Məhkəmə qərarları › İş №2(103)-1693/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1693/2023

24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1693/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(006)-4434/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 053135 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 86 nömrəli evin yaşayış sahəsi 28,0 kv.m. olan 2 otaqlı 52 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 120 nömrəli reyestr kitabında, 18422 səhifədə, 11 oktyabr 2000-ci il tarixdə 30/20568 nömrə ilə qeydiyyat aparılmışdır.

2. İddiaçı tərəfindən "xxxx" ASC-nin Nəsimi RETSİ-nə ünvanlanmış 10 avqust 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı avqust ayının beşində qısa qapanma nəticəsində onların mənzildə olan bütün avadanlıqlar (soyuducu, paltaryuyan, su filteri, mobem və s.) sıradan çıxdığını, onların bərpa olunması üçün 661 manat məbləğdə vəsait tələb olunduğunu bildirmişdir.

3. "xxxx" ASC-nin Nəsimi RETSİ tərəfindən İddiaçı ünvanlanmış 26 avqut 2022-ci il tarixli məktubdan görünür ki, 05 avqust 2022-ci il tarixdə saat 09:00-da Azadlıq prospekti 86 ünvandan şikayət daxil olmuş, səbəb PL-də qoruyucunun yanması olmuş və onların tərəfindən bərpa olunmuşdur.

4. ******* nömrəli, 09 avqust 2022-ci il tarixli faimə-fakturadan görünür ki, İddiaçı tərəfindən 1 ədəd Adapter üçün 35 manat, 1 ədəd Mineral üçün 40 manat, 1 ədəd Membran üçün 90 manat, cəmi 165 manat pul ödənilmişdir.

5. “X9” MMC tərəfindən verilmiş ĞĞY seriyalı 426758 nömrəli, 20 oktyabr 2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı texniki xidmətə görə 165 manat pul ödəmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən paltaryuyan maşına görə 370 manat, su filterinə görə 165 manat, soyuducuya görə 150 manat, modemə görə 50 manat, işıq lampaları (plafonlar) üçün 100 manat, səs yüksəldən (kolonka) üçün 35 manat, ərzaqlar (ət, mürəbbə, turşu, yağ, nehrə yağı və. s) üçün 500 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 2375 manat və həmçinin məhkəməyə ödənilmiş 44 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

7. İddianın əsaslarına görə, iddiaçı "xxxx" ASC-yə dəfələrlə zəng edərək sayğacla bağlı problemlərin olduğunu bildirmişdir. 05 avqust 2022-ci il tarixdə təxminən gecə saat 23:00 radələrində iddiaçı mənzildə olmayan vaxtda "xxxx" ASC-nin işçiləri gəlib paneldə qısa qapanma ilə bağlı düzəlişlər etmişlər. Həmin vaxta qədər dörd qonşunun işıqları yanmamış, hadisə 15:00-dan başlayaraq 23:00 radələrinədək baş vermişdir. Qonşuların sayğacının avtomatı atmış, onlarda isə sayğacın avtomatı atmamışdır. Bundan sonra sayğacda qısa qapanma baş vermişdir və iddiaçının mənzilində bütün əşyalarına, yəni bütün elektrik avadanlığına ziyan vurulmuşdur. Qısa qapanma nəticəsində paltaryuyan maşın, su filteri, soyuducu, modem, işıq lampaları (plafonlar), səs yüksəldən (kolonka), ərzaqlar (ət, mürəbbə, turşu, yağ, nehrə yağı, pendir) və s. kimi əşya və ərzaqlarına maddi ziyan iddiaçıya isə əsəb stresdən mənəvi ziyan vurulmuşdur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, iddiaçını uzun müddətdir ki, tanıyır. O, əvvəllər soyuducu təmiri zavodunda işləmişdir, hazırda işləmir. İddiaçı ona zəng vuraraq paltaryuyan maşınının xarab olduğu bildirmişdir. O, iddiaçının mənzilinə gəlmiş və paltaryuyan maşını təmir etmişdir. Bu zaman müəyyən etmişdir ki, paltaryuyan maşının mexanizmi yanmışdır. Həmin mexanizmin yanma səbəbi isə işıq naqillərində baş vermiş qısaqapanma olmuşdur. Tərəfindən mexanizm yenisi ilə əvəz olunmuş və yerinə yetirdiyi işə görə iddiaçıdan 370 manat pul alınmışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(006)- 4434/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə paltaryuyan maşına görə 370 manat, su filterinə görə 165 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 1906, 1097.1, 1108.1 maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia təmin olunan hisəsədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, 05 avqust 2022-ci il tarixdə saat 09:00-a "xxxx"ASCnin Nəsimi RETSİ-nə Azadlıq prospekti 86 ünvandan şikayət daxil olmuş, "xxxx" ASC-nin əməkdaşları həmin ünvanda baxış keçirmiş, baxış zamanı PL-də qoruyucunun yanması müəyyən edilmiş və dərhal bərpa olunmuşdur. İddiaçının evinin elektrik avadanlıqlarına həqiqətən həmin qısa qapanma nəticəsində ziyan dəyməsi hər hansı sübutla təstiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində paltaryuyan maşını təmir etdiyini, maşının mexanizminin yandığını, səbəbi isə işıq naqillərində baş vermiş qısaqapanma olduğunu bildirmişdir. Ə.Ş.Ağasiyevin rəy vermək səlahiyyəti olmadığından onun ifadəsi sübut kimi qəbul oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş əvvəllər soyuducu təmiri zavodunda işləmiş şəxsin paltaryuyan maşının təmiri ilə əlaqədar ifadəsinin sübut qisməndə tanınması düzgün olmamışdır.

15. İddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti ilə qətnamə qismən – iddia təmin olunan hissədə mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən qətnamə qismən ləğv edilməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusuna görə mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

23. Cavabdeh apellyasiya şikayəti ilə iddiaçıya vurulmuş zərərin qısaqapanma nəticəsində yarandığının sübut olunmadığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, hadisə günü iddiaçıya məxsus mənzildə qısaqapanma olması, bunun nəticəsində iddiaçıya zərər vurulması tərəflərin izahatları, "xxxx" ASC-nin iddiaçıya ünvanladığı məktub və işin digər halları ilə sübut olunur.

24. Lakin, zərərin həcmini müəyyənləşdirərkən birinci instansiya məhkəməsi su filterinə görə 165 manat tutulması hissədə haqlı olsa da, paltaryuyan maşına görə 370 manatın tutulması hissədə düzgün nəticəyə gəlməmişdir. Ona görə ki, bu hal yalnız şahid ifadəsinə istinadla sübut oluna bilməz. Şahidin paltaryuyan maşın təmiri üzrə mütəxəssis olması, təmirə görə aldığı 370 manat məbləğin hansı hissəsinin xidmət haqqı, hansı hissəsinin yeni alınmış mexanizmin dəyəri olması, həmçinin, mexanizmin alınması ilə bağlı çek, qəbz və ya digər sənəd təqdim olunduğu təqdirdə bu şahid ifadəsi mötəbər sübut kimi qəbul oluna bilərdi.

25. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə paltaryuyan maşına görə 370 manat məbləğdə pulun tutulması hissədə qanuni və əsaslı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, həmin hissədə qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə qismən ləğv edilməli, eyni iş üzrə yeni qətnamə qəbul edilməli və bu hissədə iddia rədd olunmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(006)- 4434/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(006)- 4434/2022 nömrəli qətnaməsi qismən - "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 370 manat məbləğdə pulun tutulmasının təmin edildiyi hissədə ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, eyni hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar