Məhkəmə qərarları › İş №2(103)-1700/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1700/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1700/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC və X5 qarşı iş üzrə (Açar sözlər: bank əmanətinin bərpa olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2, X8 və cavabdeh X4 nümayəndəsivəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və cavabdeh X5 qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli e-2(006)-3746/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə 29 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən atası Cavabdeh2 xx.xx.2019-cu il tarixdə etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2021-ci il tarixdə isə xitam verilmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-də “Bank Əmanəti” müqavilələrinə əsasən, xx.xx.2022-ci il tarixə kimi cəmi 242.938 manat məbləğində pul vəsaitli bank əmanəti olmuşdur. xx.xx.2022-ci il tarixdə etibaredilən şəxs, yəni Cavabdeh2 banka etibarnamə əsasında Banka müraciət edərək, yuxarıda qeyd edilən vəsaiti hesabdan çıxarmışdır. Etibarnamə etibaredilənə bankdan pul vəsaitinin çıxarılması üçün əsas olsa belə, həmin etibarnaməyə etibaredən, yəni İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı 22 iyun 2022-ci il tarixdə Banka ərizə ilə müraciət edərək, həmin məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bank bundan sonra məsələni araşdıraraq müəyyən etmişdir ki, etibarnamə ləğv edilmişdir. Halbuki, cavabdeh həmin ləğv olunmuş etibarnamə əsasında pulu hesabdan çıxarmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər "xxxx" ASC və cavabdeh X5 qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus 255.938 manat pul vəsaitli bank əmanətinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə uyğun ərizə ilə məhkəməyə müraciət edərək, 255.938 manat pul vəsaitli bank əmanətinin cavabdehlər Azərbaycan Beynəlxalq Bankı” ASC və cavabdeh X9 tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli BPM**********54 nömrəli və xx.xx.2020-ci il tarixli BPM**********57 nömrəli “Bank Əmanəti” müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixli BPM**********54 nömrəli müqavilə üzrə 57.000 və xx.xx.2020-ci il tarixli BPM**********57 nömrəli müqavilə üzrə 100.000 manat pul əmanətini "xxxx" ASC-də yerləşdirmişdir. Bank əmanətinin üzərinə müvafiq faizlər gəlməklə artmışdır. Bundan başqa, İddiaçı və cavabdeh "xxxx" ASC arasında xx.xx.2020ci il tarixli BPM**********57 nömrəli “Fiziki şəxslərə bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” müqavilə bağlanmışdır. "xxxx" ASC-dən verilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixinə İddiaçı bank əmanətində 242.938 manat pul olmuşdur. Lakin, xx.xx.2022-ci il tarixində qeyd olunan pul vəsaiti bank əmanəti hesabından çıxarılmış və həmçinin, buna görə də aylıq hesablanmalı olan əlavə 13.000 manat məbləğ pulda bank əmanəti hesabda görünməmişdir. Yəni, hazırda 255.938 manat pul İddiaçı bank əmanətindən əsassız olaraq silinmişdir. İddiaçı "xxxx" ASC-yə qeyd olunan halın səbəbləri barədə məlumat verməsi üçün müraciət etdikdə ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında İddiaçı atasına ödənilmişdir. Lakin, nəzərə alınmalıdır ki, İddiaçı atasına müvafiq etibarnamə versə də, lakin pul vəsaiti bank əmanətindən silindiyi zaman qeyd olunan etibarnamənin hüquqi qüvvəsi olmamışdır. Bu isə "xxxx" ASC-nin qanunsuz əməllərinin və pul vəsaitlərini qanunsuz olaraq bank əmanəti hesabından silmələrinin göstəricisidir. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi və səhlənkarlığı nəticəsində İddiaçı hüquqları pozulmuş, bank əmanətindən vəsaitlər əsassız olaraq silinmişdir.

5. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Bank olaraq hesab edirlər ki, bu iddia ərizəsində və ona əlavədə qeyd edilən iddia tamamilə əsassızdır və iddiaçının iddia tələbi təmin edilməməlidir, Bank müvafiq əməliyyatı (depozit məbləğinin məxaric edilməsi) icra edərkən özünə aid olan hissədə bütün aidiyyəti qanunvericilik normalarına riayət etmişdir. Bankın və onun əməkdaşlarının hərəkətləri tamamilə əsaslı olmuşdur, əməkdaşlarının isə vəzifə səlahiyyətlərindən sui-istifadəsi və səhlənkarlığından da ümumiyyətlə heç bir söhbət gedə bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun atasına (Cavabdeh2) verdiyi etibarnamə ləğv edilmişdir. İddiaçı bununla da etibarnaməni ləğv etdiyini etiraf edir. Amma buna baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müvafiq imperativ normaların tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, MM-nin 366.1-ci maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. İşin materiallarından aydın olduğu kimi, iddiaçı ilə Bank arasında əmanət müqavilələrindən irəli gələn mülki münasibətlər mövcud olmuşdur. İddiaçı Bankla əmanət müqavilələri bağlayaraq ümumilikdə cəmi 257.000 AZN vəsaiti banka əmanət olaraq yerləşdirmiş, buna əsasən hər ay faizlər almışdır. Bu faktdan açıq-aşkar aydın olur ki, iddiaçı üçün Bank ona (iddiaçıya) məlum üçüncü şəxs olmuşdur. Yəni, iddiaçı 257.000 AZN vəsaiti yerləşdirdiyi Bankı etibarnaməni ləğv etdiyi barədə xəbərdar etməyə borclu idi, çünki o bilirdi (bilməli idi) ki, verdiyi etibarnaməyə əsasən, hərəkət edən şəxs Bankda 257.000 AZN-ə münasibətdə əməliyyatlar apara bilər. İddiaçı bu normanı kobud şəkildə pozmuş və Banka heç bir xəbər verməmişdir. Ona görə də, onun Bankı qanunsuz və əsassız əməliyyat aparmaqda ittiham etməsi tamamilə əsassızdır. İddiaçının etibarnaməni ləğv etdiyi anda, müvafiq məxaric əməliyyatı baş verməmişdən qabaq Bankı xəbərdar etməməsini təsdiq edən daha bir fakt onun məhkəməyə (Nəsimi Rayon Məhkəməsinə) Bankı xəbərdar etməsini təsdiqləyə biləcək heç bir təqdim edilməməsidir. Məlumat üçün qeyd etmək lazımdır ki, müvafiq etibarnamənin ləğv barədə məlumat vəsait məxaric edildikdən sonra iddiaçı tərəfindən Banka bildirilib. Belə ki, Cavabdeh2 tərəfindən müvafiq vəsaitlər məxaric edildikdən sonra onun oğlu etibar edən İddiaçı (iddiaçı) Bankın çağrı mərkəzinə müraciət etmiş və pul məxaric edilməsi məsələsinin araşdırılıb ona cavab verilməsini xahiş etmişdir. Bank tərəfindən ona məlumat verilmişdir ki, müvafiq vəsait etibarnamə əsasında hərəkət edən şəxs tərəfindən məxaric edilib. İddiaçı Banka bildirmişdir ki, onun tərəfindən verilən etibarnaməyə xitam verilib. Bundan sonra Bank tərəfindən aparılmış araşdırmalar nəticəssində müvafiq yoxlama aparılmış və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən (etibarən edən) atası Cavabdeh2 (etibar edilən) verilmiş “AR-İ №891359 blank nömrəli, barkod nömrəsi **********535 olan xx.xx.2019-cu il tarixli etibarnaməyə xx.xx.2021-ci il tarixində xitam verilib. Bundan sonra İddiaçı Banka, həmçinin yazılı şəkildə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, ona məxsus olan məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bu bir daha onu göstərir ki, iddiaçının Bankdan müvafiq vəsaiti tələb etməyə heç bir hüququ yoxdur. O, MM ilə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, yalnız pulun məxaric edildiyini bildikdən sonra etibarnamənin ləğv edilməsini Banka bildirmişdir. İddiaçı iddia ərizəsində tamamilə əsassız olaraq Bank əməkdaşlarını səlahiyyətlərindən suiistifadə və səhlənkarlığı ilə ittiham etmişdir. Halbuki, MM-in yuxarıda edilən normasından və iddiaçının Bankı xəbərdar etməməsi faktından bəlli olur ki, Bank öz üzərinə düşən əməliyyatı tamamilə qanuni şəkildə görmüşdür. Yuxarıda qeyd edilənlərdən savayı, həmçinin iddia məbləğinə dair tələbə də münasibət bildirmək yerinə düşər. Əvvəla qeyd edilir ki, yuxarıda qeyd edilən əsaslandırmadan aydın olur ki, iddiaçının Bankdan ümumiyyətlə müvafiq vəsaiti bərpa etmək hüququ yoxdur və onun tələbi tamamilə əsassızdır. Bununla yanaşı, həmçinin qeyd edilir ki, iddiaçının Bankdan tələb etdiyi vəsait da əsassızdır. Belə ki, iddiaçı Banka 3 müqavilə əsasında cəmi 257.000 AZN vəsait yerləşdirmişdir. İddiaçının etibarnamə verdiyi Cavabdeh2 xx.xx.2022-ci il tarixində etibarnamə ilə vəsaitləri məxaric edərək əmanət müqavilələrinə vaxtından əvvəl verib. İddiaçı ilə Bank arasında bağlanılmış əmanət müqavilələrinin 4.2-ci maddəsinə əsasən “əmanətçi müqavilənin müddəti bitənədək istənilən vaxt əmanəti hesabdan geri götürə bilər. Bu halda, o cümlədən əmanət müqavilənin müddətinin bitməsinədək qanunvericilikdə və yaxud müqavilədə nəzərdə tutulmuş əsaslarla əmanətçinin hesabından silindikdə, əmanət faizi hesablanmır və artıq əmanətçiyə ödənilmiş faizlər əmanətçidən tutur”. Bank məhz bu müqavilə şərtindən irəli gələrək vaxtından əvvəl məxaric edildiyi üçün, müştəriyə ödənilmiş cəmi 14.092,16 AZN faizi əmanətçidən (257.000 AZN vəsaitdən) tutmuşdur. Nəticədə, müştəriyə qaytarılan əsas depozit məbləği 242.907,84 AZN olmuşdur. Həmin anda iddiaçının hesabında 31.10 AZN vəsait olduğuna görə cəmi 242.938,94 AZN Cavabdeh2 sərəncamına verilmişdir. Bu zaman xüsusilə qeyd etmək lazımdır ki, iddiaçı ilə Bank arasında bağlanılmış kredit müqavilələrinə əsasən, ona xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2022-ci il tarixində isə əlavə olaraq 4.500 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixində etibarnamə ilə vəsaitləri məxaric etdikdən sonra bu müqavilələrini bağlamaq üçün 6.530,97 AZN vəsait ödəmişdir. Beləliklə, bu fakt onu təsdiqləyir ki, iddiaçının Bankdan 255.938 AZN vəsait tələb etməsi əsassızdır. Beləliklə iddiaçının Banka qarşı iddia tələblərinin heç bir hüquqi əsasının olmadığın və bu kontekstdən iddia ərizəsinə qiymət verilməməsini nəzərə alaraq onun təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3746/2022 nömrəli 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) İddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus 255.938 (iki yüz əlli beş min doqquz yüz otuz səkkiz) manat məbləğində pul vəsaitli bank əmanəti cavabdeh "xxxx" ASC tərəfindən depozit hesabında bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 362.1, 366.1, 385.1, 385.2, 425.1, 433.2, 456, 459.1, 1096.1, 1096.2, 1097.1, 1099.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, X13 "xxxx" ASC-yə hesabından pulun silinməsi səbəbləri barədə məlumat verməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında X6 atasına cavabdeh X5 ödənilmişdir. Lakin nəzərə alınmalıdır ki, X13 atasında müvafiq etibarnamə versə də, lakin pul vəsaiti bank əmanətindən silindiyi zaman qeyd olunan etibarnamənin hüquqi qüvvəsi olmamışdır. Cavabdeh X9 qüvvədə olmayan etibarnamədən istifadə etməklə, həmçinin ona verilmiş etibarnamədən sui istifadə etməklə iddiaçının pulunu qanunsuz və əsassız olaraq iddiaçının razılığı olmadan bank əmanətindən çıxardaraq ələ keçirmiş və ona maddi ziyan vurmuşdur. Məhz "xxxx" ASCnin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui istifadəsi və səhlənkarlığı nəticəsində İddiaçı hüquqları pozulmuşdur. Bu isə "xxxx" ASC-nin qanunsuz əməllərinin və pul vəsaitlərini qanunsuz və esassız olaraq bank əmanəti hesabından silinməsinin göstəricisidir. Cavabdeh X12 da mülki hüquqlarından sui istifadə edərək, iddiaçı X10 maddi ziyan vurmuşdur.

10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin rdilən hissəsində ləğv edilməsini, "xxxx" ASC-yə münasibətdə iddiatələbi rədd edilsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini iddiaya etirazın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi cavabdeh "xxxx" ASC-nin etibarnaməyə xitam verilməsi barədə iddiaçı tərəfindən xəbərdar edilməməsi faktını nəzərə almamışdır, baxmayaraq ki, bu fakt ümumiyyətlə iş üçün ən əhəmiyyətli olan məsələ olmuşdur. İşin materiallarına baxdıqda məlum olur ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-ni xəbərdar etmək barədə heç bir sübut (dəlil) mövcud deyil. Həmçinin, qeyd etmək lazımdır ki, işin materiallarında digər Cavabdeh2 (iddiaçının atası) da hansısa qaydada xəbərdar edilməsi barədə heç bir sübut (dəlil) yoxdur, amma Nəsimi Rayon Məhkəməsi həmin cavabdehə münasibətdə iddianı təmin etməmişdir, baxmayaraq ki, iddiaçı etibarnaməyə xitam verilməsi barədə öz atasını məlumatlandırdığını iddia edir. Nəsimi Rayon Məhkəməsi əsassız və qanunsuz olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" ASCnin müvafiq əməliyyat zamanı (əmanətlərin məxaric edilməsi zamanı) etibarnaməni yoxlamaq öhdəliyi olmuşdur. Halbuki qətnamədə bu öhdəliyin harada qeyd edilməsi, qanunvericilikdən yoxsa müqavilədən irəli gəlməsi barədə heç bir əsaslandırma, işin materiallarında isə bununla bağlı heç bir sübutlar (dəlillər) mövcud olmamışdır. Bununla yanaşı, Nəsimi Rayon Məhkəməsi müvafiq əməliyyat zamanı digər cavabdehin (Cavabdeh2) hansısa öhdəliyi daşıyıb-daşımadığına, pozub-pozmadığına dair heç bir münasibət bildirməmiş, amma nəticədə ona münasibətdə iddianı təmin etməmişdir, halbuki depozit məbləği hal-hazırda da həmin şəxsin sahibliyindədir. "xxxx" ASC-yə münasibətdə isə Nəsimi Rayon Məhkəməsi heç bir əsaslandırma aparmadan sadəcə öhdəlik daşıdığına istinad etməklə iddiatəmin etmişdir. Nəsimi Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, "xxxx" ASC iddiaçıya ziyan vurmuşdur, halbuki bu ziyanın hansi deliktdən irəli gəldiyi barədə əsaslandırma aparılmamışdır. Digər məsələlər ilə yanaşı, burda da, məhkəmənin mövqeyi ikili olmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsi digər cavabdeh tərəfindən iddiaçıya ziyan vurulub-vurulmaması məsələsinə dair ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, hesab edirlər ki, əgər hansısa pozulmuş hüquqların müdafiəsindən söhbət gedirsə bu məsələdə etibarnamə verən və etibarnamə verilən şəxslər arasındakı münasibətlərə əsasən məsələləri aydınlaşdırmaq (onlara qiymət vermək) lazım idi, yəni "xxxx" ASC-nin ümumiyyətlə bu işə heç bir aidiyyəti olmamalıdır (bank bu iş üzrə əsl cavabdeh deyil) və banka münasibətdə iddia tamamilə əsassızdır. Bundan əlavə "xxxx" ASC etibarnamənin qüvvədən düşməsi barədə məlumatı alan kimi (etibarnaməyə xitam verilməsi barədə iddiaçı tərəfindən müvafiq əməliyyat aparılmasından sonra banka xəbər verilmiş və banka yalnız bu zaman bəlli olmuşdur ki, etibarnaməyə xitam verilib), müştərinin maraqlarını qorumaq məqsədi ilə (atası tərəfindən götürülən depozit məbləğinin şəxsi məqsədlər üçün xərclənməsinin qarşısını almaq məqsədi ilə) Nəsimi Rayon Məhkəməsində hazırki işin başlamasından əvvəl (ümumiyyətlə bu işin başlanma ehtimalı olduğun banka məlum olmamışdır) digər cavabdehə (Cavabdeh2) qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır Burada bank məhkəmədən xahiş etmişdir ki, Cavabdeh2 242,938 AZN pul vəsaiti tutularaq İddiaçı adına açılmış **********2235039120 nömrəli hesaba ("xxxx" ASC tərəfindən əmanətin qəbul edilməsi üçün açılmış hesaba) mədaxil edilməsi, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə müvəqqəti təminat tədbiri ərizəsinin verilməsi üçün 54,70 AZN dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının, həmçinin iddia ərizəsinin verilməsi üçün 532.94 AZN dövlət rüsumunun və 0.80 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarasılsın. Bu iş üzrə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4742/2022 saylı xx.xx.2022-ci il qərardadı ilə icraat İddiaçı cavabdehlərCavabdeh2 və "xxxx" ASC-yə qarşı bank əmanətinin bərpa olunması tələbinə dair Nəsimi Rayon Məhkəməsində 2(006)-3746/2022saylı mülki iş həll edilənədək dayandırılmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

13. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər. 14 Cavabdeh X4 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir: “Hesab edək ki, cavabdeh "xxxx" ASC tərəfindən etibarnamənin qüvvədən düşüb-düşməməsi məsləsinin aydınlaşdırılması üçün iddiaçı ilə telefon əlaqəsi yaradılır, lakin, iddiaçı zəngi açmır, belə olan halda müvafiq əməliyyatlar aparılmayacaqdırmı və ya iddiaçı ölkədə yoxdur, xarici ölkədədir, belə çıxır ki, o, ölkəyə gələnə qədər onun vermiş olduğu etibarnamənin heç bir hüquqi qüvvəsi olmayacaqdımı və ya xarici ölkədə verilmiş etibarnamə olsaydı, həmin etibarnamənin qüvvədən düşməsi məsələsi necə aydınlaşacaqdı?!. "xxxx" ASC bugunki gündə onların pul məbləğinin üzərinə həbs qoymuşdur və "xxxx" ASC-nin mübahisədə uduzmağı hüquqlarını müdafiə etdiyi şəxsin uduzmağına bərabərdir. Həmçinin, cavabdeh X9 Bakı Dövlət Universitetinin 43 ildir ki, baş hüquqşunası olmuş, oğluna 5 ev bağışlamış, 2 avtomobil vermişdir, iki dəfə oğlunu işə bərpa etdirmişdir. Bundan əlavə onun fikrincə iddiaçı cavabdeh X5 əsassız varlanma tələbinə dair iddia qaldıra, çəkilmiş pulun geri qaytarılmasını tələb edə bilərdi. İddiaçının cavabdeh- X9 tərəfindən çəkilmiş pul məbləğinin qanunsuz şəkildə çəkildiyini iddia etməsi düzgün yanaşma deyildir. Digər tərəfdən qanunvericiliyə əsasən qanun boşluğu zamanı işgüzar adətlər tətbiq edilir, hal-hazırkı mübahisəyə nəzərən münasibətləri tənzimləyən normalarda heç bir qanun boşluğu yoxdur”. Sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

18. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

21. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

22. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmasıba aid hissədə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilməlidir.

34. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq norması düzgüntətbiq edilməmiş və qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.

35. 14 iyul 2020-ci il tarixli, BPM**********54 №-li X7 surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, əmanətçi-İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 12 ay müddətinə 57.000 manat məbləğində pul vəsaitini Bankda yerləşdirmiş, Bank isə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür.

36. 14 iyul 2020-ci il tarixli, BPM**********57 №-li X7 surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, əmanətçi-İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 12 ay müddətinə 100.000 manat məbləğində pul vəsaitini Bankda yerləşdirmiş, Bank isə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür.

37. xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli Kredit müqavilələrinin surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 2000 və 4500 manat məbləğində kredit verilmişdir.

38. "xxxx" ASC tərəfindən verilən 14 iyun 2022-ci il tarixli, BPM**********78 №-li Məxaric orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı məxsus hesabda olan 242.938 AZN məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən etibarnamə əsasında hesabdan çıxarılmışdır.

39. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 verilən xx.xx.2019-cu il tarixli etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

40. Mülki işin materiallarındadan görünür ki, 22 iyun 2022-ci il tarixdə İddiaçı "xxxx" ASC-yə Ərizə ünvanlayaraq bildirmişdir ki, 14 iyun 2022-ci il tarixdə ona məxsus hesabdan ləğv olunmuş etibarnamə əsasında pul çəkilmişdir. Həmin məbləğin hesaba geri qaytarılmasını xahiş etmişdir.

41. "xxxx" ASC tərəfindən verilən 07 oktyabr 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Banka yaxınlaşaraq İddiaçı tərəfindən ona verilmiş “AR-İ № 891359” blank nömrəli, barkod nömrəsi **********535 olan xx.xx.2019-cu il tarixli etibarnamə əsasında müqavilələr üzrə 242,938.84 manat məbləğində əmanətin qəbul edilməsi üçün İddiaçı adına açılmış hesabdan vaxtından əvvəl məxaric etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 verilən etibarnaməyə xitam verilməsi barədə İddiaçı tərəfindən Banka heç bir məlumat verilməmişdir

42. yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

43. Kollegiya qeyd edir ki, iş materiallarından aydın olduğu kimi, iddiaçı ilə Bank arasında əmanət müqavilələrindən irəli gələn mülki münasibətlər mövcud olmuşdur. İddiaçı Bankla əmanət müqavilələri bağlayaraq ümumilikdə cəmi 257.000 AZN vəsaiti banka əmanət olaraq yerləşdirmiş, buna əsasən hər ay faizlər almışdır. Bu faktdan açıqaşkar aydın olur ki, iddiaçı üçün Bank ona münasibətdə maddədə qeyd olunduğu kimi üçüncü şəxs olmuşdur. Yəni, iddiaçı 257.000 AZN vəsaiti yerləşdirdiyi Bankı etibarnaməni ləğv etdiyi barədə xəbərdar etməyə borclu idi, çünki o bilirdi (bilməli idi) ki, verdiyi etibarnaməyə əsasən, hərəkət edən şəxs Bankda 257.000 AZN-ə münasibətdə əməliyyatlar apara bilər.

44. Lakin iddiaçı tərəfindən cavabdeh "xxxx"ASC-ni xəbərdar etmək barədə heç bir sübut iş materiallarında mövcud deyildir.

45. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən etibarnamənin yoxlanılması barədə iddianın dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Bankın əməkdşlarının belə bir öhdəliklərinin olması nə qanunvericilikdə, nə də tərəflərin arasında bağlanmış müqavilədə nəzərədə tutulmamışdır.

46. Digər cavabdeh X4 da hüquqdan sui istifadə edərək iddiaçıya ziyan vurması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, eyniylə digər cavabdeh kimi bu cavabdehdə də, etibarnamənin ləğv edilməsi barədə idddiaçı məlumat verməmişdir. Cavabdeh X9 ləğv olunduğunu bilmədiyi etibarnamə əsasında pulu bankdan götürərkən vicdanlı hərəkət etmişdir.

47. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər "xxxx" ASC və X4 hərəkətlərində hər hansı hüquq pozuntusu müəyyən olunmur. İş materiallarında onların hüquqdan sui istifadə etmələri nəticəsində iddiaçıya zərər vurmalarını təsdiq edən hər hansı sübut yoxdur.

48. Beləliklə, kollegiyanın qənaətinə görə iddiaçının hazırki tələbi baxımından, yəni “bank əmanətinin bərpa olunması” iddiası təmin oluna bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin olumasın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3746/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunan hissədə təmin edilməsin. İddiaçının apellyasiya şikayəti ilə bağlı ödədiyi dövlət rüsumu məbləği özünə aid olunsun. "xxxx" ASC-nin apellyasiya şikayəti ilə bağlı ödədiyi dövlət rüsumu məbləği – 275,41 (iki yüz yetmiş beş manat qərx bir qəpik) İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar