Məhkəmə qərarları › İş №2(103)-1700/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1700/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1700/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pozulmuş hüquqların bərpası ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(004)-5590/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan cinayət işi üzrə bəraət almışdır. 2.İddiaçı barəsində qanunsuz olaraq seçilmiş “polisin nəzarəti altına verilmə” qətimkan tədbirinə görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pozulmuş hüquqların bərpası ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli çıxarılmış və qanuni qüvvəsini almış bəraət hökmü əsasında ona ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində “polisin nəzarəti altına vermə, qətimkan tədbiri seçilməklə və 2 ildən artıq müddətə Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarına qarşı qanunsuz məhdudiyyətlərin qoyulması ilə bağlı Konstitusiya ilə təsbit edilmiş pozulmuş insan hüquq və azadlıqlarının bərpası yönümündə, o cümlədən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi hüquqi əsası ilə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmaqla 12000 manat maddi, 8000 manat mənəvi, ümumilikdə 20000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun barəsində çıxarılmış Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-il tarixli qanuni qüvvəsini almış bəraət hökmünə əsasən, bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuniqüvvəsini almış bəraət hökmü əsasında ləğv edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 21/2022 saylı, 11 may 2022-il tarixli hökmü ilə onun barəsində əsassız olmaqla və cinayət qanununun hüquqi normalarına əməl edilmədən Azərbaycan Respublikası CM-nin 221.2.1. maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15(on beş ) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzası təyin edilmiş və həmçinin, barəsində bəraət hökmü çıxarılanadək o, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının əsaslı səhvi (təqsiri) səbəbindən əsassız olaraq ilk əvvəl xx.xx.2021-ci il tarixindən başlanılmaqla Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb olunmaqla izahatı alınmış, xx.xx.2021-ci il tarixindən həmin maddə ilə təqsirli bilinməklə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə birbaşa qanunsuz olaraq Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarına məhdudiyyətlər qoyulmasına səbəb olan qanunsuz hallara məruz qalmışdır. Belə ki, qanunsuz olmaqla -cinayət qanununun normalarına əsaslanmayan hüquqda əsassız olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1- ci maddəsi ilə təqsirli bilinməklə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəticəsində hər dəfə polis orqanlarına gedərək orada rəsmi qeydiyyatının aparılmasını və yaşadığı ərazi üzrə başqa yerə getməməsi bildirməklə qanuni hüquqlarının birbaşa məhdudlaşdırılması və pozulması halları baş verməklə, eyni zamanda əmək fəaliyyəti ilə də normal məşğul olmasının qarşısı alınması formasında təzahür etmişdir. O, uzun illərin pedaqoji təcrübəsinə malik, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan ali təhsilli müəllimədir, lakin ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, CM-nin 221.2.1-ci “Xuliqanlıq” maddəsi ilə təqsirli bilinməklə çalışdığı pedaqoji kollektivdə normal müəllimlik əmək fəaliyyətinə çox ciddi mənfi təsiri mövcud olmaqla, həmin dövrdə pedaqoji fəaliyyəti ilə yanaşı “nigarançılıq”, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik “ yaşamaq məcburiyyətində qalması nəticəsində 2-ci tip şəkər xəstəliyinə düçar olmuşdur. Bunun nəticəsində həkim tibbi müayinələrindən keçməklə səhhətində, sağlamlığında yaranan ciddi qüsurların yaranması ilə əlaqədar çoxlu sayda, külli müqdarda pul ödənişləri etməkə maddi zərərə məruz qalmışdır. Həmçinin, bu yönümdə sağlamlığında baş vermiş ciddi qüsurlar səbəbi ilə həkimlərin təyinatı əsasında çoxlu sayda bahalı tibbi dərmanlar qəbul etməklə daha da ağır maddi zərərə məruz qalmaq məcburiyyətində olmuşdur. Belə ki, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə barəmdə CM-nin 221.2.1. “Xuliqanlıq” maddəsi ilə təqsirli bilinməyi ilə əlaqədar bu qanunsuz proses 2 ildən artıq müddət çəkmiş və nəticədə bu dövr ərzində həkim müayinə-müalicə xərcləri, eyni zamanda bahalı tibbi dərmanların qəbulu ilə əlaqədar ona 12000 manat maddi zərər dəymişdir. Bundan başqa, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə və 2 ildən artıq müddətdə Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarına qarşı qanunsuz məhdudiyyətlərin qoyulması ilə bağlı maddi zərərlə yanaşı, həm də mənəvi zərərə məruz qalmaqla çoxlu sayda əsəb, sarsıntı və fizikimənəvi iztirablara məruz qalmaqla cəmiyyət arasında işgüzar nüfuzunun qismən itirilməsi hallarına məruz qalmış, əsassız, qanunsuz olaraq istintaqa cəlb edilməyi ilə bağlı birbaşa qanuni hüquqlarına məhdudiyyətlər qoyulması ilə əmək fəaliyyəti ilə bağlı çoxlu çətinliklərlə üzləşməklə normal əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, hətta bununla bağlı iş yerini itirmişdir. Ona dəymiş mənəvi ziyanın məbləği isə 8000 manat təşkil edir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. 5.Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 540/2023 saylı, xx.xx.2023-cü il tarixli çıxarılmış və qanuni qüvvəsini almış bəraət hökmü əsasında ona “Təhqiqat, ibtidai istintaq, prokurorluq vəməhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmaqla ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz səhv hərəkətləri (təqsiri) nəticəsində 2 ildən artıq müddətə barəsində “polisin nəzarəti altına vermə, qətimkan tədbiri seçilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi səbəbindən pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi ilə vurulmuş 12000 manat maddi zərərin və 8000 manat mənəvi zərərin, ümumilikdə vurulmuş 20000 manat zərərin dövlət hesabına ödənilməsi öhdəliyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 dekabr 2023-cü il tarixli, 2(004)-5590/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Kərim Xudayev) iddia tələbi qismən təmin edilərək, mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 7.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-21/2022 saylı hökmündən görünür ki, X9 Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, X9 Mehdi oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) il 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, X9 Mehdi oğlunun üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin X9 Mehdi oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, X9 Mehdi oğlunun cəzaçəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X9 Mehdi oğlunun haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İddiaçı Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, İddiaçı cəza çəkmə müddətinin əvvəlinin onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, hökmün icrasına nəzarətin İddiaçı yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, İddiaçı haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, 200 (iki yüz) manat məhkəmə ekspertizası xərci ilə əlaqədar X9 Mehdi oğlundan 100 (yüz) manat, İddiaçı isə 100 (yüz) manat pulun tutularaq dövlət nəfinə keçirilməsi, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabıdan X5 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat, X2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat, Həmdiyyə Əfəndizadənin vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pulun köçürülməsi hökm edilmişdir. 8.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1274/2022 saylı qərarından görünür ki, məkhum olunmuş X9 Mehdi oğlu və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X9 Mehdi oğlu və İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(004)-21/2022 saylı, 11 may 2022-ci il tarixli hökmünün məhkum olunmuş İddiaçı və X9 Mehdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 9.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1909/2022 saylı qərarından görünür ki, məhkum İddiaçı və X9 Mehdi oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının İddiaçı və X9 Mehdi oğlunun barəsində olan xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. 10.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-540/2023 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxslər X9 Mehdi oğlu və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X9 Mehdi oğlu və İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(004)- 21/2022 saylı, 11 may 2022-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılaraq, X9 Mehdi oğlu və İddiaçı CM-nin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirlikləri sübuta yetirilmədiyindən bəraət verilməsi, X9 Mehdi oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə ekspertiza xərci 200 (iki yüz) manatın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, bəratə almaları ilə əlaqədar X9 Mehdi oğlunun tutulması və həbsdə saxlanılması, hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə görə cəlb edilməsi, habelə pozulmuş hesab etdikləri hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması X9 Mehdi oğluna və İddiaçı izah edilməsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən X9 Mehdi oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün 120 manat, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən İddiaçı hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün 120 manat, cəmi 240 manat pulun dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. 11.Bakı şəhəri 16 saylı şəhər poliklinikasının verdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. 12.İş materiallarında olan Bakı şəhəri 16 saylı şəhər poliklinikasının verdiyi xx.xx.2023-cü il tarixli ambulator kartdan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Şəkərli diabet tip 2” diaqnozu ilə qeydiyyatdadır. 13.Tövsiyyə vərəqələrindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar müalicəsi üçün müvafiq dərmanlardan istifadə etməsi məsləhət görülmüşdür. 14.Azərbaycan Respublikası ƏƏSMD-nin MEİS Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 saylı Bakı Dost Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. 15.Məhkəmə maddi zərərin əvəzinin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. 16.Bu baxımdan, məhkəmə hesab etmişdir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. 17.Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli çıxarılmış və qanuni qüvvəsini almış bəraət hökmü əsasında ona “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmaqla ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz səhv hərəkətləri (təqsiri) nəticəsində 2 ildən artıq müddətə barəsində “polisin nəzarəti altına vermə, qətimkan tədbiri seçilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi səbəbindən pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi, keçirdiyi iztirablar nəticəsində yaranmış xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərcələri, eyni zamanda bahalı tibbi dərmanların qəbulu ilə əlaqədar vurulmuş 12000 manat maddi zərərin tutulmasını xahiş etsə də, ona qeyd edilən məbləğdə zərər vurulmasını sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində işdən azad olunması ilə bağlı ona maddi zərər dəyməsini qeyd etmiş olsa, məhkəmə iclasında verdiyi izahatında onun işdən azad olunmasının hazırkı cinayət əməli səbəbindən baş verməsini deyil, işlədəyi kollektivdə ixtisarların olması səbəbindən baş verməsini bildirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmə tərəfindən iddia tələbinin maddi zərər hissəsinə münasibətdə rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 18.Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən onun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla, ibtidai istintaq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da iddiaçıya həmin məbləğdə maddi zərərin vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 19.Bununla yaşanaşı, məhkəmə tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah edilmişdir. 20.İddiaçının mənəvi ziyana görə 8000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansıl məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyəedilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. 21.Məhkəmə belə qənaətə gəlmişdir ki, yuxarıda qeyd olunan səbəblərdən, həmçinin mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-540/2023 saylı hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin olmaması sübuta yetirilməsi nəticəsində bəraət alması müəyyən edilmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar səhhətində ciddi problemlər yaranmış və bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəymişdir. 22.Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. 23.Məhkəmə həmçinin qeyd etmişdir ki, Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır. 24.Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. 25.Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3000 (üç min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. 26.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1, 21.2, 1096, 1097.1-ci: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı: Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2, 77.1, 82.4, 217.4, 216-220, 227 və 360-cı maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Nəticə etibarı ilə Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşəbaxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir.Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəldilir. Halbuki, ədalət mühakiməsi orqanı tərəfindən müstəqil surətdə və azad şəkildə qərar qəbul edilməlidir və bu məhkəmənin borcudur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq polis və prokurorluq orqanı və bu orqanların məsuliyyətdən kənarda qalmış məsul əməkdaşlarıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalı və dövlət büdcəsinin mənafeyi nəzərə alınmalıdır. Eyni zamanda “Azərbaycan Respublikası” hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı(qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin işin bu halında cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır.“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 3000 (üç min) manat müəyyən edilmişdir.İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 31.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 33.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 34.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 35.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 36.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 37.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 38.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 39.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsalılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 44.Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(004)-5590/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, uzun müddət, xx.xx.2023-cü il tarixli bəraət hökmü verilənədək əsassız yerə istintaqa cəlb edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar səhhətində ciddi problemlər yaranmış və bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəymişdir. 46.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması və cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 47.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 49.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 50.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsigöstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir.Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntununxarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, AvropaMəhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames vəVebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 51.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyikompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyəkompensasiyasının təmin olunmasına yönəlib. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 53.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 54.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 55.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 56.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.(§ 34). 57.Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(004)-5590/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar