Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1688/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-386/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müraciətlərin cavablandırılmaması tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Belə ki, işə baxılarkən iddiaçının iddia tələbi təmin edilmiş və mahiyyəti üzrə mübahisənin mövcudluğu aradan qalxmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)-977/2020 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixli TP3201657 nömrəli inzibati tənbeh vermə haqqında qərardadın verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-883/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3267/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə qarşı inzibati xəta protokolunun surətinin, bu protokol ilə əlaqədar qərarın və həmin protokolun tərtib olunması üçün əsas olan sübutların rəsmi şəkildə ona verilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Belə ki, işə baxılarkən iddiaçının iddia tələbi təmin edilmiş və mahiyyəti üzrə mübahisənin mövcudluğu aradan qalxmışdır.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 2266/2020 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixli TP3201657 nömrəli qərardan verdiyi şikayət təmin edilmiş və xx.xx.2019-cu il tarixli TP3201657 nömrəli qərar ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 82/2022 nömrəli qərarına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ7520370 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə müraciə edərək Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin davamlı şəkildə qanunların icra edilməməsi nəticəsində və qanunsuz olaraq çıxarılmış inzibati xəta haqqında qərarlar üzrə vurulmuş ən azı 250 manat maddi ziyanın və 2000 manatdan az olmamaqla mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR İXM-nin 61.3-cü maddəsinə əsasən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə Qərarın çıxarılması zamanı şəxsin iştirakı təmin edilməmiş, yeri və vaxtı barədə xəbərdar edilməməklə onun hüquqları pozulmuş, ilkin olaraq müdafiə hüquqları pozulmuş, digər bir hal isə çıxarılmış qərarların surətləri rəsmi qaydada göndərilməməklə şəxsin həmin qərarlardan şikayət vermə hüququ məhdudlaşdırılmışdır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi də cavabdeh qismində işə əlavə edilmişdir.
9. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək vurulmuş ən azı 250 manat maddi ziyanın və 2.000 manatdan az olmamaqla mənəvi ziyanın Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 4137/2023 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia qismən təmin edilmiş, cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada mənəvi zərərə görə 250 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada dövlət rüsumunun əvəzi 30 manatın tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Qətnamədə istinad edilən qanunvericilik normalarını müddəalarını və mülki işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının qanunsuz inzibati tənbehlər tətbiq edilməsi, qanunun tələbinə uyğun olaraq vaxtında, lazımi qaydada müvafiq sənədlərin verilməməsi nəticəsində məhkəmə müdafiəsinə çatımlılıq hüququnun məhdudlaşdırılması və s. kimi hallara görə onun mənəvi sarsıntı və iztirab keçirmiş olması mübahisəsizdir və o, bu hadisələr nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin mənəvi zərərin həcmi 2.000 manat manat məbləğində deyil, iddiaçının uzun müddət ərzində əsassız inzibati tənbehə cəlb edilməsi, özünümüdafiə, məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılması nəticəsində keçiridiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 250 manat məbləğində müəyyən edilməlidir.
12. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddianın 250 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində də sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
13. İddiaçı ona maddi ziyan vurulduğunu məhkəmələrə, müxtəlif orqanlara müraciət etdiyi zaman yol xərci, müəyyən sənədlərin surətinin çıxarılması və sair ilə əsaslandırsa da, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 68-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6.1, 6.2, 6.3-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1101.1, 1101.2-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 46.1, 46.2, 57.1, 57.2, 57.3, 57.4, 57.5, 57.5.1, 57.5.2, 57.5.2.1, 57.5.2.2, 57.6, 57.6.1, 57.6.2, 57.6.3, 57.6.4, 57.7, 57.7.1, 57.7.2, 61.1, 61.1.6, 100.3-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 107, 119.1, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya zərər vurulmasına gətirib çıxaran heç bir hərəkət və hərəkətsizliyi olmamışdır. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyinin hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması arasında heç bir səbəbli əlaqə mövcud deyil. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Digər tərəfdən, Maliyyə Nazirliyinin sərəncamında olan vəsait onun aparatının və yerli qurumlarının saxlanılması üçün nəzərdə tutulur. Nazirliyin sərəncamında olan vəsaitlərin mənəvi ziyanın ödənilməsinə aid edilməsi qanunvericiliyə, o cümlədən vəsaitlərin təyinatı üzrə istifadəsi ilə bağlı normaların tələblərinə ziddir. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Xətai Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlmat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
22. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: ... 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: ... 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1.14. Məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayətinin məzmununda qətnaməni iddianın ona münasibətdə təmin olunan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun cavabdehlərdən tutulması hissədə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçıya onun barəsində müxtəlif tarixlərdə tərtib edilmiş inzibati xəta haqqında protokollar və inzibati tənbeh tətbiq etmə barədə qərarların surəti qanunvericiliklə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində təqdim edilməmişdir. İddiaçı həmin sənədlərin rəsmi qaydada əldə edilməsi ilə bağlı bir neçə dəfə inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, daha sonra isə məhkəmələr tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarlar ləğv edilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının uzun müddət ərzində əsassız inzibati tənbehə cəlb edilməsi, özünümüdafiə, məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılması nəticəsində keçirdiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq ona vurulmuş mənəvi zərər 250 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğ ağlabatan və ədalətlidir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
33. Beləliklə, hazırkı iş üzrə iddiaçıya mənəvi zərərlə bağlı ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
34. Bununla belə kollegiya qeyd edir ki, cavabdeh təşkilatların qanunvericiliklə dövlət rüsumunun ödənilməsindən azad edilməsi nəzərdə tutulduğu halda birinci instansiya məhkəməsi dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitini cavabdehlərdən tutmaqla səhvə yol vermişdir.
35. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsi qismən, cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq Dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsi qismən - cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq Dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.