Məhkəmə qərarları › İş №2(103)-169/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-169/2022

09.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-169/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmlakdan qanunsuz istifadənin qadağan olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "əmlakdan qanunsuz istifadənin qadağan olunması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1736/2020-009 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçirilmişdir.

2. “X7 LC200” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən X3 adında qeydiyyatdadır.

3. **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin asfaltlanmış hissəsində saxlanılmışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2021 saylı qərarı ilə iddiaçı X1 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Ağayev Teymur Azər oğlu, İddiaçı, X2 cəlb olunmaqla) plan ölçüsünün ləğv edilməsi barədə iddiası təmin edilmiş, Bakı ş., Səbail ray., Badamdar qəs., 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünü ləğv edilməsi vəzifəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2021 saylı, 9 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2021 saylı, 05 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-701/2022 saylı qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2021 saylı, 9 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və X1 iddiası mümkün sayılmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badabdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadənin Cavabdeh və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh evi qonşuluqda, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşir. Cavabdeh və onun ailə üzvləri həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Belə ki, cavabdeh özbaşına onun torpağının bir hissəsini asfaltladıb orada avtomaşınlarını saxlayaraq, dayanacaq kimi istifadə edir. Eyni zamanda, Cavabdeh evinin yağış suları üçün quyu (şambo) qazdırıb ondan şəxsi ehtiyacları üçün istifadə edir. Cavabdeh və onun yaxınlarının torpaq sahəsindən özbaşına istifadə etmələri mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1736/2020- 009 nömrəli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badabdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadəsinə qadağan edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin özünün (və ya ailə üzvlərinin) adı çəkilən torpaq sahəsinə hər hansı hüququnun olmadığını nəzərə alaraq iddiaçının xüsusi mülkiyyətində olan torpağının bir hissəsini asfaltladıb orada avtomaşınlarını saxlayaraq dayanacaq kimi istifadə etməsi hərəkətləri qanuna zidd olduğundan iddiaçının hüquqlarının müdafiəsi üçün cavabdehə qadağan edilməlidir.

9. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 13, 29-cu maddələrinə, AR Mülki Məcəlləsinin 148.2, 152.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1736/2020-009 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində qeyd edilən hərəkətlərə yol verməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin məhz hansı hissəsindən qanunsuz istifadə etməsini müəyyən etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Məhkəmə əlavə olaraq sübutlar toplamamış, iddiaçının mülkiyyət hüquqlarına müdaxilənin həqiqətən olub-olmadığını və yaxud hansı miqyasda və hansı şəkildə olduğunu konkret olaraq müəyyən etməmişdir. Mübahisəli torpaq sahəsi həmin ərazidə hazırkı iddiaçı tərəfindən hər hansısa torpaq sahəsi alınmamışdan əvvəl asfaltlanmış, ağaclar əkilmiş və abadlaşdırılmışdır. Həmin torpaq sahəsinin təkindən hələ də bəzi qonşuların su xətti keçir. Çünki İddiaçı ona aid olduğunu iddia etdiyi torpaq sahəsi daima ümumi istifadədə olmuş və hətta həmin torpaq sahəsinin təkindən qaz xəttləri də keçmişdir. Əsl həqiqətdə isə İddiaçı aldığı torpaq sahəsi ilə asfaltlanmış və ümumi istifadə olan həmin sahə ayrı sahələrdir. O, həmin sahədə 2010-cu ildən yaşayır. İddiaçının sənədlərindən göründüyü kimi mübahisəli torpaq sahəsi adına xüsusi mülkiyyət kimi 2016-cı il tarixində qeydiyyatdan keçmişdir. Bu müddətdə mübahisə obyekti olan sahə daimi ümumi istifadədə olmuşdur. Əgər ümumi istifadə olmuş həmin sahə üzrə Ağayevlər və ya onlardan əvvəlki hər hansı bir şəxsin mülkiyyət hüququ var idisə, nə üçün həmin xətlərin oradan aparılmasına, ərazinin abadlaşdırılmasma (doldurulması, asfalt çəkilməsi, ağac əkilməsi və sair barədə) iddiaçı əvvəllər etiraz etmir və ya məhkəməyə müraciət etmirdi? Qaz xəttinin keçməsi, iddiaçının oğlu Ağayev Teymur Azər oğlunun (toprağın əvvəlki sahibi, sonradan torpaq atasının adına keçirilib) həmin qaz kəmərinin mühafizə zolağında inşa etdiyi hasarın öz hesabına sökülməsi və Ağayev Teymur Azər oğluna qarşı orta təzyiqli yeraltı mühafizə zonasından çıxarılması barədə “Azəriqaz” İB-nin iddiası əsasıda Səbail rayon məhkəməsi tərəfindən 08 noyabr 2017-ci il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qüvvədə saxlanılmışdır. **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yox, Fətullayev Azadın mülkiyyətindədir. Belə olan halda avtomobillə bağlı torpaq sahəsindən qanunsuz istifadənin qadağan olunması barəsində iddia tələbi ona qarşı yox əsl cavabdehə qarşı qaldırılmalı idi. Çünki iddia tələbi mülkiyyətçiyə qarşı olmalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. 14.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 15.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən şikayət verilmiş, cavabdeh iddianı təmin olunmuş hissədə mübahisələndirmişdir. Ona görə də apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası 20.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 21.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 22.Maddə 152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23.Maddə 157.2. Müİkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 24.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarı 25.«Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 26.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisənin həllinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. 29.Kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur. 30.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 31.Baxılan iş üzrə iddiaçı onun qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsindən qanunsuz istifadənin cavabdehə və digər şəxslərə qadağan olunmasını xahiş edir. 32.İddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157, 158-ci maddələrinə istinad etmişdir. 33.Cavabdeh isə iddiaçının iddia etdiyi torpaq sahəsinin daim ümumi istifadədə olduğunu, həmin torpaq sahəsinin iddiaçı tərəfindən alınmamışdan əvvəl asfaltlandığını, abadlaşdırıldığını, habelə həmin sahənin iddiaçıya məxsus olmadığını, orada saxlanılan avtomobilin isə ona deyil, Azad Fətullayevə məxsus olduğunu bildirərək, iddiaya etiraz etmişdir. 34.Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. 35.Belə ki, Mülki Məcəlləyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Maddə 157.4.). 36.İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının qanuni sahibliyindədir. Cavabdeh iddiaçıya torpağın ayrılmasına əsas olmuş hüquqmüəyyənedici sənədləri (plan və ölçünü) mübahisələndirsə də, iddia iddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır. 37.Bununla bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə cavabdeh həmin iddia ərizəsində mübahisəli torpaq sahəsində tullantı sularının axıdılması üçün quyu (şambo) qazdırdığını, həmin torpaq sahəsinin bir hissəsini asfaltlatdığını, ümumiyyətlə bu torpaq sahəsidən həmin ərazıdə yaşayan şəxslərin, o cümlədən onun istifadə etdiyini bildirmişdir. 38.Habelə, Cavabdeh mübahisəli torpaq sahəsinə dair İddiaçı hüquq müəyyənedici sənədlərinin olduğunu da bilmiş və məhz həmin sənədlərin səlahiyyətli dövlət orqanı tərəfindən qanunu pozmaqla verilməsinə istinad iddia edərək onları mübahisələndirmişdir. 39.Bu səbəbdən kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya verilən sahə olmadığına dair apellyasiya şikayətinin dəlili əsassızdır. 40.Bundan başqa, cavabdeh apellyasiya şikayətində orada saxlanılan avtomobilin ona məxsus olmadığını bildirir. Lakin birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında cavabdehin nümayəndəsi həmin torpaq sahəsində cavabdehin özünün, onun ailə üzvlərinin və ya onlara qonaq gəlmiş digər şəxslərin bir neçə dəfə avtomobillərini saxladığını qəbul etmiş, lakin bunun mütəmadi xarakter daşımadığını göstərmişdir. 41.Qeyd edilənlərdən bu qənaətə gəlmək olur ki, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olması və cavabdehin həmin torpaq sahəsindən iddia ərizəsində qeyd edilən şəkildə və onun iradəsinə zidd olaraq istifadə etməsi birmənalıdır. 42.İddiaçının tələbini təsdiq edən sübut qismində məhkəməyə asfaltlanmış torpaq sahəsində cavabdehin həyat yoldaşı Azad Fətullayevə məxsus avtomobilin dayanmış vəziyyətdə fotoşəkillərini təqdim etməsi və cavabdehin bu avtomobilin ona deyil, onun həyat yoldaşına məxsus olması ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı bu fotoşəkilə mübahisəli torpaq sahəsindən cavabdehin və onun ailə üzvlərinin qanunsuz istifadə etməsini təsdiq edən sübutlardan bri kimi istinad etmişdir. 43.Kollegiya hesab edir ki, həmin avtomobilin cavabdehə məxsus olmaması cavabdehin mübahisəli torpaq sahəsindən qanunsuz istifadə etməməsi kimi qiymətləndirilə bilməz. 44.Belə ki, əvvəla, bu torpaq sahəsindən cavabdehin istifadə etməsi orada yalnız avtomobilin park edilməsi ilə məhdudlaşmır. Bundan başqa, cavabdehin nümayəndəsinin izahatında həmin sahədə cavabdehin özünün, yaxud onlara qonaq gələn şəxslərin bir neçə dəfə avtomobil park etməsi, lakin bunun mütəmadi xarakter daşımaması barədə bildirdikləri iddia tələbinin həmin dəlilinin əsaslı olmasını göstərir. 45.Kollegiya hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində onun iradəsinə zidd olaraq avtomobilin hətta bir dəfə saxlanması belə onun mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnmiş olur. 46.Yuxarıda qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməklə onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneə yaratmışdır. 47.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 48.Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 49.Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1736/2020-009 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar