Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1688/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vüqar Hacıyevin, üçüncü şəxs Samirə Qurbanovanın, üçüncü şəxsin nümayəndəsi (atası) Nümayəndə, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs Samirə Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ilə üçüncü şəxs Samirə Qurbanova keçmiş ər-arvaddır. Onların nikah 2002-ci ildə bağlanıb, 2015-ci ildə pozulub. Başqa mülki iş üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli qətnamə ilə qət olunub ki, nikah dövründə həmin şəxslərin əldə etdiyi “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) açıq hərracda satılsın və satış pulu keçmiş ər-arvadın arasında bərabər paylarla bölünsün. Bu qətnaməyə əsasən icra vərəqəsi verilib və icra edilməsi üçün Cavabdeh1nə göndərilib. İcra məmurunun sifarişi əsasında digər cavabdeh “xxxx” MMC avtomobili açıq hərracda satıb. Avtomobil hərraca çıxarılmazdan əvvəl “xxxx” MMC tərəfindən qiymətləndirilib və xx.xx.2019-cu il tarixə onun bazar dəyərinin 62.000 manat olması barədə rəy verilib. Bundan sonra avtomobil həmin qiymətlə hərraca çıxarılıb və hərrac xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərə təyin olunub. “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli, Y-217 nömrəli protokola görə avtomobil 50.220 manata üçüncü şəxs Samirə Qurbanovaya satılıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli, Y-217 nömrəli protokol etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin protokol etibarsız hesab edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Samirə Qurbanova, onun nümayəndəsi (atası) Nümayəndə, habelə vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vüqar Hacıyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Mülki Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Müəyyən olunur ki, təşkilatçı – cavabdeh “xxxx” MMC bu qaydaya əməl etməyib. Belə ki, xx.xx.2019-cu il tarixə təyin olunmuş hərrac barədə bildiriş həmin tarixə 26 gün qalmış, xx.xx.2019-cu il tarixə təyin olunmuş hərrac barədə bildiriş həmin tarixə 11 gün qalmış, xx.xx.2019-cu il tarixə təyin olunmuş hərrac barədə bildiriş isə həmin tarixə 6 gün qalmış göndərilib. Bundan başqa, sonuncu hərracla bağlı iddiaçıya göndərilən bildiriş ünvana çatdırılmayıb, səbəbi “qapı bağlıdır” kimi qeyd olunub, bildirişin ünvana çatdırılması üçün başqa tarixdə təkrar təşəbbüs göstərilməyib və avtomobil satılıb. Göründüyü kimi, hərrac Mülki Məcəllədə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilib. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin edib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1688/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1688/2021
05.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver