Məhkəmə qərarları › İş №2(103)-1690/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1690/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1690/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “pul tələbi, əsassız varlanma, etirafedici ifadə, sübutetmə yükü”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2023 saylı, 07 dekabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin 15 iyun 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış X8 qeyd etmişdir ki, təxminən 5 ildir ki, X2 tanıyır və onunla tanışlıq səbəbi ona məxsus olan "xxxx" MMC-də icraçı direktor vəsifəsində çalışması olmuşdur. O, dostu X6 məxsus olan “Jeep’’ marklı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili X1 həmin avtomobilin pulu olan 50000 manat pulu ona məxsus olan şirtkətin pulların verdiyi üçün dostu X11 avtomobilə verdiyi etibarnaməni ləğv etmişdir. Hal-hazırda İddiaçı dostu X6 məxsus olan “Jeep" marklı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmır və onların arasında Fizuli Rayon Məhkəməsində araşdırma aparılır.

2. Füzuli Rayon Məhkəməsinin 2(064)-820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “X16 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil, onun 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul cavabdeh İddiaçı alınıb iddiaçı X7 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50.000 (əlli min) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, İddiaçı ilə Cavabdeh "xxxx" MMC-də birlikdə işləmişlər və həmin iş prosesi zamanı yaranmış münasibətlər çərçivəsində Cavabdeh İddiaçı guya X7 məxsus olan “X16”markalı **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisi olduğunu, həmin nəqliyyat vasitəsinin formal olaraq R.Məmmədovun mülkiyyətində olmasını bildirərək İddiaçı guya satması adı altında ondan 50.000 (əlli min) manat pul vəsaitini almış daha sonra sözügedən nəqliyyat vasitəsinin həqiqi sahibi R.Məmmədov Füzuli Rayon Məhkəməsinə İddiaçı qarşı həmin nəqliyyat vasitəsinin geri qaytarılması tələbi barədə iddia ərizəsi ilə 2023-cü ilin aprel ayında müraciət etmiş və həmin andan İddiaçı Cavabdeh tərəfindən aldadıldığını ümumiyyətlə ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 (əlli min) manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını bilmiş, nəticədə Cavabdeh həmin hərəkətlərə yol verməklə əsassız varlanmış və beləliklə İddiaçı hüquqlarını pozmuşdur. Qeyd edilən hallar hazırki iddia ərizəsinə əlavə edilən tərəflər arasında olan danışıqlar və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərarında Cavabdeh həmin halları etiraf etməsi ilə sübuta yetirilir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Etibar Mustafayev) ilə iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddiaçı cavabdehə məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 (əlli min) manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını bildirir və tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092-ci maddəsinə istinad edir. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında "xxxx" MMC-də birlikdə işlədikləri zamanı münasibətlər çərçivəsində İddiaçı Cavabdeh tərəfindən aldadıldığını ümumiyyətlə ona məxsus olmayan və heç bir faktiki sahibliyi və ya mülkiyyəti olmayan nəqliyyat vasitəsini satış adı altında 50.000 (əlli min) manat pul vəsaitini qanunsuz olaraq ondan aldığını əsaslı dəlil kimi qəbul edilə bilməz. İddiaçı bu mövqedən çıxış etsə də, cavabdehə mübahisəli məbləğdə pulu verdiyini təsdiq edən hər hansı sübut (hər hansı iltizam, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) təqdim edə bilmir. Eyni zamanda mübahisəli 50.000 (əlli min) manat pul vəsaitinində məhz iddiaçıya məxsus olması da iş üzrə müəyyən edilmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X4 ifadələrində 50.000 (əlli min) manat pulun bilavasitə cavabdehə verildiyini A.Ələsgərzadənin sözlərinə istinadən bildirmişlər. Bu hal isə iddianın əsaslılığına dəlalət etmir. Halbuki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Sübutetmə yükü baxımından mübahisəli 50000 manatın məhz iddiaçıya məxsus olduğunu və bu məbləğin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan alındığını, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda işin məhkəmə araşdırılması bu hallar öz təsdiqini tapmır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin təmin olunmasını xahiş edib göstərir ki, məhkəmə 22 iyun 2023-cü il tarixli Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmış Cavabdeh izahatını nəzərə almamışdır. Həmin izahatında Cavabdeh nəqliyyat vasitəsini İddiaçı satdığını, lakin daha sonra pulun İddiaçı deyil onun direktoru olduğu müəssisəyə məxsus olduğunu bildirmişdir. Cavabdeh nəqliyyat vasitəsinə ödənilən 50.000 manat vəsaitin müəssisəyə məxsus olduğunu bildirsə də, bunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, hazırda formalaşmış işgüzar adətlərə əsasən nəqliyyat vasitəsinin alqı-satqısı zamanı əvvəl etibarnamə verilir, daha sonra rəsmiləşdirilir. Nəqliyyat vasitəsinin dəyəri ödənilmədən etibarnamə verilmir. Əgər nəqliyyat vasitəsinin dəyəri 50.000 manat İddiaçı tərəfindən ödənilməmişdirsə, ona hansı səbəbdən nəqliyyat vasitəsinə sərəncam vermək hüququna dair etibarnamə verilmişdi? Cavabdeh izahatında nəqliyyat vasitəsini satdığını bildirməklə onlar arasında alqı-satqı əməliyyatının olduğunu etiraf edib. Eyni zamanda, tərəflər arasındakı “whatsapp” yazışmalarında da Cavabdeh İddiaçı pul vəsaiti istəmiş, o, isə öz növbəsində pul vəsaiti verdiyini, həmin pulun maşından verdiyini, yəni alınan nəqliyyat vasitəsinə ödənilən puldan çıxdığını bildirərək pulu Cavabdeh ödəmişdir. Qeyd edilən hallar şahid ifadələri ilə təsdiq olunsa da, məhkəmə hər hansı əsas və səbəb olmadan şahid ifadələrini sübut qismində qəbul etməmiş, bunu da əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişlər.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və mübahisə üzrə məhkəməyə təqdim edilmiş zəruri izahat və sübutların nəzərə alınaraq məhkəmə iclasını iştirakı olmadan keçirilməsini, apelyasiya şikayətinin isə təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin işi ilə əlaqədar Çin dövlətində olduğunu, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiyini, 29 aprel 2024-cü il tarixdə qayıdacağını, iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumatlar, eləcə də sübutları iddiaçının təqdim və özünün məhkəmə iclasında iştirak etmək istədiyini nəzərə alaraq işin baxılmasını başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin əvvəlki iki məhkəmə iclaslarında iştirak etməsini, izahat vermələrini və apellyasiya mərhələsində yeni sübutlar təqdim edilməsində məhdudiyyətin olduğunu nəzərə alıb Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin növbəti məhkəmə iclasında iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. İddiaçının cinayət təqibi qaydasında müraciəti əsasında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində araşdırma aparılmış və 15 iyun 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan və toplanmış materiallarda Cavabdeh dostu X6 mülkiyyətində olan “X16”markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya satmasını təşkil etmək üçün sonuncudan 50.000 (əlli min) manat alması müəyyən edilmişdir. Belə ki, cinayət təqibi zamanı cavabdeh verdiyi izahatında Çin dövlətində olarkən iddiaçının ona göndərdiyi pulun şirkətinə məxsus kassada olan pul olduğunu və həmin pulun Nərminə heç bir aidiyyəti olmadığını göstərib. Başqa sözlə, hazırki iş üzrə cavabdeh iddiaçıdan tələb edilən məbləği aldığını etiraf və təsdiq edir. Demək ki, cavabdeh etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.

23. Cavabdehin mübahisələndirdiyi, yəni iddiaya etiraz etdiyi hissə iddiaçının tələb etdiyi məbləğin sonuncuya deyil, ona məxsus "xxxx" MMC-yə aid vəsait olması ilə bağlıdır. Lakin cavabdeh bu dəlili ilə bağlı nə birinci instansiya məhkəməsinə, nədə apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmiş, etirazını yalnız izahatı ilə ifadə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli iddiaçının tələb etdiyi məbləğin ona deyil, "xxxx" MMC-yə aid vəsait olduğunu sübut etmək yükü təbii ki, cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin halı sübut edə bilmir. Düzdü, cavabdeh iddiaçının tələb etdiyi pulu ona məxsus şirkətdən mənimsədiyini göstərsə də, bu xüsusatın yoxlanılması hazırki icraatın və iddianın predmeti deyil. 24.Bunlardan əlavə, işdə olan(bax.i.v.4-6) tərəflər arasındakı “whatsapp” yazışmalarında da cavabdehin iddiaçıdan pul vəsaiti istəməsi, iddiaçının isə öz növbəsində pul vəsaiti göndərdiyini, həmin pulun maşına görə verdiyini, cavabdehin isə verilən pulun avtomobilə görə olduğuna etiraz etməməsi və qəbul etməsi təsdiq olunur. Cavabdeh tərəf bu yazışmaların ona məxsus oduğunu heç bir halda təkzib etməyib. Deməli bu sübutlar da iddianın təmin edilməsi üçün müstəqil əsas idi. 25.Tərəflərin münasibətləri pozulduğundan avtomobilin mülkiyyətçisi hazırki iş üzrə iddiaçı tərəfə verilən etibarnaməni ləğv etdirərək avtomobilin qaytarılması üçün Füzuli Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədə göstərilən hallar da hazırki iddianın əsaslı olduğuna dəlalət edir. Demək ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunur və buna görə də birinci instansiya məhkəməsinin iddianın rədd edçərkən iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2023 saylı, 07 dekabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilərək Cavabdeh 50.000 (əlli min) manat alınaraq İddiaçı ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat alınaraq İddiaçı ödənilsin. İddia təmin edildiyindən iddianın verilməsi üçün 156 manat, eləcə də apellyasiya şikayətinin verilməsi üçün 78 manat ödənilmiş dövlət rüsumu əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar