Məhkəmə qərarları › İş №2(103)-1690/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1690/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1690/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3106/2022 saylı qərardadından iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 birgə iddiaçılar şəklində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)- 4855/2021 saylı qərardadına əsasən, iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan İddiaçı1 şikayət vermiş, məhkəmənin 30 iyun 2021-ci il tarixli qərardadında əsasən, şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(103)-8183/2021 saylı qərardadına əsasən, işin icraatı “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” göstərişinin hansı qaydada həyata keçirilməli olmasının Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləvə də Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” barədə müraciət üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(103)- 396/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)-4855/2021 saylı qərardadı ləğv edilmiş və iddia ərizəsi üzrə məhkəmə icraatının başlanmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadına əsasən, iş üzrə icraata xitam verilmişdir. İddiaçıların nümayəndəsi Vəkil şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(001)- 3106/2022 qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadından iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)- 4583/2022 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadından iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-3106/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4583/2022 nömrəli 20 iyun 2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-i il tarixli, 2(102)-5979/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4583/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı qismən – İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 aid hissədə ləğv edilmiş və iş həmin hissədə sonrakı prosessual hərəkətlərin icra olunması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadı qismən ləğv edilməli və İddiaçı1, İddiaçı3, İddiaçı5 oğlunun, İddiaçı4 qızının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsi icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası qərarında qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmündən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmündən apelyasiya şikayəti vermədiklərinə görə həmin şəxslərin «yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüququnu itirməsi» barədə işə baxan məhkəmələrin gəldikləri nəticə əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmündən iddiaçılardan yalnız İddiaçı2 özü və İddiaçı6 tərəfindən apellyasiya şikayəti verildiyi üçün apelyasiya instansiyası məhkəməsinin iddiaçılar İddiaçı2 və İddiaçı6 iddiası üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslıdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının mövqeyinə uyğun olaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Məhkəmə kollegiyası «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına istinad edərək qeyd edir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Belə ki, bu iddia tələbinin prosessual əsasını Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsi təşkil edir. Həmin normaya görə məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Lakin birinci instansiya məhkəməsi iddiaçıların tələbini ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora və ya Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə verilən şikayətlərə aid etmiş, buna görə də verilmiş iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmaması əsası ilə icraata xitam vermişdir. Halbuki, cinayət işi üzrə icraat başa çatmışdır və iddiaçıların bəzilərinin CPM-nin 253-cü maddəsinə əsasən hüquqi hərəkət imkanları itirilmişdir. Göründüyü kimi, işə baxmış məhkəmələrin iddiaçıların mülkyyətində olan əmlakların qanunsuz həbsdən azad edilməsinə nail olmaq üçün prosessual hüquqi vasitənin CPM-nin Lİİ fəslində müəyyən olunmuş məhkəmə nəzarəti qaydasında şikayət verilməli olduğu barədə gəldikləri nəticə düzgün olmamışdır. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «iddiaçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunvericiliklə onlara verilmiş hüquqlarından istifadə edərək mübahisələndirdiklərindən, yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüququnu itirmişlər». Lakin birinci instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü mübahisələndirməsini nəyə əsasən müəyyən müəyyən etdiyini qeyd etməyib və bu hal iş materialları ilə də müəyyən edilmir. Bu halda həmin şəxslərin «yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüququnu itirməsi» barədə gəlinən nəticə əsasszıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Belə olan halda cinayət işi üzrə icraata cəlb olunmamış hazırki iş üzrə iddiaçıların mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edilənlərə əsasən hesab etmişdir ki, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçıların nümayəndəsi Vəkil şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadı qismən - İddiaçı1, İddiaçı3, İddiaçı5 oğlunun, İddiaçı4 qızına aid hissədə ləğv edilməli, İddiaçı1, İddiaçı3, İddiaçı5 oğlunun, İddiaçı4 qızının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3106/2022 saylı qərardadı qismən - İddiaçı1, İddiaçı3, İddiaçı5 oğlunun, İddiaçı4 qızına aid hissədə ləğv edilsin. İddiaçı1, İddiaçı3, İddiaçı5 oğlunun, İddiaçı4 qızının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar