Məhkəmə qərarları › İş №2(103)-170/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-170/2022

22.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-170/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “X6” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdehlər Xocasən bələdiyyəsi, Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2009-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı Təşkilatın nümayəndəsi X1, Xocasən bələdiyyəsinin nümayəndələri X3 və X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Təşkilatın səlahiyyətli nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 iddiaçı Təşkilata məxsus 3 saylı Neft və Qazçıxarma sexinin 312084 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa etdiyi qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçı Təşkilatın istifadəsinə qaytarılması, cavabdeh Xocasən bələdiyyəsinin Cavabdeh1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/36 saylı, 14.10.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8 Bi.Vi.” Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında 29.09.2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, Saziş 01.09.2005-ci il tarixdən qüvvəyə minmişdir. Saziş üzrə əməliyyat şirkəti qismində “X6” Şirkətinin Azərbaycan Respublikasındakı filialı fəaliyyət göstərir. Şirkətin ərazisində Cavabdeh1 qanunsuz torpaq sahəsi ayrılmışdır. Cavabdeh1 torpaq sahəsi ayrılmasına dair Xocasən bələdiyyənin qərarı qanunsuz və əsassızdır. Çünki Xocasən bələdiyyəsi özünə məxsus olmayan sahəyə dair sərəncam vermişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.09.2009-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 3 saylı Neft və Qazçıxarma sexinin 312084 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsini, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsini, iddiaçı Təşkilatın istifadəsinə qaytarılmasını, Xocasən bələdiyyəsi tərəfindən Cavabdeh1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında verilmiş 24/36 saylı, 14.10.2005-ci il tarixli qərarın etibarsız hesab edilməsini qət etmişdir. İş üzrə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi Xocasən bələdiyyəsinin 14.10.2007-ci il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmişdir. İşə baxmış Rayon Məhkəməsi həmin torpaq sahənin iddiaçı Təşkilata məxsus torpaq sahəsinin hüdudlarında yerləşməsini aydınlaşdırmamış, bununla bağlı müvafiq ekspertiza təyin etməmişdir. İş üzrə cavabdeh olan və qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 və qətnamədən apellyasiya şikayəti verməmiş Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Xocasən bələdiyyəsinin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayəti dəstəklədilər və bildirdilər ki, torpaq sahəsinin Cavabdeh1 istifadəsinə ayrılması barədə Bələdiyyənin qəbul etdiyi 14.10.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsas yoxdur. Qərara etibarlıdır. İddiaçı Təşkilat mübahisəli torpaq sahəsinin məhz Bələdiyyəyə deyil ona məxsus olmasını təsdiq edə biləcək sübutları təqdim etməmiş, işə baxmış Rayon Məhkəməsi isə buna lazımi qaydada hüquqi qiymət verməmiş, həmin torpaq sahənin iddiaçı Təşkilata məxsus torpaq sahəsinin hüdudlarında yerləşməsini aydınlaşdırmaq məqsədi ilə iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. İddiaçı Təşkilatın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə ilk növbədə qeyd edir ki, apellyasiya icraatı zamanı Məhkəmənin 22.04.2022-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin 09.09.2009-cu il tarixli qətnaməsinin qismən, yəni “Xocasən bələdiyyəsinin Cavabdeh1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/36 saylı, 14.10.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçı Şirkətə izah edilmişdir ki, o, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Məhkəmə, apellyasiya baxışının qalan hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalmış hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, “X8 Bi.Vi.” Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında 29.09.2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmışdır. Saziş 01.09.2005-ci il tarixdə qüvvəyə minmişdir. Saziş üzrə əməliyyat şirkəti qismində “X6” Şirkətinin Azərbaycan Respublikasındakı filialı fəaliyyət göstərir. “Neft mədənlərinin neft, qaz və suların yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji lahiyələşdirmə” Qaydalarının cədvəlinin 2-ci bəndindən görünür ki, neft buruğu ilə yaşayış evləri arasında məsafə 150 metr nəzərdə tutulmuşdur. Həmin məsafənin yalnız 50% qısaldılmasına icazə verilir. Xocasən bələdiyyəsinin 24/36 saylı, 14.10.2005-ci il tarixli qərarından görünür ki, həmin qərarla Bələdiyyə, Bələdiyyənin aid ərazidən ölçüsü 1 ha olan torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 alğı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara almışdır. İddiaçı Təşkilat bildirir ki, yuxarıda qeyd edilən qərarda nəzərdə tutulmuş torpaq sahəsi “X8 Bi.Vi.” Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında bağlanmış 29.09.2004-cü il tarixli Sazişdə nəzərdə tutulmuş və Təşkilatın istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində, yəni 3 saylı Neft və Qazçıxarma sexinin 312084 saylı neft quyusunun təhlükəsizlik zolağında yerləşir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin işə baxmış Rayon Məhkəməsinə təqdim etdiyi 21.08.2009-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 istifadəsinə ayrılmış torpaq sahəsi, yaşayış massivinə aid torpaq sahəsində deyil, iddiaçı Təşkilatın istifadəsinə ayrılmış sahədə yerləşir. Buna baxmayaraq göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, apellyasiya baxışında qalmış hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin hallarından isə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçı Təşkilatın istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşsə də, həmin sahə özbaşına olaraq zəbt edilməmiş, Xocasən bələdiyyəsi tərəfindən qəbul edilmiş 14.10.2005-ci il tarixli qərarı əsasında istifadə olunur. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya baxışında qalmış hissədə iddia tələbinin həlli Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “iş üzrə icraata hissəvi xitam verilməsi barədə” qərarda qeyd edilən tələbin inzibati icraat qaydasında həll edilməsinin nəticəsindən asılı olduğu üçün apellyasiya baxışında qalmış hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Lakin işə baxmış Rayon Məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamışdır. Məhkəmə iddiaçı Şirkətə izah edir ki, gələcəkdə müvafiq (inzibati) məhkəmə qərarı mövcud olduğu təqdirdə hazırki qətnamə ilə həll edilmiş tələblər ilə yenidən ümumi məhkəməyə müraciət edə bilər. Odur ki, şərh olunanlara və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya baxışında qalan hissədə də iddia tələbləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “3 saylı Neft və Qazçıxarma sexinin 312084 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçı “X6” Şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə qaytarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar