saylı iş üzrə qəbul etdiyi 05 oktyabr 2020ci il tarixli qətnaməsi avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə tələb edilən məbləğin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Xaliq qızına məxsus “Toyoto Corolla” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə pul tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Xaliq qızının xeyrinə 2680 manat tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat İddiaçı Xaliq qızından, cavabdehlər «xxxx» Açıq Səhmdar Cəmiyyəti və X5 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar